Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əgər əvvəlcə özümüzü, sonra uşağı düşünsək, səhv addımlar atmış olarıq - Emin Əmrullayevlə müsahibə


Əgər əvvəlcə özümüzü, sonra uşağı düşünsək, səhv addımlar atmış olarıq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk növbədə uşağı və onun ətrafında baş verən dəyişiklikləri düşünməliyik. Nazir bildirib ki, məktəbin və təhsilin mahiyyəti uşağın öyrənməsidir.
Bu il bütün fənlər üzrə bütün müəllimlərin sertifikatlaşdırılmasının birinci mərhələsini başa çatdırırıq

"Tədris prosesi və təhsil islahatları bir ilin deyil, bir neçə ilin nəticələri əsasında qiymətləndirilir. Təbii ki, hər il qarşıya qoyulan hədəflərə doğru addımlar atmaq və irəliləyiş əldə etmək əsas vəzifələrimizdəndir. Ötən tədris ilində də bir çox sahələrdə mühüm nəticələr əldə olunub. İlk növbədə, Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin açılması, Azərbaycan vətəndaşlarının dədə-baba yurdlarına qayıtması və həmin ərazilərdə təhsilin daha da genişlənməsi əlamətdar hadisədir. Bu istiqamətdə əldə etdiyimiz təcrübə növbəti illərdə daha sürətlə davam edəcək köç prosesini daha səmərəli təşkil etməyə imkan verəcək. Eyni zamanda, bildiyiniz kimi, məzmun baxımından müxtəlif istiqamətləri əhatə edən layihələrin – STEAM və Rəqəmsal bacarıqlar layihələrinin miqyası genişləndirilib. Sertifikatlaşdırma prosesi də bu günlərdə davam edir. Bu həftələr ərzində ilk dəfə olaraq beş il ərzində bütün fənlər üzrə bütün müəllimlərin sertifikatlaşdırılmasının birinci mərhələsini başa çatdırmış olacağıq. Təbii ki, bu, davamlı prosesdir və növbəti illərdə də davam edəcək. Ən azı, bəzi qrup müəllimlər istisna olmaqla, sertifikatlaşdırmanın birinci mərhələsini yekunlaşdıra bilmişik.
Məktəbəqədər təhsildə əhatəliliyin artması, xüsusilə də bu istiqamətdə həyata keçirilən alternativ layihələr çərçivəsində əldə olunan irəliləyiş mühüm əhəmiyyət kəsb edir.
Ali təhsildə də əvvəlki illərdə olduğu kimi, bu il qəbul göstəricilərinin artacağını gözləyirik. Lakin qəbul planlarında daha çox Azərbaycan vətəndaşının ali təhsil alma imkanının yaradılması istiqamətində görülən işlərin nəticəsini görəcəyik.
Ümumilikdə, təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində bir çox mühüm addımlar atılıb. Həmçinin xüsusi qeyd etməliyəm ki, ötən günlərdə açıqlanan reytinq sıralamalarında Azərbaycan ali təhsil müəssisələrinin irəliləyiş əldə etməsi çox vacib göstəricidir. Sentyabr ayında ən vacib göstəricilərdən biri olan PISA şagird nailiyyətlərinin qiymətləndirilməsi nəticələrini gözləyirik. İnanırıq ki, həmin nəticələr də müsbət dinamika nümayiş etdirəcək. Ümumilikdə, çoxşaxəli və çoxtərəfli təhsil sahəsində bir çox istiqamətlər üzrə qarşıya qoyulan hədəf və məqsədlərə bir qədər də yaxınlaşmışıq".
Kiçik məktəblərdə təhsilin keyfiyyəti aşağıdır
Emin Əmrullayev məktəblərin rasionallaşdırılmasına da diqqət çəkib. Nazir qeyd edib ki, istənilən islahatda əsas məqsədin nə olduğunu başa düşmək lazımdır:
"İkinci məsələ isə atılmış bu və ya digər addımın, həyata keçirilmiş islahatın hansı nəticələr verdiyini düzgün qiymətləndirməkdir. İslahatlar əsasən iki tip nəticə verir - müsbət və mənfi. İstənilən islahat prosesi hər zaman müəyyən qədər narahatlıq yaradır. Buna görə də tərəzinin gözünə islahatın həm müsbət, həm də mənfi tərəfləri qoyulmalıdır. Müsbət tərəflər daha çoxdursa, həmin islahatın həyata keçirilməsi məqsədəuyğundur. Məktəblərin, xüsusilə də azşagirdli məktəblərin rasionallaşdırılması iki böyük məqsədə xidmət edir. Birincisi, səmərəliliyin artırılmasıdır. Bir statistikanı bölüşmək istəyirəm. Respublikada fəaliyyət göstərən 4 mindən çox məktəbin 1600-də, yəni məktəblərin təxminən 40 faizində, bütün şagirdlərin cəmi 4 faizi təhsil alır. Bu, məktəb coğrafiyasının nə qədər qeyri-proporsional olduğunu göstərir. Bir və ya iki şagirdli, yaxud on şagirdli məktəblərdə hər bir şagird üçün dövlət tərəfindən çəkilən maliyyə xərci xeyli yüksək olur. Buna baxmayaraq, əgər həmin məktəblərdə daha yüksək təlim nəticələri əldə olunsaydı, onların olduğu kimi saxlanılması barədə düşünmək olardı. Lakin reallıq ondan ibarətdir ki, kiçik məktəblərimizdə təhsilin keyfiyyəti də aşağıdır".
Nazir, həmçinin qeyd edib ki, sinif sıxlığının böyük və ya kiçik olmasının təlim nəticələrinə təsir etdiyini düşünmür:
"Bunun müəyyən təsiri var. Ancaq Azərbaycanda 1600 kiçik məktəb mövcuddur ki, bu məktəblərdə fiziki olaraq təhsilin təşkili bir sıra hallarda mümkün deyil. Məsələn, bir sinifdə cəmi bir şagird oxuyursa, onunla fiziki tərbiyə dərsində nəzərdə tutulmuş standartlara necə nail olmaq olar? Həmin şagird qrup işinə necə cəlb olunacaq? Onun dostları kim olacaq, hansı sosial şəbəkənin üzvünə çevriləcək? Bu kimi suallar yaranır. Təbii ki, həm təhsilin keyfiyyətini, həm də maliyyə səmərəliliyini təmin etmək üçün kiçik məktəblərin daha böyük məktəblərlə inteqrasiyası və şagirdlərin həmin məktəblərə daşınması yolu ilə hazırda rasionallaşdırma prosesi həyata keçirilir. Bu yolla Azərbaycan təhsil büdcəsində əhəmiyyətli vəsaitə qənaət olunur. Həmin vəsait müəllimlərin əməkhaqlarının artırılmasına, ümumilikdə isə təhsildə yeni islahat və innovasiyaların tətbiqinə yönəldilir. Eyni zamanda, kiçik məktəblərdə təhsil alan şagirdlərin daha böyük məktəblərə keçməsi onların həm sosial mühitinin, həm də təhsil keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Daha böyük məktəbdə şagirdin daha zəngin sosial mühitdə olması və daha keyfiyyətli tədrislə əhatə olunması nəzərdə tutulur. Məqsəd də məhz budur.
Bu prosesdə kifayət qədər narahatlıq doğuran məqamlar var. Birincisi, şagirdi bir məntəqədən digərinə daşımaq asan deyil. Lakin bu iki məqsədə nail olduqda əldə etdiyimiz faydanın, prosesin yaratdığı mənfi nəticələrdən dəfələrlə çox olduğunu düşündüyümüz üçün islahatın həyata keçirilməsini olduqca vacib hesab edirik. Bu il bir neçə bölgədə bu tip məktəblərdə distant təhsilin təşkilini sınaqdan keçirdik. İlkin nəticələr göstərir ki, əldə olunan nəticələr müsbətdir. Burada sosial məsələlərin həlli o qədər də asan deyil. Ancaq daha keyfiyyətli müəllimin distant üsulla kənddə yaşayan uşağa dərs keçməsi müsbət nəticələr verir.
İnanırıq ki, növbəti illərdə bu alətdən daha geniş istifadə edəcəyik və bu halda şagirdlərin daşınmasına ehtiyac qalmayacaq. Bununla belə, hesab edirəm ki, azsaylı siniflərin bəzi fənlər üzrə yenə də daha böyük məktəblərə cəlb edilməsində fayda var. Bu, xüsusilə tam orta təhsil səviyyəsində özünü göstərə bilər. Çünki təhsil sistemində yalnız müəllim, şagird və ya tədrisin keyfiyyəti deyil, sosial faktorlar və şagirdlərarası ünsiyyət də mühüm rol oynayır. Hibrid modellərdən gələcəkdə daha geniş istifadə olunacaq".
Dərs yükü ağırdırsa, nəyi çıxaraq?
Emin Əmrullayev dərs yükünün ağırlığı ilə bağlı narazılıqlara da münasibət bildirib. O qeyd edib ki, burada vacib məsələ beynəlxalq hədəflər və göstəricilərlə müqayisə aparmaqdır:
"Bu sual, fikrimcə, olduqca mürəkkəb sualdır. Bu sualın birmənalı cavabı yoxdur. Çünki biz cəmiyyət olaraq bu mövzuda müəyyən “staja” malikik. Mən bu suala dəfələrlə cavab vermişəm. Mənə görə, biz hələ də qeyri-müəyyən anlayışlarla danışırıq. Nazirlik olaraq biz müəyyən göstəricilərdən danışırıq, cəmiyyətdən bizə verilən geribildirim isə qeyri-müəyyəndir. “Çoxdur”, “azdır” deyirik, amma nə qədər çoxdur sualı da önəmlidir. Yaxud nə qədər olmalıdır ki, ona nisbətən “çoxdur” deyək? Burada vacib məsələ beynəlxalq hədəflər və müqayisə edilə bilən göstəricilərlə müqayisə aparmaqdır. Bu, daha konstruktiv müzakirə olardı.
Birinci sual budur: bizim təhsil sistemindəki fənlərin və dərs saatlarının sayı necədir? Belə baxsaq, bəzi təhsil sistemləri ilə müqayisədə Azərbaycanda bu göstəricilər bir qədər az, bəziləri ilə müqayisədə isə bir qədər çoxdur. Yaxud tədris ilinin müddətini müqayisə etsəniz, Azərbaycanın tədris ili o qədər də uzun deyil. Təhsil nailiyyətləri daha yüksək olan bəzi ölkələrdə daha qısa yay tətilləri görürük. Biz isə daha uzunmüddətli yay tətili ilə əhatə olunmuşuq.
Başqa bir vacib sual ondan ibarətdir ki, əgər çoxdursa, azaldılmalıdırsa, onda nəyi azaltmaq lazımdır? Burada böyük və haqlı, eyni zamanda çətin sual ortaya çıxır.
Mən əvvəlki müsahibələrimdə də bu barədə məlumat vermişəm. Format etibarilə bu, sovet sistemindən miras qalmış bir modeldir. Tədrisin təşkili, tədris planları, fənlər və onların həftəlik dərs yükü müəyyən olunub: fizika iki saat, biologiya iki saat və s. Həmin dərs saatlarının sayı həm də müəllimlərin əməkhaqqını müəyyən edir.
Ən vacib sual isə məzmunun nə dərəcədə gələcəklə səsləşməsi və gələcəyə uyğun olmasıdır. Burada iki tərəfi düzgün balanslaşdıraraq suala cavab verilməlidir. Bir tərəfdən, əgər nəsə uyğun deyilsə, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır. Daha konkret desək, Azərbaycan təhsilində və ya məzmununda hansı məqamlar var ki, onların çıxarılmasını cəmiyyət yekdilliklə, yaxud ən azı böyük əksəriyyətlə dəstəkləyir? Hansı fənni çıxartsaq, Azərbaycan təhsilinin məzmunu daha uyğun olar? Bu, mənim şəxsi fikrim ola bilər. Amma müzakirə şəxsi fikirlərdən daha çox uşaqların maraqlarından çıxış etməlidir. Mən düşünürəm ki, bu müzakirə vacibdir və davam etdirilməlidir. Lakin müzakirələrdə səsləndirilən fikirlər qeyri-müəyyənlikdən müəyyənliyə doğru gəldikcə, onların faydalılığı da artacaq. Çünki artıq bir neçə ildir ki, ictimaiyyətin şərti olaraq “uşaqlar çox yüklənir”, nazirliyin isə “yox, hər şey qaydasındadır” deməsi ilə bu sualın cavabını konstruktiv şəkildə tapa bilmirik. Eyni zamanda, sadaladığım müəyyən çərçivələr bu prosesdə sürətli və çevik addımlar atmağa mane olur. Bəli, biz öz tərəfimizdən çalışırıq ki, bu model dəyişsin və Azərbaycan təhsilinin təşkili adambaşı maliyyələşmə sisteminə keçid prosesi ilə daha çevik mexanizmlərin tətbiqinə imkan versin".
Narazılıqlar daha çox fərdidir
Elm və təhsil naziri təhsil sistemindəki narazılıqlardan da danışıb. O qeyd edib ki, narazılıq müəyyən mənada təbiidir və olmalıdır. Nazir vurğulayıb ki, narazılığın hansısa formada sıfıra enməsi mümkün deyil:
"Təhsil sistemində həmişə kimsə nədənsə narazı olacaq. Burada vacib sual həmin narazılığın haqlı və ya haqsız olmasıdır. Demirəm ki, narazılıqlar həmişə haqsızdır. Elə hallar var ki, tam haqlı narazılıqlar mövcuddur. Digər mühüm məsələ isə onların miqyasıdır. İnsanlar nədən narazıdır? Bu istiqamətdə ən yaxşı göstərici vətəndaş müraciətləridir. Biz həmin müraciətləri dinləyirik və təhlil edirik. Müşahidələrimiz göstərir ki, narazılıqların əksəriyyəti fərdi xarakter daşıyır. Təhsil bir çox hallarda insanların övladları ilə bağlı olduğundan, valideynlərin övladlarına münasibətdə həssaslığı tamamilə gözləniləndir. Bu nöqteyi-nəzərdən daha çox fərdi narazılıqlarla qarşılaşırıq.
Təhsil sistemindəki şagirdlərin cəmi bir faizi ilə bağlı narazılıq olsa belə, bu, 16 min hal deməkdir və kifayət qədər böyük rəqəmdir. Bir narazılığa beş və ya on nəfər şahidlik edirsə, üstəlik sosial media dövründə bu hallar geniş yayılırsa, həmin narazılıqların təsir dairəsi daha da artır. Əslində, narazı olmaq da vacibdir. Narazılıq özlüyündə bizi irəli aparan amillərdən biridir. Əgər narazılığı haqlı hesab edib onu aradan qaldırırıqsa, bir addım irəli atmış oluruq. Nazirlik olaraq gözləntimiz ondan ibarətdir ki, fərdi narazılıqlar həmişə olacaq. Müəyyən təhsil siyasəti ilə bağlı atılan addımlara dair narazılıqların olması da mümkündür və hətta olmalıdır. Çünki məhz dialoq və bu və ya digər formada aparılan müzakirələr bəzən narazılıqlardan başlayır.
Bugünkü müşahidəmiz ondan ibarətdir ki, narazılıqların təxminən 90-95 faizi fərdi hallarla bağlıdır. Bizə daxil olan müraciətlərin böyük hissəsi dərs saatlarının düzgün bölünməməsi, hansısa müəllimin məktəb rəhbərliyi ilə münasibəti, valideynlərlə şagirdlər arasında münasibətlər, eləcə də məktəbdaxili mühitdə şagirdlər arasında yaranan məsələlərlə əlaqədardır".
Sertifikatlaşdırmanın yekun nəticələri bir-iki həftəyə elan olunacaq
Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılması imtahanının gətirdiyi müsbət dəyişiklik və nəticələrdən də söz açıb. Nazirin sözlərinə görə, ilk növbədə uşağı və onun ətrafında baş verən dəyişiklikləri düşünmək lazımdır:
"Sertifikatlaşdırma prosesi həm müsbət, həm də mənfi məqamlar yaradır. Bu məqamları tərəzinin gözünə qoyub, hansının daha ağır gəldiyini nəzərə alaraq qərar verməliyik. Sertifikatlaşdırma prosesinin mahiyyəti ondan ibarətdir ki, məktəbdə öz fənnini bilən müəllimlər dərs deməlidir. Bu fikrin alternativi ondan ibarətdir ki, müəllim öz fənni ilə bağlı sualların yarısına cavab verə bilmirsə, yenə də məktəbdə dərs desin. Bu fikrin başqa alternativi yoxdur. Məktəbin və təhsilin mahiyyəti uşağın öyrənməsidir. İlk növbədə uşağı və onun ətrafında baş verən dəyişiklikləri düşünməliyik. Əgər əvvəlcə özümüzü, sonra uşağı düşünsək, səhv addımlar atmış olarıq. Sertifikatlaşdırma prosesinin yekun nəticələrini bir-iki həftə ərzində ictimaiyyətə təqdim edə biləcəyik. Artıq ümumi mənzərə formalaşıb.
Yalnız yüksək bal toplayan müəllimlərin deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin əməkhaqqısı artır. Sadəcə, bu artım diferensial şəkildə həyata keçirilir. Bir qisminin maaşı 10 faiz, digər qisminin isə 35 faiz artırılır. Görünən mənzərə bundan ibarətdir ki, minlərlə müəllimin maaşı 35 faiz, başqa on minlərlə müəllimin maaşı isə 10 faiz artıb. Bu prosesdə biz həmişə şəffaf olmağa çalışmışıq. Müəllimlərə verilən sualları ictimaiyyətə təqdim etmişik. Dolayı yolla cəmiyyətə belə bir sual vermişik: siz necə düşünürsünüz, əgər sualların otuzuna müəllim peşəsi adını daşıyan şəxs cavab verə bilmirsə, o, bizim övladlarımıza dərs deməlidir, yoxsa yox? Məncə, sual çox sadədir. Bunun “bəli” və ya “xeyr” cavabı var. Ola bilər ki, cavabın özü burada qəbul olunmur.
Burada ən ağrılı məqam psixoloji gərginlik və bir neçə min müəllimin işdən azad edilməsidir. Bu, özlüyündə bizim üçün də xoş olmayan prosesdir. Amma burada iki seçim var. Hansının pis, hansının daha pis olduğunu ölçüb-biçərək, daha az pis olanı seçirik. Öz fənni üzrə suallara cavab verə bilməyən müəllimlərin övladlarımıza dərs deməsi pis seçimdir. Digər tərəfdən, bir neçə min müəllimin işdən azad olunması ilə bağlı qərar veririk. Bunun müqabilində on minlərlə, yüz minlərlə şagirdin gələcəkdə daha yaxşı təhsil alması ilə bağlı qərar qəbul etmiş oluruq. Məncə, ikinci qərar birinciyə nisbətən daha yaxşı, daha az pis seçimdir".
Mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin 80 faizi sertifikasiyada yüksək nəticə göstərir
Emin Əmrullayev bildirib ki, on on ildə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin fənn üzrə bilik səviyyəsi əvvəlki dövrlərdə işə qəbul olunanlarla müqayisədə 2,5 dəfə yüksəkdir:
"İşdən xaric olunan müəllimlərin yerini yeni müəllimlər əvəz edəcəkmi? Rəqəmlərə baxsaq, bunu daha yaxşı anlaya bilərik. Görünən odur ki, son on il ərzində müəllimlərin işə qəbulu mərkəzləşdirilib və MİQ yolu ilə işə qəbul olunan müəllimlərin 99,8 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib. Bu müəllimlərin təxminən 80 faizi yüksək bal toplayıb. Son on ildə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin fənn üzrə bilik səviyyəsi əvvəlki dövrlərdə işə qəbul olunanlarla müqayisədə 2,5 dəfə yüksəkdir. Bu da sizin sualınıza cavab verir.
Biz 1990, 2000, 2010 və 2020-ci illərdən sonra ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına qəbul olan tələbələrin ballarında da əsaslı dəyişiklik görə bilərik. Məsələn, 2013-2014-cü tədris ilində pedaqoji universitetin ibtidai sinif müəllimliyi ixtisasına 500 baldan yuxarı nəticə ilə qəbul olunan tələbələrin sayı çox az idi. Hazırda isə yüzlərlə belə tələbəmiz var. Biz istəyirik ki, onlar müəllimlik ixtisasını seçsinlər. Burada böyük məsələ həmin insanların pedaqoji təhsillərini başa vurduqdan sonra müəllim peşəsini seçmələridir. Tənqidlər ola bilər və bu, prosesin labüd bir hissəsidir. Reallıq ondan ibarətdir ki, müəllimlərin əməkhaqqısı son illərdə müxtəlif islahat addımları nəticəsində dəfələrlə artırılıb. Müəllimin əməkhaqqısının yüksəldilməsi Elm və Təhsil Nazirliyi üçün də prioritet məsələlərdəndir. Elə bu gün keçirilmiş sertifikatlaşdırma imtahanının nəticəsi olaraq, bir həftə ərzində minlərlə insanın əməkhaqqısı 10 və ya 35 faiz artacaq. Hər il müəllimlərin orta əməkhaqqısı statistik olaraq yüksəlib. Fərdi narazılıqlar var, amma rəqəmlər mənim arqumentimin əsassız olmadığını göstərir".
Sertifikatlaşdırma prosesi Azərbaycan məktəbinə rəqabət gətirməklə yanaşı, tədrisin keyfiyyətini də yaxşılaşdırır
Nazir vurğulayıb ki, sertifikatlaşdırma prosesi Azərbaycan məktəbinə rəqabət gətirməklə yanaşı, tədrisin keyfiyyətini də yaxşılaşdırır. Eyni zamanda, müəllimlərin əməkhaqlarında diferensiallaşma yaradaraq onların gəlirlərinin artmasına şərait yaradır. İşə qəbul olunan müəllimlərin keyfiyyəti bizdə sual doğurmur:
"Müəllimlik bu gün kifayət qədər rəqabətli peşədir. Narahat məqamlar var. Kimisə işdən azad etmək asan məsələ deyil. Amma bu islahatın nəticələrini bir neçə il sonra daha aydın görəcəyik. İbtidai təhsildə növbəti ildə və ya ondan sonrakı ildə qəbul etdiyimiz uşaqların hamısı artıq sertifikatlaşdırmadan keçmiş müəllimlərin fəaliyyətinin nəticəsi ilə qarşılaşacaqlar. Onların nəticələrini beş il sonra, doqquzuncu sinifdə, yeddi il sonra isə on birinci sinifdə görəcəyik. Əmək bazarındakı nəticələri isə yəqin ki, on beş ildən tez görə bilməyəcəyik. Təhsildə tez və yüksək nəticələrin əldə olunması ona görə mümkün deyil ki, islahatın tətbiq olunduğu yaş qrupu böyüyüb əmək bazarına çatmalıdır. Məktəbəqədər təhsildə də vəziyyət eynidir. Məsələn, 2016-cı ildə beşyaşlıların hazırlığa cəlb olunması istiqamətində həyata keçirilən təşəbbüsün nəticələrini hələ ötən PISA qiymətləndirməsində tam ölçə bilmədik. Növbəti PISA-da bunu ölçə biləcəyik. Yalnız 2029-cu ilin PISA nəticələrində bu islahatın nəticə verib-vermədiyini daha dəqiq deyə biləcəyik. Çünki həmin uşaqların 15 yaşı tamam olmalıdır. Bu, hələ birinci mərhələdir. İstənilən islahatın birinci ili sonrakı illərlə müqayisədə daha zəif görünür. Bu mənada təhsil mürəkkəb və zaman tələb edən bir sahədir".
Repititorluğun ləğvinin müsbət nəticə verəcəyinə inanmıram
Elm və təhsil naziri cəmiyyətin daimi müzakirə mövzusu olan repititorluq məsələsindən də danışıb. O bildirib ki, hər bir valideynin uşağına repititor tutmaq hüququ var. Nazirin sözlərinə görə, burada da əvvəlcə bir sıra anlayışlarla bağlı nəyin doğru, nəyin yanlış olduğu suallarına cavab verib, daha sonra prosesi dizayn etmək lazımdır:
"Repetitorluq tədris proqramına əlavə olaraq, valideynin öz vəsaiti hesabına övladı üçün əlavə dərs təşkil etməsidir. Bu, özlüyündə yaxşıdır, yoxsa pisdir? Məncə, burada problem yoxdur. İstənilən valideyn övladını skripka və ya piano dərsinə qoya bilər. Belə bir hüququ var. Eyni şəkildə, riyaziyyat, kimya və digər fənlər üzrə də övladına əlavə dərs keçirmək hüququndan yararlana bilər. Problem ondan ibarətdir ki, repetitorlar kimlərdir? Əgər repetitor həmin uşağa səhər növbəsində dərs deyən müəllimdirsə və günortadan sonra yenidən ona repetitorluq edirsə, burada problem var. Problemlərdən biri etik problemdir, digəri isə məntiqsizlikdir. Müəllim bu uşağa riyaziyyatı öyrədə bilirsə, məktəbdə də öyrədə bilər. Repetitor və müəllim fərqli adam deyil, ikisi də eyni şəxsdir. Sinifdə öz şagirdinə dərs deyən müəllimin həmin şagirdə repetitorluq etməsi ciddi problemdir və belə olmamalıdır.
Başqa bir problem ondan ibarətdir ki, niyə repetitorluğa tələb bu qədər böyükdür? Müəllim məktəbdə dərs deyir, şagird və ya valideyn bundan razı deyil və başqa bir müəllimin yanına getmək istəyirsə, bu ayrı mövzudur. Bu da problem ola bilər, amma fərqli bir problemdir. Bir məsələ də ondan ibarətdir ki, repetitorluq niyə bu qədər geniş vüsət alıb? Bunun kökünü ali təhsilə qəbul sistemində və Azərbaycan cəmiyyətinin ali təhsilli olmağın dəyərinə baxışında axtarmaq lazımdır.
Biz qəbul etməliyik ki, bu gün hər bir şagirdin qarşısında bir məqsəd dayanır: o ya ali təhsil müəssisəsinə qəbul olmalıdır, ya da hesab edir ki, başqa yaxşı yolu yoxdur. Uğurlu və uğursuz məzunu ali təhsilə qəbul müəyyən edir".
Nazir qeyd edib ki, prosesin həlli bir qədər uzun müddət tələb edir:
"Ümumtəhsil müəssisələrini hər il təxminən 100 min məzun bitirir. Əvvəlki illərin məzunlarını da nəzərə alsaq, şərti olaraq 130-140 min gənc ali təhsil müəssisəsinə qəbul olmaq arzusundadırsa və cəmi 60 min yer varsa, on minlərlə gənc kənarda qalır. Bu da özlüyündə bir yarış yaradır ki, gedib əlavə hazırlıq keçsinlər.
Əgər iki yer uğrunda dörd nəfər mübarizə aparırsa, həmin insanlar bir-birindən daha yaxşı hazırlaşmağa motivasiya olurlar. Bu prosesin həllinin müəyyən qədər uzun müddət tələb etdiyinə inanıram. Biz nəyi həll etmək istəyirik? Bunun üzərində düşünürük. Təmayülləşmə müəyyən mənada bir cəhddir ki, valideynə mesaj verək: dövlət məktəbində heç bir əlavə ödəniş etmədən övladınızı ən yaxşı ali təhsil müəssisəsinə hazırlaya bilərsiniz. Bu, cəmiyyətin sifarişi və tələbidir. Cəmiyyətin tələbinə xidmət etmək üçün bu yolla gedirik. Lakin hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil. Nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır. Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram.
Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir", o, vurğulayıb.
Müəllimlərin işə qəbulun mərkəzləşdirilməsinin məqsədi şəffaflıq və rüşvətlə mübarizədir
Emin Əmrullayev müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsini də şərh edib. O bildirib ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsi artıq 2012-ci ildən tətbiq edilir və bu addım daha yaxşı müəllim seçməkdən çox, prosesi şəffaflaşdırmaq və rüşvətlə mübarizə aparmaq məqsədilə atılıb:
"Müəllimlərin işə qəbul prosesinin mərkəzləşdirilməsi ilə prosesin şəffaflığına nail olmuşuq. Müəllimləri işə qəbul edərkən hamıya eyni sualları veririk və həmin suallara ən çox düzgün cavab verən şəxsə birinci seçim hüququnu tanıyırıq. Bu proses tamamilə mərkəzləşdirilməmiş qaydada həyata keçirilə bilərmi? Məsələn, qiymətləndirməni nazirlik keçirir, amma müəssisə rəhbəri özü qərar verir ki, imtahandan keçmiş üç müəllimdən balı ən yüksək olmayanı, lakin öz fikrincə ən uyğun hesab etdiyi namizədi işə götürsün. Dünyada bu, demək olar ki, belə baş verir.
Burada bir neçə sual yaranır. Birincisi, müəssisə rəhbəri bunu düzgün və obyektiv şəkildə həyata keçirə biləcəkmi? Mən müəssisə rəhbəri deyəndə bizim kontekstdə təxminən dörd min nəfəri nəzərdə tuturam. Biz həmin insanlara inanırıq. Bəs cəmiyyət onlara inanırmı? Cəmiyyət bunu istəyirmi? Nazirlik belə bir səlahiyyət versə, həmin şəxslərin qərarları şəffaf hesab olunacaqmı?
Bizim cəmiyyətin müsahibəyə inamı çox aşağıdır. Agentlik rəhbəri ən yüksək nəticə göstərən deyil, özünün ən uyğun bildiyi namizədi işə qəbul etsə, dərhal bunun ədalətsiz və qeyri-şəffaf seçim olduğu düşünüləcək. Bizim cəmiyyətimiz hələ ki, ən yüksək nəticə toplayanın işə qəbul olunmasına daha çox razıdır. Qarşılıqlı inam və seçim edənin qərarına hörmət çox ciddi dəyər transformasiyası tələb edir.
Biz hələ ki, bundan çox uzağıq. Bununla belə, məktəb direktorlarını artıq müsahibə əsasında seçməyə başlamışıq. Çünki bu yolu keçməliyik. Müsahibəyə kənardan müdaxilə olmamalıdır. Müsahibə başlamamışdan əvvəl müxtəlif yollarla özünüzün daha yaxşı namizəd olduğunuzu çatdırmağa çalışmamalısınız. Müsahibə aparan şəxs sizin haqqınızda əvvəlcədən məlumat almamalıdır. Amma çox hallarda insanlar hansısa yolla həmin vəzifəyə özlərini yerləşdirmək cəhdləri göstərirlər. Bu tip dəyişikliklər insan davranışında əsaslı dəyişiklik tələb edir.
Müəllimlərin işə qəbulu sisteminin optimal deyil, suboptimal olduğunu deyərdim. Çünki bu gün mövcud sosial sifariş çərçivəsində bu model işləyir və prinsip etibarilə əvvəlki dövrlə müqayisədə məktəblərə daha yaxşı müəllimlər gəlir.
Bizdə həm təhsil, həm də digər sistemlərdə imtahanlar demək olar ki, mərkəzləşdirilmiş qaydada aparılır. Hazırda bəzi qərarları pilot şəkildə yoxlayırıq. Bəzi hallarda bunun uğurlu olduğunu görürük. Məsələn, olimpiadaların keçirilməsində buna nail ola bildiyimizi düşünürəm. Açıq suallar verilir, şagirdlər cavablandırır və ciddi narazılıqlar müşahidə olunmur. Cəmiyyət artıq bunu qəbul edib".
Dərsliklərdə ciddi məzmun problemi var
Elm və təhsil naziri dərsliklərdəki səhvlərlə bağlı narahatlıqları da şərh edib. Onun sözlərinə görə, dərslik çap olunmazdan əvvəl hər kəsin onu görmək, oxumaq və rəy bildirmək hüququ var. Nazir qeyd edib ki, dərslik üçün narahat olan insanlar çapdan əvvəl öz irad və qeydlərini bildirsələr, bu daha faydalı olar:
"Biz üç yüzdən çox dərslik çap edirik. “Səhv” deyiləndə nə nəzərdə tutulur? Dərslik müəyyən bir müddət ərzində yazılır. Əvvəllər bu proses daha qısa müddətdə həyata keçirilirdi, indi isə təxminən iki il çəkir. Əvvəl bu proses altı ay davam edirdi. Dərslik yazıldıqdan sonra ehtiyat nüsxələr məktəblərə birillik sınaq üçün göndərilir. Bir il sınaqdan keçdikdən sonra rəylər toplanır və dərslik yenidən işlənir. Əhəmiyyətli kənarlaşmalar olduqda ikinci dəfə də sınaq üçün göndərilə bilər. Daha sonra müvafiq qurumlara, institutlara və müəssisələrə təqdim olunur, DİM-in ekspertləri tərəfindən rəy verilir. Dərsliklər hamı üçün açıqdır. Dərslik çap olunmazdan əvvəl hər kəsin onu görmək, oxumaq və rəy bildirmək hüququ var. İkinci arqumentim ondan ibarətdir ki, dərslik üçün narahat olan insanlar çapdan əvvəl öz irad və qeydlərini bildirsələr, bu daha faydalı olar. Dərslik yazıldıqdan sonra kimsə onu oxuyarkən bir hərf səhvini tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, bunu o qədər də əhəmiyyətli hesab etmirəm. Dərsliklərdə həmişə hərf səhvləri olub. Biz yenə də çox vaxt müəyyən saylardan danışırıq. “Səhv” deyəndə nə qədər səhvdən danışırıq? Mənim üçün riyazi yanaşma daha önəmlidir: neçə dərslik çap olunur və onların neçə səhifəsində səhv var? Amma məndən soruşsanız, dərsliklərdə problem varmı? Bəli, var. Ciddi məzmun problemləri mövcuddur. Biz fizika, kimya və biologiya dərsliklərinin növbəti nəsilə uyğun olub-olmadığını müzakirə edə bilərik. Bu mənada hətta tənqidçi mövqedən də çıxış edə bilərəm. Bu mənim vəzifə funksiyam olmasa da, vətəndaş mövqeyindən baxdıqda belə bir qiymətləndirmə mümkündür. Azərbaycanda hər kəsə dərslik paylanması təcrübəsi təxminən otuz il əvvələ gedib çıxır. O dövrdə yoxsulluq idi və ən azından hər kəsin bir dərsliyi olmalı idi; üstəlik, internet və digər resurslar da mövcud deyildi. İndi isə hər şey elektronlaşır. Əgər dərslikdə bir səhv tapılırsa, onu çapda düzəltmək çətindir, amma elektron versiyada həmin gün dəyişmək mümkündür. Bu böyük problem deyil. Hamıdan üzr istənilərək hərf səhvi düzəldilə bilər.Əgər hansısa mövzu yoxdursa, bu artıq ciddi problemdir. Hər hansı mövzu artıqdırsa, biz bu qədər mövzu keçməliyikmi? Bəlkə fərqli mövzulara keçək? Bəlkə kimya və biologiya fənlərində yeni elmi nailiyyətləri dərsliklərə daxil edək? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazılıqları çox görməmişəm. Görsəydim, çox sevinərdim. Problemlərimiz var və az deyil. Sadəcə olaraq, hansının daha vacib, hansının daha az vacib olduğunu ayırd edib, əsas problemlər ətrafında müzakirə aparmaq daha faydalı olar".
Ev tapşırığının saatı və həcmi məsələsindən daha vacib sual uşağın həmin vaxt ərzində nə ilə məşğul olmasıdır
Emin Əmrullayev, həmçinin bildirib ki, ev tapşırıqlarının azaldılması heç də yüksək nəticə əldə etməyə əsas vermir. Onun sözlərinə görə, təhsil nailiyyətləri yalnız ev tapşırıqları ilə bağlı olsaydı, bütün ölkələr ev tapşırıqlarını artırmaqla və ya azaltmaqla yüksək nəticələr əldə edərdi:
"Bu qədər sadə bir həll yolu olsaydı, yəqin ki, kimsə onu çoxdan düşünüb tətbiq etmişdi. Əmin olun ki, məsələ belə deyil. Elə ölkələr var ki, onlarda ev tapşırıqlarının həcmi daha çoxdur və təhsil nailiyyətləri də yüksəkdir. Məsələn, Cənub-Şərqi Asiya ölkələri.
Burada sualı başqa cür qoymaq olar: Azərbaycan kontekstində nə qədər ev tapşırığı uyğundur? Bununla bağlı Nazirliyin tövsiyələri var. Məsələn, birinci sinifdə ev tapşırıqlarına ayrılan vaxt təxminən bir saat olmalıdır. Uşağın fiziki yükü, öyrənmə xüsusiyyətləri, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınaraq mütəxəssislər tərəfindən belə tövsiyələr verilir.
Bizdə bu mövzuda çoxlu fikirlər var, amma tədqiqatlar yoxdur. Statistik təhlillər və müşahidələr aparılmalıdır ki, məsələn, on yaşlı Azərbaycanlı bir uşaq üçün iki saatlıq və iki saat yarımlıq ev tapşırığı arasında həqiqətən fərq olub-olmadığını müəyyən edə bilək. Bu sualın cavabını dəqiq heç kim bilmir. Hər kəsin öz rəyi ola bilər və bu rəylər ətrafında saatlarla mübahisə etmək mümkündür. Bunun səbəbi isə kifayət qədər elmi tədqiqatın olmamasıdır. Hazırda çalışırıq ki, bu istiqamətdə araşdırmalar aparılsın. Ancaq həmin tədqiqatlar düzgün metodologiya əsasında həyata keçirilməlidir. Burada böyük təhlükə ondan ibarətdir ki, etimad doğurmayan tədqiqatlara əsaslanmaq daha ciddi səhvlərə yol aça bilər. Hazırda bu problemi müəyyən qədər başqa ölkələrdə, xüsusilə də bizə oxşar ölkələrdə aparılmış tədqiqatlara istinad etməklə həll etməyə çalışırıq. Bununla bağlı tövsiyələr hazırlanır və məktəblərə təqdim olunur.
Ev tapşırığının saatı və həcmi məsələsindən daha vacib sual uşağın həmin vaxt ərzində nə ilə məşğul olmasıdır. Ola bilər ki, uşaq dörd saat tapşırıq üzərində işləsin, amma bunun ona real faydası olmasın. Burada tapşırığın məzmunu və düşünmə məsələsi ön plana çıxır. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və təhsilalanların daim sual verməsi, düşünməsi və cavab axtarmasıdır. Hər hansı bir tənliyin həlli ilə mexaniki şəkildə məşğul olmaqdansa, sərbəst mühakiməni və düşünmə bacarığını təşviq edən tapşırıqlar daha vacibdir. Bu tip tapşırıqlar üçün də universal vaxt norması yoxdur. Biz daha çox məzmuna fokuslanmalıyıq".
Yaxın illərdə məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
Nazir məktəbəqədər təhsilin əhəmiyyətindən və uşağın gələcək həyatındakı təsirlərindən də danışıb. Oqeyd edib ki, məktəbəqədər təhsil təhsilin bünövrəsidir:
"O mənada ki, məktəbəqədər təhsil dövründə formalaşan bacarıqlar növbəti pillələrdə öyrənməni şərtləndirən ən vacib amillərdəndir. Məktəbəqədər təhsil həm evdə, həm də müəssisədə baş verməlidir. Müəssisədə bu proses daha strukturlaşdırılmış şəkildə, evdə isə daha çox ailə mühitində, qeyri-formal öyrənmə şəklində həyata keçirilir. Həddən artıq vacibdir ki, hətta bir yaşından kiçik uşaqlarla belə valideynlər oyun oynamağa çox vaxt ayırsınlar. Bu fikir bəzən qeyri-ciddi qəbul olunur. Halbuki bu, mənim şəxsi fikrim deyil. Tədqiqatlara əsaslanaraq tövsiyəm və xahişim ondan ibarətdir ki, valideynlər uşaqları ilə daha çox vaxt keçirsinlər. Çünki bu, həm uşağın inkişafına, həm də təhsil sisteminə müsbət təsir göstərir. Valideynlər uşaqları ilə daha çox vaxt keçirəndə onların təhsil nailiyyətləri yaxşılaşır. Bunun ən sadə forması uşaqlarla oynamaqdır. İki-üç yaşlı uşaqla onun sevdiyi oyunları oynamaq lazımdır. Buna vaxt itkisi kimi deyil, intellektin inkişafı kimi baxmaq lazımdır. Xüsusilə də uşağın üç yaşına qədər olan, “ilk min günlük” adlandırdığımız dövr zəkasının inkişafı baxımından son dərəcə əhəmiyyətlidir".
Nazir vurğulayıb ki, 2016-cı ildən məktəbəhazırlıq qrupları təşkil olunub. Bu gün uşaqların 85 faizdən çoxu məktəbə gəlməzdən əvvəl bir il hazırlıq keçir:
"Bu, çox müsbət göstəricidir. Nəticələri ilə bağlı hələ tam qiymətləndirmə aparmamışıq. Bu barədə 2026-cı ildə keçiriləcək PİRLS, 2027-ci ildə keçiriləcək TIMSS və 2029-cu ildə keçiriləcək PISA tədqiqatlarının nəticələri əsasında daha dəqiq danışa biləcəyik. Anladığımız odur ki, daha çox uşaq üçün məktəbəqədər hazırlıq imkanları yaradılmalıdır.
Kiçik kəndlərdə təşkil olunan icma əsaslı məktəbəqədər təhsil təşəbbüsü də özünü doğruldur. Bu gün 15 mindən çox uşaq icma əsaslı qruplara cəlb olunub. Əsasən 3-4 və 4-5 yaşlı uşaqlar əvvəlcə həmin qruplara, daha sonra isə məktəbəhazırlıq mərhələsinə cəlb olunurlar. Beləliklə, uşaq üç yaşından etibarən öz ailəsi ilə birlikdə məktəbəqədər təhsilə başlamaq imkanı əldə edir. Ötən ildən etibarən vacib bir islahat olaraq valideyn-dövlət tərəfdaşlığına əsaslanan model seçmişik. Özəl sektorda dövlət hər uşaq üçün müəyyən məbləğə qədər vəsait ödəyir, qalan hissəni isə valideyn qarşılayır. Bu, gələcəyin modelidir. Həm yeni iş yerləri yaradır, özəl sektoru inkişaf etdirir, həm də uşaqların anaları üçün əmək bazarında iştirak imkanlarını genişləndirir.
Maliyyə tərəfini tam həll edə bilsək, düşünürəm ki, bu təşəbbüsün müsbət tərəfləri daha çox olacaq. Eyni zamanda, ucqar ərazilərdə səyyar məktəbəqədər təhsil fəaliyyəti də təşkil olunur. Bütün bu təşəbbüslər nəticəsində 1-5 yaşlı uşaqların təxminən 40 faizdən çoxunu məktəbəqədər təhsilə cəlb etməyə nail olmuşuq. Yaxın illərdə bu göstəricini 50 faizə çatdırmağı hədəfləyirik. On il əvvəl isə bu rəqəm cəmi 11-12 faiz idi".
Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq
Emin Əmrullayev paytaxtdakı universitetlərin köçürülüb-köçürülməyəcəyi sualını da şərh edib. Nazir vurğulayıb ki, bu gün tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında yerləşən ali təhsil müəssisələrində təhsil alır:
"Son illərdə tələbələrin sayı artmaqdadır. Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.
İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir".
Elm və təhsil naziri təhsil haqqı problemlərinə də toxunub. Onun sözlərinə görə, təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir:
"Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Həmin qruplarda keyfiyyətin yüksəldilməsi üçün dövlət sifarişi ilə müqayisədə təxminən iki dəfə artıq maliyyə ayrılır. Bu yanaşma artıq müəyyən nəticələr verməyə başlayıb. Ötən il dövlət sifarişində iştirak etməyən bir neçə ali təhsil müəssisəsi də bu təşəbbüsə qoşulub. Eyni zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".
Nazir ən önəmli məqamlardan birinin də davranışı məsələsi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər.
"Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir. Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır.
Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq".
Süni intellektin hansı davranış dəyişikliklərinə gətirib çıxaracağını bilmirik
Emin Əmrullayev təhsildə süni intellektin tətbiqi məsələlərini də şərh edib. O bildirib ki, idarəetmənin rəqəmsallaşdırılması, tədrisin fərdiləşdirilməsi və süni intellektin təhsil prosesinə inteqrasiyası əsas hədəflərdəndir:
"Hər üçü hədəflərimiz arasındadır. Unutmamalıyıq ki, süni intellekt alətdir, məqsəd deyil. Məqsədimiz şagirdlərin daha yaxşı öyrənməsidir. Süni intellekt vasitəsilə buna daha effektiv şəkildə nail ola bilərik. Burada ən böyük problem qeyri-müəyyənlikdir. Süni intellekt və təhsil mövzusunda otuz və ya əlli illik tədqiqat və təcrübə mövcud deyil. Görünən odur ki, onun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri isə daha çoxdur. Süni intellekt öyrənmə prosesini sürətləndirir, fərdiləşdirilmiş öyrənmə imkanları yaradır, müxtəlif resurslar təqdim edir və fərdi öyrənmə vasitələrinin formalaşdırılmasına şərait yaradır. Düzgün istifadə olunduqda öyrənməni asanlaşdıra bilər.
Problem ondadır ki, ənənəvi təhsildən fərqli olaraq, süni intellekt bu və ya digər məsələnin həlli üçün həmin həlli bilməyi tələb etmir. Məsələn, indi sualın və ya məsələnin şəklini çəkib təqdim etdikdə, süni intellekt onu həll edir. Bunun hansı davranış dəyişikliklərinə gətirib çıxaracağını isə bilmirik. Bununla bağlı Azərbaycanda tədqiqat yoxdur, dünyada da bu sahədə araşdırmalar hələ kifayət qədər məhduddur. Ona görə də prosesi hazırda ehtiyatla tətbiq edirik. “Rəqəmsal məktəb” platformasında müəllimlər və məktəblilər üçün süni intellekt alətlərinin istifadəsi bu tədris ilinin ən mühüm yeniliklərindən biri olub.
Rəqəmsallaşma olduqca vacibdir. Fərdiləşmə məsələsi süni intellektin ən böyük üstünlüklərindən biridir. Bu texnologiyalar gələcəkdə hər bir şagirdin fərdi ehtiyaclarını və öyrənmə xüsusiyyətlərini daha dəqiq ünvanlamağa imkan verəcək. Lakin etiraf etməliyik ki, hazırda bu barədə nəinki bizim, hətta dünyanın qabaqcıl təhsil sistemlərinin də qəti nəticələrlə danışması üçün hələ tezdir".
Nazir qeyd edib ki, müasir dövrdə yeni bacarıqlara ehtiyac yaranır, bundan əvvəl vacib hesab edilən bəzi bacarıqlar isə sürətlə əhəmiyyətini itirir. Bununla belə, fundamental bacarıqlar - oxu bacarıqları, riyazi bacarıqlar və yaxud elm sahəsində fundamental biliklər heç vaxt əhəmiyyətini itirməyəcək:
"İxtisaslara gəldikdə isə, söhbət daha çox ixtisasların məzmunu və standartlarından gedir. Bu istiqamətdə ali təhsildə məzmun islahatını ixtisas təsnifatının dəyişdirilməsindən daha vacib hesab edirəm. Çünki marketinq baxımından ixtisaslara yeni adlar verə bilərik, amma həmin ixtisasların arxasında nə dayandığı sualı daha ciddi məsələdir. Yaxşı fikirlərlə həmin fikirlərin uğurlu icrası arasında böyük fərq var. Məsələn, süni intellekt sahəsində yaxşı mühəndislər hazırlamaq ideyası yaxşı fikirdir. Amma bunu tədris edə biləcək professor-müəllim heyətinin formalaşdırılması məsələsində ehtiyatlı olmaq lazımdır. Az sayda başlayıb işi keyfiyyətli qurmaq və sonra tədricən böyümək daha doğru yanaşmadır. Məsələn, “SABAH” fəlsəfə doktorluğu proqramına başlayırıq. Əgər şərti olaraq 40-50 nəfərlə başlasaq, bunu böyük nailiyyət hesab edə bilərik. Həmin 40 nəfərdən heç olmasa 20-si doktorantura proqramını bitirib universitetlərdə tədrisə başlasa, artıq məhsul dizayn etmiş olacağıq. Dizayn edilmiş məhsulun miqyasını artırmaq daha rahatdır, nəinki hazır olmayan məhsulu birdən-birə minlərlə istehsal etmək. Biz təhsildə kəmiyyət problemini həll etmişik. Problem artıq daha çox keyfiyyət məsələsidir. Keyfiyyət isə əsasən tədris heyətindən və ali təhsildə tədris aparan şəxslərin sənayeyə, iqtisadiyyata və müxtəlif istehsal proseslərinə nə qədər yaxın olmasından, bu sahələrdən nə dərəcədə xəbərdar olmasından asılıdır".
Abşeron, Xəzər və Sabunçuda şagird sıxlığı ilə bağlı ciddi problemlər var
Emin Əmrullayev şagird sıxlığının aradan qaldırılması istiqamətində görülən işlər və mövcud problemlərdən də danışıb. Nazir bildirib ki, əhalinin qeyri-bərabər məskunlaşmasından irəli gələn müəyyən problemlər var:
"Azərbaycanda məktəblərin 90 faizdən çoxu ya əsaslı təmir olunub, ya da yenidən tikilib. Çox az sayda məktəbimiz qalıb ki, növbəti illərdə mərhələli şəkildə həmin məktəblərlə bağlı infrastruktur məsələlərini də həll etmiş olacağıq. Beş, on, iyirmi il geriyə baxdıqda, bugünkü məktəb infrastrukturu müqayisəolunmaz dərəcədə, qat-qat yaxşıdır. Problemlər var və onların həlli istiqamətində işlər davam etdirilir.
Təbii ki, əhalinin qeyri-bərabər məskunlaşmasından irəli gələn problemlər yaşayırıq. Bu problemlər əsasən əhalinin sıx yaşadığı məntəqələrdə müşahidə olunur. Bəzi yerlərdə problemi həll etmişik. Məsələn, Masazır və Binə qəsəbələrində daha ciddi problemlərimiz var idi. Abşeron, Xəzər və Sabunçu rayonlarında sıxlıqla bağlı daha ciddi problemlər hiss olunur. Dörd minə yaxın məktəb arasında sıxlıq problemi yaşayan məktəblərin sayı əllidən çox deyil. Bəzi yerlərdə iki və üçnövbəli məktəblərimiz var. Bu məktəblərlə bağlı da əsaslı işlər görülür. Demək olar ki, problemin böyük hissəsini həll etmişik, yalnız cüzi sayda məktəbdə problemlər müşahidə olunur".
Elm və təhsil naziri vurğulayıb ki, ən yaxşı məktəb evə yaxın olandır. Onun sözlərinə görə, valideynin birinci sinfə gedəcək övladı üçün müəllim seçmək imkanı da var:
"İkinci məsələ məktəb seçimi məsələsidir. Bu, təhsil siyasəti ilə bağlı sualdır. Yəni valideynin övladı üçün məktəb və müəllim seçmək hüququ olmalıdır, ya yox? Verilən qərar da məhz bu sualın cavabından asılıdır. Hər bir valideyn övladı üçün ibtidai sinifdə yaxşı müəllim axtardığına görə, müəyyən xoşagəlməz hallar yaranırdı. Elektron sistemlərin tətbiqi ilə bu proses elektronlaşdırıldı və valideynin ixtiyarına buraxıldı. Valideynin birinci sinfə gedəcək övladı üçün müəllim seçmək imkanı var. Burada məktəb seçimi məsələsi də var. Ən yaxşı məktəb sizin evinizə yaxın olan məktəbdir. Məktəb yalnız dövlətin deyil, ilk növbədə uşaqların və icmanın məktəbidir. Dövlət burada tənzimləyici rol oynayır. Məktəbin daha yaxşı olması üçün valideynlərin də bizimlə birlikdə çalışması vacibdir. Biz son illərdə ciddi dəyişikliklər etmişik. Məsələn, birinci sinfə qəbul zamanı çox az sayda məktəbdə imtahan tətbiq edilir. İncəsənət və xüsusi proqramlar tətbiq olunan məktəblər istisna olmaqla, əvvəllər uşaqlar birinci sinfə imtahanla qəbul olunurdular. Bu praktika düzgün deyildi. Yalnız xüsusi qabiliyyət tələb edən məktəblərdə qəbul imtahanı olmalıdır".
Təhsil sistemində qiymətləndirmə problemi var
Emin Əmrullayev qeyd edib ki, şagirdlərin qiymətləndirilməsi prosesinə də diqqət çəkib. Onun sözlərinə görə, şagirdi düzgün qiymətləndirmək isə yüksək qiymət yazmaq demək deyil:
"Təhsil yerində dayanan bir proses deyil, daim axan və dəyişən bir sistemdir. Ona görə də təhsilə dinamik bir sistemin dəyişən mühitə uyğunlaşdırılması məsələsi kimi baxmaq lazımdır. Əsas məqsəd isə dəyişmir: şagirdlər, uşaqlar, təhsilalanlar öyrənməlidirlər. Onlar öyrənirsə, problem yoxdur, öyrənmirlərsə, problem var. Sonra isə sual yaranır ki, problemin miqyası nə qədərdir?
Mənim şəxsi müşahidələrim göstərir ki, biz xeyli irəliyə doğru gəlmişik. Media monitorinqi aparsanız, on-on beş il bundan əvvəl əsas müzakirə mövzusu doqquzuncu sinifdə uşaqların ölçülməsi və qarşılıqlı şəkildə günahkar axtarışı idi. Hər il eyni məsələ təkrarlanırdı. Halbuki səbəbini soruşsanız, kökünün ibtidai və məktəbəqədər təhsildə olduğunu görərsiniz. Biz ibtidai təhsilin keyfiyyətini artıra bilsək, uzunmüddətli perspektivdə təhsilin növbəti pillələrində də dayanıqlı nəticələr əldə edəcəyik. Hər il bir faiz daha yaxşı nəticə əldə etmək uzunmüddətli perspektivdə sizi daha yaxşı nöqtəyə gətirib çıxarır. Tələblərimiz günbəgün yüksəlir, çünki ətrafda baş verən dəyişikliklər bunu zəruri edir. Artıq səkkizinci sinfi bitirmiş bir insanın növbəti nəsli yetişdirməsi mümkün deyil. Bizə miras qalan vəziyyət ondan ibarətdir ki, əgər müəllimi iyirmi yaşında işə qəbul etmişiksə və o, altmış beş yaşına qədər işləyəcəksə, deməli, qırxillik bir dövrü əhatə edəcək. Əvvəllər yeniliklər beş-on ildən bir baş verirdisə, indi hər il dəyişikliklər olur. Bu mənada müəllim peşəsinin nə qədər çətin olduğunu hamımız bilirik. Bu istiqamətdə daha yaxşı tədris edən müəllimlərin sayının artması, uzunmüddətli perspektivdə təhsilin daha keyfiyyətli olması deməkdir. Yaxşı müəllim yalnız öz fənnini bilən müəllim deyil, həm də əməkdaşlıq edə bilən müəllimdir. Yaxşı müəllim, eyni zamanda, düzgün qiymətləndirə bilən müəllimdir. Düzgün qiymətləndirmək isə yüksək qiymət yazmaq demək deyil. Bu, şagirdə geribildirim verə, onun boşluqlarını izah edə bilən müəllim olmaq deməkdir. Biz bu istiqamətdə yavaş-yavaş irəliləyirik. Fürsətdən istifadə edib müəllimlərimizə təşəkkürümü bildirirəm".
Nazir vurğulayıb ki, qiymətləndirmə sahəsində də əsaslı dəyişikliklər etməliyik: "Müəllimlərin uşaqlara hansı sualları verməsi, müəllimlərin işə qəbulunda hansı suallardan istifadə etməyimiz və müəllimi hansı meyarlarla seçməyimiz əsas məsələlərdir. Siz insanlara hansı sualları verib peşəyə gətirirsinizsə, onlar da məhz həmin suallara hazırlaşıb gəlirlər. Əzbərçilik və faktoloji biliklər əsasında qurulmuş imtahanlar bu gün artıq kifayət etmir. Təhsil sistemimizdə fərqli bacarıq və səriştələri ölçən sualların hazırlanması ilə bağlı ciddi problemimiz var. Biz hələ də insanın oxu bacarığını ölçən çox yaxşı suallar yaza bilmirik. Yazırıq, amma kifayət qədər yaza bilmirik. Riyazi təfəkkürü ölçən sual yazmaq, tarixdən düşüncə tərzini müəyyənləşdirən sual hazırlamaq hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaqdan daha çətindir. Təhsil sahəsində söhbət yalnız konkret bir imtahandan getmir. Sual hazırlamaq, düzgün sual vermək məsələsi son dərəcə önəmlidir. Gələcəyin standartları təkcə suallara cavab verməklə deyil, hansı sualların soruşulması ilə müəyyən olunacaq".
Nazir müəllimlərdən magistratura təhsili tələbinə də aydınlıq gətirib:
"Müəllimlərdən magistratura təhsili gözlənilməsinə gəldikdə isə, düşünürük ki, magistr təhsili almış, keyfiyyətli magistratura proqramını bitirmiş müəllim daha arzuolunandır. Lakin bu gün bu, hüquqi tələb deyil".
Monitorinq sualları gələcəkdə təkrar istifadə ediləcək deyə kitabçalar paylanmır
Emin Əmrullayev, həmçinin monitorinq imtahanlarından sonra sual kitabçalarının yığılması məsələsini də aydınlaşdırıb. O açıqlayıb ki, sualların bir qismi növbəti illərdə istifadə olunacaq:
"Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik. Monitorinqlərdə yeni sual növlərindən istifadə edirik və çalışırıq ki, tətbiq etdiyimiz sual formatları növbəti nəsli yeni tip imtahanlara hazırlamış olsun. Bu sualların bir qismini saxlayıb növbəti illərdə də istifadə etməyi düşünürük. Eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir. Sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir. Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq. Sualları indi açıqlamamağımızın səbəbi odur ki, tədqiqat baxımından müəyyən sualları hər il təkrar tətbiq etməklə eyni yaş qruplarının nəticələrini müqayisə edir və irəli gedib-getmədiyimizi müəyyənləşdiririk".
Doktoranturada ciddi islahatlara ehtiyac var
Emin Əmrullayev magistratura, doktorantura, tədqiqat və elmi işlərin yazılması məsəslələrinə də diqqət çəkib. Nazirin sözlərinə görə, Azərbaycanda elmi işlərin sayı artıb:
"Elmin inkişafı üçün bir neçə şərt var: maliyyə, insan kapitalı və vacib məsələlərdən biri də sual məsələsidir. Elm hansı suala cavab axtarır? Elm ehtiyac və tələbat üzərindən formalaşır. Elmdə “tədqiqat sualları” deyilən anlayış var. Biz buna bəzi hallarda mövzu deyirik. Halbuki mövzu daha geniş anlayışdır. Əsas məsələ hansı suala cavab axtardığını müəyyənləşdirməkdir.
Yaxşı xəbər ondan ibarətdir ki, ali təhsil müəssisələrinin inkişafında müşahidə etdiyimiz əsas məqamlardan biri elmi işlərin sayının artmasıdır. Azərbaycanlı alimlər və tədqiqatçılar daha çox məqalə yazırlar və əvvəlki illərlə müqayisədə bu məqalələrin keyfiyyəti də daha yüksəkdir. Çünki dövlət tərəfindən müəyyən stimullar yaradılıb, elmmetrik bazalara çıxış təmin edilib. Azərbaycanda elmi məqalələrinin keyfiyyətinə görə seçilən alimlərə əlavə ödəniş edilir. Təxminən beş yüzə yaxın alim ayda min manata qədər əlavə ödəniş alır və biz bunun təsirlərini artıq görməyə başlamışıq. Beynəlxalq əməkdaşlığımız da artır. Xüsusən Azərbaycan-Türkiyə əməkdaşlığını vurğulaya bilərəm.
Elm və Təhsil Nazirliyinin elmi institutlarının nazirliyin tabeliyinə verilməsi, bu institutlarla ali təhsil müəssisələrinin inteqrativ fəaliyyətinin təmin olunması bizə həm universitet reytinqlərində irəliləməyə, həm də ümumilikdə elm ilə universitet arasındakı məsafəni qısaltmağa kömək edib. Tənzimləmə baxımından Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu gün elmi qurumlarla daha yaxından işləyir. Biz rasionallaşdırma aparmaqla keyfiyyət dəyişikliklərinə nail olmuşuq".
Nazir, həmçinin qeyd edib ki, doktorantura sahəsində ciddi islahatlar lazımdır:
"Boşluqlara gəldikdə isə, təbii ki, doktorantura təhsili sahəsində ciddi islahatlara ehtiyac var. Burada həm məzmun, həm forma, həm də istedadlı insanların elm və tədqiqat fəaliyyətinə cəlb olunması istiqamətində addımlar atmalıyıq.
Xaricdə təhsil proqramı icra olunur. Bakalavr və magistratura səviyyələri üzrə kifayət qədər müraciət var. Lakin doktorantura üzrə ayrılmış səksən yerə on nəfər belə sənəd vermir. Ölkənin ali təhsili və elmi tədqiqatları üçün doktorantura xüsusi əhəmiyyət daşıyır. Elmin maliyyələşdirilməsi və sənaye ilə əlaqələrinin qurulması sahəsində müəyyən təşəbbüslər var və hesab edirik ki, qarşıdakı illərdə bunun nəticələrini görəcəyik".
Milli kimlik məsələsi qarşımızda duran ən mürəkkəb məsələlərdəndi
Emin Əmrullayev bildirib ki, Azərbaycan məktəbi yaxın beş ildə daha çox şəxsiyyət formalaşdıran məktəb istiqamətində dəyişməlidir.
"Şəxsiyyət dedikdə isə daha çox dəyərləri qabardardım. İstənilən təhsil sisteminin qarşısında iki vacib məqam dayanır. Xüsusilə bizim kimi coğrafiyada yerləşən və bizim kimi xüsusiyyətlərə malik xalqlar və dövlətlər baxımından bunlardan biri milliliyin, adət-ənənələrin və dəyərlərin, o cümlədən dilin qorunmasıdır. Azərbaycan dilinin digər dillərin inkişafı fonunda itib-batmaması, rəqabətə davam gətirməsi baxımından bu bizim üçün açıq çağırışdır.
Bu nöqteyi-nəzərdən, dəyərlər dedikdə, milli kimlik və milli dəyərlər kontekstində azərbaycançılıq ideologiyası əsasında gələcək nəsillərin milli dəyərlərini dövrün reallıqlarına uyğunlaşdırmış bir azərbaycanlı nəsil yetişdirən məktəb nəzərdə tutulmalıdır. Eyni zamanda, beynəlxalq rəqabəti və beynəlxalq konteksti də unutmamalıyıq.
Texnoloji dövrdə çalışmalıyıq ki, insani dəyərlər qorunsun. Digər məsələlər isə zamanın tələbi ilə dəyişən məsələlərdir. Xüsusilə milli kimlik məsələsi qarşımızda duran ən mürəkkəb, diqqətlə yanaşmalı və heç vaxt unutmamalı olduğumuz məsələlərdən biridir".
Tamştatlı müəllimin əməkhaqqısı orta əməkhaqqıdan yüksək olmalıdır
Nazir, həmçinin müəllimlərin dərsdən sonra iş saatları artırıldıqda, maaşlarına mümkün dəyişiklik məsələsinə də münasibət bildirib. Onun açıqlamasına görə, hazırda bu məsələ müzakirə mərhələsindədir:
"Birinci məsələ müəllimin məktəbə bağlılığı və özünü məktəbin bir parçası kimi hiss etməsidir. Məktəb əməkdaşlığa əsaslanan bir mühit olduğundan kollektiv iş burada xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən müəllim məktəbdə daha çox vaxt keçirməli və məktəb həyatında daha fəal iştirak etməlidir.
Digər tərəfdən, müəllimin fəaliyyəti yalnız dərs deməklə məhdudlaşmır. Onun ayrıca ödəniş almadığı bir sıra mühüm vəzifələri də var. Məsələn, müəllim dərslərə hazırlıq məqsədilə suallar tərtib etməli, yazı işlərini yoxlamalı, şagirdlərlə fərdi ünsiyyət quraraq onlara geribildirim verməli, çətinliklərinin səbəblərini anlamaq üçün onları dinləməlidir. Eyni zamanda, digər müəllimlərlə birgə peşəkar inkişaf layihələrində iştirak etməsi də vacibdir. Bütün bunlar müəllimin məktəbə aidiyyət hissinin və məsuliyyətinin güclənməsini zəruri edir.
Üçüncü mühüm məqam müəllimlərin əməkhaqqısı ilə bağlıdır. Əməkhaqqının yalnız dərs saatları əsasında artırılmasına nail olmaq hər zaman asan olmur. Çünki bütün müəllimləri 20–24 saatlıq dərs yükü ilə təmin etmək mümkün deyil. Tam ştatlı müəllim modelinə keçid həm tədrisin keyfiyyətinin yüksəldilməsi, həm də müəllimlərin gəlirlərinin artırılması baxımından əhəmiyyətli islahat hesab oluna bilər. Hazırda bu məsələ müzakirə mərhələsindədir və ehtimal ki, yaxın gələcəkdə bununla bağlı konkret təkliflər irəli sürüləcək. Ümumilikdə isə müəllimin əməkhaqqısı bu şərtlər daxilində ölkə üzrə orta əməkhaqqından yüksək olmalıdır".
Məcburi köçkün məktəbləri rasionallaşdırılır
Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərdə təhsillə bağlı da danışıb. O vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər yarandıqca, məcburi köçkün məktəblərinin fəaliyyəti dayandırılır:
"Burada bir neçə məqsəd var. İşin görünən tərəfi ondan ibarətdir ki, hazırda 25 ümumtəhsil müəssisəsi və 13 məktəbəqədər təhsil müəssisəsi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Təxminən 4500 civarında şagird təhsil alır. Növbəti tədris ilində bunun sürətlə artacağını gözləyirik. Çünki bu illər ərzində daha çox infrastruktur layihələri ilə məşğul idik, yəqin ki, yaxın illərdə bu say daha da artacaq.
İkinci məsələ sistemin rasionalizasiyasıdır. Ölkədə eyni adda, məsələn, iki Ağdam 1 nömrəli məktəbi ola bilməz. Məcburi köçkün məktəblərinin fəaliyyəti bu mənada onların öz yerlərinə qayıtmasından sonra dayandırılır, həmin məktəblərin heyəti isə rasional şəkildə yenidən təşkil olunur. Üçüncü məsələ köç etmiş insanların arasından müəllimlərin seçilməsi, belə imkan olmadıqda isə qəbul prosesinin aparılması və ümumilikdə orada işin düzgün və rasional qurulmasıdır.
Yaxşı xəbər odur ki, işğaldan azad edilmiş ərazilərdə yüksək infrastrukturla təmin olunmuş məktəblər tikilir və çalışılır ki, tədris sıfırdan başladığı üçün proses fərqli və daha müasir formatda həyata keçirilsin. Müəllimlərimizin keyfiyyəti yaxşıdır, motivasiyası yüksəkdir. İnanıram ki, həmin ərazilərdə fəaliyyət göstərəcək məktəblər ölkənin ən yaxşı məktəbləri sırasında olacaq".
Sosial media ilə bağlı məhdudlaşdırıcı tənzimləmələrin tərəfdarıyam
Elm və təhsil naziri sosial mediada uşaqların təhülkəsizliyinin tənzinlənməsinin vacibliyini də vurğulayıb. nazirin sözlərinə görə, uşaqları qorumaq vacibdir, bu, birmənalıdır:
"Rəqəmsal mühit isə özlüyündə risklərlə doludur və mütləq şəkildə tənzimlənməlidir. Başa düşməliyik ki, sosial media dedikdə rəqəmsal öyrənmə alətləri nəzərdə tutulmur. Ayrı-ayrı sosial şəbəkələr və oyunlar uşaqların davranışına, psixologiyasına və onların ünsiyyətinə təsir göstərir, həmçinin kiberbulinq adlanan rəqəmsal qısnamaya səbəb ola bilir. Buna görə də müəyyən məhdudlaşdırıcı tənzimləmələrin tətbiqinin tərəfdarıyam".
Buraxılış imtahanı nəticələrinin qəbulu əhatə etməsi genişləndirilməlidir
Nazir bildirib ki, gələcəkdə buraxılış imtahanı əsasında qəbulun əhatəliliyinin artırılması istiqamətində addımlar atıla bilər:
"Mexanizm olaraq hələ heç bir dəyişiklik nəzərdə tutulmur. Daha çox hansı ixtisasların hansı qruplara aid olması kimi texniki yeniləmələr daim aparılır. Bunlar əvvəlcədən elan edilir. Eyni zamanda bu istiqamətdə atılmalı addımlar arasında ən vacibi odur ki, tədricən çalışaq uşaqlar daha az imtahan versinlər. Buraxılış imtahanı əsasında qəbulun əhatəliliyinin artırılması yaxın gələcəkdə atıla biləcək istiqamətlərdən biri ola bilər. Burada yaxın gələcək bir ildir, iki ildir. Bu tipli dəyişikliklər əvvəldən elan olunur. Bu, növbəti il deyil. Hazırda mövcud model əsasında təxminən altmış min qəbul həyata keçirilir. Bu il də həmin model çərçivəsində nəticələrin avqust ayının sonuna açıqlanması gözlənilir".
Məktəblərdə İT ştatına ehtiyac var
Emin Əmrullayev mövcud təhsil sistemindəkı çatışmazlıqlardan da danışıb. O qeyd edib ki, məktəblərdə İT ştatına ehtiyac var:
"XXI əsrin növbəti 10–15 ilində məktəbin necə olacağı sualı kifayət qədər çətin bir sualdır. İstər distant təhsil, istər məsafədən öyrənmə, istərsə də rəqəmsal resurslar və süni intellekt artıq qaçılmazdır. Bu, fərqli strukturlar, güclü infrastruktur, ixtisaslaşmış heyət və müxtəlif bacarıqlara malik insanların olmasını tələb edir.
Məncə, məktəblərə bu gün ən vacib, amma mövcud olmayan İT, yəni informasiya texnologiyaları üzrə mütəxəssis ştatıdır. Ənənəvi məktəblərdə bu istiqamət tam şəkildə mövcud deyil. Məktəblərin ştat cədvəlləri əvvəlki dövrlərdə hazırlandığı üçün biz onları dəyişməyə çalışırıq və bu mənada yəqin ki, yaxın zamanda yeniliklər olacaq. Əvvəlki sualda da qeyd etdiyim kimi, istər məzmunun yenilənməsi, istər ayrı-ayrı fənlərin təşkili, istərsə də müəllim keyfiyyətinin təmin edilməsi yeni dövrün tələblərinə uyğunlaşmaq baxımından vacibdir. Lakin yeni dövrə hazır, dəyərli xüsusiyyətlərə malik, xüsusilə milli kimlik xüsusiyyətlərini qoruyan nəsil yetişdirmək daha çətin və daha məsuliyyətli bir prosesdir. Bu baxımdan 21-ci əsrin məktəbi üçün əsas prioritetlərimiz məhz bunlar olmalıdır".
Peşə təhsilin problemlərindən biri infrastrukturdur
Nazir peşə təhsili sahəsində görülən və görülməli işlərdən də danışıb. O vurğulayıb ki, ali təhsildə olan artım peşə təhsilində də davam edir:
"Artıq 25–26 mindən çox insan peşə təhsilinə üz tutur. Peşə təhsilinin inkişafı istiqamətində prezidentin 2025-ci ilin dekabr ayında imzaladığı fərmanla 23 peşə təhsili müəssisəsindən 21-nin yenidən qurulması və 2-nin əsaslı təmiri yeni bir mərhələ hesab olunur. 2030-cu ilə qədər bu işlərin icra olunması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yeni peşə məktəblərinin tikintisinin həyata keçirilməsi nəticəsində infrastrukturun əsaslı şəkildə yaxşılaşdırılması mümkün olacaq. Qəbul etməliyik ki, peşə təhsilinin ən problemli istiqamətlərindən biri məhz infrastrukturdur. Çünki Birinci Qarabağ müharibəsinin nəticələri olaraq məcburi köçkünlərimizin uzun müddət əsasən peşə məktəblərində yerləşdirilməsi həmin müəssisələrin vəziyyətinə ciddi təsir göstərib.
Son illərdə isə yeni peşə məktəblərinin yaradılması istiqamətində addımlar atılıb. İstər Bərdə, istər Qəbələ, istər Cəlilabad, istər Lənkəran, istərsə də Bakı şəhərində müasir tələblərə uyğun peşə təhsili müəssisələri yaradılıb. Görürük ki, yeni və müasir peşə məktəbləri olduqda tələbələr də həmin müəssisələrə daha çox cəlb olunur. Hər birində ikiqat tələbə sayı və müsbət nəticələr müşahidə edilir. İnfrastruktur məsələləri tədricən həll olunduqca peşə təhsilinə üstünlük verən insanların sayı da artacaq".
Emin Əmrullayev son olaraq kolleclərin fəaliyyətindən danışıb. Onun sözlərinə görə, kolleclər islahata ehtiyacı olan təhsil müəssisələridir:
"Subbakalavr təhsili qalmalıdır və qalacaq. Sual ondan ibarətdir ki, subbakalavr təhsili verən müəssisələr ayrıca fəaliyyət göstərməlidir, yoxsa ali təhsil müəssisələrinin tərkibində olmalıdır? Prinsip etibarilə hər iki model mümkündür. Düşünürəm ki, islahatların növbəti mərhələlərində kolleclərdə dərs deyən müəllimlərin keyfiyyəti və onların fəaliyyətinə nəzarət bizim əsas prioritetlərimizdən biri olacaq. Bu istiqamətdə işlərimiz davam etdiriləcək".

muallim.edu.az



Tarix: Bu gün, 20:42

Xəbəri paylaş