ADPU-nun Quba filialı 35 illik yubileyini qeyd edir

Azərbaycan Respublikasında təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi, regionlarda təhsil imkanlarının genişləndirilməsi, müəllim hazırlığının gücləndirilməsi və insan kapitalının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Regionlarda ali təhsil müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və onların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin təhsilə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əmək bazarının tələbləri ilə uzlaşdırılması dövlət təhsil siyasətinin əsas hədəflərindən hesab olunur. Bu kontekstdə fəaliyyətinin 35 illiyini qeyd edən ADPU-nun Quba filialında regionun sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla yeni ixtisasların açılması və təhsil proqramlarının yenilənməsi istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC ADPU-nun Quba filialının direktor müavini, Pedaqogika üzrə fəlsəfə doktoru, “Qabaqcıl təhsil işçisi” Aysel Şeydayevanın filialın 35 illiyi ilə bağlı məqaləsini təqdim edir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan hədəflərə uyğun olaraq regionlarda ali təhsilə çıxış imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu nəticələrin əldə edilməsində filialın rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət xüsusi rol oynayır. Filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin təşəbbüsü ilə regionun inkişaf ehtiyaclarına uyğun yeni ixtisasların təsis olunması istiqamətində atılmış addımlar dövlətin insan kapitalının inkişafı və regional təhsil siyasəti ilə tam uzlaşır. Bu təşəbbüslər yalnız təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.
Beləliklə, ADPU-nun Quba filialının inkişaf dinamikası göstərir ki, ölkədə həyata keçirilən elm və təhsil siyasətinin əsas məqsədləri, – keyfiyyətli təhsil, əlçatanlıq, innovativ inkişaf və insan kapitalının gücləndirilməsi, – regional ali təhsil müəssisələrinin fəaliyyətində konkret nəticələrlə müşayiət olunur.
ADPU-nun Quba filialında tədrisin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi məqsədilə filialda normativ-idarəetmə bazasının müasirləşdirilməsi istiqamətində də sistemli fəaliyyət həyata keçirilir. Bu çərçivədə 2025-ci ildə “Keyfiyyət siyasəti” və “Cəmiyyətə xidmət və sosial töhfə siyasəti” sənədlərinin yenilənmiş layihələri akademik ictimaiyyətin müzakirəsinə təqdim edilib. Strateji İnkişaf Planının prioritetləri əsasında təkmilləşdirilən həmin sənədlər ali təhsil müəssisəsində keyfiyyət mədəniyyətinin formalaşdırılmasına, institusional idarəetmənin effektivliyinin artırılmasına və sosial məsuliyyət prinsiplərinin fəaliyyətin ayrılmaz tərkib hissəsinə çevrilməsinə xidmət edir. Eyni zamanda, bu yanaşma filialın dayanıqlı inkişaf, hesabatlılıq və müasir universitet idarəetməsi prinsiplərinə sadiqliyini nümayiş etdirir. Filialın inkişaf strategiyasında beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Son illərdə Türkiyə, Almaniya, Polşa, ABŞ, Moldova, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna və digər ölkələrin nüfuzlu ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması akademik mobilliyin genişləndirilməsinə, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, beynəlxalq konfrans və seminarların təşkilinə, eləcə də qabaqcıl təcrübələrin mübadiləsinə əlverişli zəmin yaradıb. Xüsusilə Özbəkistan Respublikası ilə qurulan əməkdaşlıq əlaqələri diqqətəlayiqdir. ADPU-nun Quba filialı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili Nazirliyinin tabeliyində fəaliyyət göstərən pedaqoji bacarıqların inkişafı mərkəzləri arasında imzalanmış niyyət protokolları təhsil sahəsində beynəlxalq tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Nəvai, Fərqanə, Səmərqənd və Surxandərya vilayətlərinin müvafiq qurumları ilə bağlanmış əməkdaşlıq sənədlərində pedaqoji kadrların peşəkar inkişafının dəstəklənməsi, birgə təlim proqramlarının təşkili, elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və innovativ təhsil təcrübələrinin paylaşılması kimi istiqamətlər öz əksini tapıb. On bir maddədən ibarət olan bu əməkdaşlıq çərçivəsi tərəflər arasında uzunmüddətli elmi-pedaqoji tərəfdaşlığın formalaşdırılmasına və ortaq akademik məkanın inkişafına mühüm töhfə vermək potensialına malikdir.
Ümumilikdə, ötən 35 illik şərəfli inkişaf yolu ADPU-nun Quba filialının təkcə şimal regionunun deyil, bütövlükdə respublikamızın intellektual potensialının gücləndirilməsində aparıcı mərkəzlərdən birinə çevrildiyini təsdiq edir. İnanırıq ki, innovativ elmi hədəfləri və genişlənən beynəlxalq tərəfdaşlıq şəbəkəsi ilə seçilən filial bundan sonra da dövlətçilik dəyərlərinə sadiq, milli mənəviyyata malik, qlobal əmək bazarında rəqabətədavamlı və müasir təfəkkürlü pedaqoji kadrların hazırlanması missiyasını uğurla yerinə yetirəcək, Azərbaycan təhsilinin qlobal müstəvidə fəxr olunası uğurlarına yeni töhfələr verməkdə davam edəcək.
Tarix: Bu gün, 19:20
