Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MİRZƏ CƏLİLİN SATİRİK NƏSRİ: İDEYA-MƏZMUNDA GÜLÜŞ

 

 
“Cəlil Məmmədquluzadə  həyat həqiqətlərini, ictimai mühiti  hərtətərfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır”.      
İlham Əliyev

İdeya - məzmunda təzahür edən gülüşdən, əsərin bütövlük­də süjetini əhatə edən gülüşdən söhbət açdıqda C.Məmmədquluzadənin “Quzu” hekayəsi nəzəri­miz­də canlanır. Böyük sənətkar gülüş ustasıdır və onun gülüşündə satirik qüvvət vardır. Gülüş eybəcərliyə qarşı çevrilmiş olsa da, əsas məqsədi gözəllikdir. Bəşəriyyət gülə-gülə pis əməllərindən, çirkinlikdən uzaq­laşır, gözəlliyə yaxınlaşır. C.Xəndan yazırdı: “Azərbaycan ədəbiyyatının qabaq­cıl nümayəndələri öz dövrlərində cəmiyyətin inkişafına mane olan bütün əngəlləri, müasirlərinin xarakterlərindəki mənfılikləri aradan qaldırmaq üçün satira və yumordan kəskin bir silah kimi istifadə etmişlər... Din, mövhumat, cəhalət və hər cür geriliyin kökünü kəsmək üçün bu zəngin ədəbi irsdən istifadə edirik”.
“Quzu”, “Usta Zeynal” və s. hekayələr bu baxımdan maraq doğurur. Burada lirik bir həzinliklə gülüş qaynayıb qarışmışdır. Akademik İsa Həbibbəyli yazır: “Cəlil Məmmədquluzadənin əsərlərində... böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən gülüşlə birləşsə də, bu gülüş göz yaşları arasında doğan gülüşdür”. İctimai həyatın realist bədii panoramını yara­dan, yaşadıqları cəmiyyətin təzadlı situasiyalarının konfliktlərini işıqlandı­ran­lar və onu satirik-yumoristik planda mənalandırmağa üstünlük verənlər Molla Nəsrəddin ənənəsindən bəhrələnmişlər. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, “Molla Nəsrəddin” ədəbi məktəbinin digər nümayəndələri əsərlərində  hadisədən çox, ideya və məqsədin mahiyyətinə diqqət yetirirdilər. Onlar əhvalatın zahiri tərəfini yox, yaşadıqları dövrün və cəmiyyətin mövcud əxlaqını açmağa səy göstərmişlər. Mirzə Cəlil “Quzu”da gülüş doğuran hadisələri təqdim etməklə oxucunu əyləndirmək məqsədindən tamamilə uzaqdır. Onun əsas məqsədi gülüş­lə fikirləşdirmək, düşündürməkdir. Ümumən, yazıçının satirik, yumoristik əsər­lərinə nəzər saldıqda görmək çətin deyil ki, o, ilk növbədə görkəmli lətifə qəhrəmanı Molla Nəsrəddindən yaradıcı şəkildə qidalanmışdır. Zaman Molla Nəsrəddin kimi söz sərraflarının qarşısında həmişə gücsüz olmuşdur. Ədibin “Quzu” və başqa satirik hekayələrində cəmiyyət tragizmin də, komizmin də əsl mənbəyidir. İnsan həm gülür, həm də gülüş obyekti olur. Bu gülüş düşün­dü­rücü olduğu qədər də islahedicidir.
Ədibin ilk əsərləri şəkil, janr, dil, kompozisiya, mövzu, tiplər, obrazlar etibarilə tam bir yenilik təşkil edir. O, ədəbiyyata ədəbiyyatdan gəlmir, həyata ədəbi ənənələrdən enmir, bəlkə əksinə, həyatdan müəyyən təbəqənin, əməkçi­lə­rinin həyatından, məişətindən, canlı insan, tip və obrazlarının içəri­sin­dən çıxıb yüksəlir və özü ilə bərabər ədəbiyyata bu təbəqənin problemlərini, ələm və kədərlərini, hisslərini, istək və arzularını gətirirdi. C.Məmməd­qu­lu­za­də­nin uzun müddət, hətta bu gün belə bir sıra  sənət aristokratları tərəfındən qəbul olun­maması buradan irəli gəlirdi. Çünki C.Məmmədquluzadə öz əsərləri ilə o zamana qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən “müqəddəs” ədə­biyyat “məclisinə” öz çarıqları ilə girdi və hətta özü ilə bərabər Məhəm­məd­­həsən əmi kimi bir çox çağrılmamış qonaqları da gətirdi. C.Məm­məd­qu­lu­za­də və onun bu çağrılmamış qonaqları özlərinə vətəndaşlıq haqqını, ana, loru kəndli dillərinin eşidilib anlaşılmasını tələb edirdilər. XIX əsrin sonlarında ədəbiyyatımıza yeni demokratik cərəyan beləcə daxil oldu.
XIX əsrə qədər yalnız nəzmin inkişaf etdiyini nəzərə alsaq ədəbiy­ya­tı­mı­za nəsrlə gəlmiş C.Məm­məd­qu­luzadənin oynadığı rolun əhəmiyyətini təyin edə bilərik. Klassik feodal həyat və quruluşunun tələb və vəzifələrindən doğan ədəbi şəkil və janr məh­du­diy­yəti, ədəbi forma və janr cəhətindən daha da zəngin, ətraflı olan xalq ədə­biy­­yatımızdan fərqli olaraq, XIX əsrin ortalarına qədər davam etmişdir. Realist nəsrə ilk dəfə Bakıxanov “Kitabi-Əsgəriyyə” adlı hekayəsi ilə müraciət etmiş, Mirzə Fətəli Axundov isə “Aldanmış Kəva­kib”ində janrın imkanlarını daha da genişləndirmişdi. Lakin Mirzə Fətəli də nəsr sahəsində özəlliklə dil baxımın­dan dramaturgiyadakı qədər böyük bir dönüş əmələ gətirə bilməmişdi. Çünki “Aldanmış Kəvakib”dəki mümtaz usta­lı­ğına baxmayaraq o yenə də köhnə dilin və təhkiyə üsulunun təsirindən qurtulmamışdı.
N.Vəzirov, Ə.Haqverdiyev XIX əsrdə nəsr yazmamışdılar. Yalnız üç ya­zı­çı vardır ki, bu zamankı Azərbaycan ədəbiyyatında qiymətli nəsr əsərləri yarat­mışdılar: C.Məmmədquluzadə, Nərimanov (“Bahadır və Sona”, “Pir”) və Sultan Məcid Qənizadə (“Gəlinlər həmayili”, “Müəllimlər iftixarı”) ədəbiy­ya­tı­mıza roman və hekayə, yumorist nəsr ənənələrini gətirmişdilər. Lakin bun­lardan C.Məmmədquluzadənin nəsri yenə də xüsusi bir ayrılıq təşkil edir. Mirzə Cəlil nəsrə ədəbi ənənələrdən istifadə yolu ilə deyil, bəlkə xalq nağılla­rın­dan gəlmişdi. Xalq məişətində müəyyən mövqeyə malik nağıl nəsri istər dil, istər təhkiyə, üslub, quruluş və təsvir va­si­tələri cəhətindən çox sadə, anlaşıqlı və hətta, savadsız kütlələrin səviy­yə­si­nə uyğun bir mahiyyət daşımışdır. Demokrat yazıçı nəsrində xalq nağıllarının bu keyfiy­yət­lə­rin­dən istifadə edə­rək, yazılı ədəbiyyata şifahi ədəbiyyat ünsürlərini gətirmişdir.
Ədəbi aristokratiyanı özündən çıxaran cəhətlərdən biri C.Məmməd­qu­lu­za­dənin dilində xalq ifadələrinin çox olması və türk ədəbi dilinin (daha doğ­rusu, İstanbul şivəsinin) sintaksisini pozması idi. Deyilənləri rus dilinin tə­si­ri ilə izah etmək və bununla məsələnin həll edildiyini zənn etmək qətiyyən doğru deyildir.
Yazıçının dili, obrazlar sistemi və üslubu, hər şeydən əvvəl, onun ictimai məqsədləri ilə bağlıdır və bununla da izah edilməlidir. C.Məmmədquluzadənin dilini də, bu cəhətdən, onun yaratdığı demokratik realizmin bir ifadə vasitəsi kimi götürmək və izah etmək lazımdır. Bu realizmin üslubi ifadəsi olaraq, onun dilində bir sintaksis bayağılığı görürük. Məsələn, “Danabaş kəndinin əhva­lat­la­rı” povestindəki danışığı götürək:
“Məhəmmədhəsən əminin sol tərəfındə oturan kişi bir məsələ saldı or­ta­ya: Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz və­tə­ni­nə, biz yığışıb dəstə-dəstə gedirik: “ziyarətin qəbul olsun”. Görək bizim demək­liyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya yox? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə  mənfəəti var, ya yox?”
“Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var, allah səlamatlıq versin, sağ və səlamat gedib qayıdasan evinə. İndi söz yox, allah qoysa qayıdandan sonra biz hamılığnan gəlib sən ilə görüşəcəyik. İndi görək biz ki, sənə deyəcəyik “ziyarətin qəbul olsun”, bu sözün, görüşməkliyin sənə xeyri var, ya yox. Mən ki, deyirəm yoxdu. Hərgah sənin ziyarətin qəbul olu- nub Allah yanında, dəxi bizim dua etməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, yenə faydası yoxdur”.
Bu sitatdakı sintaksis quruluş C.Məmmədquluzadənin dili üçün tipik və xarakterikdir. Əlbəttə ki, bu sintaksis normativ ədəbi dilin sintaksisindən uzaq­dır. Lakin bu, həmin əsərdə təsvir olunan insanların məişət dilidir; bu obraz və fıkirlər sisteminin quruluşunu ifadə edən sintaksis və danışıq tərzidir.
C.Məmmədquluzadə nəsrindən bəhs edən Əli Nazim yazırdı: “Molla Nəs­rəddin” realizminin, realist stilinin başlıca bir xüsusiyyəti satiradır... Bu satira, bu yumor... çılğın ruhların qəhqəhələrindən ibarət deyildi... Cəlil Məm­məd­quluzadə əsərlərində mərkəzləşən bu ictimai satira Azərbaycan ədəbiy­ya­tın­da misli görünməmiş bir hadisə olaraq meydana çıxmış, bütün şərqdə öz əks-sədasını, rezonansını tapmışdı”.
 M.Cəlilin inqilabdan (1920) əvvəlki nəsrini, əsasən də heka­yələrini səciyyələndirən spesifık xüsusiyyətlərdən biri həmin dövrdə yazıçının ilk nəsr nümunələrində, məsələn, “Danabaş kəndinin əhvalatları” və “Poçt qutusu”nda qoyduğu problemlər daha da şaxələnır. Filosof Niyazi Mehdi yazır: “Azər­bay­can maarifçilərinin, modernləşmə ideoloqlarının seçdiyi “iç üzünü açma”, ifşa etmə, tənqid paradiqması yazarları Qurbanəli bəyləri, şə­rəf­siz mollaları gös­tər­məyə sürükləyirdi. Janr belə idi. Onun “oyun  qay­da­sı”  han­sı tekstlər və hansı narrativlər (söyləmələr) məsələsinə öz diktəsini edirdi. Bizim maarif­çi­lər, demokratlar öz vəzifələrini vicdanla yerinə yetirirdilər və ona görə də onları böhtançı, milləti aşağılayan saymaq olmaz. Sadəcə, bizdə o biri Azər­bay­canı göstərən tekstlər az olduğundan birinci qrup mətnlər gözümüzün qaba­ğını pərdə kimi tutmuşdur” (“Ədəbiyyat qəzeti”,19 yanvar, 2019, səh. 4).  Bəy­lə­rin, qolçomaq və kətda-darğaların tüfeyli həyatını ifşa edib gülüş hədə­fınə çevirən “Qurbanəli bəy”, “Quzu” kimi milli dəyər kəsb edən güclü sa­tirik he­ka­yələr, qadın hüquqsuzluğuna etiraz motivləri ilə dolu olan “Molla Fəzləli”, “Konsulun arvadı”, “Qəssab” və s. dillər əzbərinə çevrilmiş lakonik “məişət novellaları” məhz dövrün ədəbi nü­mu­nə­ləri idi. Bir az fərqlə 100 il ön­cə yazılıb bu gün də öz aktuallığını itirməyən bu hekayənin möv­zusu (“Qurbanəli bəy”də olduğu kimi) da mülkədar həya­tın­dan götürülmüşdür. Doğrudur, istər XX əsrin əvvəllərində, istərsə də sonra­lar Azərbaycan bəylərinin həyatından müxtəlif mövzularda bədii əsərlər yazıl­mış­dır. Sözügedən hekayədə bəylərin bir çox yaddaqalan xarakterik xüsusiy­yətləri açıqlığı ilə inikasını tapmışdır. Hekayə Mirzə Cəlilə məxsus obyektivizmlə yazılmışdır. “Poçt qutusu” ilə müqayisədə “Quzu”da vəziyyət “tərsinə çevrilmişdir”. Bəy bəydir. Bəy, yenə də həmin Qurbanəli bəylərin ta­yı­dır. Əziz xan da Qurbanəli bəy kimi, öz ictimai vəzi­fə­si­ni keyf, eyş-işrət məclislərində, gəzintilərdə keçirməkdə görür. Əziz xanın kütbeyinliyindən, sər­xoş­­luğundan istifadə edən, bir quzunu ona bir neçə dəfə satan Kəblə Məhəm­mədhüseyn ağalar ilə rəiyyətin dialoq - vəziy­yət­lə­rin­də əmə­lə gələn bir dəyişik­liyin səmərəsindən hələlik yalan ilə olsa da, fürsəti fövtə vermədən istifadə edir. Kəblə Məhəm­məd­hü­seyn pul qazanmaq yolunu öyrənmiş və təsərrüfatçılığa üz tutmuş bir kəndli­dir. Burada ağaya qarşı mü­na­sibət rəiyyət sədaqətindən deyil, xüsusi maddi mənafelərdən doğur. Gülüş əsərin bütövlükdə süjetini əhatə edir. Əziz xan Kəblə Məhəm­məd­hü­seyn­lə qarşılaşdırılır. Finala doğru qarşılaşdırma səh­nə­lərində yaranan gülüş istehza doğurmur, təbii axarından çıxmır. Amma situasiyalarda qəh-qəhə də yaranmır. Acı, kinayəli gülüş bəylərə, xanlara, cə­miy­­yətə qarşıdır. Əxlaqi eybəcərlikləri yaradanlara hiddətli gülüşdür. Professor M.Məmmədov yazır: “Əziz xan yazı­çı­nın başqa hekayələrində rast gəldiyimiz qəmsiz-qayğısız yaşa­yan tüfeyli mülkədarlardandır. Əziz xanın bütün işi-gücü səhərdən axşamadək mahalın pristav və bəylərini qonaq çağırmaq, yeyib-içib keyf etməkdən iba­rət­dir. Gün olmaz ki, onun evində qonaqlıq olmasın. Qurbanəli bəyin kiçik qardaşı olan Əziz xan əy­yaşlığın canlı timsalıdır. İşsiz, avara, kefçil həyat onun əsas yaşayış prinsipidir. Əziz xanın bütöv həyat tarixini və çürük daxili aləmini açıb ifşa etmək üçün ədib onu Kəblə Məhəmmədhüseynlə qarşılaşdırır”. O, Kəblə Əziz xana qarşı qoyulub. Əziz xanın göz görəsi eybəcərliklərinə gülüş üçün zəmini, situasiyaları Kəblə yaradır. Kəblə bicdir, hazırcavabdır, həm də yu­morludur. Bir quzuya xandan üç dəfə pul almaq asan iş deyil. O bu işi məqa­mında, lotucasına elə edir ki, heç nökərlərin də urfu incimir. Xanın qapısında qonaqlıq olan vaxtlarda, məclisin şirin yerində gəlir ki, Əziz xan kefli olsun, yaddaşı yerində olmasın. Hətta üçüncü dəfə quzunun pulunu istəyəndə Əziz xan nə qədər kefli olsa da  “elə bil” duyuq düşür, sadəcə üstünü vurmur. Bəlkə də Kəblənin: “Xan, o üç manatdan mən nə dövlətli olacağam, nə kasıb. Qurban olsun sənə o üç manat. Ürəyini niyə sıxırsan?” - deməsi xanı ovsunlayır və o da bilərəkdən, yoxsa bilməyərəkdən şübhəli-şübhəli üçüncü dəfə üç manatı Kəbləyə verir. Qənimətini o qədər də asanlıqla əldə etməyən Kəblə “Allah xana ömür versin” deməklə onun kütbeyinliyinə istehza edir. Əziz xan gülüş hədə­finə çevrilir. “Quzu” hekayəsində Kəblə Məhəmmədhüseynlə Əziz xanın qarşı­laşma səhnələri ədəbiyyatımızda ən uğurlu dialoqlardır. M.Cəlil məqsədinə nail olmaq üçün bu qarşılaşma səhnəsini ustalıqla yaratmışdır. Fel­ye­ton, hekayə, povest və dram əsərlərində əksərən xəfif gülüş və həzin bir göz yaşı ilə yaratdığı əsərlərdən fərqli olaraq “Quzu”da gülüş ağrıdıcıdır. Doğ­ru­dur, dahi sənətkar güldürməyi də, ağlatmağı da bacarır. Lakin bütün bunlar onun məqsədi deyildir. Onun gülüşləri də, göz yaşları da yalnız düşündürmək üçün­dür. Bu tipli hekayələr, povest, novella və felyetonlarla ədib kiçik bir xalqın böyük dərdini izah edir. Fikirləşirəm ki,  xalqımın ədəbiyyatı, musiqisi çox böyükdür. Hər hansı millətin həyatı kimi, onun da həyatı məna və dərin məz­munla doludur. İnsan ruhunun dərinliklərində onun da gözyaşları, iztirabları, ümidləri və mübarizəsi dərin izlər salmışdır. İstər “Danabaş kəndinin əhva­lat­ları”, istərsə də “Quzu” əsərində xüsusi mülkiyyətçilik aləminin insan qəl­bini alçaldan münasibətlərini görürük. Bəs Novruz­əli kimdir?  “Poçt qutu­su”  haqqında ədəbiyyatşünaslar qədərincə və layiqincə fıkirlərini bildiriblər. Tən­qi­di realizmdən fundamental monoqrafıya nəşr etdirmiş (“Realizm: sənət və həqiqət” (B.,1980)) professor Y.Qarayev yazır:  “Klassik Azərbaycan tənqidi realizminin ən səciyyəvi qəhrəmanlarından olan Novruzəli də (C.Məm­məd­qu­lu­zadə “Poçt qutusu”) Engelsin tənqid etdiyi xanım Nelli qədər passivdir, mütidir, ondan da avamdır. Lakin bu qəbildən olan surətlər bizə Balzak tipli realist qəhrəman təsiri bağışlaya bilir. Nə üçün? Xanım Qarkness öz qəhrə­ma­nı­na acıyır, sentimental elegiya, mahnı oxuyur. Mirzə Cəlilin Nov­ruzəliyə mü­na­sibəti isə tamam başqa cürdür. Bizim ədib nəin­ki öz qəhrəmanına acıyır, əksinə, o, Novruzəlini artıq oyatmalı olan bir döv­rün - “tipik şəraitin”  nara­hat­lıq və vicdan səsini ucaldır. Prinsipial fərq bu ob­raz­­lardan əvvəl obrazlara müxtəlif estetik münasibətdə, iki müəllif mövqeyində özünü göstərir. Şüb­hə­siz, xanım Qarkness (Onore de Balzak. “Bəşəri ko­me­diya”) bədbəxt Nelliyə zamanla və “tipik şəraitlə” şərtlənən tendensiyalı müna­sibət bəsləsə idi, Engels onun əsərinə indiki qiyməti verməzdi. İndiki halında isə bu əsərin ən böyük tarixi əhəmiyyəti odur ki, bu povest realizmə verilən nəzəri düsturun, klassik tərifın səbəbinə, bəhanəsinə çevrilmişdir. Bu cəhət özü də mənalıdır: Engels kamil realizm haqqında tarixi qiyməti kamil realizmdən çox uzaq bir əsərin materialı əsasında verir, eləcə də Mirzə Cəlil Azərbaycanda kəndli şüu­ru­nun oyanma dövrünün realist qəhrəmanlarının surə­tini bu oyanmadan hələ uzaq bir Novruzəlinin timsalında verir və elə o vaxt­dan da nəsrimizdə Nov­ruz­əli mövzusu yeni tipli bir realizmin klassik mövzusuna çevrilir”. Elə fıkirləşmək də lazım deyil ki, bu vasitə təkcə Novruzəlini - onun avamlığını, sadəlövhlüyünü tənqid edir. Bu realizm ictimai qaydaların əsasını tənqidə məruz qoyur, ədalətsiz cəmiyyətin, müsəlman kən­di­nin təmə­lini, bü­növ­­rəsini sarsıdır. Azərbaycan ədəbiyyatında tənqidi realizm XIX əsrdə təşək­kül tapdısa da, 1905-ci il inqilabının ictimai ideo­lo­gi­yada yarat­dığı böyük çev­ri­lişdən sonra və artıq inkişaf etmiş realizm ən­ənə­lə­rinin, yəni maarifçi rea­liz­min zəminində formalaşır. Bu ənənələrin olmadığı bir şəraitdə, əlbəttə ki, tənqidi realizmdən, onun prinsiplərindən, meydana çıx­ma­sından, formalaş­ma­sın­dan və ən nəhayət, sabitləşməsindən söhbət açma­­ğa dəyməz. XX əsrin əvvəllərinə nəzər yetirdikdə (1900-1917) görmək çətin deyil ki, tən­qidi realizm romantizmlə yanaşı, “əməkdaşlıq şəraitində” inkişaf edir. XIX əsrdəkilərdən, hətta müasirlərindən fərqli olaraq C.Məm­məd­qu­lu­za­də daha çox cürətli hərəkət etdi, qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq sözünü acı-acı, kinayə ilə, gülə-gülə dedi. Ayrı-ayrı dünya xalqlarının ədəbiy­ya­tında tənqidi realizmin əsasında adətən ifşa olunan burjua əlaqələrinin real gerçəkliyi dayanır. O, qəti inkar məzmunu  daşıyır və mövcud quruluşun icti­mai sütunları əleyhinə  çevrilir. Diqqət yetirdikdə nə görürük? Sanki üfüq­lər şəfəq saçır. Yəni bütün xalqlarda tənqidi realizmin mahiyyətini ifadə  edən es­tetik kriteriya və prinsiplərlə ən boyuk tipoloji uyğunluğa XX əsrin ədəbi hadisələrində rast gəlirik. Yeni dövrdə Azərbaycanda realist ədəbi üslu­bun ümumxalq  və ümum­mil­li bir realizm səviyyəsində ən müasir dünya estetik prosesində  iştirakı məhz bu hadisələrlə təmin olunur. Məhz “Usta Zeynal”ın, “Poçt qutusu”nun timsa­lın­da bədii yaradıcılığın Şərq qanunauyğunluqları vahid dünya estetik prosesi ilə ən yüksək səviyyədə qaynayıb qarışır.
M.F.Axundzadə Azərbaycan feo­dal əlaqələrinin hələ çox qüvvətli ol­du­ğu bir zamanda yeni tipli satiranın əsa­sı­nı qoymuşdu. C.Məmməd­qu­lu­za­də, Ə.Haqverdiyev və Y.V.Çəmənzəminli bu ənənəni davam və inkişaf etdi­rir­di­lər.
C.Məmmədquluzadə və Ə.Haqverdiyev gözəl müşahidə bacarığına malik sənətkarlar idilər. Əsərlərində aydın ideya istiqamətinin olması, yaşadığı mühi­tin real həyat həqiqətlərini geniş bədii lövhələrdə təsvir etməsi onların yara­dı­cı­lığına marağı artırır. Əsərlərində tərbiyəvi əhəmiyyət də, keçmişin qalıql­a­rı­na qarşı tənqidi ruh da, söylənilən ifşaedici fıkirlər də vardır. İstehza və kinayə M.Cəlilin ob­yektə qarşı yüksək münasibətindən, uzaqgörənliyindən, həyata, zavallı millətə məhəbbətdən və gələcəyə olan qırılmaz ümid­lə­rin­dən doğurdu. Mirzə Cəlil sa­ti­rik nasir, publisist olduğu qədər  “fılosof və lirik” idi.    
İctimai səviyyəyə qalxan gülüş növünü  ustad yüksək səviyyəyə qal­dır­ma­ğa müvəffəq olmuşdur. Mirzə Cəlilin bədii zövqü, eləcə də əsərlərinin quru­lu­şu haqqındakı prinsipləri dəyişməz deyildir. Əksinə, dövr, hadisə, möv­zu və sairədən asılı olaraq bunlar tez-tez dəyişir, təkmilləşir və yeniləşir. Bu yeni­ləşmə və təkmilləşmə həmişə ictimai quruluşun dəyişməsi, bir for­ma­si­ya­nın digərini əvəzləməsi ilə çətinləşir. Çində analar uşaqlarına qəzəblənib qarğış edəndə deyirlər ki, “səni görüm keçid dövründə yaşayasan”. Biz XX əsrin 90-cı illərində keçid dövrünü yaşayıb müşahidə etdik; ağrı-acılarını, şirinliyini daddıq. İçində yaşadığımıza, iştirakçısı olduğumuza görə formasiya dəyi­şik­liyinin yaradıcı şəxslər üçün mürəkkəbliklərini duymaq çətin deyildir.

BABA BABAYEV,
filologiya elmləri doktoru, AMEA 
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisiшаблоны для dle 11.2