Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 iyul 2019-cu il tarixli F-418 nömrəli əmrinə əsasən 2019-cu il 3-4 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat  Universitetində Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı keçirilmişdir.
Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfranslarının materialları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nə­ticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.
Konfransın keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının təhsil nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinə 18 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından 500 məruzə tezisi təqdim olunmuşdur. Həmin məruzələrin dinlənilməsi üçün 15 bölmə yaradılmış və konfransın proqramı tərtib edilmişdir.
Qeyd olunanları nəzərə alaraq,
ƏMR EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi üçün təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsinə görə həmin universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya  Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.
2. Ali təhsil müəssisələrinin rektorları:
2.1. elmi tədqiqat və dissertasiya işlərinin aktuallığının yüksəldilməsi  istiqamətində müntəzəm işin aparılmasını təşkil etsinlər;
2.2. növbəti konfransa təqdim ediləcək məruzə tezislərinin elmi ekspertizadan keçirildikdən  və redaktə olunduqdan sonra Təşkilat Komitəsinə təqdim edilməsi barədə müvafiq kafedralara tapşırıqlar versinlər;
2.3. konfrans bölmələrinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərdiklərinə görə bölmə rəhbərlərinin (siyahı əlavə olunur) büdcədənkənar vəsaitlər hesabına mükafatlandırılmasını təmin etsinlər.
3. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev):
3.1. konfransın materiallarının nəşrə hazırlanması üçün bölmə rəhbərlərindən ibarət redaksiya heyətini formalaşdırsın;
3.2. konfransın materialları  Azərbaycan Memarlıq və İnşaat Universiteti  tərəfindən nəşr olunduqdan sonra onların konfrans iştirakçıları arasında paylanmasını təmin etsin;
3.3. növbəti konfransın keçirilməsinə dair təkliflər hazırlayıb rəhbərliyə təqdim etsin.
4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb yerlərə göndərilməsini və  Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət  nazir müavini Firudin Qurbanova  həvalə olunsun.
 
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
18 dekabr 2019-cu il
F-751
шаблоны для dle 11.2