Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ƏBƏDİYAŞAR SƏNƏTKAR


Nazilə ƏLİYEVA,                                                                                                                                   

Bakı şəhəri 177 nömrəli tam orta 

məktəbin Azərbaycan dili və  ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri 

 

 

Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər. 

HEYDƏR ƏLİYEV

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zərxara

 

Korifey sənətkar Nizami Gəncəvinin bu hikmətli misraları ilə 44 günlük müharibənin  zəfərlə başa çatması, uğurlar xalqın sevinci ilə üst-üstə düşür. Belə ki, Ali Baş Komandan, adı tarixə qızıl hərflərlə yazılan, güclü dövlətçilik qətiyyəti və siyasi lider   İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezidentimiz  xalqına yeni həyat bəxş etdi. İndi Qarabağda bərpa işləri aparılır. 

Şuşa Azərbaycanın musiqi  paytaxtı elan olundu, hətta o cənnət məkanda “Xarıbülbül” festivalı keçirildi. Biz Nizami kimi klassiklərin əsərlərini oxuyub ondan faydalanır və onu öz həyatımızda  tətbiq etməyi bacaran xalqıq.

Prezident İlham Əliyev 05 yanvar 2021-ci il tarixi Sərəncamı ilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etmişdir.

Nizami irsinə  doğma münasibət ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, eyni zamanda Moskvada çalışdığı dövrdə də ön planda olmuşdur.

Vətənpərvər dahi şəxsiyyət Heydər Əliyevi həmişə bir fikir narahat edirdi: “İran-fars ədəbiyyatçılari Nizamini araşdırır, nə üçün doğma vətənində araşdırılmasın?”

Məhz buna görə də Nizami yaradıcılığına yaxşı bələd olmaq üçün Moskva şəhərində işləyərkən şairin 840 illik yubileyini qeyd etmək üçün təklif irəli sürmüşdü. Lakin bir sıra etirazlardan sonra bu təklif nəzərə alınmışdı. Bununla kifayətlənməyən Ulu Öndər 2002-ci ildə Moskva şəhərində Nizami Gəncəvinin heykəlinin qoyulmasına da nail olmuşdur.

Çəkilən zəhmətlər hədər getməmiş, bu gün AMEA-da Nizamişünaslıq şöbəsi də yaradılmışdır. Bunlardan örnək götürən biz müəllimlər xalqımızın mənəviy­yatının  zənginləşməsində böyük rolu olan Nizami irsini şagirdlərə aşılamaga çalışırıq.

Korifey sənətkar Nizami bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yer tutmuşdur. Onun əsərlərinin təsiri ilə Şərqin bir sıra şairləri  əsərlər yaratmışlar. Onun yaradıcılığında insan amili çox dəyərli və uca olmuşdur.

Nizamini ömrü boyu ədalətli hökmdar prob­lemi düşün­dür­müşdür. Əsərlərində hökmdarları tərbiyə etmək yolu ilə getmiş, sonda bu problemin həllini tapmışdır. Şairin fikrinə görə ölkəni ədalətli hökmdarlar idarə etməli, cəmiyyətin başında ağıllı insanlar durmalıdır.

Şair müxtəlif fəlsəfi problemləri lakonik şəkildə “Divan”ında göstərmişdir. Nizami yaradıcılığından örnək götürərək insanları kamilliyə, humanistliyə, əməksevərliyə çağırış kimi müsbət keyfiyyətləri dərslərimizin əsas prioritet məsələsi kimi təbliğ etməyə çalışırıq. Təsadüfi deyildir ki,  “Kitab bir xəzinədir”  yarışmasında da şagirdlərin seçdiyi əsərlərin əksəriyyəti Nizaminin hikmətli kəlamları olmuşdur.

Ailədə, insanlarla davranış qaydaları, hər bir sənəti kamil bilmək, meydanda mərd olmaq, sülhü bərqərar etmək, haqq sözünü müdafiə etmək kimi məsələlər şairin zəngin dühasının məhsuludur.

Mütəfəkkir şair ədəbiyyatımıza  Şirin, Leyli, Məhinbanu, Nüşabə, Fitnə kimi qadın obrazlarını gətirmişdir. Yaşadığı dövrdə qadının cəmiyyətdə xüsusi rolu olduğunu vurğulamışdır.

Tarixi qaynaqlardan süzülüb gələn hökmdar obrazını da öz təxəyyülü şəklində qələmə almışdır. İskəndəri dünyada haqq və ədaləti bərpa edən şəxs kimi peyğəmbərlik səviy­yəsinə yüksəltmişdir.

Yazılı ədəbiyyatda ilk dəfə “Leyli və Məcnun” adlı məhəbbət əsəri yaratmış və onu təbiət təsvirləri ilə bəzəmişdir.

Nizami heç zaman hökmdarların dəvətini qəbul etməmiş, saray şairi olmamışdır. O, şeirlərinin birində yazırdı:

 

Söz meydanı indi bu gün mənimdir,

Mənimkindən yüksək şeir kimindir?

 

Bu gün Nizami poeziyasına  vurğun olan şagirdlərimiz  müsabiqələrdə öz dəyərli yerlərini tutmuşlar.

Bakı şəhəri Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən “Nizami Gəncəvi İli” çərçivəsində aparılan şeir müsabiqəsində 6 “a” sinif sagirdi Alovlu Muhamməd Qəzənfər oğlu 1-ci yeri tutaraq, diplom, medal və hədiyyə ilə təltif olunmuşdur.  Şair İran ədəbiyyatının böyük siması olan Ə.Firdovsidən sonra məsnəvi yazan sənətkar kimi şöhrətlənmişdir. Şərq ədibləri Nizaminin nəhəngliyinin ölçülə bilmədiyini vurğulamışlar.

Şeirlərindəki bənzərsizlik, məntiq, gözəllik beytlərin Nizami dəst-xəttindən  çıxdığını təsdiqləyir.

 

Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər yəqin.

Gizlənib özünü verməzmi nişan?

Mənə hər beytində bir sirr danışan,

Yüz il sonra sorsan: Bəs o hardadır?

Hər beyti səslənər: Burda, burdadır.

 

Ümumiyyətlə, Nizami sənətkar kimi dəyərini vaxtında almış sənətkardır. Onu dünyada tanıdan Ulu Öndərə Azərbaycan xalqı həmişə minnətdardır.