Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

21 fevral Beynəlxalq Ana Dili günüdür



Nazilə Əliyeva,

Bakı şəhəri 177 nömrəli  tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri

 

Hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Ana dili günü elan olunmuşdur. Beynəlxalq Ana dili Günü 1952-ci il fevralın 21-də Banq­ladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil elan olunması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi bir daha həmin insanları xatirəmizdə canlandırır. 

Bizə tarixdən məlumdur ki, böyük tarixi şəxsiyyətlər, dövlət xadimləri fəaliyyətlərində dildən, sözdən bir silah, kəsərli vasitə kimi istifadə etmişlər. Onlar başa düşmüşlər ki, söz kəsərdən düşməyən qılınc, dil azalmayan, istifadə olunduqca artan yenilməz qüvvədir. Qoşunun, gücün həll edə bilmədiyini söz, dil, nitq həll edib. Fateh İsgəndər düşməni qılıncla, vuruşla, qızılla məğlub etməyə çalışardı. O olmasaydı:

“Bir iş görməsəydi 

onlar da əgər,

Köməyə gələrdi onda 

natiqlər”.

Azərbaycan dili ürəyəyatan, musiqili dildir. Xalqın dilini, söz yaddaşını ondan almağa heç bir qüvvə qadir deyil. Qədim bir el bayatısında deyildiyi kimi:

“Dilim-dilim

Kəs qovun dilim-dilim.

Mən dilimdən vaz keçməm,

Doğra, kəs dilim-dilim”.

Qaynağını uzaq keçmişdən alan Azərbaycan dili “Dədə Qorqud” dastanı, Qazi Bürhanəddin, Həsənoğlu, Xətai, Xaqani kimi sənətkarların bünövrəsi üzərində yüksəlmişdir. Hətta Ş.İ.Xətai 1501-ci ildə ana dilini rəsmi dövlət dili elan etmiş, anadilli poeziyanı inkişaf etdirməyə çalışmışdır. Xaqani Şirvani də insanlarda məntiqi düşünmək qabiliy­yətini yüksək qiymətləndirərək yazırdı:

“Boş söz insanların 

 abrını tökər,

Yalan şirlərin də 

abrını sökər,

Uzunçuluq igid             

oğlanların da - 

Ömründə dadına 

çatmamış darda,

Məntiqsiz, dəlilsiz 

yalan danışmaq”.

Tariximizin dörd döv­ründə dilə qayğı göstərilmişdir: 1.Xətai dövründə; 2.Demokratik Cümhuriyyət dövründə; 3.1969-cu il ümummilli lider Heydər Əliyev MK-nın katib olduğu dövrdə; 4. Demokratiya və aşkarlığın qalib gəldiyi dövr.

Sovetlər dönəmində - 1969-cu ildə BDU-nun 50 illik yubileyində ümummilli lider Heydər Əliyev ana dilinə həsr olunmuş çıxışında demişdir: “Ana dili məhz Səməd Vurğun kimi şəxsiy­yətlərin yaradıcılığı nəticəsində səlisləşib, şirin­ləşib”. 

1997-ci il 29 oktyabr tarixində Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər yaşlı yazıçı nəslə müraciət edərək demişdir: “Mən sizinlə neçə saat üzbəüz oturmağa hazıram. Çünki ədəbiyyatı, şeiri və mədəniyyəti görmək mənim üçün xoşdur”.

Beynəlxalq ana dilinin inkişafının sistemli şəkildə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsidir. 

Zəmanəsinin gözəl natiqi olan Ulu Öndər çıxışlarında elə söz və ifadələr işlədirdi ki, bu, onun nitqinə yaraşıq verirdi. Geniş erudisiyaya malik olan Ulu Öndər səlis ana dilində danışıq diapazonuna malik olduğu üçün nitq mədəniyyəti tarixində diplomatiya üslubunun əsasını qoymuşdur. Bu, onun televiziya çıxışlarında, azərbay­cançılıq siyasətində və doğma dilinə münasibətində öz əksini tapmışdır. Hətta Ulu Öndər gənclərin Forumunda ana dilini bilməyənlərə irad tutmuş, onları bu dildən yararlanmağa çağırmışdır. 

Bizim məşhur “Qabusnamə”də yazılır: “Bütün sənətlər içərisində ən gözəl sənət danışmağı öyrənməkdir”. 

Mərhum xalq yazıçımız Mirzə İbrahimov da dilimizin musiqililiyinə diqqəti artırmış və demişdir: “Biz anladığımız hər hansı bir dildə gözəl danışır, nitq eşidəndə daxili ləzzət duyuruq. Axı hər bir dil müəyyən məna ilə bərabər potensial musiqi mənbəyidir”.

Dahi korifey sənətkar Nizami Gəncəvi “Leyli və Məcnun” poemasını yazarkən Şirvanşah Axsitanın əsərin dili ilə bağlı dediyi: 

“Fars, ərəb dili ilə vur 

 ona zinət”-

kəlamına şairdə qəzəb hissi oyanmış və əsəri yazmaqdan imtina etmişdir. Lakin sonralar oğlu Məhəmmədin xahişi ilə əsəri tamamlamışdır. 

Cənubi Azərbaycanda azərbaycandilli kitabların yandırılmasına qarşı xalq şairi Səməd Vurğun “Yandırılan kitablar” şeirində öz etiraz səsini ucaltmışdır:

“Sənmi türkə xər deyirsən, 

mənim şeir dilimə?

Qoca Şərqin şöhrətidir 

Füzulinin qəzəli!

Dahilərə süd vermişdir 

Azərbaycan gözəli”.

Azərbaycan dili uzun müddət hücumlarla üzləşsə də yenə öz dəyərini qoruyub saxlamışdır. 

Zamanında mərhum sənətkarımız Süleyman Rüs­təm də ana dilimizi dəyərləndirmiş və dilimizə xor baxanları lənətləmişdir:

“Mən sənin dilinə 

 dəymirəm cəllad,

Gəl mənim bu ana 

dilimə dəymə.

Sənin də bağın var, gülün var, çəkin, 

Bağımda əkdiyim 

dilimə dəymə!”

Müasir dövrümüzdə Avropaya inteqrasiya olmaq üçün çox dil bilmək məqsədəuyğundur. Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyev çox dil bilməsi və məntiqli çıxışları ilə auditoriyanı ələ almağı bacarır. İkinci Qarabağ - Vətən müharibəsində faşist erməni qüvvələri üzərində qələbəmizin xəbərini Azərbaycan xalqına Prezidentimiz elə səlis dildə çatdırdı ki, bu səs tonu heç zaman bu xalqın yaddaşından silinməyəcək. O gündən “QARABAĞ AZƏRBAYCANDIR!” - şüarı dillərdə dastan oldu. Hətta yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xarici jurnalistlər də Prezidentimizin çox dil bilməsini və bu dillərdə səlis danışdığına görə rekord qırdığını vurğulamışlar. Biz də dilimiz və Prezidentimiz ilə fəxr edirik.