Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zəmanə uşaqları haqqında adi həqiqətlər

 
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru


Zaman uşaqları, necə deyərlər,  tu­­marlayır və tumarlaya-tumarlaya onların dünyaya  münasibətini dəyişir. Zəmanə uşaqlarının tipologiyasında  da yeni çalarlar  qaynaqlanır.  Psixologiyada və sosial  pedaqogikada uşaq­ların  tipologiyası yeni məsələdir. Onların təsnifatı  sistemli araşdırılmasa da  müxtəlif  uşaq tipləri ayırd edilir. Psixopedaqoji aspektdə aşağıdakı uşaq tipləri xüsusilə aktualdır:
- akselerant, referent və intanfil uşaqlar;
- qaçqın uşaqlar;
- yetim uşaqlar;
- risk qruplarına daxil olan uşaqlar;
- istedadlı uşaqlar….və s.
Lakin, bununla belə, qeyd etmək lazımdır ki, ayırd edilən uşaq tiplərindən hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tərbiyə prosesində bu xüsusiyyətlər  zəruri surətdə  nəzərə alınmalıdır. Lakin sosial psixologiyada və sosial pedaqogikada bu məsələlər  hələ mahiyyətcə  tam öyrənilməmişdir.
Müasir şəraitdə müxtəlif tip uşaqların tərbiyəsi metodikası  elmi-praktik baxımdan xüsusi əhəmiyyətə  malikdir.  Bu metodika, ilk növbədə, tərbiyə nəzəriyəsinin  başlıca prinsiplərini əks etdirir. Lakin onun özünəməxsus xüsusiyyətləri də vardır. Sosial tərbiyə metodikası uşaqların psixoloji  xüsusiyyətlərini nəzərə almaqla differensial yanaşma konsepsiyasına əsaslanır və bu konsepsiyanın uğurları zəminində inkişaf edir.
Vaxtilə gənclərin bir ölçüsü olub, - onlar hər şeydə ata-baba qaydalarına əsaslanardılar. “Atam deyərdi ki…” bu deyim ən tutarlı sübut idi. Uşaqlar ata-babaların, eləcə də müəllimlərin öyüd-nəsihətlərini qulaq sırğası kimi yadda saxlayar və onlara əməl edərdilər.  Adamların davranışı bilavasitə adət-ənənələri qoruyub saxlayan rituallara təzim olunardı. Lap indinin özündə də yaşlılar çox vaxt  “zəmanə uşaqlarının” - gənclərin davranış və rəftar ədası ilə barışmayanda çiyinlərini çəkirlər: “Əvvəllər belə olmayıb”, “Biz belə görməmişik”, - deyirlər. Hər dövrün öz “zəmanə uşaqları” olub. Yaşlılar çox güman ki,  bütün dövrlərdə həmişə zəmanə uşaqlarından təəccüblə danaşırlar və təbii ki, bu kəlmələri çox vaxt kinayə ilə vurğulayırlar. Ancaq zəmanənin həmişə öz nəbzi olub və görünür, zəmanə uşaqları məhz bu möcüzəli nəbzi bəzən sadəlövlüklə olsa da, daha tez tuturlar.
Məşhur Amerika etnoqrafı və psixoloqu M.Mid bəşər tarixində üç mədəniyyət tipini ayırd etmiş və nəsillərin qarşılıqlı münasibətlərini bu baxımdan təhlil etmişdir. Bu mədəniyyət tipləri aşağıdakılardan ibarətdir:
1.Postfiqurativ mədəniyyət;
2.Konfiqurativ mədəniyyət;
3.Prefiqurativ mədəniyyət.
Postfiqurativ mədəniy­yətdə uşaqlar başlıca olaraq öz sələflərindən öyrənirlər. Mədəniyyətin bu tipi üç nəslin - baba-nənə, ata-ana və uşaqların qarşılıqlı əlaqəsinə söykənir. Patriarxal ailədə  məhz onlar nəsillərin varisliyi üçün əlverişli zəmin yaradır.
Konfiqurativ mədəniy­yətdə həm uşaqlar, həm də yaşlılar hər şeydən öncə özlərinin həmyaşıdlarından,  prefiqurativ mədəniyyətdə yaşlılar həmçinin uşaqlarından öyrənirlər.
Təsvir etdiyimiz mədəniyyət tipləri bir-birindən zaman ölçülərilə seçilirlər.
Postfiqurativ mədəniy­yətin köklü qaynaqları keçmiş zamanla şərtlənir. Keçmiş zaman onun üçün Demoklun qılıncıdır, ata-babaların sözü-söhbəti qanundur, uşaqlar onların öyüd-nəsihətləri ilə oturub-dururlar.  Onların qarşılıqlı münasibətləri adət-ənənələrlə müəyyən olunur.
Konfiqurativ mədəniyyət mahiyyətcə indiki zaman ölçülərini əks etdirir.  Bu axarda keçmiş zaman, onun adət-ənənələri postfiqurativ mədəniyyətdə qanun kimi səslənən  rituallar yeni müstəvidə dəyərləndirilir. İctimai təcrübədə bütün aydınlığı ilə dərk olunur ki, təkcə əvvəlki nəsillərin təcrübəsinə arxalanmaqla cəmiy­yətin elmi-texniki və sosial inkişafının təmin olunması mümkün deyil. Cəmiyyət haqqında indiki zamanın uğurlarına söykənən yeni meyllər əmələ gəlir, bərqərar olur.
XX əsrdə ailədə köklü dəyişikliklər baş vermişdi, miqrasiya prosesləri genişlənmiş, əhali ölkə daxilində kənddən şəhərə üz tutmuş və yaxud bir ölkədən başqa ölkəyə köçmüşdür. Bunun nəticəsində iki nəsildən - ata-ana və uşaqlardan ibarət nuklear ailələr sürətlə inkişaf etmişdi. M.Midin fikrincə, nuklear ailə miqrasiya şəraiti üçün tipik ailədir. Nuklear ailədə nənə-babaların birbaşa təsiri öz-özünə aradan qalxır, bu kökdə bütün qohumluq əlaqələri bu və ya digər dərəcədə zəifləyir, ailədə uşaq­ların da sayı azalır, ata ilə yanaşı ana da ictimai istehsalın müxtəlif sahələrində çalışır. Bu şəraitdə uşaqların ünsiyyət tələbatının təmin olunmasında küçə qruplarının həmyaşıd uşaqların rolu artır. Bu konfiqurativ mədəniyyətin aktuallaşmasını şərtləndirir.
Gələcəyə yönüm isə prefiqurativ mədəniyyətin əsasını təşkil edir. Cəmiyyət təkcə keçmiş və indiki zaman ölçüləri ilə yaşaya bilməz. Onun inkişaf meylləri   həm də gələcəyə arxalanmalıdır. Gələcək isə qeyri-müəyyən olur, proqnozlara əsaslanır. Təsadüfi deyildir ki, prefiqurativ mədəniy­yətdə elmi proqnozlar artıq elmi əhəmiyyət kəsb edir. Bütün digər sahələrlə yanaşı olaraq məktəbin, təhsilin inkişaf meylləri proqnozlaşdırılır. Təhsil ölkənin prioritet sahəsi, uşaqlar isə gələcəyi sayılır. Uşaqlara münasibət köklü sürətdə dəyişir. “Böyük-kiçik münasibətlərində” yeni cəhətlər əmələ gəlir, təkcə kiçiklər böyük­lərdən öyrənimirlər, həm də böyüklər kiçiklərə qulaq asırlar, dialoq və diskussiya bu münasibətlərdə daha çox istifadə olunan metodlara çevrilir.
Konfiqurativ mədəniyyətlə  prefiqurativ mədəniyyətin qovşağında  “zəmanə uşaqları” peyda olub pərvazlanır. Keçən əsrdə bu fenomen “atalar-oğullar”, “analar- qızlar”, “qaynanalar-gəlinlər” və s. problemlər kimi yadda qaldı. Bu gün də həmin məsələ nəsillərarası münasibət məsələsidir.  Lakin keçən əsrdə, xüsusilə 50-60-cı illərdən etibarən  onun kontekstində yeni bir yönüm  bütün aydınlığı ilə nəzərə çarpmağa başlayıb: zamanın inkişaf meylləri uşaqların psixi inkişafında bilavasitə  əks olunur. İki əsrin - XX və XXI əsrlərin  qovşağında da zaman öz insan ölçüləri ilə fərqləndi, bu gün də fərqlənir. Əgər  keçən əsrin 60 və ya 70-ci illərin öz zəmanə uşaqları olubsa, 80 və 90-cı illərin  öz zəmanə uşaqları, bu günün isə öz zəmanə uşaq­arı yetişib. 60-cı illərdə zəmanə uşaqlarının “bazar iqtisadiyyatı”  barədə  adi təsəvürü də olmayıb. 90-cı illərin zəmanə uşaqları isə bazar iqtisadiyyatının nə demək olduğunu artıq öz ailələrinin gündəlik güzəranının sehrində hiss ediblər, bu gün isə, necə deyərlər, onun içərisində onun qanunları ilə yaşayırlar.
Zəmanə uşaqlarının psixoloji siması  elə bu kökdə yeni xüsusiyyətlərlə seçilir.  Müasir uşaqların böyük əksəriyyəti  çətinlik görməyiblər və bənzərsiz  uşaqlıq ömrünü ata-ana qayğısında gen-bol yaşayırlar. Təsadüfi deyildir ki, bu gün, hər şeydən öncə, uşaqların məhz tələbat-motivasiya  sahəsində köklü qəyişikliklər baş verir. Bir misalı müxtəlif dövrlər müstəvisində müqayisə edək: Vaxtilə qız uşaqları əski gəlinciklərlə oynayırdılar, bu gəlincikləri bəzən öz əlləri ilə düzəldirdilər, onları milli naxışlarla bəzəyirdilər və qədrini bilirdilər. İndi isə uşaqlar üçün səxavətlə bahalı xarici oyunçaqlar alınır. Oyuncaqlar çox vaxt uşaqların maraqlarına uyğun olmur, nəticədə uşaq oyuncaqla 1-2 gün oynadıqdan sonra onu bir tərəfə tullayır.
Yaş artdıqca uşaqların  tələbat sahəsi də genişlənir. Videomaqnitafonlar, motorollalar, yapon televizorları, Mersedes maşınlar, kompüterlər, internet, sosial şəbəkələr … onları daha çox özünə cəlb edir.
Psixoloqlar yeniyetmə və gənclərin tələbatlarını öyrənərkən maraqlı faktlar müəyyən etmişlər. Onlar  qızlardan  soruşmuşdular ki, gəlin köçəndə valideynlər öz qızlarına nə kimi çehiz versələr, gəlin özünü xoşbəxt sayar? Etik mülahizələrə görə sual birbaşa deyil, dolayısı tərzdə verilmişdi. Ancaq aydın məsələ idi ki, məqsəd  respondentin (suala cavab verən qızın) özünə cehiz kimi nə seçəcəyini müəyyən etmək idi. Qızlar cehiz kimi o qədər dəbdəbəli  şeylər qeyd etmişdilər ki, bu dəm-dəsgah  onların  analarının ağlına  belə gəlməzdi.
Zəmanə uşaqları ilə öz analarının kasıb cehizi haqqında söhbət  edəndə, onlar çiyinlərini çəkirlər, ağızlarını büzürlər. Qızın gərək yaxşı cehizi  olsun - oğlanlar da bu fikirdədirlər. Onlar çox güman ki, bu birmənalı, ancaq sərt qənaətlərində elə özlərinin gələcək həyat yoldaşlarını nəzərdə tuturlar. Bu ölçülərlə də “varlı qızları” onlarla, yüzlərlə gözəl-göyçək qızın içindən çox vaxt ovçu sərrastlığı ilə ayırıb-seçir,  sevib-sevilmədən  ailə qururlar; mənəvi dayaqları “şeylər dünyası” əvəz edir, “atanın var-dövləti” onların həyat uğurları kimi qiymətləndirilir -məqsədli nikahlar belə əmələ gəlir. Boşanmaların  sayının çoxalmasının səbəblərini də burada axtarmaq lazımdır. Bu günün uşaq­larını artıq öz ata-analarının yaşadıqları həyat tərzi təmin etmir. Xəyala dalanda onların çoxu valideynlərindən daha yaxşı yaşamaq istəyirlər. Bu, təbiidir, bu onların haqqıdır, lakin məqsədli nigahla yaxşı yaşamaq olarmı? Belə nigahlar əksər halda uğursuzluğa düçür olur. Amma....boşanmanı biz uğursuzluq kimi qiymətləndiririk, bəs onlar? Vaxtilə qızın boşanıb ata evinə qayıtması ölümə bərabər hadisə kimi qiymətləndirilirdi. İndi isə necə, görəsən gənc oğlan və qızlar boşanmanı necə qiymətləndirirlər?
“Zəmanə uşaqları"nın peşə sənətlərində də bu cəhət aydın nəzərə çarpır. Onlar “adi” ali məktəbləri artıq bəyənmirlər, prestijli universitetlərə daxil olmaq üçün nələr etmirlər?! Sənətlər isə populyarlığı baxımından dəyişməyə başlayıb, indi müğənnilik, bəstəkarlıq, prodüsserlik, aparıcılıq, şou­men­lik, modelyerlik, mühafizəçilik və s. prestijli peşələrə çevriliblər.
Bu faktları izah etmək çətin deyildir.  Tədqiqatlar  göstərir ki, “zəmanə uşaq­ları”  özlərinə keçmiş həmyaşıdlarından fərqli olaraq yeni ölçülərlə yanaşırlar.  Psixoloqlar bu yaxınlarda, məsələn, müasir yeniyetmələrin təlim motivlərini öyrənmişlər. Müəyyən edilmişdir ki, artıq bugünkü uşaqlar özlərinin əvvəlki həmyaşıdları kimi düşünmürlər, onların təlim motivlərində özünütəsdiqetmə, özünütəkmilləşdirmə meylləri artıq xüsusi yer tutur.
40-50-ci illərin yeniyetmələri  özlərinin təlim motivlərini izah edərkən belə cavab verirdilər: “Ona görə oxuyuram ki, Vətənə lazımlı olum”, “oxumaq bizim ölkə qarşısında vəzifəmizdir”, “Riyaziyyatı bilməsən, yaxşı təyyarəçi ola bilməzsən”. Müasir yeniyetmələr  isə eyni suallara öz mənafeləri axarında belə cavab verirlər: «Heç kəsdən geri qalmaq istəmirəm», «Qiymətin nə qədər yaxşı olsa, özünü bir qədər inamlı və sakit hiss edərsən», «Nə qədər yaxşı qiymət alsan, müəllimlər sənə bir o qədər yaxşı münasibət  bəsləyərlər».
Eyni suallara müxtəlif cavabların müqayisəli təhlili göstərir ki,  müasir yeniyetmə üçün başlıca sərvət onun özüdür, buna görə də onun təlim motivlərində birinci yeri özünütəsdiqetmə, özünüreallaşdırma, özünüinkişaf cəhdi tutur.
Özünütəsdiqetmə meyli… “Zəmanə uşaqlarının” nəinki yoldaşları, həm də valideyn və müəllimlərlə münasibətlərində də bu cəhət bütün aydınlığı ilə nəzərə çarpır. Onlar insan münasibətlərinə son dərəcə həssasdırlar. Psixoloji və pedaqoji tədqiqatlarda bu cəhət həmişə özünü aydın şəkildə göstərir: bir tədqiqat  zamanı böyük məktəblilərin  düzlük haqqında anlam səviyyəsi  öyrənilmişdir. Müəyyən edilmişdi ki, onlar nəinki  düzlüyü dəqiq səciyyələndirir, həm də əxlaqi keyfiyyət kimi yüksək qiymətləndirirlər. Lakin eyni zamanda böyük məktəblilərin çoxu müəllim və valideynləri  aldatmağı mümkün hesab etdiklərini bildirmişlər. Zaman uşaqları dəyişə bildiyi kimi münasibətləri də dəyişə bilir. Yəqin ki, müəllim və valideyni aldatmağa cəhd edənlər keçən əsrin 60-cı illərdə də olub, amma fikrimizcə, onların sayı çox az olub.  
XXI əsrin astanasında ölkəmizdə kompüter texnologiyasından istifadə sürətləndi. Bu gün artıq demək olar ki, hər bir məktəbli internetdən istifadə etməyi bacarır. Müasir mobil telefonlar isə sosial şəbəkələrin istifadəçilərinin sayını artırmışdı. Bu gün təhsildə də kompüterlərdən faydalanılır. Elə pandemiya dövründə onlayn dərslərin, distant təhsilin tətbiqi bu fikirləri təsdiq edir. Şagirdlərin kompüter bacarıqları bu dərslərin keçilməsinə imkan verdi.
Yeni kompüter texnologiyaları dünyanı İnternet adlanan əzəmətli elektron şəbəkə vasitəsilə birləşdirir. Elektron auditoriyaların əmələ gəlməsi məktəb tarixində qeyri-adi hadisədir. Kompüter konsepsiyasının önəmli psixoloji həqiqətləri var. Bu psixoloji həqiqətlər sahəsində, ilk növbədə, necə deyərlər, kompüter praktikasının effektivliyini şərtləndirən kompüter vərdişləri fenomenini qeyd etmək lazımdır. Kompüter praktikasının idrak strategiyası son dərəcə aktualdır. Kompüter proqramlarının səmərəliliyi bilavasitə bu strategiyanın sehrində həll edilir.
Lakin, kompüterin, internetin və sosial şəbəkələrin genişlənməsi müsbət meyllərlə yanaşı mənfi fəsadlara da yol açır. İnternet klublarında, o çümlədən telefonlar ilə saatlarla oyun oynayan uşaqları kim görməyib? Bəli, uşaqlarda kompüterə, internetə aludəçilik formalaşıb. Buna bir sıra hallarda valideynlərin özləri şərait yaradırlar. Müxtəlif ailələrdə hətta kişik (2-3) yaşlı uşaqların sakit olması üçün onun telefonda müəyyən oyunlarla başını qatan valideynlərə kim təsadüf etməyib? Hətta bəzən valideynlər bunu bizim yanımızda, bizimlə rahat söhbət etmək üçün ediblər. Maraqlısı isə odur ki, bir tərəfdən uşağın başını qatmaq üçün ona telefon verilir, internetdən istifadəyə imkan yaradılır, digər tərəfdən isə uşaqların internetə aludəçiliyindən şikayət edilir, onun zərərlərindən danışılır.
Görəsən, internetdən istifadə doğurdanmı zərərlidir? Bu barədə müxtəlif səviy­yələrdə söhbətlər gedir, internetə aludəçiliyin nəinki fiziki cəhətdən, hətta psixoloji baxımdan ziyanlarından danışılır. Amma bu gün bəlkə də hamı internetin əsrarəngiz imkanları qarşısında acizdir, bütün uşaqlar, hətta böyüklər də bu əsrarəngiz sehrin tilsiminə düşərək, boş vaxtlarında internetdən, sosial şəbəkələrdən istifadə edirlər. Bu meyl onsuz da ailədaxili münasibətlərin zəiflədiyi nuklear azuşaqlı ailədə ailə üzvlərinin “yadlaşmasını” sürətləndirir.        
İndi dünya IV sənaye inqilabı ərəfəsindədir. İlk üç sənaye inqilabı təxminən 100 il fasilə ilə baş vermişdi. Dördüncü sənaye inqilabına keçid birmənalı olaraq kompüter texnologiyasının inkişafı ilə bağlıdır. Bu inqilab  biotexnologiya və nanotexnologiyanın tətbiqini, Kvant kompüterlərinin tətbiqi ilə əvvəllər mümkün olmayan həcmdə məlumatların kompüterlərə toplanmasını, süni intellektin inkişafını, robotların tətbiqini, iqtisadiyyatda insan amilinin rolunun minimum həddə qədər aşağı düşməsini, sahibkarların istehsala qoyduqları xərclərin azalmasını, məhsuldarlığın artmasını və s. özündə ehtiva edir. Nəticədə insanların həyat fəaliyyətinin məzmununun tamamilə yenilənməsi bir çox peşə və ixtisasların tamamilə yoxa çıxması, insanların qabiliyyətinin texnologiyanın tətbiqi ilə ölçülməsi, texnoloji qabiliyyətlərin daha önəmli əhəmiyyət kəsb etməsi gözlənilir.
Məsələnin belə qoyuluşu dərsdə kompüter texnologiyasının daha geniş  tətbiq olunmasını tələb edir. Artıq birmənalı olaraq hamıya aydındır ki, cəmiyyətin gələcək inkişafı kompüter texnologiyasının tətbiq imkanları ilə bağlıdır. Təkcə təhsil sistemində deyil, cəmiyyət həyatının bütün sahələrinə kompüter texnologiyaları nüfuz edir. Belə məlum olur ki, biz uşaq­lara kompüter texnologiyalarında daha yaxşı istifadə etməyi öyrətməliyik.
Bir tərəfdən kompüter texnologiyasının ziyanlarından, digər tərəfdən onun zəruriliyindən danışılır. Müasir dövrdə biz belə bir dilemma qaşısındayıq. Bir tərəfdən uşaqlara kompüter texnologiyasından daha yaxşı istifadə etməyi öyrənməsinə şərait yaratmalıyıq, digər tərəfdən bu texnologiyalara aludəçiliyin fiziki, psixoloji ziyanlarından, o cümlədən cəmiyyətdə insanların “yadlaşmasına” aparmasını vur­ğulayırıq. Zəmanə uşaqları bu gün bu dilemma içərisində böyüyürlər. Burada çox diqqətli olmaq lazımdır. Vaxtilə insanlar arasında münasibətlərin nə qədər isti olduğu hələ yaddan çıxmayıb, indi isə bu münasibətlərdə biganəliyin artma təhlükəsi çoxalır. Elə etmək lazımdır ki, bir neçə ildən sonra zəmanə uşaqlarının tipologiyasında  “biganə uşaqlar” tipini ayırd etməyək. Bunun yollarını axtarmalıyıq.                                   


Tarix: 17-07-2020, 14:45

Xəbəri paylaş