Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlk müsəlman Nobel mükafatı laureatı

 
XX əsr fizika elminin ən görkəmli nümayəndələrindən biri elm sahəsində müsəlman şərqinin ilk Nobel mükafatı laureatı, pakistanlı alim Abdus Salamdır. Öz elmi uğurları ilə sağlığında Pakistanın milli qəhrəmanı zirvəsinə yüksəlmiş, ölkəsində elmin inkişafı naminə fədakarcasına çalışmış Abdus Salam dünya nəzəri fizika məktəbi yaratmış, inkişaf etməkdə olan ölkələrdə fizik alimlərin və onların elmi tədqiqatlarının inkişafına töhfələr vermişdir. O, atomun müasir standart modelinin banilərindən biri hesab olunur. Dünyanın 40-dan artıq universitetinin və elmi cəmiyyətlərinin fəxri doktoru seçilmiş Abdus Salamın adı sağlığında Albert Eynşteyn, Nils Bor və digər dahilərlə yanaşı çəkilib. Dahi alimin fizika elminə göstərdiyi xidmətlər əvəzsizdir.

Uşaqlıq illəri

Müsəlman dünyasının ilk Nobel mükafatı laureatı 1926-cı il yanvarın 29-da Pakistanın Canh şəhərciyində rayon təhsil idarəsində işləyən Məhəmməd Xusseyn və Xacira Xusseynin ailəsində anadan olub. Salamın mömin ailəsində oxumağa, biliklər əldə etməyə köhnədən ənənə mövcud idi. 14 yaşında Salam tədris olunan fənlər üzrə ən yüksək qiymətlər alıb. Pencab Universitetinə qəbul imtahanlarında Salama qədər bu cür ən yüksək nəticə qeydə alınmamışdı. O, universal tələbə olub, urdu dili və ingilis ədəbiyyatı ilə maraqlanıb. Lakin tezliklə riyaziyyat onun diqqətini daha çox cəlb edib. Müəllimləri çox istəyirdilər ki, Salam ingilis dili müəllimi olsun. Lakin o, riyaziyyatı seçib. Universitetin 4-cü kursunda oxuyarkən bir sıra riyazi problemlərin həlli ilə məşğul olmağa başlayan Salam ciddi elmi karyera vəd edirdi. Atası oğlunun universiteti bitirdikdən sonra Hindistanda dövlət işində çalışmasını istəyirdi. O zaman dövlət işi bir sıra universitet məzunlarının can atdığı əsas fəaliyyət sahəsi idi. Dövlət qulluqçuları cəmiy­yətdə ən hörmətli mənsəbə malik idi. Atasının arzularına hörmət edən Salam özünü ilk iş yeri kimi Hindistan dəmir­yolu idarəsində sınamağa cəhd edib. Lakin tibbi yoxlamadan keçə bilməyib. Salam gənclik illərindən eynək taxdığından tibbi yoxlamanın nəticələrinə əsasən dəmiryolu nəqliy­yatında mühəndis vəzifəsinə yararlı hesab olunmayıb. Onun ilk cəhdi baş tutmadığından Lahordakı hökumət kollecinin aspiranturasında təhsilini davam etdirib. O, 1946-cı ildə buranı bakalavr diplomu ilə başa vurub. Xüsusi təqaüdə nail olan Salam İngiltərədə Kembric Universitetinin Sent-Con Kollecinə daxil olaraq 1949-cu ildə fizika və riyaziyyatdan əla qiymətlərlə magistr diplomu alıb.

Müsəlman alimin
Avropa zəfəri

Abdus Salam Kembricdə qalıb və 1952-ci ildə məşhur Kavendiş laboratoriyasında nəzəri fizika üzrə kvant mexanikası və elektrodinamikanın fundamental problemlərinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə edib. Doktorluq dissertasiyası elmi jurnalda dərc olunandan sonra Salam bütün dünya fiziklərinin diqqətini cəlb edib. Bu elmi işə görə Salam Adams mükafatına layiq görülüb. 1951-ci ildə o, Lahorda hökumət kollecində riyaziyyat professoru yeri alıb. İlkin mərhələdə o, Pakistanda nəzəri-fiziklər məktəbi yaratmağı qarşısına məqsəd qoyub, lakin tezliklə başa düşüb ki, Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən çox-çox uzaqlarda yaşamaqla nəzəri fizika sahəsində uğurlu iş apara bilməyəcək. Buna görə də Salam 1954-cü ildə riyaziyyat üzrə mühazirəçi-professor kimi Kembric Universitetində işləməyə başlayıb. 1957-ci ildə Salam Londondakı İmperial Kollecində nəzəri fizika kafedrası yaradır.
50-ci illərin ortalarında Salam təbiətdə müşahidə olunan bütün qüvvələr üçün vahid nəzəriyyəni işləyib hazırlamağa cəhd edib. O, bununla hələ XIX əsrdə əsası qoyulmuş elmi problemi həll etməyə çalışıb. 1870-ci ildə şotlandiyalı riyaziyyatçı və fizik Ceyms Klerk Maksvel elektrik və maqnetizmin vahid nəzəriyyəsini - elektromaqnetizmi hazırlamışdı. Ondan sonra fiziklər elə bir nəzəriyyə işləməyə cəhd etmişdilər ki, bu nəzəriyyə həm elektromaqnetizm, həm də qravitasiyanı, eləcə də zəif və güclü qarşılıqlı təsirləri əhatə edə bilsin.
Abdus Salam və digər fiziklər Şeldon Qleşou və Stiven Vaynberqin bir-birlərindən ayrılıqda işləyib hazırladıqları yeni nəzəri ideya elektromaqnetizm və zəif qarşılıqlı təsirləri birləşdirən nəzəriy­yənin qurulmasına gətirib çıxardı. Maksvelin elektrik və maqnetizmi birləşdirdiyi kimi, Salam-Qleşou-Vaynberq nəzəriyyəsi elektromaqnit və zəif qarşılıqlı təsiri vahid "zəif-elektrik" qarşılıqlı təsirin müxtəlif aspektləri kimi təqdim etməyə imkan verdi. 60-cı illərin əvvəllərində Salam və Qleşou elektromaqnetizm və zəif qarşılıqlı təsiri birləşdirməyə cəhd etdilər, onlar bundan ötrü kalibrləmə simmetriyası adlandırılan anlayışdan istifadə etdilər.
1960-cı ildə Qleşou elektromaqnetizm və zəif qarşılıq­lı təsirin vahid nəzəriyyəsini irəli sürdü, bu nəzəriyyə qarşılıqlı təsirin daşıyıcıları (fotonlar) olan 4 zərrəciyin (elektromaqnit keçiricilər) və sonralar W+, W-, Z0 adlandırılan hissəciklərin (zəif qarşılıqlı təsirin keçiriciləri) mövcud olmasını söyləməyə imkan verdi. Qleşounun nəzəriyyəsində başlıca çətinliklərdən biri bütün hissəciklərin kütləyə malik olmaması barədə fikirdən qaynaqlanırdı. Kvant mexanikasına görə, qüvvənin təsir radiusu keçirici hissəciklərin kütləsi ilə əks-mütənasibdir. Buna görə də sıfır kütlə elektromaqnit və zəif qarşılıqlı təsir üçün sonsuz radius deməkdir. Lakin eksperimental nəticələr bu nəzəriyyə ilə ziddiyyət təşkil edirdi. Bu problemi həll etmək üçün Salam və Vaynberq digər metodlar tətbiq etdilər. Onlar 1967 -1968-ci illərdə vahid elektromaqnetizm və zəif qarşılıqlı təsir nəzəriy­yəsini çap etdiriblər. Salam belə bir fikir irəli sürmüşdü ki, elektromaqnetizm və zəif qarşılıqlı təsiri əlaqələndirən kalibrli simmetriya enerji səviyyəsi kifayət qədər dəyişərsə, spontan olaraq pozulur. Daha yüksək enerjilərdə isə bu iki qarşılıqlı təsir bir-birindən seçilmir. Bu şəraitdə W və Z hissəciklər hər hansı çətinliklər doğurmur, belə ki, böyük hissəciklər mövcud olan enerjidən ayrıla bilər (kütlə və enerjinin ekvivalentliyi Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə sübut olunur). Lakin aşağı enerjilərdə W və Z hissəciklərə (zəif qarşılıqlı təsir) nadir hallarda rast gəlinir. Salam-Vaynberq nəzəriyyəsində W+, W-, Z0 hissəcikləri süni olaraq daxil olunmur, onlar təbii olaraq simmetriyanın spontan pozulması nəticəsində yaranır. Bu hissəciklərin kütləsinin qiymətləndirilməsi nəzəriyyənin özündən alına bilər. Hər W hissəcikdən biri protondan təxminən 80 dəfə, Z hissəcik isə daha ağırdır. Salam və Vaynberq riyazi hesablamalar vasitəsi ilə bütün dəyişən öl­çülər üçün son nəticələri ala biləcəklərini güman edirdilər. Onlar 1971-ci ilə kimi öz fərziyyələrini hesablamalarla təsdiq edə bilmədilər. Yalnız 1971-ci idə danimarkalı alim Gerhard Xooftun digər fiziklərlə əməkdaşlığı nəticəsində Salam - Vaynberq nəzəriyyəsi sübuta yetirildi. İki il sonra isə Çikaqo (ABŞ) yaxınlığında yerləşən Fermi Milli Sürətləndiricilər Laboratoriyasında və Avropa Nüvə Tədqiqatları Mərkəzinin tədqiqatçıları tərəfindən zəif neytral cərəyanlar kəşf olundu, bununla da Salam, Qleşou və Vaynberq nəzəriyyəsi öz təsdiqini tapdı. 1979-cu ildə Salam, Qleşou və Vaynberq elementar hissəciklər arasında birləşmiş zəif və elektromaqnit nəzəriyyəsi sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq görüldülər. 1983-cü ildə isə Karlo Rubbia tərəfindən W- və Z hissəciklər də kəşf olundu. Nobel mükafatının təqdim olunması mərasimində Abdus Salam çıxışında demişdir: "Eynşteyn qravitasiya yükünün təbiətini dərk edərək onu məkan-zaman əyriliyi terminləri ilə ifadə etdi. Lakin biz digər çoxsaylı yüklərin təbiətini onun kimi dərindən başa düşə və terminlərlə ifadə edə biləcəyikmi? Bzim arzumuz qısaca belədir".
Pakistan prezidentinin baş elmi məsləhətçisi

Salam öz elmi həyatının çox erkən dövründə kvant elektrodinamikası, kvant nəzəriyyəsi, nüvə fizikası sahəsində çox əhəmiyyətli işlər görüb. Fizika və riyaziyyatın inteqrasiyası sahəsndə tədqiqatlar aparan Salam nüvə fizikasının inkişaf etdirilməsində mühüm rol oynamış, lakin özünün bütün elmi karyerasını riyaziyyat və nəzəri fizikaya həsr edib.
Abdus Salamın maraqları təkcə nəzəri fizikanın çərçivəsi ilə məhdudlaşmırdı. 1955-1958-ci illərdə o, BMT-nin əməkdaşı idi, atom enerjisindən dinc məqsədlərlə istifadəyə dair Cenevrə konfransının elmi katibi kimi fəaliyyət gös­tərirdi. 1964-1974-cü illərdə o, BMT-nin elm və texnika üzrə məsləhətçi komissiyasının üzvü, 1971-1972-ci illərdə isə bu komissiyanın rəhbəri, 1981-ci ildə YUNESKO yanında elm, texnika və ictimai proseslər üzrə məsləhətçi komissiyasının sədri olub. 1972-1978-ci illərdə nəzəri və tətbiqi fizika üzrə beynəlxalq birliyin sədri seçilib.
Öz ölkəsində elm və təhsil üzrə bir sıra komissiyaların üzvü olan Abdus Salam 1961-ci ildə Pakistan prezidentinin elm üzrə baş elmi məsləhətçisi təyin olunub. O, bu vəzifədə 1974-cü ilə kimi çalışıb. Nobel mükafatından başqa, Salam London Fizika Cəmiyyətinin Maksvel medalı (1961), London Kral Cəmiyyətinin Xyuz medalı (1964) və Kral medalına (1978), London Fizika İnstitutunun Qutri medalına (1976), İtaliya Milli Akademiyasının Matteuççi medalına (1978), Amerika Fizika İnstitutunun Con Torrens Teyt medalına (1978), SSRİ Elmlər Akademiyasının M.Lomonosov adına qızıl medalına (1983) layiq görülüb. Pakistan Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin, İsveç Kral Elmlər Akademiyasının, Papa Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının, Amerika Milli Akademiyasının fəxri üzvü seçilən Salam 40-a yaxın (Pencab, Edinburq, Bristol, Kembric, Qlazqo və b.) universitetlərin ən fəxri elmi dərəcəsini alıb.

Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi

Abdus Salam 1964-cü ildə İtaliyanın şimal-şərqindəki Triyest şəhərində Beynəlxalq Nəzəri Fizika Mərkəzi (ICTP) yaradıb. O, mərkəzin ilk direktoru olub. Abdus Salam 30 il ərzində fasiləsiz olaraq bu unikal mərkəzə rəhbərlik edib. Dünyanın 100-dən artıq, əsasən də inkişaf etməkdə olan ölkələrindən olan 105 mindən çox gənc alim bu mərkəzin tədris və elmi auditoriyalarından keçib. YUNESKO və MAQATE-nin himayəsi altında fəaliyyət göstərən mərkəzin başlıca məqsədlərindən biri inkişaf etməkdə olan ölkələrdə elmin inkişafına dəstək göstərməkdir. Mərkəzin maraq göstərdiyi sahələr - fizikanın bütün bölmələri (eləcə də geofizika, biofizika, neyrofizika və s.), onların digər elmlərlə qarşılıqlı əlaqəsi, elmlərin qovuşuğunda aparılan tədqiqatlardır. Mərkəz bu qurumla tərəfdaşlıq edən institutların layihələrini, elmi şəbəkələri, elmi mübadilə proqramlarını, nəzəri fizika və riyaziyyat üzrə elmi konfransların təşkilini dəstəkləyir. 1
1997-ci ildə mərkəzin alimləri tərəfindən bu qurum pakistanlı alimin şərəfinə Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi adlandırılıb. Salam üçüncü ölkələrdə elmin inkişafını dəstəkləyib və bir sıra ölkələrdə keçirilən elmi seminarlarda iştirak edib. Salam eləcə də Üçüncü Dünya Akademiyası (TWAS) yaradıb, elm və texnikanın inkişaf etdirilməsinə həsr olunmuş bir çox beynəlxalq mərkəzlərin yaradılmasında aparıcı sima olub. O, davamlı surətdə belə bir fikri inkişaf etdirirdi ki, "elmi təfəkkür bəşəriyyətin ümumi sərvətidir" və inkişaf etməkdə olan ölkələr digər ölkələrdə elmi tədqiqatların aparılmasına və alimlərin yetişməsinə vəsait ayırmalıdırlar ki, bununla elmi bütün dünya üzrə inkişaf etdirmək, Şimal və Cənub arasında fərqi azaltmaq və daha dinc, sülhpərvər dünyanın yaradılması mümkün olsun.

Pakistanın nüvə proqramının banisi

1950-ci illərdə Abdus Salam yorulmaq bilmədən ölkəsində güclü elmi-tədqiqat institutları yaratmağa cəhd edib, lakin buna tez bir vaxtda nail ola bilməyib. 1960-cı ildə vətənə qayıdaraq Pakistan prezidenti Eyyub Xan tərəfindən ona həvalə edilmiş hökumət səlahiyyətlisi vəzifəsini tutub. Bu dövrdə Pakistanın elm sahəsində müstəqil siyasəti olmayıb. Elmi tədqiqatlara büdcədən ayrılan vəsaitlər cəmi bir faiz təşkil edib. Hətta Pakistan Atom Enerjisi Komissiyası - Pakis­tan Atomic Energy Commission (PAEC) kiçik bir otaqda yerləşirdi. Burada 10-a yaxın alim fizikanın fundamental problemləri ilə məşğul olurdu. Tezliklə prezidentin elm üzrə baş məsləhətçisi (1960-1974-cü illər) təyin olunan Salam atom enerjisi üzrə komissiyanın ilk üzvü olub. O, PAEC-nin qərargahını böyük sahəsi olan binaya köçürərək bütün ölkə üzrə elmi-tədqiqat mərkəzləri yaradıb. Salam Pakis­tanda elmi tədqiqatların şəbəkəsini genişləndirib. O, 500-ə yaxın pakistanlı gənci xaricə oxumağa göndərib. 1961-ci ilin sentyabrında prezident Eyyub Xana müraciət edən Salam ölkəsinin ilk kosmik agentliyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Elə həmin il sentyabrın 16-da hökumətin sərəncamı ilə kosmik agentlik yaradılıb. Salam bu qurumun ilk direktoru seçilib. O, İsveçrədə tədqiqatlar aparan digər pakistanlı nüvə fiziki İşfak Əhmədi vətənə dəvət edərək yaradılmış yeni qurumda çalışmağı təklif edib. İşfak Əhmədin köməyi ilə Salam Lahor Nüvə Tədqiqatları Mərkəzi yaradıb. Salam bu mərkəzdə nəzəri və elementar hissəciklər fizikası sahəsində aparılan bütün tədqiqatlarda mərkəzi sima idi. Fiziki institutun yaradılması ilə nəzəri fizika sahəsində tədqiqatlar intensiv xarakter alıb. Salamın rəhbərliyi altında fiziklər riyaziyyat və fizikanın həll olunmamış problemləri üzərində çalışırdılar. Tezliklə pakistanlı alimin işləri beynəlxalq elmi ictimaiyyət tərəfindən də tanınıb.
Salamın məsləhəti ilə İşret Xusseyn Asmani bütün ölkə üzrə pluton və uranın tədqiqi üzrə elmi-tədqiqat komitələri yaradıb. 1961-ci ilin oktyabrında Salam Amerika Birləşmiş Ştatlarına səfər edərək Pakistan və ABŞ arasında kosmik əməkdaşlığa dair müqavilə imzalayıb. 1961-ci ilin noyabrında isə Amerika Milli Aerokosmik Agentliyi (NASA) Pakistanda kosmik qurğu - nüvə tədqiqatları sınaq mərkəzi inşa edib. Salam mərkəzin ilk direktoru olub. O, pakistanlı alim və mühəndislərin Amerikada təhsil almaları barədə də NASA ilə müqavilə imzalamışdı. Bu proqram çərçivəsində NASA-da ixtisasartırma kurslarında iştirak etmiş pakistanlı alimlər, nüvə mühəndisləri bir neçə aydan sonra Pakistana dönərək ölkənin nüvə proqramını inkişaf etdirmək üçün müvafiq vəzifələr almışdılar. Abdus Salam Pakis­tanda nüvə enerjisinin inkişafında və nüvə proqramında nüfuzlu və çox mühüm rol oynayıb. 1964-cü ildə Salam Pakistanın MAQATE-də nümayəndə heyətinin rəhbəri seçilib.
Salam təkcə elementar hissəciklər fizikası və nəzəri fizikanın inkişafına görə məsuliyyət daşımayıb, həm də elmi tədqiqatların maksimum dərəcədə inkişaf etdirilməsi sahəsində misilsiz xidmət göstərib. Prezidentin baş müşaviri kimi atom enerjisindən dinc məqsədlər üçün istifadə olunması sahəsində başlıca rol oynayıb və 1972-ci ildə nüvə layihəsi çərçivəsində tədiqaqatlara rəhbərlik edib.

Nümunə obrazı

Abdus Salamın işləri Pakis­tanda ən yüksək həddə çatıb və o, elm sahəsində ən nüfuzlu şəxs hesab olunurdu. Tələbələri və həmkarları Salamı Pakistan nəzəri fizika məktəbinin atası adlandırırdılar. Abdus Salam xarizmatik və pərəstiş olunan şəxsiyyət idi. Tələbələri, onun elmi işlərini dəstəkləyən alimlər və mühəndislər Salamı parlaq müəllim və çox cəlbedici tədqiqatçı kimi xatırlayırdılar. Salam elmi dairələrdə nümunə obrazı idi. Çoxları ona oxşamaq, onun kimi elmin zirvələrinə yüksəlməyi arzu edirdi.O dövrdə Albert Eynşteynin dahiyanəliklə irəli sürdüyü nisbilik nəzəriy­yəsinə bir çox fiziklər şübhə ilə yanaşır və ya ehtiyatla qəbul edirdilər. Abdus Salam isə Eynşteynin nəzəriyyəsindən ilham alaraq "New Scienis" jurnalında dərc olunmuş məqaləsində bu cür alimlərə cavab verirdi: "Bu cür adamlar həmişə "bu elm deyil" deyə qışqırmağa hazırdırlar. Onlar özləri isə tamamilə saxta elmi alternativlərlə məşğuldurlar".
Salamın elmi dahiliyində bir Şərq mistikası elementinin olması qeyd olunurdu. Salam dünyanın elmi mərkəzinin Şərqdə olmasını arzu edirdi. O, ümumiyyətlə, Şərqi, müsəlman dünyasını dünya elminin mərkəzi hesab edirdi. Qeyd edirdi ki, yalnız bir universal elm mövcuddur, onun vəzifələri və metodları beynəlmiləldir. "Elm təbiət naminə çalışmaqdır. Təbiəti nə qədər dərindən kəşf ediriksə, təbiət qanunlarının çalışdığı gözəl bir dünyanı kəşf edirik".
Şəxsi həyatı

Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin əməkdaşı Miriam Lyüs böyük alimin həyat və elmi fəaliy­yətinə həsr olunmuş məqaləsində yazırdı: "Salam olduqca gərgin iş qrafikinə malik idi; elmi tədqiqatlara rəhbərlik edir, məqalələr yazır, gənc fiziklərlə görüşərək onlara məsləhətlər verir, bir sıra ölkələrdə keçirilən elmi tədbirlərdə iştirak edirdi. Bu qədər işin öhdəsindən gəlmək üçün professor Salam həm özünə və rəhbərliyi altında olan işçilər üçün bayram gecələri, əyləncələri və digər bayram xarakterli tədbirləri ixtisara salır. Bu cür iş şəraitində işləyən əməkdaşları gərgin işlə yüklənmələrindən şikayət edə bilmirdilər. Salam bir sıra elmi işlərinə və beynəlxalq təşkilatlardakı uğurlu fəaliy­yətinə görə aldığı medal və pul mükafatlarını gənc pakis­tanlı tələbələr üçün fond yaradılmasına xərcləyib. O, elmi kəşfinə görə aldığı Nobel mükafatını da inkişaf etməkdə olan fiziklərin yetişməsinə sərf edib. Nə özünə, nə də ailəsinə Nobel mükafatından bir qəpik belə xərcləməyib".
Salam 1996-cı il noyabrın 21-də Oksfordda uzunsürən xəstəlikdən sonra 70 yaşında vəfat edib. O, vətənində Bahişiti Məqbərə qəbiristanlığında valideynləri ilə yanaşı dəfn olunub. Alimin dəfn mərasimində 30 min insan iştirak edib. Onun başdaşında "İlk Nobel mükafatı laureatı" sözləri yazılıb.Bir çox inkişaf etməkdə olan müsəlman ölkələrində elmi seminarlar keçirən Salam bir neçə yüz illər boyu ərəb və müsəlman dünyasının elm sahəsində Avropa və dünyanın digər bölgələrindən irəlidə olduğunu qeyd edirdi. O, bir zamanlar Bağdadın bütün dünyanın təhsil, elm mərkəzi olduğu günlərini yenidən yaşatmaq arzusundaydı. Bir çox ölkələr ona vətəndaşlıq təklif etmiş, lakin o, Pakistanın vətəndaşı olmağından qürur duyduğunu dilə gətirmişdir. Bu gün də dünyanın hər tərəfində onun dəstəyindən, yardımından, şəxsi köməyindən dolayı, ona öz dərin hörmət və ehtiramlarını bildirən və ona minnətdar olan minlərlə elm adamı yaşamaqda və öz elmi fəaliyyət­lə­rini davam etdirməkdədir.

Hazırladı:
Oruc MUSTAFAYEV

Yazıda Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi və Nobel mükafatları Komitəsinin materiallarından istifadə olunub.