Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın Milli Qəhrəmanları

 
 
  O, 23 YAŞINDA TORPAQLARIMIZ UĞRUNDA ŞƏHİD OLDU

Söhbət Milli Qəhrəman Çingiz Qurbanovdan gedir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2017-ci il

Mən bu qənaətdəyəm ki, hər bir Milli Qəhrəmanın həyat tarixçəsini – bioqrafiyasını vərəqləyəndə, görürsən ki, o qəhrəman hələ uşaqlıqdan, özünü tanıyandan gəncliyinin coşğun vədəsinə qədər bütün hərəkətləri – davranışı, götür-qoyu, çevikliyi, həyata baxışı, adamlara qarşı münasibəti, işgüzarlığı, mərhəməti, cəsarəti və vətənpərvərliyi ilə yaşıdlarından xeyli fərqlənir. Bütün bu insani keyfiyyətləri gələcəkdə onun tanınmış bir şəxs olacağı, adı dillərdə gəzəcəyinə yəqinlik yaradır. Yaxın keçmişə nəzər salsaq, Xocalı soyqırımında fədakarlıq-qəhrəmanlıq nümunəsi göstərərək erməni vandallarının müxtəlif işgəncələrlə qətlə yetirdikləri insanları – qocaları, cavanları, qadınları, uşaqları lentə alaraq o ağlasığmaz faciəni vaxtında dünyaya bəyan etmiş Çingiz Mustafayev, Qarabağ müharibəsində düşmənə ağır zərbələr endirən, çoxlu sayda erməni əsgər və zabitini məhv edən, nəhayət, qeyri-bərabər döyüşdə həlak olan Mübariz İbrahimov yada düşür. Bəli, onlar canlarından artıq sevdikləri Vətən uğrunda, torpaq uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.
Haqqında söhbət açmaq istədiyim Milli Qəhrəmanımız Çingiz Qurbanov da sələflərinin ardıcılı kimi onların müqəddəs həyat yolunu davam etdirdi, düşmənlə ağır döyüşlərdə Azərbaycan əsgəri adını doğruldaraq qəhrəmancasına həlak oldu.
Çingiz Salman oğlu Qurbanovun qısa, lakin hamıya, xüsusilə bugünkü gəncliyə nümunə olan bioqrafiyası var. Çünki cəmi 23 il yaşadı və ömrünün bahar çağında Vətənin ən yüksək mükafatı olan «Qızıl Ulduz» medalı və Milli Qəhrəman adına layiq görüldü.
Çingiz Qurbanov 24 noyabr 1994-cü il tarixində Qusar rayonunun məşhur Həzrə kəndində doğulmuşdur. 2001-ci ildə Həzrə kənd tam orta məktəbinin I sinfinə qəbul olunur. Çingiz hələ aşağı siniflərdə bacarığı, nümunəvi təlim-tərbiyəsi ilə seçilən şagird kimi xatırlanır. Bütün fənlərə eyni dərəcədə maraq göstərən Çingiz hərbi-idman oyunlarında daha çox fəallıq göstərir, başqalarından fərqlənirdi. O, 2011-ci ildə təhsil aldığı məktəbin “Xəzri” komandasının tərkibində “Sərhəd” hərbi-idman oyunlarının respublika turunda iştirak etmişdir. 18 yaşında qoynunda böyüyüb pərvazlandığı təhsil ocağını müvəffəqiyyətlə bitirərək kamal attestatı alır, məktəbə və doğma müəllimlərə «Əlvida» deyərək qaynar həyatın qoynuna atılır.
Sonra da Çingizin Bakı həyatı başlayır. Unudulmaz tələbəlik illəri ona da qismət olur. O, Azərbaycan Texniki Universitetinin tələbəsi adını qazanır. Bu ali məktəbə «Xüsusi texnika və texnologiya» fakültəsində elmi biliklərə yiyələnir. 2016-cı ildə həmin fakültədə optik cihazlar ixtisasını qazanır. Heç öz ixtisası üzrə işə başlamamış hərbi xidmətə səfərbər olunur. Beləliklə, 1 iyul 2016-cı il tarixindən Çingiz Qurbanov Azərbaycan Silahlı Qüvvələri quru qoşunlarının əsgəri kimi xidmətə başlayır. Əsgər Çingiz Qurbanovun döyüş yolu uzun olmur. Doğru deyirlər ki, qəhrəmanlıq üçün vaxt məhdudiyyəti olmur. Biz bunu tarixdən dəfələrlə görmüş və müşahidə etmişik. Çingiz Qurbanov da bu baxımdan istisna təşkil etmədi. Belə ki cəmi 5 ay döyüş bölgəsində düşmən mövqeləri ilə üzbəüz dayandı. 2016-cı il dekabrın 29-da isə səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərir. Nəticədə düşmən tərəfi döyüş zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilir. Həmin döyüşdə əsgər Çingiz Qurbanov düşmən təxribatının qarşısını alarkən qeyri-bərabər savaşda böyük şücaət göstərərək qəhrəmancasına həlak olur. Ermənilər 3 həftədən çox idi ki, bütün beynəlxalq normaları pozaraq Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini geri qaytarmaqdan imtina edirdi.
Nəhayət, şəhid mərhumun nəşi fevralın 5-də geri qaytarıldı. Qeyd edim ki, ölkə başçısının tapşırığı və səyi ilə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutdu. Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirildi.
Şəhidlə vida mərasimi fevralın 6-da saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirildi. Şəhid Çingiz Qurbanov fevralın 6-da böyük izdihamla Qusar şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Bu yaxınlarda ölkə Prezidenti Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə Bakı şəhərində 3 otaqdan ibarət mənzilin verilməsi və Qusarda fərdi yaşayış binasının tikilməsi üçün sərəncam imzalamışdır.

Milli Qəhrəman Çingiz Qurbanovdan 
qalan xatirələr

Zarema Fərəməzova - Çingizin ibtidai sinif müəllimi:
- Mən Çingizin ibtidai sinif rəhbəri olmuşam. Çingizi tərbiyəli, ağıllı, dərrakəli, mehriban, səmimi, başlıcası isə vətənpərvər bir oğlan kimi xatırlayıram. O, çalışqanlığı və bacarığı ilə həmyaşıdlarından fərqlənirdi. Dərsə həmişə hazırlıqlı gələr və səliqəli geyinərdi. Heç vaxt “Yaza bilmədim”, “Yadımdan çıxdı”, “Oxuya bilmədim” kimi bəhanələri dilə gətirməzdi. Zəhmətsevən, çətinliklərdən qorxmayan dözümlü bir şagird idi. “Azərbaycan dili”, “Riyaziyyat” və “Fiziki tərbiyə” fənlərinə daha çox fikir verərdi. Sinifdə uşaqlara verdiyim suallara hamıdan tez cavab verərdi. Onda fikrini aydın, dəqiq və ətraflı izah etmək qabiliyyəti çox güclü idi. Dərsimi əvəz edən başqa müəllimlər də Çingizin hazırcavablığını, bacarıq qabiliyyətini müşahidə etmişdilər. Çingiz qayğı, mərhəmət və nəzakəti ilə özünü uşaqlara sevdirmişdi.
Müəllimlərə qarşı son dərəcə hörmətcil idi. Ümumiyyətlə, böyüklərə hörmət, kiçiklərə qayğı qəlbinə hakim idi. Köksü altda təmiz və pak bir ürək döyünürdü.
…Bu gün isə dərs dediyim sinifdə uşaqlara Çingizin qəhrəmanlığı haqqında ürəkdolusu danışıram. Şagirdlərimə Vətənə, torpağa qarşı sevgi, vətənpərvərlik hissləri oyatmağa çalışıram. Bir sözlə, mən şagirdim olmuş Çingiz haqqında xoş xatirələrdən savayı heç nə xatırlaya bilmərəm. O, həm sevimli şagird, həm də doğma bir insan kimi qəlbimdə çox böyük bir iz buraxıb. Amma yoxluğuyla əsla barışa bilmirəm. Ancaq nə edəsən? Qisməti belə imiş. Çingiz cismən bizimlə olmasa da, ruhən bizimlədir. Axı şəhidlər ölmürlər – əbədiyyətə qovuşurlar.
Məhəmmədrəşid Babaliyev – yuxarı sinifdə Çingizin sinif rəhbəri:
- Çingizi hələ aşağı sinifdən bilik və bacarıqlı, dərin düşüncəli, mehriban və səmimi, uşaqlarla tez ünsiyyət qurmağı bacaran şagird kimi tanıyırdım. Sonra da onların sinif rəhbəri oldum. Çox çevik, gülərüz oğlan idi. Mütaliəni çox sevərdi. Mən deyərdim ki, sinifdə ondan çox mütaliə edən şagird yox idi. Məktəbdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edər, həmişə hər yerdə öndə getməyə çalışardı. Çingizə dərs demiş başqa müəllimlər də bu gün onun haqqında ancaq xoş sözlər söyləyir, onu Vətəninə, torpağına hədsiz məhəbbəti olan, qorxmaz, sözübütöv, mərd bir şagird kimi xatırlayır, onun qəhrəmanlığı ilə qürur duyduqlarını dilə gətirirlər. Şəhid Çingiz bu gün də bizim aramızdadır, onu daim qəlbimizdə yaşadırıq.
Bəxtiyar Rəfixanov – Həzrə kənd tam orta məktəbin GÇH rəhbəri:
- Çingizi mən qeyri-adi bir gənc kimi tanıyırdım. Hər şeyə maraq göstərən Çingiz çox səmimi və təvazökar, özünə məxsus həyata baxışı olan bir gənc idi. İdmanı və hərbi oyunları çox sevirdi. Tez-tez GÇH-yə gələr, müxtəlif silah növləri ilə maraqlanar, mənə müxtəlif və maraqlı suallarla müraciət edərdi. Mən hərbi müəllim kimi onun bu sahədəki hədsiz marağına heyran qalar, onun verdiyi bütün suallara cavab verməyə çalışar, istədiyi vaxt onunla görüşüb söhbət etməyə hazır olduğumu nəzərinə çatdırardım. Çingizin hələ orta məktəbdə hərbi silahlarla, hərbi texnika ilə maraqlanması, bu sahədə geniş məlumata malik olmasının nəticəsidir ki, o, Qarabağ döyüşlərində ermənilərin dövlət sərhədimizi pozmaqla törətdikləri təxribatın qarşısının alınmasında qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu qeyri-bərabər döyüşdə Çingiz şəhid olmuş, ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüşdür.
Çingiz Qurbanov təkcə orta təhsil aldığı Qusar rayonundakı Həzrə kənd tam orta məktəbin kollektivinin deyil, bütün Azərbaycan xalqının qəlbində özünə heykəl qoyub.
İdris Hacızadə,
«Təhsil»


   шаблоны для dle 11.2