Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yavər Şıxəliyev: “Özünü sağlam hesab edən hər bir insan iki ildən bir vərəmə görə profilaktik yoxlanmalıdır”


 

Pandemiya dövrü  insan sağlamlığı və müxtəlif xəs­təliklərin insan orqanizminə təsiri kimi bir sı­ra problemləri ciddi su­rətdə gündəmə gətirmək­lə əhali arasında maarif­ləndirici işlərinin aparılması zərurətini daha da qloballaşdırdı. Pandemiya dövründə kəskin prob­lemlərdən biri olaraq ağ­ciyər xəstəlikləri, vərəm və bu problemlərin uşaq və gənclərin, təhsil­alanların səhhətində yarada biləcyi fəsadlardır. Pandemiya dövründə xüsusən də vərəm xəstəliklərinin uşaqlar arasında yayılması ehtimalları və onun profilaktikası indi valideynlər qarşısında əvvəlkindən  fərqli olaraq daha kəskin durur.  Bu barədə suallarımızı 1 saylı Vərəm Dispanserinin baş həkimi, professor Yavər Şıxəliyev cavablandırır.   

Tanıtım: Şıxəliyev Yavər Şıxəli oğlu 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Moskva şəhərində 1985-ci ildə namizədlik, 2001-ci ildə doktorluq dissertasiyasını vərəm ixtisası üzrə müdafiə etmişdir. Əməkdar həkim, tibb elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının tibb bölməsi üzrə həqiqi üzvü- akademikdir. Yerli və xarici ədəbiyyatda dərc olunmuş 200-dən çox elmi məqalənin, 14 metodik tövsiyənin, 3 monoqrafiyanın, 1 dərs vəsaitin və 1 dərsliyin müəllifidir.  

 - Koronavirus pandemiyası bəşəriyyətin qorxunc xəstəliklərindən olan vərəmin yayılmasına necə təsir edib? Bu barədə müşahidələriniz necədir?

- Vərəm əsasən  ilkin tibbi yardım mərhələsində aşkarlanır. Pandemiya dövründə ilkin tibbi yardım müəsssələrinə əsasən bronx ağciyər aparatının Covid-19-a aid şikayəti olanlar müraciət edirlər. Digər xəstələrin müraciəti kəskin azaldığı üçün vərəm xəstələrinin aşkarlanmasında azalma qeyd olunur. Koronavirusun diaqnostikasında nukelin turşusunun ampifikasiya testlərindən istifadə edilir ki, bunlara virusun RNT-sinin təyin edən polimeraz zəncirvari reaksiya, seroloji testlər və sekvenləşdirmə metodları aiddir. İlkin diaqnostikada xəstələrin şikayətləri ilə yanaşı əlavə rent­genoloji müayinələr-xüsusən kompyuter tomoqrafiya önəmli rol oynayır. Çoxsaylı hadisələr müşahidə olunur ki, vərəmli xəstə covid-19 xəstəsi kimi dəyərləndirilir. Sözsüz, bəzən hər iki xəstəlik də eyni insanda baş verə bilər. Diaqnostikada bu cür halların baş verməsi vərəmin az aşkarlanmasına, xəs­tə­lərin qeydiyyatdan ya­yılmasına səbəb olur. Covid-19 pandemiyası dövründə vərəmin aşkarlanması üçün kütləvi müayinələrin aparılmaması da vərəm xəstəliyinin azalması kimi özünü biruzə verir.    

- Koronavirus pandemiyası dövründə bir sıra ölkələrdə  vərəm xəstəliyinə tutulma hallarının sayının azaldığına dair rəsmi məlumatlar var.  Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Pandemiya dövründə vərəm xəstəliyinin azalma səbəbi diaqnostikanın məqsəd­yön­lu şəkildə düzgün apa­rılmamasındadır. Ağciyər xəstəliyi simptomları ilə həkimə müraciət edən hər bir şəxs COVİD-19 aşkarlanması istiqamətində müayinələrə cəlb edilərkən  vərəmin aşkarlanması üçün minimum müayinə üsullarına (Rentgen, bəlğəmin mikroskopiyası, tuberkulin sınağı) da yoxlanması  vacib və mütləq şərtlərdəndir. Azərbaycanda  pandemiya dövründə vərəmin azalması əhalinin ilkin tibbi yardım mərhələsinə az müraciəti ilə izah olunur.

- Qloballaşma dövründə   müxtəlif xəstəliklər aşkarlanıb, lakin vərəm  öz aktuallığını hələ də itirmir.  Bunun səbəbləri barədə nə deyə bilərdiniz?

- Vərəm sosial xəstəlikdir. Hələ bizim eradan 5000 miliyon il əvvəl ölmuş insanın skletində vərəm   qabarcıqlar ta­pıl­mışdır. Bu xəstəliyin siyasi və iqtisadi cəhətləri vardır. Ona görə də ölkələr vərəm xəstələrinə görə üç qrupa bölünür: iqtisadi cəhətdən inkişaf etmiş, iqtisadi cəhətdən inkişaf etməkdə olan və iqtisadiyyatı zəif olan ölkələr. Siyasəti düzgün qurulan ölkələrdə vərəm xəstəliyinə görə epidemioloji gərginlik müşahidə olunmur. İnsanların sosial  həyat tərzi yüksəldikcə vərəm  xəstəliyi azalır. Səhiyyə müəssisələrinin müasir avadanlıqlarla  təmin olunması və tibb işçilərinin sosial həyat tərzinin yüksəlməsi vərəm xəstəliyinin azalmasına ciddi təsir edir. Profilaktik səhiyyə  inkişaf etdikcə xəstəlik də kəskin azalır. Vərəmin aşkar edilməsində kütləvi müayinələrin aparılması profilaktik səhiyyənin prioritet məsələsi sayılır. Kapitalist ölkələrində profilaktik  səhiyyənin   təşkili iqtisadi baxımdan qeyri mümkündür. Əlavə dəyər gətirən dəyərə kapital deyilir. Profilaktik səhiyyə isə çoxlu maliyyə vəsaiti tələb edir.  Uzun illər sonra dəyər gətirir. Məsələn, ilkin və vaxtında aşkar edilmiş bir vərəm xəstəsinin müalicəsinə 1000 AZN tələb olunursa, bu xəstə gecikmiş ciddi dərmana davamlı formaya keçdikdə müalicəyə 60-70 min ABŞ dolları və ya 100-110 min AZN lazım gəlir. Məsələn, 1961-ci ildə Azərbaycanda vərəm xəstəliyinin ölüm göstəricisi 100 min nəfərə 161 olmuşdursa, 1990-cı ildə bu göstərici 4-4.5 səviy­yəsinə enmişdir və bu günə qədər bu səviyyədə qalmışdır. Bu da profilaktik səhiyyənin iqtisadi cəhətdən üstünlüyünü göstərir. Dünyada vərəm xəstəliyinin epidemioloji gərginliyi mövcuddur. Xüsusən vərəm əleyhinə dərmanlara davamlı formaların xüsusi çəkisinin yüksəlməsi bu gərginliyi artırır. Vərəmin qarşının alınması üçün  ilkin tibbi yardım mərhələsində  vərəm əleyhinə tədbirlərin yüksək səviyyədə təşkil olunmalıdır. Tibb işçilərinin və əhalinin vərəmə qarşı sanitar-maarifləndirmə işləri yüksək səviyyədə təşkil edilməlidir. İlkin tibbi yardım müəssisələrinin və vərəm əleyhinə müəssisələrin diaqnostik imkanları yüksəldilməli, vərəmlə məşğul olan tibb işçiləri və vərəm xəstələrinin sosial   həyat  tərzi xüsusən mənzil məişət şəraiti yaxşılaşdırılmalıdır.      

- Vərəmin daha çox sosial faktorlarla bağlı olmasına dair məlumatlar var. Bu barədə fikirlərinizi bilmək istərdik. Vərəm daha çox hansı mühitlərdə inkişaf edir? Daha çox kimlərin vərəmə tutulma ehtimalı yüksəkdir?

-  Əhalinin 70-75% hissəsi vərəm xəstəliyinə görə risk qrupu sayılır. Vərəm xəstəliyi ən çox qidalanması və mənzil-məişət şəraiti aşağı səviyyədə olan insanlarda baş verir. Orqanizmin immunitetini aşağı salan yanaşı xəstəliklər olduqda (şəkər xəstəliyi, 6-fosfat dehidrogenaza fermet çatmamazlığı, mədə-12 barmaq bağırsaq xorası, ürək xəstəlikləri, psixiki xəstəliklər, uzun müddət sağalmayan bronxit və pnevmaniya ilə müalicə olunanlar, çəki defisiti müşahidə olunanlar, uzun müddət kortikosteroid dərmanlarla müalicə olunanlar və s.) xəstəlik daha tez yaranır. Asosial həyat tərzi (narkomaniya, alkoqolizm) keçirənlər, qaçqınlıq, köçkünlük məcburiyyətində yaşayış, qidalanması və mənzil-məişət şəraiti qeyri məqbul olan, xəstə insanlarla uzun müddət təmas xəstəliyin  baş verməsində önəmli rol oynayır. Özünü sağlam hesab edən hər bir  insan iki ildən bir vərəmə görə profilaktik yoxlanmalıdır. Hətta bəzi peşə sahibləri (vərəm müəssisələrində çalışanlar, şəkər xəstələri  və s. -6 aydan bir), uşaq yeniyetmə müəssisələrində çalışanlar, hərbiçilər ildə bir dəfə vərəmə qarşı yoxlanılmalıdır. Vərəmə yoluxma və xəstələnmə baş verərsə, bunun profilaktikası və müalicəsi üçün vərəm ixtisası üzrə çalışan ərazi vərəm həkimlərinə müraciət olunmalıdır.

- Uşaqlarda vərəm xəstəliyinin ilk əlamətləri özünü necə göstərir? Valideynlər nələrə diqqət göstərməlidirlər?

- Uşaqlarda xəstəlik erkən dövrdə ümumi intoksikasiya əlamətləri- subfebril hərarət, ümumi zəiflik, iştahasızlıq, tez yorulma, çəkidə geri qalma, bəzi hallarda keratokonyuktivit,  düyünlü eritma kimi hallarla müşahidə olunur. Valideyinlər uşağın vərəmli xəstə ilə təmasda olub-olmamasına diqqət yetirməli, yuxarıda   sadalanan əlamətlər olduqda dərhal vərəm həkiminə müraciət etməlidirlər.  Uşağın qolunun bazu hissəsində vərəm əleyhinə doğum evində aparılan KJV peyvəndinin izi olmadıqda və ya zəif (1-3mm) olduqda ərazi vərəm əleyhinə müəssisəyə müraciət etmək lazımdır. Ötən ildə aparılan tuberkulinin cavabı müsbət olan uşaq və yeniyetmələr növbəti ildə vərəm müəssisəsində müayinə üçün gətirilməli və müvafiq profilaktik tədbirlər  vərəm həkiminin məsləhəti əsasında aparılmalıdır.

- Digər xəstəliklər kimi vərəm xəstəliklərinin də “cavanlaşması”-erkən yaş dövrlərindən bu xəstəliyə tutulma hallarının artmasına dair fikirlər var. Məktəb­yaşlı uşaqlar arasında vərəmə tutulma hallarının statistikası barədə nə deyə bilərdiniz?  

- Aşkarlanan xəstəliyin yaş qruplarını nəzərdən keçirərkən aydın olur ki, məktəb yaşlı uşaqlar arasında vərəm hadisələri təsadüf edilir. Lakin son illərdə profilaktik peyvəndlərdən imtina hallarının artması ilə əlaqədar olaraq erkən yaşlı uşaqlar arasında da vərəm xəstəliyinə təsadüf edilir. Epidemioloji təhlil göstərir ki, yaş qrupları arasında vərəm hadisələri ən çox 18-29 yaşlarda təsadüf olunur və  oğlanlar 1.5-2 dəfə qızları üstələyir. Bunun əsas səbəbi hərbi çağırışla əlaqədar oğlanlar arasında müayinələrin yüksək səviyyədə təşkil olunmasıdır. Ona görə də, müasir epidemioloji vəziyyətdə istər uşaq, istər yeniyetmə və gənclər arasında vərəmin erkən aşkarlanması üçün kütləvi profilaktik müayinələr (tuberkulindiaqnostika, flüoroqrafiya və sadə mikroskopiya) geniş tətbiq olunmalıdır.

- Valideynlərə övladlarının vərəm xəstəliyinə yoluxmaması üçün nə kimi  məsləhətlər verərdiniz? Şəxsi gi­giyena, maska  vərəmə yoluxma ehtimalını azalda bilərmi?

- Valideynlərə tövsiyə edərdik ki, vərəm əleyhinə peyvənddən, eləcə də ildə bir dəfə uşaqlara tuberkulinodiaqnostika ilə əhatə olunmasından imtina  etməsinlər. Çünki, uşaqlar arasında vərəmə yoluxmanın və vərəm xəstəliyinin erkən dövrdə aşkarlanmasının yeganə əvəz olunmaz metodu immunodiaqnostikadır. Həmçinin uşaqlara xüsusi ilə vərəmli xəstələrlə təmasda  yaşayan uşaqlara, şəxsi gigiyena qaydalarına riayət etməyi öyrətmək lazımdır. Eləcədə valideyinlər bu uşaq­ların vərəm əleyhinə müəssisələrdə mütəmadi müayinə və ehtiyyac olan hallarda müalicəsinə xüsusi diqqət yetirməlidirlər. Bu tələblərə ciddi yanaşma vərəmə yolux­ma və xəstələnmə ehtimalını kəskin azaldır. Yeniyetmə və gənclərin asosial həyat tərzindən uzaqlaşdırılması (siqaret çəkmək, alkoqolizm, narkomaniya, qəlyandan istifadə və s.) vərəmin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.  

-Vərəmlə bağlı vətəndaşlarımız arasında aparılan maarifləndirici tədbirləriniz barədə nə deyə bilərsiniz?

- Hazırda vərəmlə bağlı vətəndaşlar arasında aparılan maarifləndirici tədbirlər çox aşağı səviyyədədir. Bu tədbirlər demek olar ki, yalnız vərəm əleyhinə müəssisələr tərəfindən aparılır. KİV, radio-televiziya  vərəm və onun aşkarlanması, profilaktikası, müalicəsi barədə maarifləndirici tədbirlərə az yer verir.

Maarifləndirmə tədbiri üç formada yerinə yetirilir. Buna müəyyən əhali qrupu arasında mühazirələr, təbliğat və sosial mobilizasiya aiddir. Sanitar maarifləndirmə ilk növbədə tibb işçiləri arasında və xidmət edilən əhali arasında aparılmalıdır. Bu işdə tele­vizi­yanın rolu çox böyükdür. Tibb işçiləri arasında vaxtında vərəm xəstələrinin aşkarı, müalicəsi, profilaktikası mövzusunda mühazirələrin təşkili  vərəm əleyhinə müəssisələrin əməkdaşları tərəfindən  geniş şəkildə yerinə yetirilir. Bu gün əhali arasında xüsusən əhalinin çox olduğu yerlərdə (metropoliten, ticarət mərkəzləri, ali məktəblər və s.) vərəmə aid xüsusi hazırlanmış bukletlərdən istifadə olunmalıdır. Sanitar maarifləndirmədə vərəm xəstəliyindən müalicə olunub sağalan insanlardan geniş istifadə olunmalıdır. Çünki onlar uzun müddət öz ailə üzvlərini və yaxın qohumlarını yoluxdurmamaq üçün vərəm həkimləri tərəfindən ciddi şəkildə maarifləndirilmiş insanlar sayılırlar. Vərəm xəstəliyinin müalicəsi və profilaktikası ilə yalnız bu ixtisasa uyğun  biliyi və bacarığı olan həkimlər məşğul olmalıdırlar. Qeyri peşəkar həkimlər vərəm xəstəliyini düzgün müalicə etmirlər və xəstələr ağırlaşır daha ciddi formalar alır.   

 

“Təhsil”


Tarix: 8-07-2021, 16:32

Xəbəri paylaş