Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Reytinqlər universitetlərin aynasıdır

 

Ali məktəblərimizi bu aynada layiqli yerdə görə biləcəyikmi?
Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkəti dünyanın ən yaxşı universitetlərinin 14-cü illik reytinqini (QS World University Rankings 2017/2018) dərc edib. Əvvəlki reytinqdə olduğu kimi, builki sıralamada da üç liderlik mövqeyi dəyişməz qalıb. Son 6 ildir ki, ardıcıl olaraq sıralamaya ABŞ-ın Massaçusets Texnologiya İnstitutu başçılıq edir. Onu ikinci yerdə Stenford, üçüncü yerdə Harvard universitetləri "təqib edir". Kaliforniya Universiteti bu il Kembric Universitetini beşinci yerə sıxışdıraraq bir mövqe yüksəlib və dördüncü yeri tutub. Top-10-luqda əsasən ABŞ-ın və Böyük Britaniyanın təhsil müəssisələri yerləşib. Yalnız İsveçrənin ETH Zurich İnstitutu (Swiss Federal Institute of Technology) onuncu mövqedə yerləşməklə on ən yaxşı ali məktəb arasında yer ala bilib. Dünyada 26000-ə yaxın ali məktəbin fəaliyyət gös­tərdiyini nəzərə alsaq, QS reytinqinə cəlb olunmuş universitet­lərin dünya ali məktəblərinin 3 faizini təşkil etdiyini söyləyə bilərik.
Beləliklə, QS versiyasına görə dünyanın 10 ən yaxşı universitetinin siyahısı belədir:
1. Massachusetts Institute of Technology (ABŞ)
2. Stanford University (ABŞ)
3. Harvard University (ABŞ)
4. California Institute of Technology (Caltech) (ABŞ)
5. University of Cambridge (Böyük Britaniya)
6. University of Oxford (Böyük Britaniya)
7. University College London (Böyük Britaniya)
8. Imperial College London (Böyük Britaniya)
9. University of Chicago (ABŞ)
10. ETH Zurich (Swiss Federal Institute of Technology (İsveçrə)

Rusiya universitetləri reytinqdə
Builki reytinqə Rusiyanın 24 ali məktəbi daxil olub. M. V. Lomonosov adına Moskva Dövlət Universiteti sıralamada və beləliklə də 100 ən yaxşı universitet arasında 95-ci yerə yüksəlib. Bununla da MDU ölkənin ən yaxşı 5 universitetinin dünyanın top- 100 ali məktəbi arasına daxil olması barədə Rusiya prezidenti V.Putin tərəfindən qarşıya qoyulmuş vəzifənin öhdəsindən gələ bilib. MDU ilk 100-lükdə yer almış yeganə Rusiya ali məktəbidir. "QS, bu, bir neçə parametrə, həmçinin ekspert sorğularına əsaslanan nüfuzlu reytinqdir, məlumat bazalarına baxış, milyonlarla istinad, milyonlarla məqalədir. Və, əlbəttə ki, tədqiqatın nəticələri diqqətə layiqdir. Moskva Dövlət Universiteti yüz ən yaxşı ali məktəb arasına daxil olub, yəni dünyanın 1% aparıcı universiteti siyahısındadır. Mən bunu kollektivin, müəllimlərin, professorların işinin müvəffəqiyyəti hesab edirəm. Hesab edirəm ki, bizim üçün əsas məsələ reytinqdə yer üçün mübarizəyə yönəlməməlidir, tələbələr üçün işləmək, effektivliyi yüksəltmək, yaxşı nəticələr əldə etməkdir. Təhsil vermək və elmi işlə yanaşı cəmiyyətə xidmət etmək bizim universitetin üçüncü missiyasıdır. İndi bizim cəmiyyətimizdə artıq belə fikir möhkəmlənib ki, universitetlər bu üç missiyanı yerinə yetirməlidir. Mən güman edirəm ki, bugünkü müvəffəqiyyət və bizim gələcək işimiz ali məktəblərimizi, eləcə də MDU-nu daha da güclü edir", -deyə Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi reytinqin nəticələrini şərh edib. Qeyd edək ki, MDU aşağıdakı kateqoriyalar üzrə yaxşı nəticələr göstərib: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, müəllim-professor sayının tələbələrin sayına olan nisbəti, əcnəbi tələbələrin sayı. Beləliklə də MDU adıçəkilən kriteriyalar üzrə son ildə fəallıq göstərərək ötənilki reytinqdəki yerini 108-dən 95-ə dəyişə bilib. Bu isə sözügedən kriteriyaların hər hansı bir ali məktəbin reytinq qiymətləndirməsində mühüm faktorlardan olduğunu deməyə əsas verir. Digər ali məktəblərdən Sankt-Peterburq Dövlət Universiteti sıralamada 240-cı, Novosibirsk Dövlət Universiteti 250-ci yeri tutublar. Ötən illə müqayisədə bu il reytinqdə yer almış Rusiya ali məktəblərinin sayı 2 dəfə çoxdur.
Kriteriyalar:
Universitetlət necə
qiymətləndirilib?
Dünyanın 84 ölkəsindən 980 ali məktəbin yer aldığı sıralamanın tərtib edilməsi zamanı 6 göstərici nəzərə alınıb: onlardan hər biri öz "çəkisinə" malikdir: akademik mühitdə nüfuzu (40%), işə götürənlər tərəfindən qiymətləndirmə (10%), müəllimlərin və tələbələrin elmi işlərindən sitatgətirilmə (20%), müəllim və tələbələrin faiz nisbəti və digər amillər.
Ali məktəblər qiymətləndirilərkən tərtibçilər tərəfindən elmi cəmiyyət nümayəndələri və ekspert-işəgötürənlərin təxminən 115 min sorğusu keçirilib. Bu bütün dünyada iki ən böyük tədqiqat hesab olunur. Bu il reytinqə daxil olmaq üçün 4300 universitet tədqiq edilib, onlardan 980-i siyahıya daxil edilib, bu isə 2016-cı ildəkindən 64 universitet çoxdur. Reytinqin tərtib edilməsi gedişində Scopus/ Elsevier bibliometrik verilənlər bazasında indeksə olunmuş 11 milyondan çox məqalə təhlil olunub. 12 milyondan çox məqalədən təxminən 75 milyon sitata baxılıb.
Qeyd edək ki, builki qiymətləndirmə zamanı bəzi yeniliklər edilib. Əsas elmi bazalardan hesab olunan Scopusdan elmi məqalələrdən sitatgətirilmənin təhlil dairəsi 5 ildən 6 ilə, milli və beynəlxalq işəgötürənlərin səslərinin nisbəti 30/70-dən 50/50-yə çatdırılıb. Bu isə ali məktəblər barədə daha ətraflı məlumatların toplanmasına imkan verir.
Universitetlərimiz QS-də
QS-nin builki reytinqində Azərbaycandan 2 ali məktəb- Xəzər Universiteti 714-cü (701-750), Bakı Dövlət Universiteti 801-1000 arasında yer alıblar. Bu nəticənin universitetlərimiz üçün qeyri-qənaətbəxş olmasını qeyd edə bilərik. Reytinq sıralamasında Rusiya və Qazaxıstan universitetlərinin əldə etdiyi nəzərəçarpan uğurlarından ölkəmizin ali təhsil müəssisələrinin nəticə çıxara biləcəyi hansı müsbət tendensiyaları qeyd edə bilərik? Müşahidələr göstərir ki, ali məktəblərimiz reytinqdə yüksək yerlər qazanmaq üçün milli və beynəlxalq işəgötürənlərlə əməkdaşlığı gücləndirməli, ingilisdilli elmi nəşrlərdə dərc olunan məqalələrin keyfiyyətinə və sayına nail olmalı, tələbə mobilliyinə yüksək diqqət göstərməli, reytinqli universitetlərlə təcrübə mübadiləsini genişləndirməlidir. İlk növbədə universitetlərimiz akademik fəaliyyətləri, QS reytinqinin əsas­landığı kriteriyalar üzrə daha dolğun məlumatlara malik olmalı və onları QS tərtibçilərinə çatdırmalıdır. Adıçəkilən ölkələrin universitetlərinin reytinqdə irəliləməsini QS-nin regional direktoru Zoya Zaytseva belə şərh edir: "... ali məktəblər bizə reytinqdə iştirak üçün daha çox və keyfiyyətli informasiya verməyə başlayıb. İlk növbədə, bu, ABŞ və Avstraliya universitetlərinə aiddir, harada ki ali təhsil bazarı iqtisadiyyatın əhəmiyyətli sektorlarından biri hesab edilir. Eləcə də bütün dünya üzrə işəgötürənlər də bu və ya digər universitetin məzunları haqqında daha çox məlumat verməkdə aktivlik göstəriblər. Bütün bunlar isə reytinqi daha keyfiyyətli və informativ etməyə kömək edir". QS Intelligence Unit tədqiqatlar bölməsinin rəhbəri Ben Sauter builki reytinqdə Rusiya ali məktəblərinin aktivliyini belə şərh edir: " Rusiya universitetlərinin builki nailiyyətləri onu gös­tərir ki, dəqiq, uzunmüddətli strateji planlaşdırma, məqsəd­yönlü və ardıcıl investisiyalar, həmçinin beynəlmiləlləşdirməyə cəhd, yekunda, reytinqdə Rusiya ali məktəblərinin mövqelərinin hiss olunan müsbət dəyişikliklərinə gətirib çıxaracaq".
Rusiyadan sonra Qazaxıstan universitetlərinin də reytinqdə fəallığı diqqətçəkicidir. Dünyanın ən yaxşı universitetləri sırasında Qazaxıstandan 8 ali məktəb yer ala bilib. Qazaxıs­tanın Əl-Fərabi adına Milli Universiteti reytinqdə 236-cı yeri tutub. Bu isə o deməkdir ki, ali məktəb reytinqin 250 ən yaxşı universiteti arasında özünə yer qazanıb. Ötənilki reytinqdə də adıçəkilən ali məktəb həmin mövqedə olub. Bu il top 250-likdə MDB ölkələrindən yalnız 4 ali məktəb - M. V. Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq və Novosibirsk Dövlət universitetləri və Qazaxıstanın Əl-Fərabi adına Milli Universiteti yer alıb. Əl-Fərabi adına Milli Universiteti Mərkəzi Asiyada liderlik mövqeyini və dünya üzrə yüksək rəqabət qabiliyyətini qoruyub saxlayıb. Qazaxıstanın digər ali məktəblərindən Lev Qumilyov adına Avrasiya Milli Universiteti yüksələrək 345-ci yerdən 336-cı, Satpayev adına Milli Texnik Universiteti 411-ci, Abay adına Qazax Milli Pedaqoji Universiteti 10 mövqe yüksələrək 491-ci, Auezzov adına Cənubi Qazaxıstan Dövlət Universiteti tam 100 mövqe yüksələrək 601-dən 501-ci, Buketov adına Karaqanda Dövlət Universiteti 701-cü yerdən yüksələrək 651-ci, Qazax-Britaniya Texnik Universiteti 651-ci yerləri tutublar. Qazaxıs­tanın yalnız Abılay xan adına Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti 701-ci yerdən geriləyərək 801-ci yerdə qərarlaşıb.
Builki reytinqdə Belarus Dövlət Universiteti 334-cü, Belarus Milli Texnik Universiteti 751-800-ci yerdə qərarlaşıb. Bu il Belarus Dövlət Universiteti reytinq tarixində ən yüksək nəticə göstərə bilib.

O.MUSTAFAYEV


Tarix: 4-08-2017, 09:42

Xəbəri paylaş