Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Daima nümunəvi olmağa çalışmışam"

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Bakı Dövlət Universitetinin pedaqoji-müəllim heyətinin böyük qrupu bu qocaman ali təhsil müəssisəsinin 100 illik yubileyi ilə əlaqədar yüksək dövlət mükafatlarına layiq görülüblər. Onların arasında təhsil ictimaiyyətinə yaxşı  tanış olan  Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü,  Respublika Təhsil Şurasının sədri, BDU-nun professoru Hikmət Əbdül oğlu Əlizadə də var.  Hikmət müəllim Prezidentin sərəncamı  ilə "Şöhrət" ordeni ilə təltif olunub.  Bu yaxınlarda onunla görüşüb "Təhsil" jurnalı  üçün  təəssüratlarını bölüşməyi  xahiş etdik.
- Hikmət müəllim, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə  elmin və təhsilin inkişafında göstərdiyiniz xidmətlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Sizi təbrik edirik!  
- Çox sağ olun diqqətinizə görə. Minnətdaram. Mən 36 ildir Bakı Dövlət Universitetində işləyirəm. Hər bir an daima nümunəvi olmağa çalışmışam. Bu illər ərzində çəkdiyim əmək yüksək qiymətləndirilib. Buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə çox minnətdaram.
- Bu olduqca yüksək təltifdir və sizin Bakı Dövlət Universitetində çalışdığınız  illər ərzində göstərdiyiniz əməyin nəticəsidir. İstər müəllim, istər alim, istərsə də bir Azərbaycan vətəndaşı kimi sizin nümunəvi fəaliyyətiniz haqqında məlumatımız var. Sizi gənclərə nümunə göstərmək üçün, onlarda haqqınızda tam təsəvvür yaratmaq üçün həyat yolunuza işıq salmaq istərdik. Ona görə də, ilk olaraq, belə sualla sizə müraciət etmək istərdik: - Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- ...(gülümsünür və fikrə gedir) Uşaqlığımdan danışanda ilk olaraq, onu qeyd etmək istərdim ki, yaman nadinc (bu söz mahiyyəti etibarı ilə mənim dəcəlliyimin dərəcəsini əks etdirmir, başqa söz də tapmıram) uşaq olmuşam. İndi də bu nadincliyimin səbəblərini, haradan qaynaqlandığının səbəbləri mənə aydın deyil. Düz 15 yaşına qədər dəcəlliyimin hədd-hüdudu olmayıb. 9 sinfə kecəndə, səbəbini indi də bilməsəm də, birdən - birə çox sakit bir uşağa çavrildim.
- Bəs məktəb illərini necə xatırlayırsınız?
- O illəri heç unutmaq olar? Təhsilimə 161 nömrəli məktəbdə başlamışam. Çox nüfuzlu ibtidai sinif müəllimim var idi, xarizmatik görkəmi, hökmlü səsə malik olan Kubra xanım (onun adı belə idi), insansevər, hamıya doğması kimi baxan, kiminsə nəsə öyrəndiyini görəndə sevinən bir müəllim idi. Onun ruhu qarşısında baş əyirəm. Çox güclü öyrətmə metodikasına malik müəllim idi. Görkəmi, baxışları, səsi, ritorikası indi də gözümün qarşısındadır. O məndə təhsilə elə bir motivasiya yaratmışdır ki, mən “hərislüklə” (həmin dövrdəki fəaliy­yətimi ancaq bu anlayışla xarakterizə edə bilərəm, bu həqiqət idi) dərs oxuyurdum. Dərslərimi oxumaqdan məni heç kim ayıra bilmirdi. Təəssüf ki, üçüncü sinifdə başqa məktəbə keçməli oldum. Orada Kubra müəllimin yaratdığı mühiti tapa bilmədim və təbii olaraq, təhsil nailiyyətlərim getdikcə aşağı düşməyə başladı. Dördüncü sinfi bitirəndə ailəmiz IV mikrorayona köçdü. Evimizin lap yanında məktəb tikilirdi, hələ hazır olmadığı üçün bir il mən nisbətən uzaq məktəbdə V sinifdə oxumalı oldum. Bura da öz təhsil mühitimi tapa bilmədim, elə aşağı qiymətlərlə də 5 sinfi bitirdim. May ayının sonunda evimizin yanındakı  məktəbin tikintisi sona çatdı və mən VI sinifdə təhsilimi həmin məktəbdə davam etdirməyə başladım. Bu məktəbdə direktor nurani sifətli, müdrik bir insan idi, böyük pedaqoji təcrübəyə malik idi və o məktəbdə məqsədəmüvafiq təhsil mühiti yarada bildi. Onun yaratdığı təhsil mühiti mənim uğurlarımın günü-gündən artmasına səbəb oldu, qısa müddətdə məktəbin əlaçı şagirdlərindən birinə çevrildim. Düzdür, nadincliyim mənə mane olurdu, amma mən dərslərimi böyük həvəslə oxuyurdum. Müəllimlərimiz kifayət qədər peşəkar  idilər. Həmin müəllimlərin peşəkarlığı mənə məktəbi yüksək qiymətlərlə bitirməyə imkan verdi.
-Valideynləriniz  təhsilinizə necə münasibət bəsləyirdi?
Mənim valideynlərim çox ziyalı insanlar olublar. Atam o vaxtkı SSRİ-nin ən nüfuzlu psixoloqlarından biri, hamının sevimli müəllimi, görkəmli alim, zəhmətkeş, nəcib, səmimi, qayğıkeş insan olan professor Əbdül Əlizadədir. Anam isə Azərbaycan dili və ədəbiyyat   müəllimi idi. Onlar bizim (övladlarının) təlim uğurlarının yüksəlməsinə heç vaxt saxta yolla təsir etməmişlər, qiymət onlar üçün meyar deyildi, çalışırdılar ki, evdə elə bir şərait yaratsınlar ki, biz dərslərimizi dərindən öyrənək. Bizə həvəslə kömək də edirdilər.Onların bizə münasibətini nəticə olaraq, belə qiymətləndirirəm: Anam bizə dünyanı sevməyi, atam isə bizə dünyanı dərk etməyi öyrətdi.
- Sizin formalaşmağınızda və inkişafınızda onların hansının rolu daha çox olub?
-Mən fərq qoymaq istəməzdim, amma müqayisə edəndə atamın bizim inkişafımızda rolu daha böyük görünür. O bizim təkcə bilik əldə etməyimizə deyil, bir vətəndaş kimi formalaşmağımıza kömək edib. Heç vaxt bizə hazır bilik verməyib, elə situasiya yaradıb ki, biz ətraf aləmdə baş verənləri analiz edib, özümüz nəticə çıxaraq.  Bizimlə tez-tez dialoqa girir, qarşımızda problem situasiya yaradır, əqli bacarıqlarımızı inkişaf etdirirdi. Həmin vaxt aldığımız oyuncaqlar da fərqli idi, bizi daha çox yaradıcı oyunlara istiqamətləndirirdi. O vaxt biz bundan o qədər də məmnun olmasaq da, bu gün bunun mahiy­yətini başa düşürük. Biz qaydaları çox kobud şəkildə poz­saq da, atam heç vaxt bizi cəzalandırmazdı, onun baxışları bizə etdiyimiz hərəkət haqqında düşünməyə sövq edərdi və biz özümüz adekvat nəticə çıxardardıq.
Axşamlar dostları ilə gəzintiyə çıxardı, bizi də çox vaxt özü ilə aparardı. Dost­ları ölkəmizin görkəmli psixoloq və pedaqoqları idi, onların bizimlə söhbət etməsinə şərait yaradardı və bu dialoqlar dünyanı dərk etmək üçün böyük məktəb idi. O bizim sosiallaşmağımız üçün belə şərait yaradırdı. Onun bizimlə münasibətdə gördüyü işləri sadalamaqla bitməz. Heyf ki onu tez itirdik, (Gözləri yaşarır) atam haqqında keçmiş zamanda danışa bilmirəm.
- Peşə seçiminiz necə oldu?
- Biz məktəbdə təhsil alanda atam zaman-zaman qabiliyyətimizi öyrənib, bizim qabiliyyətimizə uyğun fəaliyyətə istiqamətləndirirdi. Hələ aşağı siniflərdə təhsil aldığım illərdə atam məni müəllim rolu oynayaraq, bacı-qardaşlarıma dərs öyrətməyə cəlb edirdi. Bu fəaliyyət həm mənim xoşuma gəlirdi, həm də öyrətmək məndə alınırdı, öyrətdikcə dərslərimi daha dərindən mənimsəyirdim. Beləcə, mən hələ uşaqlıqdan müəllim olmaq arzusu ilə yaşayırdım. Müxtəlif illərdə müxtəlif peşələrə məndə maraq oyanmışdı, amma məndə müəllimlik peşəsinə məhəbbət sonda qalib gəldi. Düşünürəm ki, atam hələ uşaqlıqdan bizim qabiliyyətimizi öyrənib və bizim üçün elə şərait yaradıb ki, biz qabiliyyətimizə uyğun peşəyə istiqamətlənək.
- Beləliklə,  məktəbi bitirəndə müəllim olmaq istədiniz?
- Bəli, sənədlərimi Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU) verdim. Tələbəlik illəri çox sürətlə keçdi. Mənə bu ali təhsil ocağında çox nüfuzlu müəllimlər dərs deyib, onlardan tək bilik yox, həyat dəyat dərsi aldım. Deyə bilərəm ki, tələbəlik illərim çox maraqlı keçdi. Mən həm də ictimai işlərdə çalışırdım. Həmin illərdə özümə çoxlu dost tapdım.
- Bəs, müəllim kimi harada fəaliyyətə başladınız?
- Həmin dövrdə ali məktəbi bitirib, təyinatla Qaraçuxur qəsəbəsində yerləşən internat məktəbdə müəllimlik fəaliyyətinə başladım. Bu məktəbdə uşağını tərbiyə etmək istəməyən valideynlərin uşaqları təhsil alırdı. Onların mütləq əksəriyyəti natamam ailələrdən olan uşaqlar idi. Burada təhsil alan şagirdlər valideyn qay­ğısı görməmişdilər və çox nadinc idilər. İntuitiv olaraq bu uşaqları tərbiyə etməyin yolları məni maraqlardırmağa başladı. Atamla da bu barədə məsləhətləşirdim. O mənə çoxlu dəyərli məsləhətlər versə də, bu istiqamətdə tədqiqat aparmaq, bunun üçün aspiranturada (doktorantura) təhsil almaq imkanlarını göstərdi. Hərbi xidmətdən sonra mən atam dediyi kimi etdim.
- Siz hərbi xidmətdə olmusunuz? Mənə elə gəlirdi ki, o vaxt ali məktəbi bitirənlər hərbi xidmətdən azad olurdular...
- Siz düz düşünürsünüz. Hərbi kafedraya malik olan ali məktəb məzunları hərbi xidmətdən azad olurdu, yalnız qısamüddətli təlim keçirdilər. Ancaq mənim təhsil aldığım ali məktəbdə hərbi kafedra yox idi.
- Maraqlıdır, siz harada hərbi xidmətdə oldunuz?
-  O vaxt gənclər hərbi xidmət üçün əsasən SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdilər. Mən Tbilisi şəhərində tank diviziyasında xidmət etmişəm. Əvvəl 6 ay ərzində bizə tankın sirlərini və onu idarə etməyi öyrətdilər. Sonra ən yüksək nəticə göstərənləri həmin hissədə, yeni gələn əsgərlərə təlim keçmək üçün saxlayırdılar, digər əsgərləri isə xidmətini davam etdirmək üçün müxtəlif hissələrə göndərirdilər. Mən hərbi xidmətin sonuna qədər həmin hərbi hissədə tankların təmir edilməsi bölməsində qaldım.
- Siz tank təmir edirdiniz?
- (Gülür) Bəli. Tankları təmir etmək mənə çox şey öyrətdi və mən uzun müddət bu bacarığımdan istifadə edib, mülki həyatımda maşınımı özüm təmir edirdim.
- Maraqlı oldu, heç gözləməzdim, bəs hərbi xidmətdən sonra nə etdiniz?
- Yenə həmin məktəbə qayıtdım və müəllimlik fəaliyyətimi davam etdirdim. Doktoranturaya qəbul elan olunanda sənədlərimi verdim, əvvəlcədən hazırlaşdığım üçün, imtahanlarda çətinlik çəkmədim. Doktoranturaya qəbul oldum, artıq hansı mövzu  üzərində işləyəcəyim məlum idi, vaxt itirmədən tədqiqata başladım.  Təlim və tərbiyənin demoqrafik problemləri yeni istiqamət olduğu üçün professor Aban Kərimovla yanaşı, Moskvada yaşayan rus alimi Renata Qurova da ikinci elmi rəhbər təyin edildi. R.Qurova tərbiyənin sosioloji problemləri ilə məşğul olurdu. Mövzu yaxınlığı nəticəsində tale mənə onunla əməkdaşlıq etmək və onun məktəbini keçmək imkanı verdi. Aban Kərimov da böyük alim idi, ağsaqqal idi, böyük məktəb keçmişdi. Mənim inkişafımda onun da nəhayətsiz xidmətləri oldu. Bu gün onların hər ikisi dünyalarını dəyişmişdir. Allah onlara rəhmət etsin.
- Bəs nə vaxt müdafiə etdiniz?
- Mən rəhbərlərimin köməyi ilə dissertasiya işini vaxtında tamamladım. Dissertasiya işi ilk olaraq Moskvada R.Qurovanın rəhbərlik etdiyi şöbədə  müzakirə edildi və müsbət rəy verildikdən sonra  Bakıda müzakirə edildi və  müdafiəyə buraxıldı.  Bu 1983-cü il idi. Lakin mən dissertasiya işini 1985-ci ildə müdafiə etdim. Həmin dövrdə dissertasiya şurası Tbilisi şəhərində yerləşirdi və region üzrə bütün müdafiələr orada təşkil edildiyində  böyük növbə var idi.
- Bəs iki il ərzində nə etdiniz?
-O dövrdə təhsilin hər bir mərhələsini bitirən kimi mütəxəssis təyinatla iş yerinə göndərilirdi və mən Bakı Dövlət Universitetinin pedaqogika-psixologiya kafedrasına müəllim vəzifəsinə təyinat aldım. Bu kafedraya məktəbi olan böyük alim, o vaxt SSRİ məkanında böyük nüfuza malik olan Əkbər Bayramov rəhbərlik edirdi. Kafedrada böyük alimlər işləyirdi. Mən bu kafedrada da böyük məktəb keçdim.
- Beləliklə,  sizin universitet həyatınız başladı. Universitet kollektivi haqqında nə deyə bilərsiniz? Onlar sizi necə qarşıladı?
- Bu kollektiv çox möhtəşəm bir kollektivdir. Kollektivin özünəməxsus ənənələri var və həmin ənənələr bu gün də yaşayır. Bu ənənələrin mayası humanism, sevgi, doğmalıq hissləri ilə yoğrulmuşdur. Kollektivin üzvləri onun hər bir üzvünə qayğı göstərir, xeyrində-şərində iştirak edir, kimsə xəstələnəndə hamı ona baş çəkir, kömək edir, uğur qazanması üçün yol göstərir… nə deyim, onları sözlə  izah etmək yəqin ki, mümkün deyil, onları görmək lazımdır, bir gün universitetdə işləmək kifayətdir ki, universitet kollektivinin nə qədər zəngin dəyərlərə malik olduğunu görə biləsən.
- İndiki  tədqiqatlarınız haqqında məlumat almaq istərdik?
- Müəllim işlədiyim müddətdə elmi fəaliyyətlə də məşğul olmuşam. Elmi fəaliyyətim iki istiqaməti özündə ehtiva etmişdir. İlk tədqiqatım tərbiyənin demoq­rafik problemlərlərinə həsr edilmişdir. Problemi tədqiq edərkən mən ailənin demoq­rafik tiplərinin, uşaq­ların sayının və valideynlərin peşə-təhsil səviyyəsinin şagird şəxsiyyətinin formalaşmasına təsirini öyrəndim. Tədqiqatın nəticəsində aydın oldu ki,  ailənin bütün demoqrafik tiplərində və müəyyən etdiyimiz yarımqruplarda şagird şəxsiyyətinin inkişafı baxımından həm yüksək, həm orta, həm də aşağı səviyyəyə malik şa­girdlərin vardır. Bu nəticələrin səbəblərini müəyyən etmək üçün “eks-post faktum” metodundan istifadə edərək, hadisələrin müqayisəli təhlili nəticəsində demoqrafik amillərin şagird şəxsiyyətinin formalaşmasına təsirinin səbəb - nəticə əlaqələrini müəyyən etdik. Bizi demoqrafik amillərin şagird şəxsiyyətinin inkişafına hansı hallarda pozitiv, hansı hallarda neqativ təsir göstərməsinin səbəblərini müəyyən etmək maraqlandırırdı. Aparılan təhlillər nəticəsində məlum oldu ki, demoqrafik amillər şagird şəxsiyyətinin inkişafına birbaşa deyil, ailədaxili münasibətlər vasitəsi ilə təsir edir. Ailədaxili münasibətlər gərginləşəndə uşaq evdə “yadlaşır” və özünə həmdərd, tərəfkeş yoldaş və dost axtaranda qeyri-formal uşaq qruplarında rahatlıq tapır. Günü xoş keçdikdə, bu qruplar onun üçün sözün əsl mənasında referent qrupa çevrilir. Belə hallarda şagirdin təlimə münasibətlərində tədricən ciddi dəyişikliklər əmələ gəlməyə başlayır. Əldə etdiyimiz materialların müqayisəli təhlili göstərdi ki, müvafiq neqativ təsirlər vaxtında islah olunmursa, aradan qaldırılmırsa, daha ağır pedaqoji fəsadlarla  nəticələnir. Şagird nəinki təlimdə geri qalır, çox vaxt asanlıqla “çətin” yeniyetməyə, bir sıra hallarda isə hətta yetkinlik yaşına çatmamış cinayətkara çevrilir. Bunun qarşısını almaq üçün biz məktəbdə demoqrafik amillərin neqativ təsirlərinin aradan qaldırılması yollarını işləyib hazırladıq.
Son 15 ildə isə mən Azərbaycanın böyük psixoloqu professor Əbdül Əlizadə ilə birlikdə təhsilin psixologiyası istiqamətində tədqiqatlar aparmışam. Bu tədqiqatlar Ə.Əlizadənin üçtərkibli taksonomiyasına əsaslanır. Bu taksonomiyanın tərkib hissələri belədir: I mərhələ öyrənmə; II mərhələ inkişaf; III mərhələ mədəniyyət.
Uzun əsrlər ərzində təlim yaddaş meyarına əsaslanmışdır. Bu təlim maarifləndirici xarakter daşıyaraq, mənimsəmə episentri üzərində köklənmişdir. Taksonomiyanın öyrənmə hissəsi biliklərin mənimsəməsini özündə ehtiva edir. XX əsrdə psixoloqların tədqiqatları nəticəsində intellektin inkişaf modeli kəşf edildi. Təlim qarşısında belə bir vəzifənin qoyulması, onun həlli yollarının axtarılmasını tələb edirdi. Amerika psixoloqu B.Blumun təlim məqsədləri taksonomiyası bu vəzifənin həyata kecirilməsi baxımından əsrin təlim konsepsiyasına çevrildi. Sadə təlim fəaliyyətindən başlayaraq mürəkkəb təlim fəaliyyətinə qədər idrak bacarıqları təsnif edən bu taksonomiya iki hissədən - təhsilverici və inkişafetdirici hissələrdən oldu və fəal-/interaktiv təlimin yaranmasına səbəb oldu. Ənənəvi təlim əgər yaddaşın inkişafına istiqamətlənmişdirsə, fəal-/interaktiv təlim hafizənin, təfəkkürün və təxəyyülün inkişafına yönəlmişdir. Lakin müasir təhsil nəzəriyyələrinə görə, təlim dərsin didaktik, inkişafetdirici və tərbiyəedici məqsədlərinin vəhdətdə həyata kecirilməsini tələb edir. B.Blumun taksonomiyasında didaktik və inkişafetdirici vəzifəyə üstünlük verilsə də, tərbiyəedici vəzifə diqqətdən yayınmışdır. Bu istiqamətdə taksonomiyanın təkmilliyi onun üçüncü tərkib hissəsinin olmasını tələb edir. Ə.Əlizadənin təklif etdiyi taksonomiya şəxsiyyətyönümlü təlim olub, şagirdlərin şəxsiyyət keyfiyyətlərinin formalaşması imkanlarını genişləndirilməsini tələb edir ki, bu da təfəkkürünün, təxəyyülünün, intellektin  inkişaf imkanlarını daha da genişləndirir. Biz bu istiqamətdə tədqiqat apararaq müasir təlim konsepsiyaları müstəvisində bu taksonomiyanın tətbiqi yollarını araşdırırıq.
- Bu tədqiqatlar nəticəsində nə qədər əsəriniz nəşr olub?
- Mən bu günə qədər 18 monoqrafiyanın, kitabın, dərsliyin, dərs vəsaitinin, 200-ə qədər məqalənin, tezisisin, proqramın, metodik vəsaitin müəllifiyəm.
- Professor kimi yəqin ki, siz doktorantlara da rəhbərlik edirsiniz?
- Səkkiz nəfər mənim elmi rəhbərliyimlə artıq pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Hazırda rəhbərlik etdiyim üç nəfər doktorant müdafiə ərəfəsindədir. Daha beş nəfər doktoranla isə tədqiqatlar aparırıq.
- Sizin  həm də ictimai fəaliyyətiniz də vardır...
- Bəli, mən xeyli vaxtdır Təhsil Şurası İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi ictimai fəaliyyət göstərirdim. Bu il həmin Şuranın sədri seçilmişəm. Eyni zamanda bu il Təhsil Nazirliyində yeni yaradılmış İctimai Şuraya və İqtisad Universitetində fəaliyyət göstərən İctimai Nəzarət Şurasına üzv seçilmişəm.
- Bu qədər işi yerinə yetirməyə necə vaxt tapırsınız?
- İctimai fəaliyyətim mənim ixtisasımla bağlı olduğu üçün çətinliklərlə üzləşmirəm. Axı mən 1981-ci ildən təhsil problemləri istiqamətində tədqiqatlar aparıram. İctimai fəaliy­yətimdə  tədqiqatlar nəticəsində əldə etdiyim bilikləri tətbiq edirəm.
Sizin fəaliyyətiniz haqqında kifayət qədər geniş məlumat əldə etdik. Bizdə belə fikir yarandı ki, Siz kifayət qədər maraqlı fəaliy­yətə maliksiniz. Sizin haqqınızda eşitmişdik, bir neçə dəfə dərs dediyiniz tələbələrlə həmsöhbət olmuşuq və onlarla sırf təsadüfən Sizin haqqınızda söhbət etmişik. Sizi həm müəllim kimi, həm də dekan kimi həm müəllimlərə, həm də tələbələrə qayğı ilə yanaşan, çox maraqlı dərs deyən, həmişə ədalətli qərarlar qəbul edən, təvazökar, səmimi, qayğıkeş bir insan kimi xarakterizə ediblər. Bugünkü müsahibədən sonra bizdə olan məlumatlar öz təsdiqini tapdı. Kollektivimiz Sizi sonda bir daha təbrik edir, Sizə fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

“Təhsil”шаблоны для dle 11.2