Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik İsa Həbibbəyli: “AMEA müstəqil dövlətimizin aparıcı elmi mərkəzi kimi çoxşaxəli elmi və təşkilati fəaliyyətini genişləndirir”



Azərbaycan orta əsrlərdə Şərq və dünya elminin inkişafında mühüm rol oynayıb. Bu dövrdə ölkə ərazisində fəaliyyət göstərən alimlər fəlsəfə, riyaziyyat, astronomiya, tibb və dilçilik kimi müxtəlif sahələrdə dəyərli elmi əsərlər yaradıb, ümumbəşəri elmi irsin zənginləşməsinə önəmli töhfələr veriblər.

Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Dövlət İqtisad Universitetində hər il ənənəvi olaraq keçirilən “Elm Günləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.  

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanın elmi mühiti Şərq ilə Qərb arasında bilik və ideya mübadiləsinin əsas mərkəzlərindən biri kimi çıxış edib, burada formalaşan elmi yanaşmalar və nəzəriyyələr sonrakı dövrlərdə də elmin inkişafına güclü təsir göstərib.
Azərbaycan elminin tarixinin dərin köklərə söykəndiyini söyləyən AMEA rəhbəri qeyd edib ki, Azıx mağarasının divarlarına hələ 400 min il əvvəl işarələr yazan insanlar Azərbaycanda biliklərin yaranmasında ilk addımlar atmışlar. Onun sözlərinə görə, VII əsr Azərbaycan və ümumtürk tarixini əks etdirən qədim epos olan “Kitabi- Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqud isə oğuz türklərinin ilk şairi və elm xadimi hesab olunur.

O, Azərbaycanın dünyada ilk Akademiya quran ölkələrdən biri olduğunu deyərək ölkəmizdə Akademiya tipli ilk elmi qurumun XIII əsrdə görkəmli elm xadimi Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanası olduğunu diqqətə çatdırıb. Bildirib ki, universal akademik qurum olan Marağa Rəsədxanasında astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və sair kimi elm sahələrinə dair tədqiqatlar aparılıb. Həmçinin XIV əsrdə təsis edilmiş, Rəşidəddinin rəhbərlik etdiyi Təbriz Daruş-Səfa Akademiya şəhərciyi də universal fəaliyyət sahəsinə malik olub, bir çox elmləri və təhsil sahəsini də əhatə edib.

AMEA rəhbəri ölkəmizdə elmin təşkilatlanması işinə XX əsrdə başlanıldığını söyləyərək, 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi varisi olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA bir elmi qurum kimi maarifçi missiyasını ardıcıl və uğurla davam etdirir. Bununla yanaşı, XXI əsrin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf, yaşıl transformasiya və elektron xidmətlər kimi istiqamətlər bu gün akademik elmi gündəliyin əsas prioritetlərini təşkil edir. Davamlı yenilənmə mərhələsində olan AMEA müstəqil dövlətimizin aparıcı elmi mərkəzi kimi çoxşaxəli elmi və təşkilati fəaliyyətini genişləndirir, eyni zamanda gələcəyə yönəlmiş inkişaf strategiyaları çərçivəsində mühüm modernləşmə addımları atır.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli sərvət kimi qiymətləndirdiyi Azərbaycan Milli Elmlər Akademiyasında 2025-ci il 3 noyabr tarixində Prezident İlham Əliyevin səsləndirdiyi proqram xarakterli çıxış elmin inkişafında yeni mərhələnin konturlarını müəyyənləşdirib. Çıxışda müasir dövrdə texnoloji tərəqqinin əsas prioritet kimi önə çəkildiyini vurğulayan AMEA rəhbəri elmin gündəliyində Azərbaycanşünaslıqla yanaşı, süni intellekt, rəqəmsallaşdırma, kibertəhlükəsizlik və alternativ enerji mənbələrindən istifadənin mühüm istiqamətlər kimi formalaşdığını deyib, bu sahələr üzrə ciddi vəzifələrin müəyyən edildiyini bildirib. Vurğulayıb ki, qeyd olunan strateji çağırışlara uyğun olaraq AMEA, həmçinin AR Elm və Təhsil Nazirliyinə tabe olan və digər qurumların tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri institusional islahatlar həyata keçirir. Bu qurumlar dövlət başçısının müəyyənləşdirdiyi inkişaf xətti əsasında müstəqil Azərbaycan dövləti qarşısında duran elmi və strateji vəzifələrin icrası üçün məqsədyönlü və ardıcıl addımlar atmaqdadırlar.

O, AMEA-nın Qarabağ Universiteti ilə birgə fəaliyyətdən də danışaraq bildirib ki, ötən ilin may ayında Qarabağ Universitetində ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin iclası keçirilib. İclasdan əvvəl Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə Akademiyanın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans təşkil edilib. Bununla yanaşı, Qarabağ Universitetinin kitabxanasına AMEA tərəfindən 1200-dən çox kitab hədiyyə edilib. Akademik İsa Həbibbəyli Elm günü ilə əlaqədar daha 1000 kitabın bu ali məktəbə hədiyyə olunacağını diqqətə çatdırıb.

AMEA prezidenti Elm gününün ölkənin ən aparıcı və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət İqtisad Universitetidə keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu universitet hazırda həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təhsil və elmin inkişafı sahəsində əldə etdiyi nəticələrlə seçilən qabaqcıl ali məktəblər sırasındadır. Xüsusilə son illərdə, eləcə də cari ildə universitetin beynəlxalq reytinqlərdə qazandığı rekord göstəricilər bu mövqeni əyani şəkildə təsdiqləyir.
Çıxışının sonunda akademik İsa Həbibbəyli elmi ictimaiyyətin nümayəndələrini ümumbəşəri bayram hesab olunan Elm günü münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

www.science.gov.az 


Tarix: Bu gün, 19:49

Xəbəri paylaş