Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda uşaq SİM-kartları internet təhlükəsizliyi üçün vacibdir



Azərbaycanda uşaqlar üçün xüsusi SİM-kartların tətbiqi aktual məsələdir, lakin bunun həyata keçirilməsi üçün mövcud qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zəruridir.
Bunu AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov deyib.
O qeyd edib ki, hazırda ölkədə SİM-kartların əldə olunması ilə bağlı müəyyən yaş məhdudiyyətləri mövcuddur və mövcud qaydalar köhnə yanaşmalara əsaslanır. Ekspert qeyd edib ki, uşaqların internetdən istifadəsi ilə bağlı yeni yanaşmalar formalaşdıqca, bu sahədə ayrıca mexanizmlərin yaradılması da zəruri olur.
“Uşaqların internetə çıxışı ilə bağlı artıq müəyyən qərarlar qəbul olunub. Bu da gələcəkdə uşaq SİM-kartlarının yaradılması və onların istifadəsi üzrə prosedurların formalaşdırılması üçün ekosistemin bir hissəsi ola bilər”, – deyə F.Kazımov bildirib.





Ekspertin fikrincə, bir sıra ölkələrdə uşaqların internet resurslarına çıxışına nəzarət etmək üçün xüsusi texnoloji həllər tətbiq olunur. Məsələn, bəzi hallarda mobil internet üzərindən müəyyən yaş məhdudiyyətli resurslara daxil olmaq istəyən istifadəçilərdən şəxsiyyətin təsdiqlənməsi tələb edilir. Bu, ya real vaxt rejimində üz tanıma texnologiyası vasitəsilə, ya da şəxsiyyət vəsiqəsi və digər identifikasiya sənədlərinin təqdim edilməsi yolu ilə həyata keçirilir.
F.Kazımov qeyd edib ki, belə mexanizmlər istifadəçinin həqiqətən 18 yaşdan yuxarı olub-olmadığını təsdiqləməyə imkan verir və uşaqların müəyyən məhdudiyyətli resurslara girişinin qarşısını almağa kömək edir.
Ekspert bildirib ki, hazırda Azərbaycanda bir çox hallarda uşaqlar mobil telefonlardan valideynlərin adına alınmış SIM-kartlar vasitəsilə istifadə edirlər. Bu isə internetdə yaş məhdudiyyətlərinin tətbiqini çətinləşdirir.
“Bu baxımdan uşaq SİM-kartlarının yaradılması müəyyən məhdudiyyətlərin tətbiqi və uşaqların internetdə qorunması baxımından əhəmiyyətli ola bilər”, - deyə o vurğulayıb.
Eyni zamanda, F.Kazımov hesab edir ki, uşaqların internet təhlükəsizliyi məsələsinə yalnız sosial şəbəkələr kontekstində yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, şəbəkə üzərindən oynanan kompüter oyunlarında da müxtəlif çatlar və ünsiyyət kanalları mövcuddur ki, bu da bəzi hallarda uşaqlara mənfi təsir göstərən şəxslərin onlarla əlaqə qurmasına şərait yarada bilər.
“Bəzi hallarda uşaqların istifadə etdiyi platformalarda istifadəçi identifikasiyası tam aydın olmur. Bu səbəbdən də böyüklər özlərini uşaq kimi təqdim edərək psixoloji təsir göstərməyə cəhd edə bilirlər. Bu risklər də nəzərə alınmalıdır”, – deyə ekspert əlavə edib.
Ekspertin sözlərinə görə, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün həm sosial şəbəkələrdə, həm də onlayn oyun platformalarında nəzarət və qoruyucu mexanizmlərin tətbiqi vacibdir.



Tarix: Dünən, 22:29

Xəbəri paylaş