Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Akademik: Süni intellekt yeni imkanlarla yanaşı, daha ciddi problemlərə yol açır


Süni intellektin cəmiyyətin həyatına geniş şəkildə daxil olması yeni imkanlarla yanaşı, daha ciddi problemlərə də yol açır.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.
Alim süni intellekt vasitəsilə saxta foto, video və audio materialların yaratdığı təhlükələrdən bəhs edib. O qeyd edib ki, bu cür texnologiyalar informasiya manipulyasiyasına, ictimai rəyin yönləndirilməsinə və hətta şəxsi nüfuzun zədələnməsinə səbəb ola bilər.
Akademik Azərbaycanda kibercinayətkarlıqla mübarizə istiqamətində görülən işlər barədə məlumat verərək rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb. Bildirib ki, ölkədə informasiya təhlükəsizliyinin gücləndirilməsi, kibertəhdidlərin qarşısının alınması və rəqəmsal savadlılığın artırılması istiqamətində mühüm addımlar atılır.
Süni intellektin geniş tətbiqinin doğurduğu riskləri vurğulayan Rasim Əliquliyev bu sahədə normativ-hüquqi bazanın formalaşdırılmasının vacibliyini qeyd edib. O bildirib ki, süni intellekt texnologiyalarının tənzimlənməsi, etik prinsiplərin müəyyənləşdirilməsi və məsuliyyət mexanizmlərinin yaradılması müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.
“Milli Məclisin bu yaxınlarda keçirilmiş iclasında Cinayət Məcəlləsinə sözügedən istiqamətdə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Bu dəyişikliklər süni intellekt vasitəsilə törədilə bilən hüquqpozmalara qarşı daha effektiv hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur”, - deyə alim bildirib.
Qeyd olunub ki, süni intellektdən düzgün və məsuliyyətli istifadə cəmiyyətin inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi xüsusi önəm kəsb edir.


Tarix: Dünən, 22:24

Xəbəri paylaş