BMU-da 31 Mart soyqırımı ilə bağlı açıq dərslər təşkil edilib



Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tələbələr üçün silsilə açıq dərslər təşkil olunub.
BMU-dan bildirilib ki, Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva, dosent Qafar Ocaqlı, baş müəllimlər Elnur Nəciyev, Yalçın Zeynalov, müəllim Ramiz Nəcəfli tərəfindən keçirilən açıq dərslərdə 1918-ci ildə baş verən qətliamların tarixi səbəbləri və ağır nəticələri ətraflı izah olunub. Bildirilib ki, həmin hadisələr Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi zorakılıq aktları idi. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı dəstələri tərəfindən minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Qadınlar, uşaqlar, qocalar amansızcasına öldürülüb, yaşayış məntəqələri yerlə-yeksan edilib, xalqımızın maddi və mənəvi irsi məhv olunub.
Çıxışlarda arxiv materiallarına və tarixi faktlara əsaslanaraq törədilən faciələr barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda, bu hadisələrin milli yaddaşda qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Müəllimlər qeyd ediblər ki, tariximizin bu ağır səhifələrinin öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.
Açıq dərslər zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Tarix: Dünən, 22:26
