“YURD DEDİYİM BU TORPAQ”
Bu günlərdə “Araz” nəşriyyatı tərəfindən Nəzakət Məmmədovanın “Yurd dediyim bu torpaq” adlı kitabı (Bakı, 2018, 144 səh.) çap edilmişdir. «Yurd dediyim bu torpaq» Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü (2010), “Qızıl qələm”, “Rəsul Rza”, “Mikayıl Müşfiq” mükafatları laureatı, istedadlı şairə Nəzakət xanımın “Ömrüm” (Bakı, 2008), “Ömrün qatarı” (Bakı və Tehran, 2013), «Saralmış yarpağa benzeyir ömrüm» (Türkiyə, 2014) kitablarından sonra oxucularla yeni görüşüdür.
Kitabda toplanmış şeirlərin və “Şəhid zirvəsi” poemasının əsas qayəsi yurd həsrəti, Vətən dərdidir. Heç şübhəsiz, qəm əkib, dərd göyərdən vətəndaş şairənin göz yaşlarına bələnmiş bu nisgilli misralar Qarabağ həsrəti, bütöv Azərbaycan eşqi ilə çırpınan hər bir türk övladını, poeziyasevərləri ciddi şəkildə düşündürəcəkdir.
Adından nisgil tökülür, kədər yağır, sahibsiz qalmış ocaqlar hayqırır. Nədənsə yurd, torpaq deyəndə ilk yada düşən Zəngəzur, Dərələyəz, Basarkeçər, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli ... əsirlikdə qalan torpaqlarımız olur. İndi Vətən həsrətli, həssas, təəssübkeş insanların qəlbinin hər döyüntüsündə düşmən tapdağında qalmış o torpaqların iniltisi duyulur.
Çatlayır nar kimi sinəmdə ürək,
Qədrini vaxtında biləydik gərək
Kaş külək olaydım, dəli bir külək -
Əsəydi üstündə sözüm yurdumun.
Nəzakət xanım qəlb sızıltısıyla yazır bu sözləri “Yurd dediyim bu torpaq” kitabında. Kitabda toplanmış şeirlərin və “Şəhid zirvəsi” poemasının əsas qayəsi də yurd həsrəti, Vətən dərdi, qarı düşmənə qarşı barışmazlıqdır. Şəhid mövzusu Nəzakət xanımın bütün yaradıcılığında əsas leytmotiv kimi keçir.
Yaman narahatdır ruhun, bilirəm,
Durur qisas günün hələ, şəhidim.
Torpaq qan içində - düşmən əlində,
Dağın göz dağıdır elə, şəhidim...
Bir də ana və bacılarımızın dərdini, problemini içindən keçirmək adəti, həssas qəlbiylə dərdlərinə dərman olmaq istəyi var müəllifin.
Göz yaşların yanağının sığalı,
Qəm-qüssədir qəlb evinin qonağı,
Ağ saçların qara günün sınağı,
Tənha qadın, alın yazın beləymiş...
Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin «Respublika Xatirə Kitabı» redaksiya-nəşriyyatının baş redaktoru işləyən həzin, kövrək təbiətli Nəzakət Məmmədovanın bu kitabının da əvvəlki kitabları kimi geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına əminik.
Fəridə RƏHİMLİ
Tarix: 31-05-2018, 11:52