Uşaqların icbari müayinəsi çox vacibdir
Bu gün uşaqlarımızın hərtərəfli, cəmiyyət üçün faydalı vətəndaşlar kimi yetişməsi üçün onların sağlam böyümələri mühüm əhəmiyyət kəsb edir. Cəmiyyət üzvlərinin ən ümdə vəzifəsi də gələcəyimizi təmin edəcək uşaqların sağlam inkişafına vəsilə olmaqdır. Bu isə həm valideynlərin, həm sağlamlığımızın keşiyində dayanan həkimlərimizin qarşısında duran başlıca vəzifə kimi aktuallığını hər zaman saxlamaqdadır. Çünki uşaqların, xüsusən də məktəbyaşlı uşaqların xəstəliklə əlaqədar tədrisdən kənarda qalması arzuolunan deyil. Uşaqlarımızı dövrün xəstəliklərindən necə qorumalı? Onların sağlam böyüməsinə necə nail olmalı? Bu və digər suallarımızı Bakıdakı 3 saylı Kliniki Xəstəxananın Uşaq xəstəlikləri şöbəsinin müdiri Ramiz İsmayılovla müzakirə etdik.
- Bu gün uşaqlar arasında ən çox hansı xəstəliklərin yayılmasını qeyd edərdiniz?
- Bu gün uşaqlar arasında yuxarı tənəffüs yollarının virus və bakterial mənşəli xəstəlikləri daha çox yayılıb. Xəstəliklər ən çox məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarda rast gəlinir. Bu da onların immun sisteminin vəziyyətindən və uşaqların olduqları mühitdə daha çox bir -biri ilə təmasda olmaları ilə əlaqələndirilir. Məktəbyaşlı uşaqlarda boğaz ağrıları, boğazın irinli iltihabı - anginaları çox olur. Fəsildən asılı olaraq 6-14 yaşlı şagirdlərdə revmatizm xəstəliyinin aktivləşməsi də baş verir. Kiçik yaşlı məktəblilər arasında son illər öd yollarının, öd kisəsinin diskineziyasına da çox rast gəlinir. Qanazlığı problemi, qurd xəstəlikləri də xeyli artıb.
- İnfeksiyaların qarşısını almaq üçün uşaqların immunitetini necə qaldırmaq olar? Ümumiyyətlə, sizin immunitet məsələsinə münasibətiniz necədir?
- İlk növbədə, immunitet nədir? Buna aydınlıq gətirək. İmmunitet qorunmaq, dözüm, davamlılıq deməkdir. Bu yalnız xəstəliklərə deyil, eyni zamanda ətraf mühitin mənfi faktorlarından qorunmaq və onlara qarşı dözümlü olmaqdır. İmmunitetdə insanın gen faktorunun da böyük rolu var. Bəzən ayrı-ayrı millətlər eyni xəstəliyi müxtəlif gedişatlarla keçirə bilərlər və sağalma müddətləri də fərqli ola bilər.
Müxtəlif infeksiyalara qarşı immuniteti artırmağa uşaq həyatının ilk illərindən başlamaq lazımdır. Yeni doğulmuş uşaqlar mütləq təbii - ana südü ilə qidalanmalıdır. Əvvəllər ana südü 6 aylıqda, 1 yaşa qədər mütləq sayılırdısa, indi 2 yaşa qədər verilməsi tövsiyə olunur.
Ana südü tək qida deyil, təkcə müxtəlif xəstəliklərə qarşı hazır immunitet mənbəyi deyil, eyni zamanda milli "kod" mənbəyidir. Yəni bəzən biz uşağın hansı südlə bəslənməyinə görə onun milli, əxlaqi, dini mənsubiyyətini belə müzakirə edirik. Körpə uşaqlarda immunitetin artırılmasının ən önəmli məsələsi onların bağırsaq sisteminin vəziyyətidir. Həzm və sorulma proseslərinin normaya salınmasıdır. Bağırsaq mikroflorasının pozulmasının (disbakteriozun) qarşısının alınmasıdır. Sonrakı yaş qruplarının öz spesifikasına uyğun ummunitetin korreksiya üsulları vardır.
- Xəstəliklərin geniş yayıldığı indiki dövrdə uşaqların icbari müayinədən keçirilməsinə necə baxırsınız?
- İndiki dövrdə uşaqların icbari müayinəsi - dispanserizasiyası çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ilin martında "Uşaqların icbari dispanserizasiyası haqqında" qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir. Bu qanun uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi, normal fiziki inkişafı, xəstəliklərin ilkin mərhələdə aşkar edilməsi tədbirlərini müəyyən edir. Bu işə səhiyyənin ən yaxşı mütəxəssisləri cəlb olunub.
Aşkar olunan xəstələr və xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür. Bu qanun respublikada profilaktik tibbin inkişafına çox böyük təkan verir.
- Necə bilirsiniz, uşaqları həkimə yalnız xəstələndikdə aparmaq lazımdır?
- Bir çox inkişaf etmiş ölkələrdə xəstə uşaq həkimə, poliklinikaya xəstəliyin ilk günlərində, ya da xəstələnmə riski olan zaman müraciət edirlər. Bizdə isə həmişə belə olmur. Xəstələr bəzən xəstəliyin ağırlaşma formalarında müraciət edirlər.
Xəstəliyin ilk günlərində bəzən simptomatik müalicə kifayət edir. Ağırlaşmış formalarda isə müalicə kursu uzanır. Ağır antibiotiklər, damardaxili manipulyasiyalar lazım olur. Bu isə xəstə üçün, onun yaxınları üçün həm maddi, həm də mənəvi cəhətdən ziyandır. Respublikada aparılan icbari dipanserizasiya bir növ bu məqsəd üçün aparılır.
- Bəzən valideynlər uşağı həkimə aparmadan aptekdən dərman alır və bir növ "müalicə" ilə məşğul olur. Bu isə bəzən ciddi fəsadlara səbəb olur. Bu barədə nə deyə bilərsiniz?
- Bir neçə 10 il əvvəl xəstələrə bütün köməyi tibb işçiləri aparırdı. Xəstələrə əzələyə, venaya iynə vurmaq, imalə etmək qorxulu sayılırdı. Əhali arasında tibbi maarifləndirmə işinin aparılması, kütləvi informasiya vasitələrində tibbi vərdişlərin nümayişi bir çox hallarda valideynləri cəsarətli edib. Əzələyə olan iynələr, bəzən venaya olan müdaxilə, müxtəlif imalələr indi çox vaxt evdə valideynlər tərəfindən aparılır. Əksər hallarda olmasa da, bəzən fəsadlar baş verir. Ancaq ağır nəticələr də ola bilər. Ona görə də həkimsiz, özbaşına aptekdən dərman almaq və evdə müalicə ilə məşğul olmaq qadağandır.
- İndi çoxları dərmanların keyfiyyətindən şikayətlənir. Uzunmüddətli dərman müalicəsi nəticə vermir. Uşaq orqanizmi sanki dərmanların sınaq obyektinə çevrilir. Azyaşlıları mümkün infeksiyalardan necə qorumalı, valideynlərə hansı tövsiyələriniz var?
- Dövlət xəstəxanalarında dərman təminatı olduğu üçün keyfiyyət məsələsi etibarlıdır. Çünki bütün dərmanlar innovasiya mərkəzindən alınır. Evdə ambulator müalicə alan xəstələr dərmanları apteklərdən alır. Bu dərmanlar müxtəlif firmaların olduğu üçün keyfiyyətinə təminat vermək olmur. Belə dərmanlarla müalicə bəzən effekt vermir və müalicə kursu uzanır. Bu isə, siz dediyiniz kimi, uşaqların dərmanların sınaq obyektinə çevrilməsinə səbəb olur. Azyaşlı uşaqların xəstəliklərdən qorunmasının əsas tədbiri kimi profilaktik peyvəndləri qeyd etməliyik. Profilaktik peyvəndlər bir çox qorxulu infeksiyaların tamamilə yox olmasına səbəb olub. Ona görə də əsas göstəriş yoxdursa, peyvəndlərin olunması mütləqdir.
Valideynlərə isə tibbi biliklərinin artırılmasını məsləhət görərdim. Bu işdə səhiyyə işçiləri onlara daim öz köməkliklərini göstərməyə hazırdır.
- Bəzən deyirlər ki, 90-cı illərin uşaqları indikilərə nisbətən daha möhkəm orqanizmə malik olub. Bu fikrə münasibətiniz?
- Tibbi statistika göstərir ki, 90-cı illərlə müqayisədə bəzi xəstəliklər artıb, bəziləri isə əsaslı şəkildə azalıb. Məsələn, əvvəllər uşaqlar arasında çox yayılmış "sepsis" xəstəliyinə indi çox nadir hallarda rast gəlinir. Bir çox qorxulu infeksiyalara artıq rast gəlinmir. Ancaq elmin, texnikanın bu inkişafı dövründə stress, əsəbilik, depressiyalar artıb. Ona görə də bəhs etdiyiniz möhkəmlik nisbi göstəricidir.
- Maraqlı söhbət üçün təşəkkür edirik, sonda oxucularımıza nə deyərdiniz?
- Mən də sizə, oxuculara sağlamlıq arzulayıram.
O.MUSTAFAYEV
Tarix: 15-01-2018, 15:05