Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib

 
Oktyabrın 31-də Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin və hazırlanacaq normativ sənədlərlə bağlı birgə müzakirələrin aparılması olub.
Tədbirdə təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, dövlət qurumlarının, peşə təhsili müəssisələrinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, layihə və özəl sektorun təmsilçiləri, ekspertlər  iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğunu, bu sahədə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, “Peşə təhsili haqqında” Qanun yaxın gələcəkdə bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dəyişikliklərə nail olunmasına təkan verəcək. İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınmasının Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri olduğunu qeyd edən nazir bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək iqtisadiyyatda müasir meyllərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsaqzai həyata keçirilən layihələrin ölkədə peşə təhsili sisteminin məzmun və keyfiyyətinin yaxşılaşdırılmasına təkan verdiyini vurğulayaraq, yeni yaradılan mərkəzlərin peşə təhsilinin inkişafı sahəsində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Aleksandra Nerisanu Aİ ilə ölkəmiz arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edərək, əsas diqqətin ölkədə peşə təhsiliə yönəldiyini və bir sıra birgə layihələrin həyata keçirildiyini bildirib.
Daha sonra konfrans öz işini plenar iclaslarla davam etdirib. Plenar iclaslarda “Vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması Qaydaları” layihəsi müzakirə olunub, bu sahədə beynəlxalq ekspertlərin fikirləri dinlənilib.
Qeyd edək ki, konfrans Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.


Tarix: 1-11-2018, 09:48

Xəbəri paylaş