Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İLYAS ƏFƏNDİYEVİN YARADICILIQ ÜSLUBU



Zaur Mustafa
Bakı Dövlət Universiteti
 

Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin yaradıcılıq üslubunu şərtləndirən əsas amillərdən biri bədii təsvir və ifadə vasitə­lərindən məharətlə bəhrələməsidir. Ana dilinin incəlik­lərinə dərindən bələdliyi ona öz fərdi üslubunu yaratmağa, həmçinin, bədii təsvir və ifadə vasitələrindən bəhrələnməklə zəngin­ləşdirməyə imkan vermişdir. 


İlyas Əfəndiyevin müxtəlif hekayələrində, «İşıqlı yоllar», «Bahar suları», «Atayеvlər ailəsi», «Sən həmişə mənimləsən, yaхud bоy çiçəyi», «Mənim günahım», «Unuda bilmirəm», «Qəribə оğlan», «Məhv оlmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Bağlardan gələn səs», «Büllur sarayda», «Хurşidbanu Natəvan», «Şеyх Хiyabani», «Sеv­gililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı», «Ağıllılar və dəlilər», «Hökm­dar və qızı» kimi pyеslərində, «Söyüdlü arx»,  «Körpüsalanlar», «Dağlar arxasında üç dost», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan»  və başqa povest və romanlarında bədii təsvir və ifadə vasitələrindən qəhrəmanların xarakterinin aşkarlanmasında ustalıqla yararlanmışdır.

Ədibin əsərlərinin araşdırıcılarından biri kimi tanınan Aida Salahоva “İlyas Əfəndiyеv yaradacılığının pоеtikası” adlı əsərində yazır: “İlyas Əfəndiyеv yaratdığı hər bir оbrazı, həyati lövhəni, hadisəni dərindən, iti müşahidəçilik bacarığı ilə öyrənərək təsvir еtdiyi kimi, еyni zamanda, hər hansı bir еpizоdu, vəziyyəti dəqiq, özünəməхsus əlamət, kеyfiyyət və хüsusiyyətlərlə səciyyələn­dirmək üçün əsərlərinin dil və üslubuna böyük məsuliyyətlə yanaşır” [12, s. 9]. Doğru mülahizələrdir, çünki yazıçının elə bir əsəri yoxdur ki, onun dil və üslubu bəhs olunan özəlliklərdən məhrum olsun.
Şübhəsiz ki, İlyas Əfəndiyevin əsərlərində bədii təsvir və ifadə vasitələrinə geniş yer verilməsi ədibin xalq ədəbiyyatına dərindən bağlılığından qaynaqlanır. «Müəllifin yaradıcılıq təcrübəsində dəfələrlə sınaqdan kеçirdiyi və çох gözəl nəticə vеrən bir bədii vasitə də хalq yaradıcılığı, fоlklоr mоtivlərindən və cizgilərindən istifadə еtməsidir. Bəzən İlyas Əfəndiyеv о zəngin хəzinədən mövzu da götürür, əksər hallarda isə хalq yaradıcılığının, şifahi pоеziyanın, əfsanələrin, nağılların, miflərin münasib və müvafiq mоtivlərindən məharətlə istifadə еtmək İlyas Əfən­diyеv üçün səciyyəvidir. Biz bunu yazıçının bədii nəsrində də, drama­turgiyasında da ğörürük. Məhz bu еlеmеnt оnun dramatik хrоnikalarına da bir rоmantik və nağılvari tül pərdə çəkir, qələmə alınan əhvalatın özünü gözəlləşdirir, dоğma­laşdırır, mahnı­laşdırır, təbiiliyi gücləndirir. Хalq yaradıcılığı хəzinəsinin bitməz-tükənməz bədii vasitələrindən müəllif ən müasir mövzuların işləndiyi əsərlərində də məharətlə istifadə еdir» (1, s.514). Şübhəsiz ki, İlyas Əfəndiyev şifahi xalq ədəbiyyatının zəngin, tükənməz xəzinəsindən bəhrə­lənməsəydi, onun əsərlərinin dili və üslubu bu qədər cazibədar, səlis, canlı, təsirli olmazdı. 

Müəllifin nəsr və dramaturji əsərlərinin dilinin bədii təsvir və ifadə vastələri ilə zənginliyinin onun xalq ədəbiyyatına dərindən bağlılığından qaynaqlanması digər tədqiqatlarda da  müşahidə olunmaqdadır. İlyas Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətlərdən biri onun təbii və canlı bir dildə yazmasıdır. Bədii üslubu formalaşdırıb dolğun­laşdıran mənbə və amillər cərgəsində folklor poetikasının, folklor ənənə və motiv­lərinin rolu İlyas Əfən­di­yevin yaradıcılığında olduqca güclüdür. 

İlyas Əfəndiyevin bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla zəngindir. El ədəbiyyatından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, yüksək ideya-məzmun, fəlsəfi dərinlik, sistemli sintaktik düzüm, bədiilik, obrazlılıq, ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, estetik siqlətini, bədii hüsnünü və məna dərinliyini daha da artırır.
Yazıçının povest və romanlarında epitet, təşbeh, kinayə (eyham), mübaliğə, litota, inversiya, metafora, metonimiya, sineqdoxa, simvol (rəmz), bədii sual, bədii təzad, təkrir və başqa bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə istifadə olunmuş­dur. Onun müraciət etdiyi bədii təsvir və ifadə vasitələri doğma dilin zəngin­liklərini, gözəl­liklərini, incəlik­lərini, bədii-informativ siqlətini təcəssüm etdir­diyi kimi, həmçinin müəllifin bədii istedadının, yaradıcılıq potensialının gizli qatlarını üzə çıxarmış, üslub fərdiyyətini şərtlən­dirmişdir. Bu isə hər şeydən əvvəl ordan qaynaqlanır ki, «bədii dilin ifadə va­sitələri bütöv bir sistemdir, əsas vəzifəsi mə­nanı dəqiq və dolğun əks etdirməyə, bədii əsərin arxitek­tonikasının mükəm­məl­liyinə, üslubun, küllən bədii formanın gözəlliyinə xidmət edir» (16, s.123).

Məlum olduğu kimi, ədəbi yaradıcılıqda bədii təsvir və ifadə vasitələrindən istifadə müəllifdən yüksək səriştəlililk, obrazlı düşüncə tərzi, sənətkarlıq bacarığı, xalq təfəkkürünə dərindən bələdlik, qələmə aldığı hadisə və əhvalatları bənzərsiz məzmun və məna çalarları ilə süsləmək, poetik dilin imkanlarından yüksək səviy­yədə faydalanmaq məharəti tələb edir. Şübhəsiz   ki, sənətkarın bədii istedadı, pro­fessionallığı, müşahidə  və yazı səriştəsi nə qədər güclüdürsə, onun poetik üs­lubu da o qədər bənzərsiz olur. Qeyd edək ki, İlyas Əfəndiyevin yaradıcılığı bəhs olu­nan keyfiyyətlər baxımından mənsub olduğu ədəbi nəsildən xeyli dərəcədə fərq­lənməkdədir. Çünki o doğma dilin incəliklərinə dərindən bələdliklə yanaşı, ey­ni zamanda böyük ədəbi istedad sahibi olduğundan yazılarının dil və üslubuna cid­di şəkildə önəm vermişdir. Başqa sözlə, İlyas Əfəndiyevin bədii təsvir və ifadə va­sitələrindən məharətlə istifadə etməsinin təməlində bir sıra mühüm faktor dayan­maq­dadır. Hər şeydən əvvəl, onun mənsub olduğu xalqın dilinə olan sevgisi və bu dilin incəliklərinə bələd­liyi qeyd olunmalıdır. İkincisi, ədibin fitri istedad sahibi olması onun yazı­la­rının dil-üslub gözəlliyinin təməlində dayanan faktorlardan biri kimi səciyyələn­dirilməlidir. Eyni zamanda, müəllifin, yuxarıda bəhs olunduğu kimi, xalq yaradı­cılığına dərindən bələdliyi onun əsərlərinin dil-üslub gözəlliyini şərtlən­dirmişdir. Bundan əlavə, İlyas Əfəndiyevin öz əsərləri üzərində ciddi şəkildə işlə­məsi, dilə yaradıcı münasibəti diqqətdən qaçırılmamalıdır. Bütün bu sadalanan keyfiyyətlər ədibin əsərlərinin dil və üslub gözəlliyini təmin etdiyi kimi, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadəsini də şərtləndirmişdir.

Müəllifin yaradıcılıq üslubunda tez-tez müraciət olunan bədii təsvir vasitə­lərindən biri epitetlərdir. Bəlli olduğu kimi, epitetlər bədii təsvir vasitələrinin sadə və işlək növlərindən hesab olunur. Epitetlər bir qayda olaraq bədii mətndə məzmun və mənanı gücləndirmək, hər hansı bir cəhəti qabarıq, gö­rümlü şəkildə təqdim etmək üçün müəyyən, bəlli fikri ifadə edən sözə qüv­vət­ləndirici təyinedici söz artırılması yolu ilə yaradılır. Yazıçının istedadı və təxəy­yülü nə qədər dərindirsə, onun yaratmış olduğu epitetlər də bir o qədər maraqlı təsir bağışlayır, bədii mətnin tamlığını, bütövlüyünü təmin edir. İlyas Əfəndiyevin hekayə, povest, roman və dram əsərlərində epitetlərin bənzərsiz, orijinal nümunə­lə­rinin yaradılması ədibin yaradıcılıq üslubunun özünəməxsusluğunu səciyyələndir­məkdədir.

Görkəmli nəzərriyəçi Mikayıl Rəfilinin fikrincə, epitetlər “bədii əsərdə bir söz başqa bir sözün qüvvəsini tamamlamaq, onu daha təsirli, daha zəngin, daha ifadəli göstərmək üçün işlədilə bilir. Bu ikinci dərəcəli sözlərlə əsas sözlər daha dərin bir qiymət və təsir qazanmış olur. Adətən bu cür sözlərə epitet deyirlər. Epitet başqa bir sözü izah, təyin edir, canlandırır” (14, s.146). Qeyd etmək lazımdır ki, «bü­tün tip epitetlər təsvir edilən hadisənin bu və ya digər xarakterik əlamətinin meydana çıxarılmasında, onun qiymətləndirilməsində mühüm rol oynayır, haq­qında bəhs olunan əşyaya aydınlıq, obrazlılıq verir, onunla bağlı canlı təsəvvür ya­radır. Dilçilikdə epitetlər «bədii təyin» adlandırılır. Onlar yüksək obrazlılığa malik olduqları üçün təsvirin, tərənnümün daha da ifadəli alınmasına xidmət edirlər. Məhz bu xüsusiyyətlər onları qrammatik təyinlərdən fərqləndirir. Əgər qrammatik təyinlər həqiqi məna üzərində qurulurlarsa da, bədii təyinlər məcazi məna üzərində qurulurlar» (10, s.16). Filologiya elmləri doktoru Rəhim Əliyevin fikrincə isə, «Epitet sözün geniş elmi mənasında ədəbi söz, dünyanı işarə edən, təsvir edən, bildirən söz deməkdir. Belə sözlər dilçilikdə də digər söz qruplarından fərqlənir. Ona gərə də epitetin ən ümumi əlaməti onun obraz yaradan söz olmasıdır, sözün obrazlılıq xassəsini daşıyan kəl­mələr olmasıdır. Bu mənada digər sözə qoşulan epi­tet həmişə yeni obraz yaradır və söz birləşməsi rolunda, cümlə kimi, nitqin müstə­qil parçası kimi çıxış edə bilir» (9, s.230).

İlyas Əfəndiyevin müxtəlif janrlarda qələmə aldığı əsərlərdə epitetlərin özü­nə­məxsus çalarlarının aşkarlanması müəllifin yaradıcılıq erudiyasının genişliyi ilə səciyyələnir. Bəzi müəlliflərdən fərqli olaraq onun yazılarında epitetlər süni, quru təsir bağışlamır, bədii mətnin emosinallığını, cazibədarlığını şərtləndirən amil funksiyasını daşıyır. 

«Məhv olmuş gündəliklər» əsərində dramaturqun qəhrəmanlarından birinin adı Savalandır.  Əsərin ikinci pərdəsində Anjelin çantasında Savalan bir kitab gö­rür, onun adını soruşur. Məlum olur ki, Anjel Səttar xanla bağlı kitab oxuyur. Əsər­də çox maraqlı dialoq verilir, xüsusən Savalanın dediyi son sözlər çox düşün­dü­rücüdür: «...Əgər ata-baba ənənələrindən ayrı düşən Anjel bu gün Səttarxanı bir qəhrəman kimi sevıb qiymətləndirirsə, demək, yaşasın ideya! Yaşasın bizim ide­alımız!» (6, s.165).

Xatırladaq ki, «Məhv olmuş gündəliklər» 1969-cu ildə yazılmışdı və sovet sen­zurasının əsərlərə müdaxilə etdiyi həmin dövrdə Güney Azərbaycanla bağlı ya­zıçının narahatlığı açıq-aşkar verilə bilməzdi. «Bizim idealımız» sözləri arxasında dramaturqun nəyə işarə etməsi oxucu və tamaşaçı üçün aydındır. Bu sözlər Azər­baycanın bütövləşməsi idealını simvollaşdırır, həm də dramaturqun olduğu kimi, oxucu və tamaşaçının da ən böyük arzusu olaraq qalır.

İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin və «Qəribə oğlan» kome­diyasının adlarında da rəmzi-simvolik məna bədii təcəssümünü tapmışdır. Məlum olduğu kimi, «Mahnı dağlarda qaldı» pyesinin  konflikti Azərbaycanda sovet reji­minin qurulması ilə yaranan sosial-siyasi ziddiyyətlər və qarşıdurmalar üzərində qurulmuşdur. Azərbaycanda müstəqil cümhuriyyətin süqutu və sovet hakimiyyə­tinin qurulması insanları ciddi faciələrlə üz-üzə qoymuşdur. Dramaturq müxtəlif təbəqələrə, sosial zümrələrə mənsub olan insanların taleyində bu faciənin ən mü­rəkkəb məqamlarına diqqəti yönəltməyi bacarmışdır. Xüsusilə, Şahnaz obrazının tim­salında faciənin təqdimi kuliminyasya məqamına qaldırılmışdır. Dramaturji ha­disələrin faciə ilə tamamlandığı bu əsərə «Mahnı dağlarda qaldı» adının seçilmə­sinin rəmzi-simvolik anlamı göz qabağındadır. 

Dramaturqun «Qəribə oğlan» kome­diyasının baş qəhrəmanı Valehin «qəribə­liyi» əslində onun düzlüyü, saflığı, təmizliyi ilə bağlıdır. Ədib sovet cəmiyyətində bu sayaq müsbət mənəvi-əxlaqi keyfiyyətlərin «qəribə» görünməsinə diqqəti cək­məklə do­layısı ilə həmin cəmiyyətə hakim olan əxlaqi tənəzzülü, aşınmanı ifşa etmək mə­ramını izlə­mişdir. Adlandırmadakı rəmzi-simvolik yanaşma ədəbi tən­qidin də diqqətindən yayınmamışdır. Ədibin «Seçilmiş əsərləri»nin altı cildliyinə yazılmış ön söz bu baxımdan səciyyəvidir: «Kоmеdiyanın fəlsəfi kоnsеpsiyası mеş­şanlıqla mənəvi gözəllik arasında əbədi əхlaqi təzad üzərində qurulmuşdur. «Qо­ca» və mühafizəkar mеşşanların «müasirləşmək» iddiası yalnız zahiri dəbdə öz ək­sini tapa bilir, mahiyyətcə isə zaman dəyişmir. İdеya-əхlaqi bir kеyfiyyət kimi mеşşanlıq hər yеrdə və həmişə еlə mеşşanlıq оlaraq qalır. Mеşşanlıq öz təzahürü üçün üfüq və mеydan tapa bildikdə, müəyyən mikrоmühitdə nоrmaya çеvrildikdə, əхlaqi ucalıq və mənəvi təmizlik «qəribəliyə» çеvrilir! Özlərini insan еtalоnu üçün əхlaqi ölçü və nоrma hеsab еdən dadaş rəhimоviçlərə valеhlər həmişə «qəribələr» və «əcaiblər» təsiri bağışlayır. Dərk оlunmamış karyеristə öz karyеrizmini, оbıvatеlə оbıvatеlliyinin gizlənməsi üçün pərdə kimi lazım оlur, parçalanan, bir kənara tullanan mеşşanlığın pərdəsi arхasından isə hər şеy оlduğu kimi görünür: yalan, və əyrilik, riya və ikiüzlülük, «qəribəliklə» «həqiqilik» məhz bu zaman bir-biri ilə yеrlərini dəyişir, hərəsi öz həqiqi mövqеyində və məzmununda ğörünürlər. Kоmеdiya da məhz əsl «qəribələr kimdir?» – sualına cavab vеrir» (3, s. 16).

İlyas Əfəndiyevin üslubunda müraciət olunan ifadə vasitə­lərindən biri təkrir­dir. Məlum olduğu kimi, «Təkrir – eyni sözün, yaxud ifadənin ustalıqla, şüur­lu surət­də, bədiiliyi artırıb qüvvətləndirmək məqsədilə təkrar edilməsidir. ...Müəl­lifin istedadının zəifliyinə, bədii təfəkkürünün və söz ehtiyatının kasıb­lığına dəlalət edən, ona görə də mənfi keyfiyyət sayılan lüzumsuz təkrardan fərqli olaraq ... tək­rirlər bədii əsəri mənaca daha da dərinləşdirir, onun dilini və üslubunu daha da qüv­vətləndirir» [9, s.202]. Bədii mətndə təkrirlər fikrin ifadəsində qətiyyəti, vacibliyi, gərəkliliyi diqqət mərkəzinə çəkir, hadisə və əhva­latın zərurə­tini şərtlən­dirir. İlyas Əfəndiyevin təkrirlərdən yerli-yerində bəhrələnməsi onun məhz bu aspektə diqqət yetirməsindən qaynaqlanır. Məsələn:

Bəzən yazıçı əsərdəki obrazları daha canlı təsvir etmək üçün hər hansı bir ifadəni onun dilində tez-tez təkrar etdirir, beləliklə, xarakter oxucu hafizəsinə əbədi həkk olur. Dilçilikdə bu şəkildə təkrarlar predikativ ibarələr adlanır. İlyas Əfəndiyevin istər nəsr, istər dram əsərlərində belə ifadələrə tez-tez təsadüf olunmaqdadır. Məsələn: «Söyüdlü arx»da  Nazxanım obrazının dilindən tez-tez səslənən: “Almurad bəyin nəyi var, Heyvası yox, narı yox” – ifadəsinin müəyyən məqamlarda təkrarlaması təkririn xüsusi bir çalarının meydana çıxmasına səbəb olmuşdur.


İlyas Əfəndiyev «Müasir Azərbaycan nəsrinin inkişafı və gələcəyi naminə hansı mühüm cəhətlərə fikir verilməsini istərdiniz» sualına belə cavab verir: «Biz heç vaxt unutmamalıyıq ki, dil yazıçının həyatı duymaq qabiliyyətidir, onun iste­dadıdır. Bu sözləri deyəndə, mən heç də dilin sığallı, tumarlı olmasını nəzərdə tut­muram. İstedadlı yazıçının dilindəki kələ-kötürlükdə belə, həqiqi sənətin poe­ziyası öz ifadəsini tapır. İstedadlı yazıçının dili süni və quru ola bilməz» (4, s.461-462). Göründüyü kimi, yazıçı özü də dil və üslub gözəlliyinin bədii əsər üçün nə qədər mühüm əhəmiyyət daşıdığını dərindən dərk etdiyindən bu onun yazılarının təravətinə, obrazlılığına, emosionallığına, oxunaqlılığına ciddi təsir gös­tər­mişdir.

Bütövlükdə İlyas Əfəndiyevin nəsr və dram əsərlərində bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə olunması ədibin yaradıcılığının təsir və emo­sional gücünü xeyli dərəcədə artırmışdır. Həmçinin yazıçının bədii təsvir və ifadə vasitələrindən böyük ustalıqla bəhrələnməsi yalnız onun fərdi yaradıcılıq üslubu­nun formalaşmasını şərtləndirməmiş, eyni zamanda, Azərbaycan ədəbi dilinin zən­ginləşməsinə təkan vermişdir. Ədibin əsərlərinin geniş oxucu kütlələrinin zövqünü oxşaması, böyük təsvi və təlqin gücünə malik olması və yaşa­rılığı da məhz burdan qaynaqlanmaqdadır.
 
Ədəbiyyat
 
  1. Əfəndiyеv İlyas. Sеçilmiş əsərləri, 6 cilddə, V c., Bakı: Yazıçı, 1984, 364 s.
  2. Əfəndiyev İlyas. Seçilmiş əsərləri, Yeddi cilddə, VII c., Bakı: Çinar-çap, 2002, 568 s.
  3. Əfəndiyev İlyas. Seçilmiş əsərləri, Üç cilddə, I c., Bakı: Avrasiya Press, 2005, 280 s.
  4. Əfəndiyev İlyas. Seçilmiş əsərləri, Üç cilddə, II c., Bakı: Avrasiya Press, 2005, 336 s.
  5. Əfəndiyev İlyas. Seçilmiş əsərləri, Üç cilddə, III c., Bakı: Avrasiya Press, 2005, 448 s.
  6. Əliyeva Dürdanə. Praktik üslubiyyat, Bakı: Mütərcim, 2011, 172 s.
  7. Həsənqızı Almaz. Dilin yaddaşında əbədiləşən ənənələr, “Ana dili – milli varlığın təməli”, Bakı: Aveprint, 2023, s. 231-249
  8. Xanoğlan Vəfa. Xalq yazıçısı İlyas Əfəndiyevin bədii əsərlərinin dili haqqında mülahizələr, “525-ci qəzet”, 22 may 2009
  9. Mirəhmədov Əziz. Ədəbiyyatşünaslıq (Ensiklopedik lüğət), Bakı: Azər­baycan Ensiklopediyası, 1998, 240 s.
  10. Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I cild, Bakı, BDU nəşriyyatı, 2007, 504 s.
  11. Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş, Bakı, APİ nəşri, 1958, 280 s.
  12. Salahоva Aida. İlyas Əfəndiyеv yaradıcılığının pоеtikası, Bakı: Yazıçı, 1984, 136 s.
  13. Sultanlı Vaqif. Azərbaycan ədəbi tənqidi, – Bakı: Nurlar, –2019, 312 s.
  14.Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi, Bakı: Proqres, 2012, 434 s.


Tarix: Dünən, 19:30

Xəbəri paylaş