Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA Mərkəzi Elmi Kitabxana fondlarının inkişaf tarixindən

 




Kitabxana fondları xalqın milli, mədəni, ənənəvi sərvətlərini toplayıb mühafizə edərək gənc nəsillərə çatdıran bilik xəzinəsidir.

XX əsrdə Azərbaycan elminin ən böyük uğurlarından biri, onun çoxsahəli elmi kitabxanalar şəbəkəsinin yaranmasıdır. 

      AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın görkəmli ziyalıları N. Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməy ilə “Azərbaycanı Tədqiq və Tətöbbö cəmiyyəti”nin nəzdində yaradılıb.   1925-ci   ildə kitabxananın fondunda artıq çoxlu kitab və əlyazma var idi. Kitabların əksəriyyəti Azərbaycanşünaslığa, Qafqazşünaslığa, ölkəşünaslığa, şərqşünaslığa, türkologiyaya və s. elmlərə aid idi. Öz qarşısına bütün elm sahələrinə xidmət etməyi məqsəd qoyan kitabxananın fondu ümumi elmi xarakter daşıyırdı. Kitabxana oxucularının sayı getdikcə çoxalır, respublikanın bütün alimlərinə və ali məktəb tələbələrinə xidmət göstərir, geniş sorğu-məlumat işi aparırdı.  


O zaman kitabxana fondu 430 nüsxə kitab və 200 qiymətli əlyazmadan ibarət idi. Kitabxananın təşəbbüskarları öz şəxsi kitablarından kitabxanaya hədiyyə etmiş, şəhər və rayonlardan şərq dilli əlyazma ədəbiyyatlarını toplayıb kitabxanaya təhvil vermişlər.

1934-cü ildə kitabxananın fondunda 46 min 500 nüsxə kitab və jurnal var idi. Kitabxana öz fondunu dövri mətbuatla komplektləşdirmək işinə xüsusi əhəmiyyət verirdi. 1934-cü ildə kitabxana 110 adda dövri mətbuat alırdı.

1935-1940-cı illər   Elmlər Akademiyasının  kitabxana şəbəkəsinin yaranması və təşəkkülü mərhələsidir. Bu illər ərzində kitabxanada müxtəlif elm sahələrinə dair zəngin fondlar formalaşmağa başlamışdır. Fondlarda Azərbaycan dilində olan elmi ədəbiyyatla yanaşı, rus, Avropa və Şərq xalqları dillərində XVIII-XX əsrlərdə nəşr olunmuş monoqrafiyalar, jurnallar, məcmuələr, müxtəlif dünya elmi cəmiyyətlərinin əsərləri, xəritə, atlas və digər materiallar cəmləşdirilib oxucuların istifadəsinə verilmişdir. 


 Bu illər ərzində kitabxana SSRİ EA Kitabxanasından, müxtəlif elmi-tədqiqat   institutlarından, xarici ölkələrdən və ayrı-ayrı şəxslərdən olduqca qiymətli kitablar əldə etməyə müvəffəq olmuşdu.  Kitabxana «Акты Кавказской Археографической Комиссии» (12 сild) «Сборник материалов для описания местностей и племён Кавказа» (46 cild), «Кавказский вестник», «Записки коллеги востоковедов», «Известия кавказского музея», «Кавказский сборник» və s. kitab və jurnallar almışdı. 


Kitabxananın ən qiymətli şöbələrindən biri Şərq şöbəsi idi. Bu şöbə 1933-cü ildə təşkil edilmişdi. Həmin şöbədə Şərq xalqlarının dilində nadir tapılan 15.000 dən artıq qiymətli ədəbiyyat toplanmışdı. Bu kitabların içərisində XVIII-XIX əsrdə İstanbul, Tehran, Təbriz, Qahirə və s. şəhərlərdə litoqrafiya üsulu ilə çap edilmiş kitablar, 100-dən artıq isə əksəriyyəti XV-XVI əsrlərə aid olan ən qiymətli əlyazmaları var idi. Şöbə Azərbaycan klassiklərindən M.F.Axundovun, A.Bakıxanovun, C.Məmmədquluzadənin şəxsi kitabxanalarını almış, Nizaminin,   Füzulinin yeni əlyazmalarını əldə etmişdi. 

1935-ci ildə kitabxana xarici ölkələrdən: Türkiyənin, İranın, Fransanın, İngiltərənin, Danimarkanın, İsveçrənin, ABŞ-ın, Portuqaliyanın, Finlandiyanın və s. ölkələrin elmi müəssisələri, universitetləri, akademiyaları və   kitabxanaları ilə əlaqə yaratmağa müvəffəq olmuşdur. Kitabxana 1937-ci ildə Moskva və Sankt-Peterburq kitabsaxlayıcılarından 75.000 manatlıq 20.000 nüsxə kitab aldı. Kitabxana öz fondunu dövri nəşrlərlə də zənginləşdirməyə diqqət yetirirdi. 1936-cı ildə 102 adda xarici nəşrlər və 200 dən artıq sovet dövri nəşrləri alırdı. 

Burada Şərqə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövrü mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın  Arxiv fondu və 64 adda dövrü mətbuat nüsxələri, fotosurətlər və mikrofilmlər mühafizə olunur. Fondda, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanmışdır. 

     İnqilaba qədər və inqilabdan sonrakı ilk dövrlərdə Azərbaycanda nəşr olunmuş kitab və dövrü mətbuatı özündə cəmləşdirən Arxiv fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir. Arxiv fondu Azərbaycanın ictimai-fikir tarixinin öyrənilməsində böyük rol oynayır. Bu fond nəinki Azərbaycan xalqının, eləcə də Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının tədqiqi, araşdırılması və öyrənilməsində böyük əhəmiyyət kəsb edir. 

Milli sərvətimizin bir hissəsi olan AMEA MEK-in Şərq ədəbiyyatı fondunun mövcudluğu sayəsində tarix, coğrafiya, fəlsəfə, məntiq, dil və ədəbiyyat, ilahiyyat, şərqşünaslıq, astronomiya, iqtisadiyyat, tibb, fizika, riyaziyyat və s. elm sahələrinə aid yazılan yüzlərlə sanballı tədqiqat əsərləri Şərq fondunun kitab xəzinəsinə daxil olmuşdur.  

           Böyük vətən müharibəsi illərində yeni elmi axtarışlar aparan alimlərin kitaba və məlumat materiallarına olan təlabatı xeyli artır, kitabxana fondları da zənginləşirdi. Kitabxana Azərbaycan Dövlət Kitab Palatasından məcburi nüsxələri müntəzəm almaqla yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Tibilisi, Yerevan, Aşqabad və SSRİ-nin digər şəhərlərindən kitablar alırdı. SSRİ EA limiti hesabına kitabxanaya xarici jurnallar və kitablar da göndərilirdi. 

Kitabxanada 1945-ci ildə 134.478 sayda nüsxə ədəbiyyat var idi. 1946-cl ildə onların sayı 172.000-ə çatdırıldı. Təkcə 1946-cı ildə fondun sayı 25.000 nüsxə artmışdı ki, bunun da əksəriyyətini elmi ədəbiyyat təşkil edirdi. 1946-cı ildə qədim Şərq ədəbiyyatına aid 38 sayda nadir kitab əldə edilmişdi. Kitabxana öz fondunu zənginləşdirmək işini sonrakı illərdə də müntəzəm surətdə davam etdirmişdi. Müharibədən sonrakı illərdə kitabxananın ölkəmizin zəngin elmi kitabxanaları ilə əlaqəsi xeyli genişlənmiş, kitab mübadiləsi işi yaxşılaşmışdı.   1946-cı ildə kitabxana xarici dillərdə 813 nüsxə kitab və 297 adda jurnal almışdı. Artıq 1950-ci ildə kitabxananın fondunda 231.199 nüsxə kitab toplanmışdı..

   1958-ci ildə kitabxananın fondunda yarım milyondan artıq kitab toplanmışdı ki, bunun da 144 min nüsxəsi xarici ədəbiyyat idi. Kitabxana 1960-cı ildə 50-dən artıq xarici ölkə kitabxanaları ilə əlaqə saxlayırdısa, 1970-ci ildə dünyanın 40 ölkəsinin 280 təşkilatı ilə əlaqə saxlamağa müvəffəq olmuşdu. 

    Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti də kitabxananın beynəlxq əlaqələrinə mühüm yer verirdi. 60-cı illərdə xarici kitab fondunun dövriyyəsi əvvəlki illərə nisbətən on dəfədən çox artmışdı. Bu dövrdə Mərkəzi Elmi Kitabxana  hədiyyələr və şəxsi kolleksiyalar hesabına da xeyli zənginləşmişdi. Onlarla görkəmli Azərbaycan ziyalıları kitabxanaya öz şəxsi kolleksiyalarından hədiyyələr verməyə başlamışdılar. 1964-cü ildə akademik Derjavin, prof. Y.A.Belyayev və prof. C.Cəfərov şərqşünaslığa dair şəxsi kitablarını kitabxanaya hədiyyə etmişlər. 

          1970-ci ildə kitabxana görkəmli şərqşünas alim, prof. Y.E.Bertelsin şəxsi kitabxanasını almağa müvəffəq olmuşdu ki, bu da kitabxananın Şərq fondu üçün olduqca əhəmiyyət kəsb edirdi. 

1990-cı illərə qədər EA kitabxana şəbəkələrində elmi-informasiya sistemi formalaşıb, inkişaf etdirilmişdir. Bu illərdə EA kitabxana şəbəkəsinin elmi-biblioqrafiya fəaliyyəti, beynəlxalq kitab mübadiləsi daha da inkişaf etdirilmiş, nəticədə kitabxana fondları dünya elmi texnikasının son nailiyyətlərini əks etdirən minlərlə yeni nəşrlərlə zənginləşmişdir. 

Azərbaycan EA kitabxana şəbəkəsinin inkişafının bütün mərhələlərində Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının   əsasını təşkil edən bu kitabxana respublika elminə xidmət edən, elmin informasiya təminatını təmin edən ən böyük perspektivə malik olan kitabxanaya çevrildi. 

      Müstəqillik illərində Azərbaycan elminin baş qərəgahı olan Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın ümummilli lideri dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində böyük inkişaf və tərəqqi yolu keçmiş, mühüm elmi nailiyyətlər əldə etmişdir.  Heydər Əliyev   respublikamıza 30 illik rəhbərliyi dövründə daim Azərbaycan elminin hamisi olmuş, onun inkişafına böyük təkan vermişdir. 

   1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan elminin dirçəlməsinə, kitabxanaların nüfuzunun atrmasına səbəb oldu. Onun hakimiyyəti dövründə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Ümummilli lider 1998-ci il dekabr ayının  29-da bu qanuna imza atmaqla kitabxana sahəsinə olan qayğısını yüksək qanunvericilik səviyyəsində  bildirdi

Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda Mərkəzi Elmi Kitabxana akademiya elminin informasiya mərkəzi kimi mühüm yer tutur. Respublika miqyasında təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 1.500.000 nüsxəyə yaxın ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir. Bu möhtəşəm kitab məbədi 100 il  ərzində böyük tərəqqi və inkişaf yolu keçərək Azərbaycan elminin və mədəniyyətinin qızıl fonduna çevrilmişdir. 

  Kitabxana təbiətşünaslıq və texniki elmlər üzrə depozitar kitabxana statusuna malik olduğundan burada saxlanılan kitablar içərisində təbiətşünaslıq və texnikaya aid   sənədlər mühüm yer tutur. 1999-cü ildə AMEA-nın xahişi ilə Rusiya Elmlər Akademiyası «Наука» nəşriyyatının nəşr etdiyi jurnalların Mərkəzi Elmi Kitabxanaya göndərilməsi haqqında sərəncam verdi. 

     1999-cu ildə kitabxana Rusiyada həyata keçirilən “Puşkin meqalayihəsi”nə  qoşulmuş və bu layihə müvafiq olaraq Rusiya Federasiyasında nəşr edimiş 1000 nüsxədən artıq qiymətli kitab əldə etmişdir. 

   1994-2004-cü illərdə kitabxana 63 dövlətin 610 kitabxanası, təşkilatları, cəmiyyətləri, elmi mərkəzləri, nəşriyyatları, ilə əlaqə saxlayırdı. Kitab mübadiləsi yolu ilə bu dövr ərzində 35.859 nüsxə elmi ədəbiyyat alınmışdır ki, bu da olduqca böyük nailiyyətdir. Fransa səfirliyinin köməyi ilə 2002-ci ildə kitabxanada Azərbaycan və Fransa arasında dövlətlərarası dostluq əlaqələrinin möhkəmlənməsində  “Azərbaycan-Fransa elmi-mədəni əlaqələr zalı” açılmış, bu zal üçün Fransadan 1000 avro dəyərində qiymətli ədəbiyyat gətirilmişdir. Həmçinin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi tərəfindən kitabxanaya ərəb dilində 600 nüsxə kitab, Almaniya səfirliyi vasitəsilə “Alman tədqiqat cəmiyyəti” tərəfindən Leopold Qmelinin 734 cildlik “Kimya məlumat kitabı”nı hədiyyə vermişdir. 

Bu gün “Xarici dillərdə ədəbiyyat fondu”nda 1.009.896 sayda  rus, Şərqi Avropa və Qərbi Avropa dillərində elmin muxtəlif sahələrinə aid kitablar, yüzlərlə sanballı tədqiqat əsərləri qorunmaqdadır. 

       Fondumuzda qorunan ən qiymətli kitablar Azərbaycan müəlliflərinin Avropa dillərində çap edilmiş və oxucular tərəfindən ən çox tələb edilən isə alimlərimizin xaricdə nəşr olunmuş monoqrafiyalarıdır

Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxana bu gün də müasir şəraitə uyğun fəaliyyət göstərir. Qeyd edək ki, bu gün burada müxtəlif ölkə kitabxanalarının təcrübəsi tətbiq olunur. İki növbəli fəaliyyət göstərən kitabxanadan alim və mütəxəssislər, eləcə də digər oxucular geniş faydalana bilir. Kitabxanamız milli maraqlara xidmət edir. 


Görkəmli kitabxanaşünas alim Stasov XIX əsrdə demişdir ki, “Yaxşı kitabxanaçı hər bir elmi tədqiqatçının  yaxın köməkçisidir”. AMEA MEK-i bu şüarı öz işində rəhbər tutaraq qarşıya çıxan çətinliklərin öhdəsindən layiqincə gəlməyə çalışır.  Bu ordu gələcəkdə də zamanın qoyduğu bütün sınaqlardan uğurla keçərək oxucu qarşısında xidmət etməyə hər zaman hazırdır.   

 

         AMEA  MEK-in Xarici dillərdə ədəbiyyat fondunun rəhbəri:   Sadıqova Kubra 

 

 


Tarix: Bu gün, 16:39

Xəbəri paylaş