“PeşəFest 2025” marafonunda 95 mindən çox gənc və məktəbli əmək bazarındakı aktual trendlərlə tanış olub
İşsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşdırılması, eyni zamanda, işaxtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib. Nazir qeyd edib ki, vətəndaşlara peşə bacarıqlarının aşılanması, onların yeni peşələrə yiyələnməsi və əmək bazarında iştirakının təmin edilməsi məqsədilə peşə hazırlığı kursları ilə yanaşı, müxtəlif peşəyönümlü layihələr də həyata keçirilməkdədir: "Belə ki, 2022-ci ildən başlayaraq keçirilən “Peşələr Festivalı” minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olub. Cari ildə 11 şəhər və rayonu əhatə edən “PeşəFest 2025” marafonunda 95 mindən çox gənc və məktəbli bu platforma vasitəsilə əmək bazarındakı aktual trendlərlə tanış olmaq, müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera planlarını formalaşdırmaq imkanı əldə ediblər".
Tarix: Bu gün, 14:00
