Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

KOBİA sədri: Sürətli texnoloji dəyişikliklər kadr hazırlığında yeni strategiyalar tələb edir


Əmək bazarı ilə bizneslərin ehtiyacları arasında düzgün və proqnozlaşdırılan əlaqələrin təmin edilməsi hökumətlərin qarşısında duran mühüm çağırışlardan biridir. Sürətli texnoloji yeniliklərin və bazar dinamikasında gözlənilməz dəyişikliklərin baş verdiyi bir mühitdə bizneslərin çevik adaptasiya olması və inkişaf etməsi əhəmiyyətli dərəcədə onların malik olduğu işçi qüvvəsindən asılıdır. Bu baxımdan, kadrların peşəkar hazırlığı strategiyası təkcə işçilərin mövcud vəzifələrini yüksək səviyyədə yerinə yetirməsi üçün deyil, ümumilikdə iqtisadiyyatların gələcək çağırışlara hazır olması baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib.
O.Məmmədov qeyd edib ki, bu gün müşahidə edilən olduqca dinamik transformasiyalar və elmi yeniliklərin biznes proseslərinə çevik keçidi işçi qüvvəsinə və peşələrə olan ehtiyacların proqnozlaşdırılmasını və ona hazırlığı bir qədər də çətinləşdirir: "Əvvəllər peşələrin köhnəlməsi və yenilərinin yaranması üçün yüzilliklər və dekadalar tələb olunurdusa, indi bu, artıq illərlə ölçülür. Ümumdünya İqtisadi Forumunun son hesabatına əsasən, 2030-cu ilə qədər yeni qlobal makro meyillər nəticəsində 170 milyon yeni iş yeri yaradılacaq. Bu dövrdə texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişiklər fonunda qlobal əmək bazarı əhəmiyyətli transformasiyaya məruz qalacaq. Qeyd edilən meyillər, həmçinin, 92 milyon işin itməsinə gətirib çıxaracaq. Generativ süni intellekt texnologiyalarının təsiri altında 2030-cu ilə qədər işçi qüvvəsinin baza bilik və bacarıqlarının 40%-ə yaxın həcmində dəyişikliyə məruz qalacağı gözlənilir".
KOBİA sədri bildirib ki, 2025-ci ilin ötən dövrü ərzində 1400-ə yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər KOB Model Müəssisənin xidmətlərindən istifadə ediblər: "Müəssisənin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır. Müasir peşələrə yiyələnmiş və biznes təlimləri keçmiş şəxslər bizim üçün təkcə KOB-ların işçi qüvvəsinə olan ehtiyacını ödəyən resurslar deyil, eyni zamanda, potensial sahibkarlardır. Biz müxtəlif əhali qrupları arşında biznes düşüncə tərzinin təbliğinə xüsusi diqqət yetiririk, dövlət və özəl sektoru təmsil edən tərəfdaşlarımızla hədəfli proqramlar həyata keçiririk. Bu sahədə Dövlət Məşğulluq Agentliyi ilə məhsuldar və faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Gənclərin biznes emalatxanası və Qarabağ KOB-ları kimi layihələr çərçivəsində özünüməşğulluğun təmin edilməsi və yeni mikro bizneslərin yaradılması məqsədilə birgə işlər aparılır".


Tarix: Bu gün, 13:58

Xəbəri paylaş