Türkiyədə Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçirilib
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) İstanbulda keçirilən ilk ümumi iclası başa çatıb. İclasda dərnəyin idarə və müşahidə heyəti təsdiqlənib. ABİD-in İdarə Heyətinin sədri vəzifəsinə yenidən Türkiyənin Bilkent Universitetinin professoru, Əməkdar elm xadimi Əmrula Məmmədov seçilib.
İclasın yekunları ilə bağlı AZƏRTAC-a müsahibə verən Əmrula Məmmədov ABİD-in əsas fəaliyyət istiqamətlərindən danışıb. Professor deyib ki, əsas istiqamətlərdən birincisi Türkiyədəki alimlərimizin başda Qarabağ Universiteti olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin tədris prosesinə dəstək göstərməsi olacaq: “Digər məqam isə istedadlı gənclərimizin Azərbaycandan Türkiyəyə gətirilməsi, onların burada ölkəmizə lazımi ixtisaslar üzrə təhsillərini davam etdirmələrinə dəstək göstərilməsidir. Burada əsas məqam gənclərimizin doktorantura proqramları üzrə təhsillərini başa vurmalarına dəstək olmaq, onların uğurla Vətənə qayıtmalarını təmin etməkdir. Təbii ki, bu gənclər üçün müəyyən təqaüd proqramları da nəzərdə tutulur. Daha bir məqsədimiz isə Türkiyədə yaşayan azərbaycanlı alimləri bir çətir altında birləşdirərək yaranan problemlərin birgə həllinə nail olmaqdır. Burada xüsusilə müəyyən yaşdan sonra pensiya və bunun kimi problemlər nəzərdə tutulur”.
Ən böyük məqsədlərdən birinin də dünyada daha çox reytinq qazanan tədris sistemlərinin araşdırılması olduğunu vurğulayan Əmrula Məmmədov əlavə edib: “Bu gün dünya reytinq siyahısına baxdıqda ilk sıralarda daha çox ingilisdilli ali təhsil müəssisələrini görmək olar. Bu baxımdan bu universitetlərin təhsil sistemini araşdırıb, onların müsbət və mənfi tərəflərini müəyyən etmək istəyirik. Təbii ki, lazım olduğu təqdirdə bu təcrübədən də faydalanmaq olar. Bütün bunlarla yanaşı, biz Azərbaycanda müzakirə olunan yeni “Ali təhsil” Qanununun qəbulu istiqamətində aparılan fəaliyyətdə də yer almaq istəyirik. Çünki biz uzun illər fərqli sistemlərdə fəaliyyət göstərən və bu sistemin müsbət və mənfi tərəflərinə bələd olan insanlarıq. Ölkəmizdə qəbul olunacaq bu qanunun mükəmməlliyi bizim üçün də olduqca mühüm məsələdir”.
Tarix: 25-11-2024, 22:47