Cəmiyyətimizdə mühəndis peşəsinin nüfuzu getdikcə artmaqdadır
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Gəncədə keçirilən II Beynəlxalq Mühəndislik Elmləri Konfransının açılış mərasimində çıxış edib.
Alim ölkəmizdə mühəndislik elmləri üzrə beynəlxalq konfransın keçirilməsinin önəmini qeyd edərək, bu mühüm təşəbbüsə görə Azərbaycan Texnologiya Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə və türkiyəli həmkarlarına minnətdarlığını bildirib.
R.Əliquliyev konfransda müzakirəsi nəzərdə tutulan mövzuların aktuallığından bəhs edib. Bildirib ki, 30 il işğal altında olmuş və dağıntılara məruz qalmış Azərbaycan ərazilərinin bərpası, yenidən qurulması və inkişafı istiqamətində mövcud problemlər idarəetmə, iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, nəqliyyat və s. kimi bir çox sahələrlə əlaqədardır. Akademikin sözlərinə görə, bir tərəfdən, subyektiv amillərin, digər tərəfdən, dünyada gedən qlobal çağırışların təsiri ilə Azərbaycanda ciddi transformasiyalar baş verir: “Hazırda ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan yeni reallıqlar nəzərə alınaraq, dövlət başçısı tərəfindən kompleks islahatlar aparılır, həm daxili, həm də xarici investisiyalar hesabına müxtəlif infrastruktur layihələri həyata keçirilir. Beləliklə, daxili intellektual potensialdan, eyni zamanda, xarici imkanlardan istifadə etməklə, ölkəmizdə yüksək texnologiyalar cəmiyyəti, biliklər cəmiyyəti, süni intellekt cəmiyyətinin qurulması istiqamətində zəruri addımlar atılır”.
Vitse-prezident qeyd edib ki, artıq yüksək texnologiyalara əsaslanan cəmiyyətdə mühəndis peşəsinin nüfuzu, əhəmiyyəti və məsuliyyəti getdikcə artır: “Müasir dövrün çağırışları kontekstində Azərbaycan texnoloqlarının, mühəndislərinin də qarşısında konkret vəzifələr dayanır. Belə bir mötəbər konfrans alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrin təqdim olunması üçün mühüm platforma rolunu oynayacaq, eyni zamanda, dövlətimizin siyasətindən irəli gələn reallıqlara adekvat olaraq, yeni problemlərin və prioritetlərin müəyyənləşdirilməsinə, mühəndislik sahəsində kadr hazırlığına diqqətin artırılmasına imkan yaradacaq”.
R.Əliquliyev bəşər tarixində baş verən və mühəndis peşəsi ilə bilavasitə bağlı olan sənaye inqilablarını da xarakterizə edib: “I Sənaye İnqilabı buxar maşınının, II Sənaye İnqilabı elektrikin, III Sənaye İnqilabı elektronikanın, kompüterin və İnternetin, IV Sənaye İnqilabı isə süni intellekt, Əşyaların İnterneti və s. texnologiyaların meydana gəlməsi və inkişafı ilə əlaqədardır. Son zamanlar V və VI sənaye inqilablarının çox da uzaqda olmadığından da bəhs edilir. Dünyada baş verən rəqəmsal transformasiyalar, yaşıl transformasiyalar yeni texnologiyaların, bilik və ixtisasların yaranmasına gətirib çıxarır. Artıq ölkəmizdə də IV Sənaye İnqilabının tələblərinə uyğun olaraq, yeni nəsil kadrların hazırlanmasına xüsusi diqqət yetirilir”.
“Bəşər tarixində, son 300 il ərzində mühəndislərin mexaniki qurğular, daxili yanma mühərrikləri və s. kimi ixtiralar etmələri ilə I Sənaye İnqilabı baş verdi. Mühəndislərin ixtiraları bütün sivilizasiyanın inkişafını yüksək səviyyəyə gətirib çıxardı. Müasir dövrdə alimlərin, mühəndislərin intellekti hesabına çoxlu sayda innovasiyalar yarada biləcək texnologiyalar kəşf edilir. Lakin bəşəriyyətin inkişafına xidmət edən həmin ixtiralar artıq insanların yaşadığı ekosistemə də böyük təhlükələr yaradır. İqlim dəyişikliyi, qlobal istiləşmə, təbii ekotarazlığın pozulması, təbiətdə gedən digər anomal proseslər və s. mühəndislərin xoş məramla yaratdıqları ixtiralara qarşı müəyyən institusional, funksional və qlobal tədbirlərin həyata keçirilməsini zəruri edir, mənfi təsirlərin azaldılması üçün yaşıl texnologiyalar, yaşıl mühəndislik, yaşıl innovasiyalar və s. daha da aktuallaşır”, – deyə R.Əliquliyev əlavə edib.
Alimin sözlərinə görə, bir neçə onilliklər öncə inşaat, avtomobil, elektrik və s. mühəndisliklərdən bəhs edilirdi. Lakin artıq mühəndislik elmi texnoloji çərçivədən kənara çıxıb. Bunun səbəbi texnologiyaların insanların bütün fəaliyyət sferalarına nüfuz etməsidir. Belə ki, artıq informasiya-kommunikasiya texnologiyaları və digər qabaqcıl texnologiyaların tətbiq olunmadığı elə bir sahə yoxdur. Bunun da nəticəsində artıq sosioloji, qeyri-maddi mühitlə maddi mühit konvergensiya olunur. Texnoloji biliklər, təfəkkür tərzi insan fəaliyyətinin hər bir sferasına nüfuz edir və texnoloji inqilabların gətirdiyi reallıqlara uyğun olaraq, yeni mühəndislik istiqamətləri: sosial, siyasi, maliyyə, bilik, informasiya, dil, proqram, data mühəndislikləri və s. kimi yeni peşələr meydana çıxır.
Vitse-prezident diqqətə çatdırıb ki, müasir dövrdə artıq bütün dünyada additiv texnologiyalar, süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, 3D sənayesi, rəqəmsal əkiz, əlavə olunmuş reallıq, virtual reallıq və s. kimi qabaqcıl texnologiyalar geniş yayılmaqdadır. Bu da yeni texnologiyalardan istifadə etmək, onlarla təhlükəsiz davranmaq üçün minimal biliklərə, vərdişlərə yiyələnməyi tələb edir: “Deməli, hər kəsdə ümumi mədəniyyətin tərkib hissəsi kimi texnoloji mədəniyyət və mühəndis təfəkkürü formalaşmalıdır”.
“Şübhəsiz ki, bu çağırışlar, innovasiyalar bütün peşə sahibləri qarşısında mühüm vəzifələr qoyur, adekvat insan resurslarının hazırlanmasını, müvafiq istiqamətlərdə yeni tədqiqatların aparılmasını, normativ-hüquqi bazanın yaradılmasını zəruri edir”, – deyən R.Əliquliyev hazırda Prezident İlham Əliyev tərəfindən ölkədə texnoloji inkşafın təmin olunması məqsədilə yaşıl cəmiyyətin, yaşıl iqtisadiyyatın formalaşması, yaşıl enerji əsasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının, eləcə də, inklüziv texnologiyaların tətbiqi, rəqəmsal transformasiyalara əsaslanan infrastruktur layihələrinin icrası istiqamətində məqsədyönlü işlər aparıldığını nəzərə çatdırıb.
Vitse-prezident hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə geniş institusional islahatlar aparıldığı haqqında da məlumat verib: “Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramlarının böyük əksəriyyətində mühəndisliyin bu və ya digər istiqaməti ilə bağlı olan məsələlər yer alıb. Təqdirəlayiq haldır ki, Elm və Təhsil Nazirliyi tərəfindən yalnız ölkənin intellektual potensialının, elm və ali təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsinə deyil, eyni zamanda, dünyanın aparıcı dövlətlərində ölkəmiz üçün yeni olan qabaqcıl ixtisaslar üzrə mühəndislərin hazırlanmasına da xüsusi diqqət yetirilir. Hesab edirəm ki, bütün bu addımlar, dünyada gedən qlobal texnoloji çağırışlara uyğun olaraq, yeni nəsil kadrların hazırlanması yaxın zamanlarda öz bəhrəsini verəcək”.
Akademik Azərbaycanın suverenliyinin əsas dayaqlarından biri olan texnoloji suverenliyin gücləndirilməsi üçün ölkənin prioritetlərinin müasir dünyanın reallıqlarına uyğunlaşdırılması, elm və təhsilin qarşısında dayanan vəzifələrin icrası istiqamətində məqsədyönlü işlərin yerinə yetirilməsinin zəruriliyini qeyd edib. Eyni zamanda, Azərbaycanda biliklər iqtisadiyyatının formalaşdırılması, xarici ölkələrdən asılılığın azaldılması, milli intellektual məhsulların istehsalı və ölkənin bu istiqamətdə potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.
AMEA-nın vitse-prezidenti çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb və belə məzmunlu elmi toplantıların davamlı keçirilməsini tövsiyə edib.
www.science.gov.az
Tarix: 26-09-2023, 21:12