Təhsil məzmununun idarə edilməsi problemlərinin həlli yolları araşdırılır
IV Sənaye İnqilabı insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən təhsil sahəsinə əhəmiyyətli dəyişikliklər gətirdi. Təhsil müəssisələrinə “Education 4.0”ın nüfuz etməsi ilə təhsil anlayışı tamamilə dəyişilərək yeni tendensiyaların meydana çıxmasına səbəb oldu. Yeni interaktiv təlim vasitələri sayəsində artıq insanlara zaman və məkandan asılı olmadan təhsil almaq imkanı verildi. Bu gün informasiya texnologiyalarının bütün təhsil imkanları elektron təhsil sistemində geniş şəkildə istifadə edilir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Esmira Ələsgərova məlumat verib. O, bulud texnologiyalarının üstünlüklərindən bəhs edib. Bildirib ki, bulud texnologiyaları tədris prosesində elektron tədris resurslarının yaradılması, müəllimlər arasında təcrübə mübadiləsi, interaktivlik və s. imkanlar yaradır: “Tədris prosesində bulud xidmətlərindən istifadənin didaktik və informasiya imkanları müəyyən edilib. Bununla yanaşı, “Data Mining”dən istifadə etməklə, təhsil məzmununun idarə edilməsi problemlərinin həlli üsulları da araşdırılır”.
Tədqiqatçı diqqətə çatdırıb ki, “Data Mining” əvvəllər bilinməyən və əhəmiyyətsiz görünən informasiyalardan insan fəaliyyətinin müxtəlif sahələrində qərar qəbul etmək üçün lazım olan biliklərin, praktik olaraq, faydalı və əlçatan şəkildə şərh edilməsi prosesidir. Təhsildə “Data Mining” texnologiyalarının (Education data mining-EDM) proqram təminatı və metodları tədris prosesinin təşkilini təkmilləşdirmək, onun effektivliyini artırmaq, tələbə biliklərinin, eləcə də təhsil müəssisəsi məlumatlarının intellektual analizi üçün istifadə olunur.
Daha sonra E.Ələsgərova buludda “Data Mining” vasitəsilə həll oluna bilən məsələləri sadalayıb. Vurğulayıb ki, buraya klassifikasiya, reqressiya, klasterizasiya, assosiasiya və sıralanma daxildir. “Elektron təhsildə klassifikasiya məsələlərinin istifadəsi 2 yerə ayrılır. Bunlardan biri elektron tədris resurslarının klassifikasiyası, digəri isə test tapşırıqlarının klassifikasiyasıdır. Burada müxtəlif çətinlik səviyyələrinə görə tələbənin fərdi imkanlarını nəzərə almaq mümkündür”, - deyə E.Ələsgərova əlavə edib.
Tədqiqatçı klasterizasiya məsələsinin həllinin oxşar psixoloji, fizioloji, davranış və intellektual xüsusiyyətlərə malik olan tələbələri aşkar etməyə imkan verdiyini qeyd edib. Söyləyib ki, bu, tədris prosesində tələbələrə fərdi yanaşma üçün geniş imkanlar yaradır.
Daha sonra reqressiya haqqında məlumat verən E.Ələsgərovanın sözlərinə görə, reqressiya çıxış parametrlərinin giriş dəyişkənlərindən asılılığının qurulmasıdır. Onun köməyilə müxtəlif ixtisas və təhsil sahələri üzrə tələbələrin təhsil və elmi işinin trayektoriyasını, tələbələrin tədris və elmi işinin keyfiyyətinin artırılması üçün tədbirləri proqnozlaşdırmaq mümkündür.
Tarix: 6-06-2023, 23:17