Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Firudin Qurbanov: Məktəb təhsili dilin qorunmasında və funksional inkişafında əsas rol oynayır


Milli kimlik və ya milli şüur insanın kimliyinin tərkib hissələrindən biridir və onun müəyyən bir etnos və ya millətə aid olduğunu dərk etməsilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
Nazir müavini bildirib ki, dil və milli mədəniyyət uşaq və gənclərdə “ölməyə” başlayırsa, bu, millətin yox olmağa başladığının göstəricisidir: “Deməliyəm ki, məktəb təhsili dillərin qorunması və funksional inkişafında əsas rol oynayır. Ailə və valideynlər də bu işdə prioritet yer tutur. Əgər indiki şəraitdə ana dilini əvvəlcə ailədə və sonra məktəbdə dərindən öyrətməsək, gələcəkdə ondan məhrum ola bilərik. Uşaqlıq ana dilinin köklərinə bağlılıq üçün ən əlverişli zamandır. Valideynlərin vəzifəsi ana dilinin gözəlliyini və zənginliyini uşaqlara kiçik yaşlardan aşılamaqdır”.
Firudin Qurbanov qeyd edib ki, ana dilini bilmədən mədəniyyətin dərin mənimsənilməsi mümkün deyil: “Unutmaq olmaz ki, ana dilindən imtina etmək və ya onu əcnəbi dil ilə əvəz etmək öz tariximizi və köklərimizi inkar etmək demək olardı. Bu bir həqiqətdir ki, ana dilinin inkişaf səviyyəsi və qorunması xalqın milli ruhunun göstəricisidir. Əgər xalqdan hər şeyi alsan, sonra onu yenidən yarada bilər. Amma dil “ölərsə”, onu heç vaxt yenidən dirçəltmək mümkün olmaz. Bu həqiqəti təsdiqləyən çoxsaylı nümunələr mövcuddur. Biz başqalarının səhvlərindən öyrənməliyik ki, ana dilimizə münasibətdə, dilimizin təhlükəsizliyində buraxılan səhvlərdən sonra peşman olmayaq”.


Tarix: Bu gün, 11:53

Xəbəri paylaş