İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması qarşıda duran əsas vəzifələrdəndir
Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Şifahi xalq ədəbiyyatımızın ən qədim nümunələri Azərbaycan dilində yaranıb. Yazılı ədəbiyyatımız isə dilimizi inkişaf etdirən, yaşadan və zənginləşdirən böyük bir xəzinədir. Dil xalqın milli mənliyinin möhürüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
Akademik bildirib ki, dilin inkişafına qayğı inkişaf etmiş cəmiyyətlərin əksəriyyətində dövlət siyasəti səviyyəsində həyata keçirilir: “Azərbaycanda da Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü dil siyasəti mövcuddur. Ulu Öndərin 1969-cu ildə etdiyi çıxış sovet məkanında geniş rezonans doğurmuşdu. Çünki həmin dövrədək rəsmi tədbirlərdə ana dilində çıxış etmək geniş yayılmamışdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili məsələsində hər zaman qətiyyətli mövqe nümayiş etdirib. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Prezidentin rəhbərlik etdiyi Dil Komissiyası dövlətin dilimizə göstərdiyi qayğının bariz nümunəsidir”.
Akademik qeyd edib ki, dövlətimizin başçısı dil məsələsini daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır: “Azərbaycan dilinin saflığının qorunması, onun daxili imkanlar hesabına zənginləşdirilməsi, müasir dövrdə terminologiya və toponimika məsələlərinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Ana dilimizin zəngin imkanlarından istifadə etmək və onu qorumaq hər birimizin borcudur”.
İsa Həbibbəyli xatırladıb ki, sovet dövründə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilinin qrammatikasına dair hazırlanan dərsliklər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatına layiq görülmüşdü.
Tarix: Bu gün, 11:13
