Müsəlman Şərqinin ilk Cümhuriyyəti – məqalə
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 105 il keçir. 1918-ci il mayın 28-də Cümhuriyyətin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. 2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzaladı. Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq olaraq qeyd edir. Uzun illər təcavüzkar Ermənistanın işğalı altında qalan torpaqlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilib. Qürur mənbəyi olan üçrəngli bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə dalğalanır. Zülmətdən işığa çıxmış torpaqlara Azərbaycan mədəniyyəti qayıdır.
AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “Müsəlman Şərqinin ilk Cümhuriyyəti” adlı məqaləsini təqdim edir.
Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin qurulmasına aparan yol necə olub, ona hansı amillər təsir edib? Hansı amillər Cümhuriyyətin süqutuna gətirib? Cümhuriyyət dövrü tariximizdən nələr öyrənilməli və hansı ibrət dərsləri alınmalıdır?
Cümhuriyyətə gətirən yola qısa ekskurs
1917-ci ildə Fevral inqilabı nəticəsində Rusiyada çarizm devrildi və Müvəqqəti hökumət quruldu. Ümumrusiya Müəssislər Məslisinə seçkilər keçirildi. Antanta ölkələrinin yardımı ilə Tiflisdə yeni hakimiyyət orqanı olan Transqafqaz Komissarlığı yaradıldı.
Oktyabr ayında bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi və Rusiyanın müharibədən çıxdığını elan etdi. Bolşevik hökuməti Almaniya və müttəfiqləri ilə barışıq imzaladı. Noyabrın əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ alaraq Bakı Sovetini yaratdılar.
Müəssislər Məclisi bolşeviklər tərəfindən qovulduqdan sonra Cənubi Qafqazdan olan deputatlar 1918-ci ilin fevralında Tiflisdə Transqafqaz Seymini yaratdılar. Seymdə Azərbaycan və ya o zaman deyildiyi kimi, müsəlman fraksiyası 44 nəfərdən ibarət idi. Aprel ayında Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.
Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni silahlı bandaları Şərqi Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları Cənubi Qafqazda davam etdirdilər. Bu qırğınlar Cənubi Azərbaycanda, Cənubi Qafqazda Tiflis quberniyasının Borçalı qəzasında, İrəvan quberniyasında və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində amansızlıqla törədildi. Qırğınların zirvə nöqtəsi Bakı Sovetinin və erməni-daşnak dəstələrinin 1918-ci ilin mart ayında Bakı şəhərində və Bakı quberniyasında azərbaycanlılara qarşı törətdiyi soyqırımı oldu. Məqsəd müstəqillik tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək və Osmanlı ordusunun irəliləməsinin qarşısını almaq idi. Transqafqaz Seymi qırğınları dayandıra bilmədi. S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti yaradıldı. Ermənilərin əsassız iddiaları nəticəsində Seymdə daxili ziddiyyətlər kəskinləşdi. Xalqların ortaq dil tapa bilməmələri Seymin süqutunu yaxınlaşdırdı.
Cümhuriyyətin elanı və tədbirləri
Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Mayın 27-də Seymin Azərbaycan fraksiyası toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi.
Cümhuriyyətin ərazisi 113,9 min kvadratkilometr olub Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Onun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi.
Bu zaman Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabərhüquqlu elan edildi.
Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Parlamentli respublika olan Azərbaycanın başında Milli Şura dayanırdı.
Azərbaycanlıların tarixi torpaqlarında ermənilər üçün qurulan respublikanın paytaxtı olmadığından Azərbaycan Milli Şurası Erməni Milli Şurasının müraciətinə baxaraq iki xalq arasında milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə və xarici təzyiqlər altında İrəvanı paytaxt olaraq güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda gəlmə ermənilərə azərbaycanlı torpaqlarında dövlət yaradıldı. Lakin bununla kifayətlənməyən daşnak Ermənistanı azərbaycanlılara qarşı soyqırımları və əsassız iddialarını davam etdirdi.
Milli hökumət müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Hökumətin qarşısında dayanan başlıca vəzifə Bakını yadelli qüvvələrdən xilas etmək idi. Milli ordu yaradıldı. Nuru Paşa komandanlığında qurulmuş Azərbaycan və Osmanlı hərbçilərindən ibarət Qafqaz İslam Ordusu qarşısında tab gətirə bilməyən Bakı Xalq Komissarları Soveti süquta uğradı. Onun yerində xarici yardımlarla qurulan Sentrokaspi hökuməti də qaçmağa məcbur oldu. Sentyabrın 15-də Bakı şəhəri azad edildi. Hökumət paytaxta köçdü. Bakı şəhərinin yadellilərdən azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük hadisə oldu.
Müharibədə Almaniya və müttəfiqləri məğlub olduqdan sonra Osmanlı qüvvələri Bakıdan çıxdı. Azərbaycan xalqı və hökuməti böyük hörmət və ehtiramla onları yola saldı.
1918-ci il noyabrın 19-da Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul edildi. Dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki AMEA-nın Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Ümumilikdə parlamentin 155 iclası keçirilib. Sonuncu iclas 1920-ci il aprelin 27-də bolşevik işğalı ərəfəsində keçirilib.
Qısa müddətdə tarixi əhəmiyyətli tədbirlər həyata keçirildi. Himn və dövlət bayrağı qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və gömrük xidməti quruldu. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə tədrisin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Türkiyədən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar açıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Yüz nəfər azərbaycanlı gəncin xarici ölkələrdə təhsilə göndərilməsi barədə qərar qəbul edildi.
Qadınlara səsvermə hüququnu tanımaqla Azərbaycan dövləti dünya demokratiyasına mühüm töhfə verərək Qərb ölkələrinə nümunə oldu.
Azərbaycan dövlətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq və qorumaq idi. Cümhuriyyətin qurulması elan olunan kimi Avropanın bir sıra ölkələrinə yeni dövlətin yaradılması barədə məlumat göndərildi. Xarici siyasət sahəsində ilk addımlardan biri Birinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin dövlət və hökumət başçılarının Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirdi.
Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Lakin bu sahədə çoxlu problemlər mövcud idi. Ən ağrılı məsələ Daşnak Ermənistanının Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağa əsassız iddiaları idi. Düşmən üzərində qələbə qazanıldı və ermənilər Azərbaycan hakimiyyətini qəbul etdilər.
Nədən süqut?
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq süqut etdi. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Doğrudur, ağır şərait ucbatından ölkədə dövlət quruculuğu problemlərsiz, aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş gəlmə xalqlar dövlət müstəqilliyini tanımırdılar. Ermənistanın təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun və ərazilərin işğalının dayandırılması başlıca problemlərdən idi. Demokratik mühitdə, eyni zamanda, idarəçilikdə, xüsusən parlamentin fəaliyyətində çətinliklər var idi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlətinin yanında idi. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən süqut etdi.
Yaranmış beynəlxalq şərait müstəqil dövlətin qorunması üçün əlverişli deyildi. Antanta ölkələrinin Rusiyada bolşevizmi “beşiyində boğmaq” və türk mülklərinə sahib olmaq uğrunda apardıqları müharibə hər iki dövləti yaxınlaşdıraraq Yaxın, Orta Şərqdəki və Qafqazdakı şəraitin dəyişməsinə təsir göstərdi.
Əvvəlcə Azərbaycan, sonra isə bütün Cənubi Qafqaz bolşevik Rusiyası tərəfindən işğal edildi, müstəqil dövlətlərin varlığına son qoyuldu və sovetləşdirildi. İşğalda Bakı nefti amili başlıca rollardan birini oynadı. Bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirən Rusiya həmin mövqeyi bərpa etmək üçün Azərbaycanı yenidən işğal etməklə dünya dövləti olmaqdan ötrü ilk addımlarını atmağa başladı.
Tarixin ibrət dərsləri
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bunun üçün ilk növbədə həmin dövrdə zaman azlığı, imkanlar, beynəlxalq şərait və digər amilləri nəzərdən qaçırmadan buraxılan boşluqları dərindən bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Hər şeydən əvvəl, Cümhuriyyətin tarixi təcrübəsi göstərdi ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək mümkündür, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Demokratik mühitdə belə anarxiya yaradan, dövlət hakimiyyəti əleyhinə çıxan istənilən şəxs qanun qarşısında ədalət mühakiməsində cavab verməli, dövlətə qarşı silah işlədənlər isə anladıqları dildə dərhal məhv edilməlidirlər. Dövlət hakimiyyəti qüdrətli olmalıdır. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, onu qorumalı, maraqlarını hər şeydən üstün tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. Azərbaycan xalqının tərəqqisinin və qarşıya qoyduğu başlıca məqsədlərə nail olmasının təməlində müstəqil güclü dövlət amili dayanır. Qüdrətli dövlət qələbələrin rəmzidir. Zəif dövlət hakimiyyəti zamanında Azərbaycan xalqı daim geri gedib.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın mənafelərini qorumalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Vətənin, Azərbaycan dövlətinin yanında olduqda böyük, güclü və qüdrətli görünürlər.
Tarixi keçmişimizə olduğu kimi sistem və ideologiyadan asılı olmayaraq hörmətlə, varislikdə və sistemli yanaşılmalıdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı Azərbaycan SSR də qurulmazdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi məhz Azərbaycan SSR-in coğrafi-siyasi sərhədləri daxilində bərpa edildi. Azərbaycan xalqının nicatı ən böyük nemət olan müstəqillikdədir. Cümhuriyyət süquta uğramasaydı Azərbaycan milləti və dövləti fərqli bir inkişaf yolu keçərdi.
Müstəqil dövlətçilikdə ilk addımlar
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Onlar dərc etdikləri qəzet və jurnallarla istiqlal ideyalarını məhv olmağa qoymadılar. Bir qismi isə erməni və bolşevik terroruna qurban getdi. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
70-80-ci illərdə ziyalılar Azərbaycan rəhbəri Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqilliyin təməllərini təşkil edən obyektiv amillər formalaşdı.
SSRİ-nin, kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin ağsaqqal deputat olaraq Ulu öndər Heydər Əliyevin sədrlik etdiyi ilk sessiya iclasında respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı. Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi və Azərbaycan parlamentinə bu barədə müraciət olundu. SSRİ-nin saxlanılmasına dair referendum qədim diyarımız Naxçıvanda keçirilmədi. Beləliklə, Naxçıvan müasir müstəqil Azərbaycan Respublikası dövlətinin təməlinin rəsmi atıldığı yer oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası quruldu.
Cümhuriyyət irsinin öyrənilməsi və təbliği
Sovet dövründə Cümhuriyyət tarixinin öyrənilməsi müstəqillik düşüncələri formalaşdıra biləcəyindən qadağan edilmişdi. 1918-1920-ci illərdə baş verənlər vətəndaş müharibəsi, sinfi mübarizə nöqteyi-nəzərindən araşdırılırdı. 80-ci illərin sonlarından etibarən bu sahədə ilk addımlar atılmağa başlandı. Lakin sistemli işlərin görülməsinə ehtiyac var idi. Bu baxımdan 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə Prezident Heydər Əliyevin imzaladığı Sərəncam müstəsna rol oynadı. Cümhuriyyət dövrü tarixinin sistemli, kompleks araşdırılmasına başlanıldı. Xarici siyasət sənədləri, parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Amma məlumdur ki, elm bir yerdə dayanıb qalmır, görüləsi işlər hələ də çoxdur. Xüsusən xarici ölkələrin arxivlərindəki yeni sənədlərinin elmi dövriyyəyə gətirilməsinə ehtiyac vardır.
Ulu Öndər Heydər Əliyevin 2003-cü il 1 fevral tarixli Sərəncamına əsasən, Bakıda Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb., onların xatirəsi əbədiləşdirilib. Adlarına qəsəbə, küçə və prospektlər vardır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Cümhuriyyətin 100 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.
Arzuları gerçəkləşdirən qüdrətli Azərbaycan dövləti
Cümhuriyyət xadimləri Azərbaycanın müstəqil və güclü dövlət olmasını arzulayırdılar. Lakin onlar bu arzuları görmədən dünyadan köçdülər. Bu gün həmin istək və arzular həyata keçirilib. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da onu həyata keçirmək mümkün olmamışdı. Genuya konfransı zamanı mətbuata müsahibə verən Ə.Topçubaşov demişdi ki, Azərbaycanı işğal edərək müstəqilliyinə son qoyan bir ölkə ilə konsorsium yaratmaq olmaz, Azərbaycan gələcəkdə müstəqillik qazananda beynəlxalq konsorsium qurmaq olar. Təbii sərvət olan nefti ilk dəfə milli sərvətə çevirən Heydər Əliyev beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimləri Bakı-Culfa dəmiryolunun tikintisini başa çatdırmaq məsələsini parlamentdə müzakirə edərək vəsait də ayırmışdılar. Lakin bolşevik işğalı onu reallaşdırmağa imkan vermədi. Bakı-Tbilisi-Qars dəmiryolunu, “Şimal-Cənub dəhlizi” layihəsini reallaşdıran, Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olan Azərbaycan dövləti dünyanın vacib nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin yaradılması gündəlikdədir.
Ən başlıcası, Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Dövlət bayrağımız işğaldan azad edilən Şuşada və digər torpaqlarımızda dalğalanır.
Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ərazisinin bir sıra ölkələrdən böyük olmamasına, əhalisinin isə çox olmamasına baxmayaraq, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və birləşdirici gücdür. Dövlətimizin və millətimizin gözəl gələcəyi vardır. Gələcəyimizin başlıca formulunu Prezident İlham Əliyev aşağıdakı kimi müəyyənləşdirib:
“Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Tarix: 28-05-2023, 21:08