Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Gənc istedadlar”ın istedadları


Azərbaycanın istedadlı şagirdlərinin üzə çıxarılmasında “Sabahın alimləri” XII Respublika müsabiqəsinin mühüm rolu var. Müsabiqə yuxarı sinif şagirdlərinin müasir tədqiqat metodlarına yiyələnməsini təmin edir, bu sahədəki fəaliyyətlərini stimullaşdırır, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirir. Bir sözlə, “Sabahın alimi” adı qazanmaq gələcək uğurlara açar rolunu oynayır. Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri də hər il keçirilən müsabiqənin qalibləri sırasında yer alırlar. Təsadüfi deyil ki, "Sabahın alimləri” XII Respublika müsabiqəsində liseyin 10 şagirdi qalib olub.   
Onları yaxından tanıyaq:
XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov kimya istiqaməti üzrə I yerə, X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yerə layiq görülüblər. X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə III yeri qazanıblar. Eyni zamanda, XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.
Müsabiqədə I yerin qalibləri Misir Hüseynli, Ayşan Hacıyeva yollarda alternativ enerjini əldə edən və yol nişanlarını, işıqforları bu cihazdan alınan enerji hesabına çalışdıran cihazın maketini hazırlayıblar. Misir və Ayşanın dediyinə görə, hazırda bərpaolunan enerji mənbələrinə böyük ehtiyac var:  “Layihəmiz tükənən enerji mənbələrinə qənaət üçün yeni yollar axtarmaq ideyasından yaranıb. İnanırıq ki, sonrakı nəsillər bizim layihəmizin gətirdiyi enerjidən faydalanacaq və dünyada “enerjinin tükənməsi” fikri tədricən yox olacaq”. 
I yerin digər qalibləri olan Ayaz Ömərli və Ömər İbrahimov isə çirkli havanı virus və bakteriyalardan təmizləyəcək yeni cihaz yaradıblar. Məqsədləri isə bu cihazın real tətbiqinə nail olmaqdır: “Hazırda bir çox xəstəliklərin yaranması çirkli hava ilə əlaqədardır. “Daha təmiz hava, daha sağlam həyat” devizi ilə çıxdığımız yolda məqsədimiz Amerikada keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində də qalib olmaq, patent alaraq cihazımızı tanıtmaqdır”.
Liseyin X sinif şagirdi Camal Axundov laborator şəraitdə gümüş nanohissəcikləri sintezindən alınan biokompleksin bioloji sistemə təsirini əyani təqdim etməklə müsabiqədə II yeri qazanıb. Onun fikrinə görə, biologiyada hələ də araşdırılmamış məqamlar var. Bunları araşdırmaqla gələcəkdə çözümü tapılmayan bir çox məsələləri həll etmək mümkündür. 
Müsabiqədə III yerin qalibləri - “Gələcəkdə həkim olacağam” deyən Aytac Əliyeva və həmkarı Cəfər Cəfərov isə qida təhlükəsizliyi istiqamətində araşdırma aparıblar. Onlar bildirdilər ki, nanohissəciklərin bitkilərdə yaratdığı təsirlər qidalarda öz əksini tapır və bu, insan mədəsində ziyanlı kimyəvi reaksiyalara, hətta zəhərlənmə hallarına səbəb ola bilər. Məhz bu təqdimatla Aytacla Cəfər müsabiqədə biologiya istiqaməti üzrə III yeri qazanıblar. 
Gənc istedadların ən balacası olan Ərhun Abdullazadə IX sinifdə oxumasına baxmayaraq, müsabiqədə fizika istiqaməti üzrə elektrik enerjisinin alınmasının fərqli yollarınınümunələrlə izah etməsi ilə III yerin sahibi olub. Ərhun gələcəyin fizikidir və bu sevinci indidən paylaşır: “Dünyada mənfi yüklənmiş elektronlar, ionlar, müsbət yüklənmiş proton və kationlar o qədər çox yolla əldə edilə bilər ki... Bunu yalnız araşdırmaq və öyrənməklə, yeniliklərlə tədqiq edə bilərik...”. 
“Kimya elə bir maraqlı dünyadır ki, insan daim onu araşdırmaq, yenilikləri üzə çıxarmaq istəyir”. Bunu isə müsabiqənin xüsusi mükafatçıları - XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə araşdırmaları ilə münsiflər heyətində maraq doğurduqları münasibətilə deyirlər. “Viruslar bitkilərin daxilində proseslərin sürətlənməsinə gətirib çıxara bilərmi?” adlı təqdimat onların müsabiqədə fərqlənmələrinə səbəb olub. 
Gənclərin arzuları böyük, hədəfləri çoxdur. Biri-birindən maraqlı fikirlərə sahib olan bu uşaqlar qalibiyyət sevincini ürəkdolusu qeyd edirdilər. Ancaq ən maraqlı məqam odur ki, onların hamısı bir ağızdan eyni fikri söyləyirdilər: “Azərbaycanı daha yüksək qalibiyyətlərlə tanıtmaq istəyirik”. Müqəddəs missiyadır! Uğur olsun! 
Nurlan Cəbrayılzadə, 
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi
 


Tarix: 1-03-2023, 18:52

Xəbəri paylaş