Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tarixi şəxsiyyət Heydər Əliyev müəllim və təhsil haqqında

 
  Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
 E-mail: [email protected]
 
Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli”elan edilməsi haqda  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından ruhlanan cəmiyyətin ayrı-ayrı təbəqələrində dahi şəxsiyyətin irsinin müasir sosial-iqtisadi inkişafın tələblərinə uyğun nəzəri və praktik olaraq çatdırılmasına maraq artmaqdadır. “Mən 2022-ci ili “Şuşa İli” elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. 2023-cü il isə “Heydər Əliyev İli” elan edilib. Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”,- deyə Prezident qeyd edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi  ilə əlaqədar “Heydər Əliyev İli” elan edilməsi xalqımız, eləcə də  Dünyanın Azərbaycanı sevən bütün tərəqqipərvər dairələri tərəfindən böyük razılıq hissi ilə qarşılanır.    
 Heydər Əliyev 1969-1882-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə və 1993-2003-cü illərdə ölkə Prezidenti olarkən  bu tarixi vəzifəsini uğurla yerinə yetirdi.Hər iki dövrdə ölkənin taleyində görülmüş möhtəşəm işlər və qoyulmuş silinməz izlər dahi şəxsiyyətin irsinə daxil olan mənəvi zənginlikdir.Bu  xəzinədən faydalanmağın yolu təhsildən keçir demək doğru olardı. Ulu öndər Heydər Əliyevin  müəllim və təhsil haqqında dediyi müdrik fikirlərindən bir qismini diqqətə çatdırmaqla onun bütün istiqamətlərdə dəyərli olan irsinə olan ehtiramı ifadə etmiş oluruq:
Təhsil millətin gələcəyidir;
Mən dünyada müəllimdən yüksək ad tanımıram;
Bizim hər birimiz elmi 
dərəcəmizdən,biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq;
Mən Azərbaycanın sadə vətəndaşıyam.  Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir;
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır;
Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır; 
Müəllimlik sənəti şərəfli bir sənətdir;Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur;
Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar  hazırlamaqdır;
Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır;
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq;
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir 
sahəsidir; 
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz;
Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq; 
İndiyə qədər yaranmış təməlin üzərində  Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir;
Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki,Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi.Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt  unutmamalıyıq;
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş  olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş 
olsun;.
..Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli,  gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir..;
Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...;
Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır...Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. (Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- s.4.)  Metodoloji mahiyyət daşıyan bu konseptual ideyalar daim aktual olduğu üçün təhsildə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafının təminatçısıdır desək yanılmarıq. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda  yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Ölkə təhsilindəki ən ciddi nailiyyətlərdən biri - latın qrafikalı yeni əlifbanın reallığa çevrilməsidir. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi ifadəsi təhsil  sistemində özünün bəhrəsini verməkdədir. 

Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipidir. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini diqqətə çatdırmaqdır. Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi barədə demişdir:"Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir".
Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Heydər Əliyevin gərgin əməyi ilə bağlıdır. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər öz töhfəsini verməkdədir.
 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tərəqqili bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tələblərinə cavab verən müasir səviyyəyə çatması və formalaşmasında tarixi şəxsiyyətin müstəsna xidmətləri olmuşdur. 
 Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili ilə əlaqədar tədqiqatlar  göstərir ki, Heydər Əliyevin bütün islahatla bağlı ideyaları prezident İlham Əliyev tərəfindən yeni məzmundə və beynəlxalq təcrübəyə uyğun davam etdirilmiş, ölkəmizin dinamik inkişafına səbəb olmuşdur. 
  Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermişdir.Yeni tədris ilinin ilk günündə məktəblərdə olub, müəllim və şagirdlərlə görüşüb, onları dinləyib və öz müdrik tövsiyələrini verirdi.
 Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər "Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
 
Prezident İlham Əliyev də hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər "Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
 Faktlardan məlum olur ki, 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra olub və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılıb. 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərib. Bu illərdə ali məktəblərdə təhsilalanların sayı 70 mindən 100 minə yüksəlmişdir.
 
Müstəqillik illərində də   Ulu Öndər tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi, 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılaraq, onlara universitet statusu verildi. 
 Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi onun həyatının parlaq səhifələrindədir. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi, həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması və müddətinin 11 illik olması ideyaları Heydər Əliyev tərəfindən irəli sürülmüşdü.
 Dahi rəhbərin  təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Az müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı.1999-cu il iyunun 15-də proqram təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutuldu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Bu prosesin davamlılığı Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi. 
Ötən müddət ərzində strategiyanın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi  Heydər Əliyevin ölkəyə rəhbərliyində misilsiz xidmətidir. Onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” unudulmaz fərəhgətirən fikri xalqı hamılıqla ruhlandırır. Azərbaycan təhsilinin inkişafı sahəsində Heydər Əliyevin xidmətləri: milli tərbiyə və təhsilə dair nəzəri göstərişləri; milli təhsil quruculuğunda,təhsilin müxtəlif  sahələrinin ahəngdar inkişaf yolunda gördüyü işlər geniş tədqiq olunmalıdır.Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının  təhlilindən aydın olur ki, milli təhsilimizin keçmiş olduğu mərhələlərə daxildir:Azərbaycan təhsilinin  inkişafının yüksəlişləri Heydər Əliyevin Azərbaycana  rəhbərliyinin I dövrünə təsadüf edir.(1970-1982);Azərbaycan təhsili 1982-1987-ci illər dahi liderin keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı illəri əhatə edir;Azərbaycan təhsili depressiya illərində (1988-1993). Çağdaş təhsil tariximizin ən mürəkkəb, böhranlı zamanı;Müstəqil Azərbaycanda  yeni təhsil quruculuğu dövrü.Bu mərhələ Heydər Əliyev müstəqil Azərbaycanın dünya standartlarına  uyğun təhsil islahatları əsasında yeni milli  təhsil quruculuğuna  rəhbərliyi ilə başlanan sonrakı dövrü əhatə edir.Heydər Əliyev dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir:“Biz müstəqil  dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək”.Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.
 Müvafiq tarixi mahiyyət daşıyan dəyərli mənbələrdən dahi rəhbər Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş , cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran lider kimi irsi hərtərəfli öyrənilməlidir.
 


Tarix: 28-01-2023, 23:42

Xəbəri paylaş