Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlanıb





Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılır.
Ali məktəblərə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:
I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Riyaziyyat və fizika ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır.
III ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin tərcümə (dillər üzrə) və xarici dil müəllimliyi (dillər üzrə) ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin beynəlxalq münasibətlər ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır:
Regionşünaslıq (regionlar üzrə).
IV ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150 dən və imtahanın ikinci mərhələsi üzrə balı 50 dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
-Bağçılıq və tərəvəzçilik;
-Bitki mühafizəsi;
-Su bioehtiyatları və akvakultura.
Qəbul elanının tam mətni ilə “Abituriyent” jurnalının 7 nömrəli buraxlışında tanış olmaq mümkündür.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün sentyabrın 2-dən 7-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.


Tarix: 3-09-2022, 23:33

Xəbəri paylaş