“NƏŞRİYYAT İŞİ HAQQINDA” QANUNA GÜNÜN REALLIĞI PRİZMASINDAN BAXIŞ
“Nəşriyyat işi haqqinda” Azərbaycan Respublikasının qanununa nəşr işinin spesifikası və günün reallığı baxımından aşağıdakı dəyişikliklərin edilməsi zərurətini yaradır:
- “Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir” yerinə “Bu Qanun nəşr işinin təşkili sahəsində fəaliyyətin ümumi prinsiplərini müəyyən edir, kitab nəşri, yayımı və satışını həyata keçirən subyektlər arasında münasibətləri tənzimləyib, bu subyektlərdən hər birinin nəşr işi sahəsində hüquq və vəzifələrini müəyyən edir” yazılmalıdır. Çünki, qanunda söhbət, nəşr işinin təşkilindən gedir;
-qanunun 1-ci fəslinin 1-ci maddəsində -“Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir” yerinə ”Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir”yazılması da yerinə düşərdi, çünki, anlayışlar mənanı istifadə yox, ifadə edirlər;
- “nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi” yerinə “- nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifdən qəbul edilən və ya ona sifariş verilən, ya da müəllifin (müəlliflərin) iştirakı ilə yazılan və ya tərtib edilən əsərin nəşrə hazırlanmasını, istehsal və yayımını təşkil edən ixtisaslaşmış müəssisə” kimi yazılmalıdır, çünki, nəşriyyatın vəzifəsi əsəri istehsal edib yaymaq yox, nəşrə hazırlamaqdır; nəşrin istehsal və yayımı isə, yalnız müəlliflə imzalanan müqavilə əsasında baş tuta bilər;
- “nəşriyyat məhsulları” ifadəsi “nəşr məhsulları” ilə əvəz edilməlidir, çünki, söhbət nəşriyyatda hazırlanan hər hansı plakat, qılaf, qutu, əlfəc və s.-dən yox, nəşrdən gedir;
-“dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri”ndə dövlət strukturu nəzdində özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən nəşriyyatların (məs.: “Azərbaycan” nəşriyyatı) statusu (dövlət nəşriyyatı sayılıb-sayılmaması) ilə bağlı məsələyə aydınlıq gətirilməsi də pis olmazdı;
-“nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi”yerinə “nəşr işi – müəllif mətninin nəşrə hazırlanması ilə məşğul olub onun istehsal və yayımını təşkil edən; hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi” yazılması, daha məqsədəuyğundur;
-“naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs” yerinə “naşir – əsərin nəşrə hazırlanmasını, istehsal və yayımını təşkil edən şəxs“ yazılması daha düzgündür. Çünki, naşir əsəri nəşrə hazırlayan, istehsal və yayımını təşkil edən şəxsdir. Nəşri maliyyələşdirənin əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmaya da bilər, əsas odur ki, nəşrin maliyyə xərclərini qarşılasın;
-“nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu” yerinə “- nəşr məhsulu – nəşr növündən və çap formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə hazırlanıb oxucu üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşr və digər nəşr məhsulları məcmusu” kimi yazılmalıdır, çünki, nəşrin hansı çap üsulu ilə hazırlanmasının bura qətiyyən dəxli yoxdur;
-“çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları” yerinə “- çap məhsulu - poliqrafiya müəssisələrində çapa hazırlanıb tirajlanan dövri mətbuat, nəşr və nəşr məhsulları” kimi yazılmalıdır;
-“nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının” yerinə “- nəşr məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşrə hazırlanan məhsulun tirajının” yazılması, daha məntiqli olardı;
-“yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını” yerinə “- yayıcı - nəşriyyat (naşirlə), müəllif (müəlliflər) və ya onun nümayəndəsi ilə bağlanılmış müqavilə əsasında, yaxud digər qanuni əsaslarla nəşrlərin yayılmasını” yazılması, daha məqsədəuyğundur;
-“sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını” yerinə “- sifarişçi - maliyyə xərclərini üzərinə götürməklə çap məhsulunun nəşrə hazırlanmasını, istehsal və yayımını” yazılması daha düzgün olardı;
-“tiraj - nəşr nüsxələrinin miqdarı” yerinə “- tiraj - nəşrin çap olunmuş nüsxələrinin miqdarı”, “- kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə” yerinə “- nəşrin beynəlxalq standartda yerini təyin edən nömrə (İSBN) –nəşrin ticarət şəbəkələrində yayılması və tanıdılması üçün zəruri olan nömrə” kimi yazılması, daha məqsədəuyğun olardı;
-“nəşr - nəşriyyat prosesindən keçirilərək” yerinə “-nəşr - redaktə (ədəbi, elmi, bədii, texniki) meyarları əsasında təkmilləşdirilib nəşrə hazırlanan ”kimi yazılmalıdır;
-“redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəllifin (müəlliflərin) təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması” yerinə “- redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında yazılan, müəllif yaxud müəlliflərin təqdimatı ilə nəşriyyata daxil olan əsərlərə texniki və bədii tərtibat verilməsi, elmi, ədəbi cəhətdən təkmilləşdirilib zəruri ixtisar, əlavə və düzəlişlər edilməklə nəşrə hazırlanması” kimi yazılmalıdır. Çünki, naşir təqdim olunan əsərin redaktə edilib təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır;
-“nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə” yerinə “- nəşriyyat redaksiyası - əsərləri nəşrə hazırlayıb çapını təşkil edən əsas struktur bölmə”, “- redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis” yerinə “- redaktor - nəşriyyatda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, müəllif əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii meyarlar, redaktə prinsipləri əsasında işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis” yazılmalıdır;
-“nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun ola-raq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi” yerinə “- nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə və ixtisaslaşdığı sahəyə uyğun olaraq tərtib və təsdiq etdiyi”, “- dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması” yerinə “-dünya miqyasında təbliğinin təşkili məqsədilə onların tərcüməsinin, nəşr və yayımının stimullaşdırılması” yazılmalıdır;
-“nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi” yerinə “-nəşr məhsullarına tələbatını, ehtiyac və təkliflərini öyrənməklə nəşriyyatların işinə istiqamət verilməsi”, “- Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi” yerinə “-Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq nəşriyyatlar və poliqrafiya müəssisələri arasında dövlət satınalmalarının (tenderlərin) keçirilməsi, dövlət tərəfindən sifariş edilib maliyyələşdirilən dərsliklərin nəşrinin və çapının təmin edilməsi” yazılmalıdır;
-“nəşriyyat məhsullarının” yerinə “- nəşr məhsulları”, “- təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının” yerinə “- təbliğinin təşkili məqsədilə onların tərcüməsinin, nəşr və yayımının”, “- milli universal” yerinə “- universal” yazılması məqsədəuyğundur, çünki ensiklopediyada materiallar milli yox, dünyəvi xarakter daşıyan obyektiv faktlar əsasında yazılır;
-“habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının” yerinə “- elm, habelə səhiyyə və əhalinin sosial müdafiəsi ilə bağlı nəşr məhsulları”, “-xarici dillərdə buraxılan zəruri nəşrlərin” yerinə “-zəruri nəşrlərin xarici dillərə tərcümə edilib nəşrə hazırlanmasının” kimi yazılması, daha məqsədəuyğundur;
-3-cü maddədə “- nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi” yerinə “- nəşr işi sahəsində təşkilati və hüquqi sərbəstliyin təmin edilməsi” yazılması, daha düzgün olardı. Çünki, senzura ləğv olunsa da, redaktə prinsiplərinin (dövlətçilik, xəlqilik və s.) gözlənilməsinə nəzarət edilməlidir;
-“nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi” yerinə “- nəşriyyatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi”, “-nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi” yerinə “- nəşr işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi” yazılmalıdır;
-“əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablarla təmin etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi” və “- Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvəti sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması” bəndləri artıq təmin olunduğundan, onların qanunda saxlanmasının mənası yoxdur;
-4-cü maddədə “- Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin” yerinə “- Nəşr məhsulunun müəllifi olmayan dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birlik və”, “-müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və” yerinə “- müəllifləri seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanıb dövlət büdcəsindən maliyyələşdirilən nəşrlər istisna olmaqla), nəşriyyatlarası,”,“-Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər” yerinə “Materiallar və müəllif mətnləri nəşrə hazırlanarkən mütləq ədəbi, elmi, bədii və texniki redaktədən keçməli, mətnlərdə aparılan düzəlişlər müəlliflə razılaşdırılmalıdır. Tərcümə edilən nəşrlərdə də mətnə, mənasına zərər verməmək şərtilə müdaxilələr etməyə, müəlliflik hüququnun qorunması şərtilə zəruri ixtisarlar aparmağa yol verilir” yazılmalıdır. Çünki, naşir nəşrin elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət etməlidir;
-5-ci maddədə “- Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında “ yerinə “- “Nəşriyyat subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşrlərdə” yazılmalıdır. Düşünürəm ki, bu maddədə nəşriyyatların ixtisaslaşması tələbi, ictimai rəyin formalaşmasında müstəsna rolu olan bu müəssisələrə kitab nəşri sahəsində mükəmməl təhsil alıb zəngin təcrübə məktəbi keçmiş peşəkarların rəhbərlik etməsinə nəzarət olunması kimi məsələlərin də öz əksini tapması, vacibdir. Xarici dillərdə (ölkəmizdə məskunlaşmış milli azlıqların dillərində nəşr olunan əsərlər də daxil olmaqla) nəşrə hazırlanan əsərlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yerləşən Tərcümə Mərkəzində gözdən keçirilməsi də, mümkün təxribatların qarşısının alınması, dövlətçiliyimizin qorunması nöqteyi-nəzərindən faydalı olardı;
-7-ci maddədə “- Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar” yerinə “- Müəllif mətnlərini nəşrə və çapa hazırlayan, istehsal edib yayan təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar” yazılması, daha məqsədəuyğun olardı;
-8-ci maddədə “-təsisçi (həmtəsisçi) ola bilərlər. Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir. Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər” yerinə “- nəşriyyatların yalnız həmtəsisçi ola bilər, təsis edilmiş nəşriyyatla poliqrafiya, kitab ticarəti və təchizatı müəssisələri arasında münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir. Təsisçi nəşriyyatın ixtisaslaşdığı sahəni, nəşrlərin tematikasını müəyyənləşdirir, nizamnaməni təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak edir. Nəşrin istehsalını və yayımını təşkil edir. Əsərin nəşrə yararlı olub-olmamasını isə, azərbaycan vətəndaşlığı olan təsisçi müəyyənləşdirir” yazılmalıdır. Çünki, nəşrə hazırlanan əsər, ictimai rəyə birbaşa təsir göstərib cəmiyyəti bu və ya digər səmtə yönəldə bilər. Xarici vətəndaşın ictimai rəyi formalaşdırmasına yol vermək isə, düz olmaz;
-9-cu maddədə “- nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək” yerinə “- “ixtisaslaşdığı sahəyə uyğun əsərlərin nəşrə hazırlanması ilə bağlı sifariş alıb vermək” yazılması, daha məntiqli olardı. Çünki, mövcud reallıq cəmi 1-2 redaktoru olan nəşriyyatlarda istənilən mövzuda əsərin nəşrə yüksək keyfiyyətlə hazırlanmasını mümkünsüz edir;
-“müəlliflərlə müəllif müqavilələri bağlamaq” yerinə “- müəlliflərlə, əsər-lərinin nəşri, çap edilib yayılması məqsədilə müqavilələr bağlamaq”, “-əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə” yerinə “-əsərlərinin başqa ölkələrdə və xarici müəlliflərin əsərlərinin Azərbaycan Respublikasında nəşr” yazılmalıdır;
-“öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək” yazılır. Azərbaycanda isə, nəşr işi sahəsində bu gün də, hələ 1955-ci ildən keçmiş SSRİ-də beynəlxalq normalar əsasında işlənilib hazırlanmış standartlar qüvvədə qalmağa davam edir. Onlar yenidən, poliqrafiya texnika və texnologiyasının müasir inkişaf səviyyəsi nəzərə alınmaqla işlənilməlidir;
-10-cu maddədə “- nəşriyyat məhsullarının” yerinə “- nəşr məhsulları”, “- nəşriyyat məhsullarını istehsal edə bilərlər”yerinə “- nəşriyyatdan izn alınmadan onun qrifini daşıyan nəşri çap edə bilməz”, “-nəşriyyatdan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər” yerinə “-nəşr məhsulları istehsalını və buraxılışını nəşriyyatın (naşirin) sifarişi əsasında həyata keçirə bilərlər”, “- nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya” yerinə “-nəşri istehsal edən poliqrafiya müəssisəsi onun hazır tirajını və ya tiralın bir hissəsini, orijinal nüsxə, maket və foto-orijinalları, ya da“ yazılmalıdır;
-11-ci maddədə “-nəşriyyat məhsulunun sifarişçisi ola bilər” yerinə “- müəllifi olduğu əsərin sifarişçisi ola bilər”, “toplular; digər əsərlər” yerinə “digər toplu və əsərlər”, “-müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir” yerinə “-nəzərə almaqla, onun istifadə və yayımı qaydasını müəyyənləşdirir”, “-nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər” yerinə “-poliqrafiya müəssisəsinə öz məhsulunun çapını, yayıcıya isə həmin məhsulun yayımını həvalə edə bilər”, “-sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında” yerinə “-nəzərə alınmaqla, müəllif (həmmüəllif) və ya onun nümayəndəsi ilə naşir, naşirlə çap məhsulunu hazırlayan və yayımını təşkil edən arasında” yazılmalıdır;
-15-ci maddədə “- Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif redaktəsi ilə çap etdirə bilərlər” yerinə “- Vətəndaşlar öz əlyazmalarını və təşkilatlar hər hansı materialları nəşriyyatla müqavilə bağlamaqla öz hesablarına çap etdirə bilərlər”yazılmalıdır;
-16-cı maddədə “Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu buraxa bilməzlər” yerinə “İstehsal müəssisələri (poliqrafiya), hüquqi və fiziki şəxslər müəllifin, nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşri təkrar çap etdirə bilməzlər;
-18-ci maddədə “buraxılış yeri və ili” yerinə “buraxıldığı il və yer”, “hesab-nəşriyyat həcmi; fiziki həcmi” yerinə “uçot-nəşr həcmi; fiziki və şərti həcmi”, “şriftin növü” yerinə “əsas mətnin şrift növü”, “göstərən nişan (işarə)” yerinə “təsdiq edən nişan (işarə)” yazılmalıdır;
-19-cu maddədə “Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul” yerinə “Nəşrə hazırlanan əsərin nəşriyyatda redaktə (elmi, ədəbi) edildiyi, bədii və texniki tərtibat verildiyi, çapa hazırlandığı hallarda nəşr” yazılmalıdır;
-20-ci maddədə “obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir” yerinə “əsərlərin hüquq sahibinin icazəsi olmadan surətinin tam, yaxud qismən çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir. Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan çap edilib yayılmasına yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar” yazılmalıdır;
-22-ci maddədə “Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalara, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir” yerinə “Nəşr məhsullarını (kitab, broşura, jurnal, almanax, qəzet və s.) hazırlayan müəssisə hazırladığı bütün nəşrlərin (“tam məxvi” qrifli nəşrlər istisna olmaqla) məcburi nüsxələrini pulsuz Azərbaycan Respublikasının Milli Kitabxanası və qanunda nəzərdə tutulmuş digər orqanların kitabxanalarına, Azərbaycan Mətbuat Şurasına (qəzet), ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir. Məcburi nüsxələr nəşrin ümumi tirajına, onların hazırlanmasına çəkilən xərc sifarişçinin ödədiyi məbləğə daxil edilir və sifarişçi ilə bağlanan müqavilədə öz əksini tapır. Məcburi nüsxələrin vaxtında və tam həcmdə göndərilməsini təmin etməyən poliqrafiya müəssisəsinin rəhbəri qanunla müəyyən edilmiş qaydada inzibati və maddi məsuliyyət daşıyır” yazılmalıdır. Bir də, yaxşı olar ki, qanunda məcburi nüsxələrin (pullu, pulsuz) göndərilməli olduğu yerlərin adları və nüsxələrin sayı dəqiqliklə göstərilsin;
-25-ci maddədə “Dövlət Kitab Palatası Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını Kitab Palatası” yerinə “2003-cü ildən Milli Kitabxananın nəzdində şöbə kimi fəaliyyət göstərən Dövlət Kitab Palatası Azərbaycan Respublikasında buraxılmış bütün nəşr məhsulları növlərinin (“tam məxvi” qrifli nəşrlər istisna olmaqla) toplanmasını, biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını” yazılmalıdır;
-26-cı maddədə “-Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları” yerinə “Azərbaycanda hazırlanan ensiklopedik, sorğu-məlumat nəşrləri üçün zəruri olan sənəd, informasiya və məlumatları” yazılması və qanunun bütün bu dəyişiklik və əlavələrıə yanaşı “Nəşriyyat işi haqqında” yerinə “Nəşr işi haqqında” Azərbaycan Respublikasının Qanunu adlandırılması da, məntiqəuyğun olardı.
Hal-hazırda Azərbaycanda nəşriyyat fəaliyyəti ilə məşğul olan və ya olmağı arzulayan şəxslərin bu sahədə təhsil alıb təcrübə məktəbi keçməsinə nəzarət edilməsi (bu sahənin lisenziyalaşdırılması yolu ilə), hər müəssisənin qarşısında konkret sahə üzrə ixtisaslaşma, hər ilin axırında kütləvi informasiya vasitələrində oxuculara nəşrə hazırladığı əsərlərlə, uğur qazandığı sərgilərlə bağlı hesabat verilmə tələbinin qoyulması, etibarı doğrultmayanların lisenziyalarının geri alınmasının da qanunla tənzimlənməsi nəşrə hazırlanan əsərlərin keyfiyyətini yüksəldər, naşirlərin məsuliyyətini artırar, təsadüfi şəxslərin ideologiyanın bu vacib sahəsinə axınının qarşısını alardı.
Qanuna, həmçinin poliqrafiya avadlığının hazırlanmadığı, kağız, cild materialları, təbəqə və s.-nin istehsal edilmədiyi respublikamızın ərazisinə gətirilən poliqrafiya materialları, yeni texnika və texnologiyanın idxal vergisindən azad edilməsi, dövlət tərəfindən maliyyələşdirilən nəşrlərin ölkə daxilində hazırlanmasının təmin edilməsi və xaricdə hazırlananlar (ayrı-ayrı şəxslər və ya özəl şirkətlər tərəfindən maliyyələşən) üçün təyin olunan gömrük rüsumunun artırılmasını təmin edən maddənin daxil edilməsi də, yerli istehsalçının hüquqlarının müdafiəsi, mənafeinin nəzərə alınması baxımından faydalı olub bu sahənin inkişafını sürətləndirərdi.
Hal-hazırda respublikada gələcəyin naşir, ədəbi, texniki və bədii redaktorlarının, kitab tərtibatçıları və dizaynerlərin müasir tələblər səviyyəsində yetişdirilməsi üçün tələb olunan "Texniki redaktə", "Poliqrafiya texnikasının və texnologiyasının əsasları", "Nəşriyyat texnologiyasının əsasları", "Redaksiya-nəşriyyat işinin texnologiyası" və s. dərsliklərin, eləcə də, nəşrlərin bədii-texniki tərtibatı sahəsində metodiki əsasların olmaması və məqsədyönlü elmi tədqiqatların aparılmaması, eləcə də ali təhsilli ədəbi, texniki, bədii redaktor, naşir və dizayner hazırlığının lazımi səviyyədə təşkil olunmaması da, bu sahənin inkişafını ləngidir. Halbuki, BDU-da “Jurnalistika”, “Kitabşünaslıq və nəşriyyat işi” kafedralarının birgə səyi ilə naşir, elmi, ədəbi redaktor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bədii və texniki redaktor, dizayner hazırlığının təşkili, elə də çətin iş deyil. Bu sahədə aparılması tələb olunan elmi tədqiqatların keyfiyyətini təmin edib dərslikləri yazmaq iqtidarında olan (bilik+təcrübə) peşəkarlara zəruri maliyyə dəstəyinin verilməsi, mütəxəssis hazırlığı ilə bağlı təşkilatı məsələlər də tənzimlənməlidir.
Yeri gəlmişkən, hələ orta əsrlərdə kağız, boya kimi materialların hazırlanması sahəsində zəngin ənənələri olan Azərbaycana, indi bu materiallar xaricdən gətirilir. Poliqrafiya materialları istehsalının yerli xammal (istehsalat, məişət tullantıları və s.) hesabına təşkili qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə yardım edib poliqrafiya materiallarının çeşidini artırmağa, göstəricilərini yaxşılaşdırmağa imkan verər, daşınıb gətirilməsinə sərf olunan maddi vəsaitə qənaət edilməsini təmin edərdi.
Poliqrafiya işçilərinin keçmiş peşə bayramı olan - "Çap günü"nün ("День печати") bərpa edilməsi, yüksək ixtisaslı mütəxəssislərə "Əməkdar poliqrafçı" fəxri adının verilməsi də dövlət sektorunda işin canlanmasına, gənclər arasında bu sənətə marağın artmasına xidmət edərdi.
Respublikada fəaliyyət göstərən kitab satışı obyektləri və kitabxanalar, nəşriyyat və mətbəələr, kağız və s. kimi poliqrafiya materiallarını respublikaya gətirən müəssisələrin işinin bir-biri ilə əlaqələndirilməməsi də nəşrlərin bədii-texniki tərtibat və icra keyfiyyətinə öz mənfi təsirini göstərir. İnformasiya ilə yanaşı, həm də ideya daşıyıcısı olan kitabın redaktə olunmadan çapa verilməsi, ictimai rəyə göstərə biləcəyi təsirin hesaba alınmaması, elmi-ədəbi dəyərinə, bədii və texniki tərtibatına nəzarət olunmaması müharibə vəziyyətində yaşamağa məcbur edilən bir dövlət üçün məqbul sayıla bilməz.
Bütün bunların “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapması bu sahənin inkişafına xidmət edər, Azərbaycanda kitab nəşrini canlandırardı.
İradə Ələsgərova
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru
("Respublika" qəzeti ¹105-107 (5848-5850), 19-21 may 2017, səh.7
və “Respublika gəncləri”qəz.¹86 (708), 1o iyun 2017, səh.8,9,10).
Tarix: 13-05-2022, 09:00