Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“AZƏRBAYCAN NƏŞRİYYATI” MMC – 100



 
“Azərbaycan” nəşriyyatı respublikamızın nəşriyyat sistemində peşəkar mütəxəssis ordusu və zəngin istehsal ənənələri, nəhəng maddi-texniki bazası ilə seçilən iri dövlət müəssisəsidir. 1920-ci ildə Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklər Xristofor Avakoviç Vermişevin 1902-ci ildə əsası qoyulmuş mülkündə, Yefimov-Saratovets, 37 (keçmiş Kolyubakinski, indiki Nigar Rəfibəyli) ünvanında yerləşən mətbəəni tutub, “Revko­mun mətbəəsi” (İnqilab komitəsinin mətbəəsi) adlandırdılar. Maşın parkı cəmi bir ədəd rotasiya maşınından ibarət olan bu mətbəədə inqilabdan əvvəl Bakıda rus dilində çap olunan ədəbiyyatın əksəriyyəti, o cümlədən hər birinin tirajı 10 min nüsxə olan “Баку” və “Бакинец” qəzetləri, Azərbaycan Demokratik höküməti illərində isə, “Azərbaycan” və “Азербайджан” qəzetləri çap olunurdu. 1920-ci il aprelin 30-dan mətbəədə bu qəzetlərin nəşri dayandırıldı, yerinə əvvəl türkcə, sonra isə, həm də rusca “Kommunist” qəzetinin nəşrinə başlanıldı [4]; [11, s.466].
 “Kommunist” qəzeti Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarı ilə 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin və Bakı Sovetinin, “Azərbaycan füqərası” qəzeti isə Azərbaycan K(b)P MK və BK-nın orqanı elan edildi. Azərbaycan İnqi­lab Komitəsinin ləğv edildiyi I Sovetlər qurultayında (22 may 1921-ci il) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) təsis edildi. “Revkomun mətbəəsi” də, adını dəyişib 4№-li mətbəə oldu. “Kommunist” qəzeti Azərbaycan K(b)P MK və BK-nın, “Azərbaycan füqərası” isə Azərbaycan K(b)P MK-nın orqanı kimi fəaliyyət göstərməyə başladı. 1921-ci ilin sonlarında isə, “Azərbaycan füqərası” qəzeti adını dəyişib “Azərbaycan xəbərləri” oldu. Təxminən bir ay sonra bu qəzetin də nəşri dayandı, bütün əmlakı və vəsaiti isə”Kommunist” qəzetinə verildi. 1922-ci il iyulun 1-dən AHİŞ-in mətbu orqanı “Zəhmət” də “Kommunist” qəzetinin re­dak­siyasına birləşdirildi [15]; [14].
Texniki avadanlığı 3 növbəli fasiləsiz işlə təmin olunan mətbəədə o dövrdə vəziyyət heç də ürəkaçan deyildi, qəzet və jurnallar çox çətinliklə ərsəyə gəlir, mövcud şərait qəzetlərin, xüsusilə gündəlik qəzetlərin vaxtında hazırlanmasını çətinləşdirir, çap keyfiyyətini aşağı salırdı. Kağız qıtlığı ilə bağlı ilk vaxtlar “Kommunist” qəzeti cəmi 2 səhifədə, üzərində çoxlü cizgilər olan müxtəlif çalarlı, aşağı keyfiyyətli bükmə kağızında çap edilirdi ki, bu da nöqtə və xətlərin sayının xüsusi önəm daşıdığı ərəb əlifbasında yığılan mətnin oxunuşunu çətinləşdirirdi. Üstəlik, bu əlifba ilə mətnin linotip maşınlarında yığılması da mümkün olmur, qəzet bütövlükdə əl ilə, boşluqlar nəzərə alınmaqla hərf-hərf yığılır, nəticədə, təsadüfi səhvlərə yol verilməsi qaçılmaz olur, söz və ya cümlələrin mənası təmamilə dəyişirdi. Bütün bu deyilənlər, qəzetin M.F.Axundov adına Dövlət Kitabxanasında saxlanılan nüsxələrində (1919-29) də izlənilir. 
Hər redaksiyanın öz ekspedisiya və satış bazasını yaradıb tək təsərrüfat fəaliyyəti göstərməsi rentabelliyi aşağı düşən işin keyfiyyətini yaxşılaşdırmağa imkan vermir, izafi vaxt və maliyyə itkisinə səbəb olur, qəzetin maya dəyəri artırdı. Partiyalı sovet mətbuatının planlı inkişafı qəzet-jurnal redaksiyaları nəzdində yaranan kiçik sex­lərin təsərrüfat fəaliyyətinin səmərəliliyinin təmin edilməsini və maddi-texniki təchizatının gücləndirilməsini tələb edirdi. Bütün bunlar, son mərhələdə təsərrüfat birliyi yaratmaq istiqamətində ilk addımların atılması ilə nəticələndi. 
AKP MK-nin 4 aprel 1923-ci il tarixli iclasında “Bakinski raboçi” qəzetinin cap keyfiy­yətinin yaxşılaşdırılması və texniki bazasının gücləndirilməsi, eləcə də maya dəyərinin aşağı salınması yolları müzakirə edildi və “Poliqraftrest”in balansında olan 4 saylı mətbəənin bütün avadanlığı ilə birlikdə “Бакинский рабочий” qəzeti redaksiyasına birləşdirilməsi haqqında qərar qəbul edildi. Bu qərardan irəli gələn məsələlərin həlli (cizgiləri sürtülüb yeyilmiş şriftlərin yenilənməsi, maşın və avadanlığın əsaslı təmiri, yığım maşınları üçün matrisa dəstlərinin və keyfiyyətli çap boyalarının alınması) üçün təqdim olunmuş 19633,08 rubl dəyərində smeta müzakirə edildikdən sonra müəssisəyə ilkin mərhələdə 15 min rubl vəsait ayrıldı və bu vəsaitin 2 ay ərzində ödənilməsi planlaşdırıldı. Yığıncaqda iştirak edən “Azpoliqraftrest”in direktoru Q.M.Ul­yanovski və “Bakinski raboçi”nin Baş redaktoru M.O.Lifşisə türk və erməni dillərində “Kommu­nist”, türk dilində “Zəhmət” qəzeti nəşrinin təşkili, latın şrifti ilə yığılması nəzərdə tutulan türk ədə­biyyatı və təbliğat nəşrləri­nin siyahısının dəqiqləşdirilməsi tapşırıldı [4].
Redaksiyalarla mətbəəni özündə birləşdiririb “III İnternasional" adı altında fəaliyyətini davam etdirən bu müəssisəyə 1923-cü ildən “Труд”, “Бакинский рабочий” və ”Kommunist” qəzeti (türk, erməni) redaksiyaları da birləşdirildi və bununla da, güclü poliqrafiya bazasına malik böyük qəzet – jurnal mətbəəsinin təməli qoyulmuş oldu. Bu deyilənlər haqqın­da ASE-də (cild V, səh.466) yazılanlar, o dövrdə yaşayıb 1923-cü ilin iyun ayından "III İnternasional"da mürəttib, sex müdiri vəzifəsində işləmiş (1929-1941) Qulam Məmmədlinin (1897-1994) xatirələrində yer almış məlumat­larla da üst-üstə düşüb təsdiqini tapır [3];[16].
Qulam Məmmədlinin tərcümeyi-halında oxuyuruq: “1923-cü ilin iyun ayında Bakıya gəlib “Kommunist” qəzetinin çap olunduğu “III İnternasional” mətbəəsində mürəttib işləmiş və burada Ordubadi, Cabbarlı, Məmmədəli Sidqi, Seyid Hüseyn və başqaları ilə tanış olmuşam, “Molla Nəsrəddin”in həm mürəttibi, həm müxbiri olub Mirzə Cəlil ilə tanış olmuş, 1924-27-ci illərdə Teatr Texnikumunda oxumuşam [12].  
 Mətbuatın daha da inkişaf edib təşəkkül tapması üçün geniş imkanlar açmış “III İnternasional" nəşriyyatının yaradılması dövrün, zamanın tələbi idi. Maddi – texniki bazası gücləndirilən nəşriyyatın poliqrafiya bazası Sovet hakimiyyəti illərində nəzərə çarpacaq dərəcədə inkişaf etdi. Nəticədə, yerləşdiyi bina darısqal, çap avadanlığı köhnə “III İnternasional”ın yenidən qurulması zərurəti yarandı və 1930-cu ilin əvvəllərində yeni binanın tikilməsinə start verildi. Bütün bunlar, respublikada yaranan qəzet – jurnal şəbəkəsinin genişlənməsi ilə yanaşı, poliqrafiya sənayesinin də günün tələbləri səviyyəsində təşkil olunmasına zəmin yaratdı. 
Mətbuat şəbəkəsinin genişləndirilməsi, qəzet və jurnal redaksiyalarının mərkəzləşdirilməsi, partiya – sovet mətbuatının poliqrafiya bazasının yeni texniki avadanlıqla təchiz edilib daha da gücləndirilməsi məsələləri 1937-ci ilin yanvarında keçirilən Azərbaycan K(b)P MK-nın bürosunda da müzakirə edildi və müzakirənin nəticəsi olaraq “Yeni yol”, “Gənc işçi”, “Бакинский комсомолец” və “Bakı işçisi” qəzetləri, “Şərq qadını” və “Firqə işçisi” jurnalları birləşəib AKP (b) MK-nın və BK-nın “Birləşmiş nəşriyyat”ını yaratdılar [5]. Azərbaycan KP (b) MK “Kommu­nist” və “Бакинский рабочий” qəzeti redaksiyalarının da “Birləşmiş nəşriyyat”a birləşdirilməsini zəruri hesab etdi. “III İnternasional” mətbəəsi yeni təşkil edilən nəşriyyatın tabeçiliyinə verildi və müəssisənin, bütün qəzet və jurnalların çapını reallaşdıracaq AKP MK-nın “Birləşmiş nəşriyyat”ı və Mətbəəsi kimi yenidən təşkil olunmasına başlanıldı  [13, s.129]. 
1964-cü ildə öz mətbəəsi ilə birlikdə, indiki Mətbuat prospektində (əvvəlki Avokyan küçəsində) inşa edilmiş yeni binanın hazır olan hissəsinə köçürülən bu nəşriyyatın (“Birləşmiş nəşriyyat”) mətbəəsində ilkin mərhələdə çapı reallaşan 8 respublika, 40-dan çox mədən, zavod, müəssisə qəzetləri ilə yanaşı, 1936-1967-ci illərdə müxtəlif sahələr üzrə ictimai-siyasi nəşrlər - kitab və kitabçalar da hazırlanırdı. Məs.: “Siyasi və elmi bilikləri yayan ümumittifaq cəmiyyətin III qurultayının materialları: (26-28 yanvar 1960-cı il)” (1960); H.Araslı “Aşığ yaradıcılığı” (1960); “Aşıq Bilal”(1960); marksizm-leninizm əsaslarını öyrənən dərnək rəhbərləri üçün “Kənd təbliğatçılarının bir illik qiyabi kurs dinləyicilərinin müstəqil iş proqramı” (1960) və s. [1] ; [2]. 
1923-cü ildə redaksiyalarla mətbəəni özündə birləşdirən “III İnternasional"ın (1923-37) bazasında yaradılan AKP MK-nın “Birləşmiş nəşriyyat”ı Azərbaycan KP MK bürosunun 14 mart 1967-ci il tarixli qərarı ilə AKP MK-nın “Kommunist” nəşriyyatı adlandırıldı [6]. Bu fakt, əmək fəaliyyətini “Birləşmiş nəşriy­yat”da başlayıb “Kom­munist”, daha sonra “Azərbaycan” nəşriyya­tında davam etdirən Rəhimova Gülşən Əjdər qızı (1928) və Əlimuradov Afik Bala Dadaş oğlunun (1947) əmək kitabçalarına vaxtilə bu nəşriyyatlarda edilmiş qeydlərlə (G.Rəhimova 19.11.1947-20.05.1967, A.Əlimuradov 24.07.1964-16.05.1967) də bir daha təsdiqlənir. 
Qabaritinə görə nəhəng bir kompleksi xatırladan bu binada tezliklə nəşriyyat rəhbərliyindən əlavə 90-a qədər qəzet və jurnal redaksiyasının yerləşdiyi korpus da tikilib istifadəyə verildi. Binada jurnalistlərin yaradıcılıqla məşğul olmaları üçün zəruri şərait yaradıldı və 1970-ci illərin əvvəllərində “Kommunist” nəşriyyatı adı altında fəaliyyətini davam etdirən “Birləşmiş nəşriyyat”ın tərkibinə artıq 16 qəzet və jurnal redaksiyası, dövlət sifarişlərinin nəşrə hazırlanması ilə məşğul olan xüsusi redaksiya şöbəsi və çapını reallaşdıran mətbəə daxil idi. 
Naşir, jurnalist, redaktor və mətbəə işçiləri üçün əlverişli iş şəraitinin yaradılmasında, yeni texnologiyaların istehsalata tətbiq olunmasında və nəşriyyatın fəaliyyətinin zamanın tələbləri səviyyəsində qurulmasında Sovetlər dönəmində ayrı-ayrı vaxtlarda bu quruma rəhbərlik etmiş H.Quliyev, Y.İsmayılov, Ə.Əliyev, İ.Fərzəliyev, N.Əhmədov, M.Nəbiyev, B.Qayıbov, Ş.Cəfərov kimi direktorların, həmçinin İ.L.Yakovlev, K.Saakov, A.Y.Kemko, Ə.Vəliyev, R.Hüseynov, Y.M.Vixaylevski kimi direktor müavinlərinin də müəyyən rolu olmuşdur. Bu mənada, yüksək ixtisaslı poliqrafçıların istehsalın təşkili işinə verdikləri töhfə də qeyd olunmağa layiqdir.
Qəzet, jurnal və kitab istehsalının təşkilində və qəbul edilən sifarişlərin texniki cəhətdən işlənilməsində 1970-1980-ci illərdə nəşriyyatın istehsalat şöbəsində R.Axundovun (sonralar A.Manuçarova, B.İsmayılova və A.Əliyevin) rəhbərliyi altında çalışan Q.Əliyeva, S.İbrahimova, P.Şamilova, Z.Cəfərov, A.Rodionov, A.Pənahov kimi mühəndis-texnoloqların, dispetçer T.İdia­tulovanın, mühəndis-kalkulyatorlar G.Ramazanova və N.Frolovanın da rolu olmuşdur.
İstehsalat planlarının başlıca göstəricilərindən biri də, şübhəsiz məhsulun keyfiyyəti və izafi itkiyə yol verilmədən hazırlanmasıdır. Bu sahədə nəşriyyatda çox səmərəli işlər, kompleks tədbirlər həyata keçirilmişdir. Istehsalatda texnoloji sistemin fasiləsiz işləməsinə, texnologiyaya riayət edilməsinə, müxtəlif növ çap məhsullarının itkiyə yol verilmədən vaxtında və yüksək keyfiyyətlə çap olunub hazırlanmasına 1970-ci illərdə M.Moroz, 1980-cı illərin əvvəlindən isə bu sətirlərin müəllifi İ.Ələsgərovanın rəhbərlik etdiyi şöbə (R.Abbasova, B.Həsənov) nəzarət etmişdir. Texnoloji sisteminin fasiləsiz işləməsinə 1970-ci illərdə L.Kopeykus, 1980-ci il­dən isə H.Ələkbərovun rəhbərlik etdiyi kimya laboratoriyası (B.İsmayılova, M.Hüseynova, S.Nağıyeva) öz töhfəsini vermişdir. Nəşrin sonrakı taleyi birbaşa istehsalat şöbəsində işin necə təşkil edilməsindən asılı olduğundan, bu gün də nəşriyyat fəaliyyətinin beyni sayılan, 1993-cü ildə texniki nəzarət və istehsalat şöbələri ilə kimya laboratoriyasının birləşdirilməsindən yaranan bu şöbə, işin nəşriyyatın bütün xidmət sahələrində düzgün təşkili və sifarişlərin vaxtlı-vaxtında, keyfiyyətlə hazırlanmasını təşkil edir, sifarişlərin texnoloji tələblərə uyğun hazırlanıb istehsalata verilməsində, sex və sahələrin işlə vaxtında təmin olunmasında başlıca rol oynayır. A.Rodionov və  S.Hacıyeva çalışan bu şöbəyə  yarandığı ilk gündən İ.Ələsgərova  rəhbərlik edir 
1970-1980-ci illərdə sexlərin işlə təmin edilməsində, Z.Abdullayevanın başçılıq etdiyi redaksiya şöbəsi də müəyyən rol oynamışdır. Bədii, publisistik və digər ədəbiyyatla yanaşı rəngarəng təsviri sənət məhsulları: açıqça, təqvim, plakat, buklet, uşaqlar üçün kitabçalar nəşrə, məhz, bu şöbənin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən əməkdaşları Ə.İsgəndə­rova, N.Məmmədova, C.Abbasova, R.Sultanova, E.Tağıyevanın (sonralar S.Ağababayeva və F.Nağıyeva) iştirakilə hazırlanırdı. Baş redaktor, “Əməkdar İncəsənət xadimi” N.Əliyevin (sonralar V.Məmmədov) və “Əməkdar rəssam” N.Babayevin nəşriyyatda çalışdığı 1995-2005-ci illərdə kitab nəşri daha da canlanıb keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırılmışdı. Hal-hazırda E.Səmədova və F.Ramazanovanın çalışdığı bu şöbəyə C.Abbasova rəhbərlik edir. 
Sovet dövründə işin düzgün plnalaşdırılması da nəşriyyatda əməyin ahəngdarlığına öz təsirini göstərir, istehsalatın plan göstəricilərinin pul və natura ilə ifadəsi proqnozlaşdırılırdı. Bu işlə İ.L.Yakovlevin (sonralar A.Y.Kemko, A.Vəlimətov) rəhbərliyi altında plan-iqtisadiyyat şöbəsinin əməkdaşları L.Çelabiyeva, Y.Makarova, T.Roxkind (sonralar: T.Antoşina, A.Səfərova, A.Kərimzadə, A.Vəlimətov, E.Axundova) məşğul olurdular. Hal-hazırda E.Hüseynovun rəhbərlik etdiyi maliyyə şöbəsində A.Vəlimətov, H. Binnətova və E.Rəhmanova çalışırlar. 
İstehsal sahəsinin zəruri xammal və materiallarla təchiz edilməsində A.Yusifovun (sonralar: Ş.Hətəmov, M.Novruzov, S.Məmmədov, A.Məmmədov, F.Səmədov) rəhbərlik etdiyi maddi-texniki təchizat sahəsinin əməkdaşları M.Novruzov, İ.Litvinenko, Ş.Səmədov, A.Süleymanov, A.Zeynalova, F.Səmədov, R.Cabbarov, X.Babayev, Q.Abbasova, B.Səmədova, N.Quliyev, Z.Əlipənahova, F.Əliyev, Y.Qasımov, V. Zülfüqarov, A.Məmmədov, R.Məlikova, M.Mustafayev və C.Təhməzovun əməyi də qeyd olunmalıdır. Hal-hazırda bu işlə C.Nəsibov məşğul olur. 
Nəşriyyatda kadr hazırlığı da xüsusi önəm daşıyır. Kiçik fasilələrlə bu şöbədə Y.Babazadə, R.Padarova, Y.Vixaylevskaya, M.Hüseynova, Q.Əliyeva, Ə.Nəbiyeva çalışmışlar. Hal-hazırda L.Ömərova, V.Əfəndiyeva və Ş.Manafovanın çalışdığı şöbəyə B.Cəfərova rəhbərlik edir. 
1970-80-cı illərdə Ə.Zeynalov, Q.Əliyeva, S.İbrahimova, B.İsmayılova, P.Şamilova kimi yerli mütəxəssislərlə yanaşı, ümummilli lider H.Əliyevin bilavasitə təşəbbüsü ilə poliqrafiyanın incəliklərinə keçmiş SSRİ-nin tanınmış ali təhsil ocaqlarında (Lvov, Moskva) yiyələnib nəşriyyatın istehsal sahəsində çalışan, yeni texnika və texnologiyaların istehsalata tətbiqinə, çap məhsulla­rının vaxtında və keyfiyyətli hazırlanmasına öz töhfələrini vermiş bu mütə­xəssislərin adlarının çəkilməsi də yerinə düşər: R.Hüseynov, Ə.Vəliyev, İ.Ələsgərova, B.Məmmədov, P.Azadəliyev, R.Əliyev, A.Rodionov, A.Vəlimətov, Z.Kərimov, C.Təhməzov və b.
1970-80-cı illərdə qəzetlərin yığılıb səhifələndiyi yığım sexində A.İbrahimovun (sonralar F.Əliyev) rəhbərliyi altında çalışan əmək veteranları: F.Yusif­oğlu, H.Məmmədov, H.Əliyev, Ə.Priyev, S.Məmmədov, Ə.Xəlilov, A.Rzayev, S.Əliyeva, T.İdiatulov, S.Abdiyeva, İ.Həsənov, Ş.Cabbarov, T.Əhmədov, K.Qasımov, N.Muşarapova, Q.İsmayılovla yanaşı, N.Ələsgərov, K.Qasımov, R.Qurbanova, H.Muradov, P.Seyidov, R.Abdullabəyova, X.Əliyev, A.Babayev, Ə.Şəfiyev, N.Quliyev kimi bu ixtisasa yiyələnən gənclər də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fərqlənirdilər. Kitab və jurnalların çapında, kitabların yığılmasında sahədə çalışan R.Rəhimova, A.Abdullayev, M.Quliyev, A,Məmmədov, F.Novruzova, B.Əzimova, H.Kərimova, T.Hürüyeva, E.Məmmədova, B.Həsənov, L.Yunusova, E.Babayeva, B.Səfərova, G.Orucova, K.Jukov, T.Qribanova, S.Hacıyeva kimi təcrübəli işçilərin də əməyi olmuşdur.
Mətbəədə qəzetlər yüksək, jurnallar yüksək və dərin çap üsulu ilə hazırlanır, yeni texnoligi.-yaların istehsalata tətbiqinə, təsviri illüstrasiyaların yüksək çap üsuluna nisbətən daha keyfiyyətli alınmasını təmin edən dərin çap üsulu ilə çapına xüsusi önəm verilirdi. Nəşriyyatda V.Nəcəfovun rəhbərliyi altında sinkoqrafiya sexi fəaliyyət göstərir, illüstrasiyaların yüksək üsulla çapında və sərt cildlərin üzərində basma üsulu ilə relyefin alınmasında istifadə edilən klişe və qravyuralar (yonma və aşılanma üsulu ilə M.Rüstəmov) hazırlanırdı. J.Marunov, A.Movsumova, B.Savçenko  və b. çalışdığı dərin çap sexinə A.Kazımov rəhbərlik edirdi. Dərin çap üsulunun ölkədə ilk dəfə “Kommunist” nəşriyyatında istehsalata tətbiq edildiyini qeyd etmək də, yerinə düşərdi. 
1970-80-cı illərdə nəşriyyatda G.Rəhimovanın rəhbərliyi altında kağız hazırlanan sahə fəaliyyət göstərir, R.Məlikova, R.Kərimova kimi işçilər çalışırdılar. Həmçinin, teletayp (T.Məm­mədova), təmir-mexaniki sex (Y.Bixaylevski, T.Abiyev, Ə.Məmmə­dov, L.Ləbibov, K.Novru­zova, Z.Kərimov, H.Qoçayev), elektrosahə (A.Məmmədov, N.Əliyev), santexnika (F.Yunu­sov), qazanxana və kompressor sahələrində çalışanlar da ümumi işə öz töhfələrini verirdilər.
1980-ci ildə yüksək çap üsulundan daha mütərəqqi ofset çap üsuluna keçidlə bağlı binanın qəzet istehsal edilən hissəsinin yenidən qurulmasına və Almaniya istehsalı olan potasiya tipli 8 bölməli “Rondoset” çap maşınının quraşdırılmasına başlanıldı. Ofset çap üsuluna keçid nəşriy­yatın dövri mətbuat və kitab nəşri sahəsindəki fəaliyyətini daha da genişləndirmiş oldu. Sovet dövründə ölkənin ən iri poliqrafiya bazasına çevrilən nəşriyyatda hər il gündəlik tirajı təqribən 2 milyon 9 yüz 30 min nüsxədən artıq olan cəmi 43 adda, o cümlədən 10 respublika və rayon səviyyəli qəzetlərlə yanaşı, fototeleqraf vasitəsilə qəbul edilən A-2, A-3 formatlı 4, 8, 12, 24 səhifəlik 9 mərkəzi qəzet (“Правда”,“Известия”, “Труд”, “Комсомолская правда”, “Красная звезда”, “Литературная газета”, “Аргументы и факты”, “Советский спорт”, “Советская культура”), birdəfəlik tirajı təqribən 386 min nüxsə olan 8 çoxtirajlı və 16 sahə qəzetləri, habelə aylıq tirajı 1 milyon 500 min nüsxədən çox 14 adda kütləvi və ictimai-siyasi jurnal (“Az.qadını”, “Təşviqatçı”, “Kirpi”, “Kənd həyatı”, “Azərbaycan”, “Ulduz”, “Göyərçin”, “Az. kommunisti” və s.) yerli və ittifaq nəşriyyatlarının bərk və yumşaq cildli kitabları (D.Deltser “Омен”, Y.Voykunski, Y.Lukodyana “Очень далекий Тартес”, Erix Remark “Три товарища” və s.), broşura və kitabçalar, buklet, reklam vərəqi və s. kimi incəsənət nəşrləri, dərslik və tədris vəsaitləri, plakat, təqvim, açıqça, etiket və s. kimi çap məhsulları hazırlanırdı. Təkcə,1981-ci ildə nəşriyyatda hazırlanan qəzetlərin birdəfəlik tirajı təqribən 2 mln., jurnalların birdəfəlik tirajı 775 min nüsxə, broşurların  birdəfəlik tirajı isə 5 mln. nüsxədən çox olmuşdu [11, s.466]. 
1980-ci ildən 2-ci sənaye – istehsalat korpusunda (qəzet sahəsində) başlanmış əsaslı yenidənqurma işləri 1990-cı illərin əvvəllərində başa çatdırıldı. Eyni zamanda etiket, kitab və kitabça çap edən sahə də yenidən quruldu. 1990-cı ildən yeni fotoyığım sexinin təşkili və qəzet yığımında kompüterlərdən istifadə edilməsi bu işin səmərəliliyini daha da artırdı. Qısa müddət ərzində qəzet və jurnalların yığılmasında 20-dək kompüterdən istifadə olunur, 1991-ci ildə artıq maddi-texniki bazası möhkəmləndirilən “Kommunist” nəşriyyatının kompüterlərində 50-dən çox qəzet yığılıb səhifələnir, latın və kiril əlifbalarından istifadə edilir, həm də, demək olar ki, respub­likada hazırlanan bütün yeyinti və şərab məhsullarının etiketləri çap olunurdu.
1980-1990-cı illərdə çoxtirajlı, A-2 və A-3 formatlı qəzetlər yeni tikilmiş korpusun qəzet sexində-8 bölməli “Rondoset” qurğularında çap olunurdu. Qəzet-ofset sexinin rəisi N.Məmmə.-dovun (sonralar Y.Miqunov, E.Kərimov, V.Orucəliyev, R.Ləbibov) və rəis müavini  M.Bayramo.-vun rəhbərliyi altında sex ustaları M.Sadıqov, A.Həsənov, L.Qasımov, A.Qoçayev, E.Fətullayeva, B.Zeynalov, nəzarətçi B.Həsənov, mexanik R.Kərimov, çapçılar M.Əhmədov, C.Xəlilov,  O.Məmmədqasım­oğlu, T.Mirzəyev, C.Bayramov, C.Balakişiyev, B.Qəhrəmanov, T.Əliyev, B.Cəbiyev, qalvanotipistlər A.Gözəlov, N.Məmmədov, fotoqraf İ.Rəsulov, elektrik K.Səmədov, qəbuledicilər F.Rzayeva, D.Talıbova, M.Abbasova çalışmış, özlərinə layiqli davamçılar yetişdir.-mişlər. Tirajı 500-dən az A-3 formatlı qəzetlər “Dominant” maşınında A.Rüstəmov, Z.Atluxanov, E.Ruhi kimi çapşıların səyi ilə çap olunurdu. Hal-hazırda  sexə V.Orucəliyev rəhbərlik edir. 
1991-ci ildə təşkil olunmuş kompyuter sahəsində E.Cəfərovun (sonralar C.Təhməzov, Z.Əliyev, T.Dadaşova) rəhbərliyi altında A.Cabbarova, E.Orucəliyev, N.Quliyev, Ə.Rəhimov, A.Qəniyev, S.Allahverdiyeva, İ.Əsədov, İ.Əliyev, S.Məmmədov, A.Allahverdiyev, L.Ömərova, T.Zərdablı, S.Cəfərova, S.Ağayeva, K.Hüseynova, H.Kosayeva, R.Gülməmmədov, İ.Mənsimov, T.Cələbova, R.Cavadov, K.Hüseynov, V.Rəhimov, K.Hüseynov, S.Məmmədov, A.Morduxayev, Y.Konsur, K.Həsənova, R. Allahverdiyev, E.Qafarov, N.Tamtiyev kimi öz işinin ustası olan işçilər çalışırdılar. Hal-hazırda çap mərkəzinin tərkibində fəaliyyət göstərən, S.Allahverdiyeva, Y.Rəhimova, N.Rzaquliyev və E.Orucəliyevin çalışdığı bu sahəyə N.Quliyev rəhbərlik edir. 
Sovet dövründə “Azərbaycan” nəşriyyatının “B” korpusunda illik gücü 430 milyon rəngli basma vərəqə çatan güclü ofset sexi fəaliyyət göstərir, kiçik tirajlı işlər iki seksiyalı “Dominant”(1986) (çapçılar: A.Rüstəmov və Z.Atluxanov) maşınında çap olunurdu. Sex fals aparatı və quruducu qurğusu olan 8 rəngli “Sirkon-forte-660”(1984) və 2 rəngli “Qoss - kommunite” kimi rulonla işləyən çap maşınları, 5 rəngli “Aureliya-700”(1984), iki ədəd 2 rəngli “P-24-3”(1982) və “Sors” (1989) kimi vərəqlə işləyən ofset çap maşınları, “Maksi-Bond”(1976) laminasiya maşını, “Quamat-200”(1985) laklama qurğusu, nömrələyici aqreqat, 1 bıçaqlı (1976) kağızkəsən və istənilən formada etiket kəsən maşınlar və s. ilə təchiz edilmişdi. O dövrdə V.Məmmədovun (sonralar F.Əliyev, P.Azadə­liyev, B.Məmmədov) rəhbərlik etdiyi kollektivdə Z.Quliyeva, A.Əliyev kimi sex ustaları, ixtisaslı çapçılar Y.Abbasov, R.Bayramov, M.Zahidov, Z.Əhmədova, Z.Abdullayeva, Ə.İsgəndərova, D.Şahbazov, M.Almyaşeva, N.İsmayılova,   A.Əsədov, A.Əhmədov, V.Nurməmmədov, L.Əliyeva, A.Ağayev, N.Musayev  və b. çalışırdılar. 
Çap formaları hazırlanan sahə “Skrin”(1985) sınaq çap maşını, iki ədəd “Ultrapan”(1982 və 1985) surətçıxaran maşınları və s. qurğularla təchiz edilmişdi. Burada poliqrafiyanın son nailiyyətlə­rindən - yeni texnologiyalardan geniş istifadə edilir, rəng ayrımı (“DS – 350” aqreqatı, Yaponiya), foto çəkiliş, retuş, montaj əməliyyatları həyata keçirilir, aşılama üsulu ilə ofset çap formaları (“Rotari”) hazırlanırdı. Z.Quliyevanın rəhbərliyi altında Ə.Hüseynov və S.İlişayev kimi ustalar, E.Cəfərova, M.Rüstəmov, A.Fərəcullayev, Y.Vasilçikov, A.Mövsümova, N.Əzizova, N.Gildyakova kimi mütəxəssislər çalışırdılar. Hal-hazırda kompütür və forma hazırlayan sahələr çap mərkəzinin tərkibində, T.Rəhimovun rəhbərliyi altında fəaliyyət göstərir. 
1980-90-cı illərdə yüksək çap sexinin bazasında kiçik ölçülü xalq təlabatı malları istehsal edən sahə təşkil edilmişdi. Sahədə Y.Vilkov və A.Pənahovun (sonralar R.Əliyev, Z.Cəfərov, Z.İbrahimov) rəhbərliyi altında usta V,Məmmədov, kəsicilər – A.Səlimov, R.Novruzov; çapçılar – Ç.İsmayılov, G.Əlimərdanova, N.Kabanadze, İ.Şuvalova, N.Yurçişina, T.Yusufova; maşinistlər – N.İsgəndərova, A.Rəhimov, O.Babayeva, E.Zeynalova, O.Məmmədov, Ş.Səfərova çalışırdılar. Fotoqraflar  R.Nağıyev və M.Babayevanın əməyi də qeyd olunmağa layiqdir.
Nəşriyyatın “B” və “Q” korpusunda yerləşən cild sexi 1-3 bıçaqlı “LP-2M” (1974), “LP-4” (1984) kimi kağızkəsən maşınlar, “Seyra-132RMS-1”(1986), “Seyra”(1987) kimi kəsici avto.-matlarla, yumşaq cildli broşuraları yığıb tikişsiz yapışdıran “Salbi”, “Poni” və məftillə tikən “BPŞ-4”(1980) maşınları, “NŞ” tikiş maşını, fals qurğusu(1984) və digər texnika ilə təchiz edilmişdi. Burada sexin rəhbəri M.Kərimov (sonralar Q.Rüstəmov, S.İlişayev) və sex ustaları T.Kərimova (sonralar N.Mailova), L.Vəliyeva, Z.Cəfərovla yanaşı, əmək veteranları – K.Hüseynov, C.Əlizadə, R.Musayev, D.Bağırova ilə birlikdə N.Rəşidov, M.Məmmədova, O.Quliyev, K.Məmmədova kimi gənclər də çalışır, ümumi işə öz töhfələrini verirdilər. 
“Kommunist” nəşriyyatında çap edilən qəzet və jurnallar keçmiş SSRİ-nin 300-dən çox şəhərinə, habelə ABŞ, İngiltərə, İran, Yaponiya, Türkiyə, Avstraliya, Bolqariya, Pakistan, Hindistan, Əfqanıstan, Almaniya Fedorativ və Demokratik Respublikaları, Fransa, Kuba və digər ölkələrə göndərilir, qəzetlər ümumittifaq səviyyədə keçici bayraqla mükafatlandırılır, hazırlanan məhsullar beynəlxalq kitab sərgilərində nümayiş etdirilirdi. 
Nəşriyyatda naşir, redaktor və texniki işçilərin bilik və qabiliyyətlərinin üzə çıxarılması üçün müəyyən tədbirlər görülür, mühəndislərin vaxtaşırı ölkənin aparıcı müəssisələrində yeni texnoloji avadanlıqlarla və qabaqcıl təcrübələrlə tanış olub öz peşəkarlıq səviyyələrini artırmasına, müasir texnoloji yenilnklərin istehsalata tətbiqinə xüsusi diqqət yetirilirdi. 
Sosial yönümlü məsələlər də rəhbərliyin diqqətindən kənarda qalmırdı, işçilər yeməkxanada (Q.Heydərov) isti yeməklə, bufetdə qəlyanaltı ilə təmin edilir, evi olmayan işçilər ev növbəsinə götürülür, növbəsi çatana qədər yataqxana (F.Əfəndiyev) ilə təmin edilirdilər. İş günlərində tibb məntəqəsində (L.Zeynalova) - stomotoloji və fizioterapevtik kabinetlərdə işçilərə xidmət göstərilir, respublikanın müxtəlif sahələr üzrə ixtisaslaşmış adlı-sanlı həkimləri (göz həkimi, ginekoloq, lor və s.) kvartalda bir dəfə işçiləri pulsuz müayinədən keçirirdilər. Klubda (D.Ağayeva) işçilər üçün vaxtaşırı konsertlər verilir, yeni filmlər nümayiş etdirilirdi. Nəşriyyatın pulsuz xidmət göstərən uşaq baxçası işçiləri iş vaxtı artıq qayğılardan azad edir, yardımçı təsərrüfat kollektivi il boyu tərəvəzlə təmin edir, “Arzu” pioner düşərgəsi (A.Məmmədov) yay tətili zamanı işçilərin övladlarının istirahətini təşkil edirdi. Bayram günlərində SSRİ-nin görməli yerlərinə gəzintilərin təşkil edilməsi və səhhətində problem olanlara güzəştli putyovkaların ve.-rilməsi, eləcə də xaricdə istehsal olunan yüksək keyfiyyətli malların satışının təşkili də həmkar.-ların yerli komitəsinin (X.Əfəndiyeva) nəşriyyat işçilərinə göstərdiyi xidmətlər sırasına daxil idi.
1991-ci il oktyabr ayının 18-də respublika parlamenti Azərbaycan Dövlət Suverenliyi haqqında bəyannamə qəbul etdi. Müstəqilliklə bağlı demokratik dəyişikliklərin başlanması kitab nəşri işində də əsaslı dönüş yaratdı: Azərbaycanın nəşriyyat sistemi demokratik xarakter aldı, müxtəlif növ çap məhsullarına olan təlabatın artması və bazar iqtisadiyyatına keçidlə bağlı özünümaliyyələşdirmə prinsipi ilə işləyən özəl nəşriyyatların yaranması rəqabəti artırdı. 1992-ci ildə 60-dan çox qəzetin yığılıb səhifələnməsinin həyata keçirildiyi müəssisənin istehsal gücü 1980-cı ildəkinə nisbətən 24 dəfədən çox artaraq 103,5 milyon manat (rubl) təşkil etdi. 
10 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti A.Mütəllibovun 366 saylı fərmanı ilə keçmiş AKP MK-nın "Kommunist" nəşriyyatının bazasında Azərbaycan Respubli­kası Prezidenti Aparatının "Azərbaycan" nəşriyyatı təşkil edildi [7] və Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 27 avqust tarixli 322 nömrəli Fərmanında dəyişiklik edilməklə [8], əvvəllər "Kommunist" nəşriyyatının yerləşmiş olduğu bina "Azərbaycan" nəşriyyatına verildi.
Müstəqillik əldə olunandan sonra milli mədəniyyət tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Respublikasının ən böyük poliqrafiya bazası olan "Azərbaycan" nəşriyyatı Prezident H.Əliyevin 1993-cü il 26 noyabr tarixli 49 saylı sərəncamına [9] əsasən AR Prezidentinin İşlər İdarəsinin sərəncamına verilmiş, nəşriyyata müstəqilliyimizin ilk illərində N.İbrahimov (1993-2005), A.Əsgərov (2005-2021)  kimi direktorlar rəhbərlik etmiş, A.Yusifzadə, B.İsmayılova, A.Məmmədov, L.Ləbibov, R.Cəfərov kimi direktor müavinləri fəaliyyət göstərmişlər.   
Kitab nəşri sahəsindəki fəaliyyəti 1996-1997-ci illərdə xüsusilə genişlənmiş nəşriyyatda hər il 70-80, bəzi illərdə isə 90-100 adda kitab nəşr edilmişdir. Nəşriyyatın kitab məhsulunun araşdı.-rılması müxtəlif elm və bilik sahələrinə aid maraqlı və əhəmiyyətli kitabların çap edildiyini göstərir. Məs.: siyasi, ədəbi-bədii, dərslik, elmi və s. kimi nəşr tipləri üzrə 1997-ci ildə 55 adda kitab, o cümlədən Əli Tudənin “Söz ömrü”, “Azərbaycan nefti dünya siyasətində”, M.Arazın “Yol ayrıcında”, X.R.Ulutürkün “lefortovo zindanında”; 1998-ci ildə 47 adda kitab – o cümlədən Əli Tudənin “Mühacir qeyrəti”, X.Qocanın “Hərə öz payını götürsün”, “Azərbaycanın şeir antologiyası”, Z.Yaqubun “Bir əlim torpaqda, bir əlim haqqda”; 1999-cu ildə 27 adda kitab – o cümlədən“Şeir antologiyası”(IIc.), E.Qocanın “Cəllad ehtirazı”, B.Vahabzadənin “Ləyaqət”; 2000-ci ildə 40 adda kitab – o cümlədən S.Əsədovun “Terrorizm”, B.Vahabzadənin “Ağıl başqa, ürək başqa”, X.Qocanın “Marallar”; 2001-ci ildə 40 adda kitab – o cümlədən A.Rzayevin “Açılmamış səhifələrin izi ilə”, Ş.Qurbanovun “İstedadlar ocağı”, Ç.Abdullayevin “Qanın üç rəngi”, Ə.Mustafayevin “İçindən asılmış adam”, S.Lətifzadənin “Əcdadımızın namusu”; 2002-ci ildə 57 adda kitab – o cümlədən Ə.Tudənin “Mənim səsim”, N.Xudiyevin “Gələcəyə, sabaha doğru inamla”; 2003-cü ildə 46 adda kitab – o cümlədən B.Budaqovun “Soyqrım – tarixi həqiqət”, Z.Yaqubun “Səni sevmək üçün gəldim dünyaya”, S.Kərimovanın “Soyuq günəş”; 2004-cü ildə 44 adda – o cümlədən V.Kərimin “Qoşa zirvə”, M.Urudun “Zəngəzur”, M.Süleymanovun “Üç roman”; 2005-ci ildə 38 adda – o cümlədən Ç.Cəfərovun “Cərrahiyə”, Y.Vəliyevin “Ömrümün yarpaqları”; 2006-cı ildə 33 adda – o cümlədən Ə.Əlişovun “Medalyon”, M.Rəhimzadənin “Hacı Zeynalabdin Tağıyev”, Ş.Əsgərovun “Düşüncələrim”; 2007-ci ildə 32 adda – o cümlədən Q.Əsədovun “Bura sənin evindir”, M.Uluşirvanlının “Bir gecənin nağılı”, S.Gəncəlinin “777 sual” və s. kimi əsərləri nəşr olunmuşdur.
Müstəqilliyimizin ilk illərində yüksək ixtisaslı mütəxəssislərin çalışdığı “Azərbaycan” nəşriyyatında çap olunan kitabların keyfiyyətinin yüksəldilməsinə, bədii tərtibatının və poliqrafik icrasının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilirdi: Füzulinin “Qəzəllər”i (6 cilddə)(1996), “Üzeyir Hacıbəyovun ensiklopediyası”(1996), B.Vahabzadə (12c.) və Ə.Tudənin “Seçilmiş əsərləri”(20c.), “Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920). Parlament” (I-IIc.) (1998), “Aзербайджанская Демократическая Республика (1918-1920). Парламент» (1998), “Aзербайджанская Демократическая Республика (1918-1920). Законада­тельные акты” (1998), “Aзербайджанская Демократическая Республика (1918-1920). Армия»(1998), “Aзербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика»(1998), Elçinin “Kitabi Dədə Qorqud aliliyi”(1999), H.S.Xəlifəzadənin “Azərbaycan mətbəxinin sirrləri” (1999), M.Zeynalovun “Fəlsəfə tarixi”(2000), S.İsmayılovun “Əməli kargüzarlıq”(2002), “Azərbaycanın tanınmış şəxsiyyətləri” seriyasında xalq şairi Z.Yaqubun “Mən sənin qəlbinə necə yol tapım”(2004), A.Mirzəzadənin “Azərbaycan, zaman, inkişaf” (2008); Ş.Əsgərovun “Düşüncə tərzi” (2008); Ü.Qaraqayanın “Qədim türk eli” (2009), E.Sadıqovun “Bank əməliyyatları”(2010), Anarın “Kərəm kimi” (2015) kitabları və s. kimi nəşrlər buna sübutdur. 
2005-2010-cu illərdə Respublika Prezidentinin sərəncamı və neft şirkətinin maliyyə dəstəyi ilə alınan texniki ləvazimat: Yaponiya istehsalı “Horizon” - blokun tikişsiz bərkidilmə sistemi: dəftəryığan “Horizon-MG” (2009), fals “Horizon Cross Folder AFC – 744 AKT“ (2009), termoyapışdırıcı “Horizon-SB-07”(2009) və kəsici “Horizon Gatherer M6-60H” qurğuları, cila.-layıcı və qızıllayıcı basma dəzgah “OCHSMER ÇM”(2009), 3 bıçaqlı kəsim maşını “PER.-FEKTA SDY-2” (2009), sapla tikən aqreqat “MUTH”(1993) və “SMYT 14”(2009), “Kolbus” xətti EMP 30, FE-36 (1998), forzas yapışdıran qurğu“Eksis-600”(1998), frezer qravyur dəzgahı “Roland MDX- 40R”(2009), 5 rəngli ofset çap maşını “Rapida-105”(2009); plotter “Roland” SP540V”(2000), forma hazırlayan maşınlar “Marşet” (2009) və “Skreen” (2009), rəngli qəzet çap maşını “KVA-COMET”(2010), aşılayıcı “Ynga-80” (2011), təchizat sistemi “Camme.-ler”(2010) və s. hesabına nəşriyyatın poliqrafiya bazası bir xeyli gücləndirilmişdir.
Bu avadanlıq nəşriyyatda “Azərbaycan”, “Xalq”, “Respublika” və s. kimi dövlət qəzetləri ilə yanaşı ayrı-ayrı təşkilat, müəssisə, fiziki və hüquqi şəxslərə məxsus 300-dən çox qəzet və jurnalın, müxtəlif çeşidli poliqrafiya məhsulları və çoxsaylı kitabların hazırlanmasını təmin etsə də, bu gün texniki avadanlığın böyük bir hissəsi artıq köhnəlib, texnoloji tələblərə cavab vermir.
Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Baş Nazir Əli Əsədovun imzaladığı 2022-ci il 15 yanvar tarixli 18 №li qərara [10] əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması “Azərbaycan Nəşriyyatı”MMC-yə dəyişdirilib, yeni qurum nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib: nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə baş direktor  Leyla Ağa Əli qızı Güləliyevadır.
Müstəqillik şəraitində mətbuat cəmiyyətdə ideya-siyasi fəallığın artırılması və ictimai fikrin idarə olunmasında mühüm rol oynasa da, mütərəqqi ideya daşıyıcısı olan KİV-inin və nəşrlərin hazırlanıb oxucuya çatdırılması işinə “Azərbaycan” nəşriyyatının verdiyi töhfə danılmazdır. 
AKP MK-nin 4 aprel 1923-ci il tarixli iclasında “Bakinski raboçi” qəzeti redaksiyasının “Poliqraftrest”in balansında olan 4 saylı mətbəəyə birləşdirilməsi ilə əsası qoyulan nəşriyyatın “III İnternasional"- AKP (b) MK-nın və BK-nın “Birləşmiş nəşriyyatı”- AKP MK-nın “Kommunist”nəşriyyatı – ARP İİ-nin “Azərbaycan” nəşriyyatı - “Azərbaycan nəşriyyatı”MMC-yə qədər keçdiyi inkişaf yolu, onun 100 illik tarixə malik olduğunu bir daha təsdiqləmiş olur. 
Fikrimizcə, respublikamızın ən böyük nəşriyyatı kimi formalaşıb təşəkkül taparaq ölkənin mədəni həyatında mühüm rol oynamış, qədim tarixə, zəngin ənənəyə malik bir təşkilat kimi ölkənin mədəni həyatında və nəşriyyat-poliqrafiya sisteminin inkişafında özünəməxsus yeri olan “Azərbaycan nəşriyyatı” MMC-nin 100 illik yubleyinin dövlət səviyyəsində qeyd olunması, respublikamızın mədəni həyatında mühüm hadisə sayılmalıdır.
 
İradə Ələsgərova  
Tarix üzrə fəlsəfə doktoru     
 
Ədəbiyyat: 
1. Allahverdiyev B.V. “Azərbaycan” nəşriyyatı – 90 // “Kitabşünaslıq və nəşriyyat işi” №1, 2009, səh.26-33.
2.Allahverdiyev B.V. “Azərbaycan” nəşriyyatı – 90 // Respublika qəz., 2009. -22 iyun. 
3.AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu. Q.Məmmədlinin şəxsi arxivi. Fond – 31, s.v. 27. Məmmədli Q. Ömür dəftərindən səhifələr (1897-1977). Xatirələr. Görüşlər. Müşahidələr”. // B., Təhsil, 2016, 184 s.
4. AKP MK-nin 4 aprel 1923-ci il tarixli protokolu. 
5. Azərbaycan K(b)P MK-nın 1937-ci ilin yanvarında keçirilən bürosunun protokolu: “Yeni yol”, “Gənc işçi”, “Bakinski komsomoles” və “Bakı işçisi” qəzetləri, “Şərq qadını” və “Firqə işçisi” jurnalları AKP (b) MK-nın və BK-nın “Birləşmiş nəşriyyat”ını yaratdılar.
6. Azərbaycan KP MK bürosunun 14 mart 1967-ci il tarixli protokolu: AKP (b) MK-nın və BK-nın “Birləşmiş nəşriyyat”ı AKP MK-nın “Kommunist” nəşriyyatı adlandırıldı.
7. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 27 avqust tarixli 322 nömrəli Fərmanı.
8. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 10 oktyabr tarixli .366 saylı Fərmanı //Azərbaycan, 1991. -10 oktyabr. –S.2.
9. Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 1993-cü il 26 noyabr tarixli 49 saylı sərəncamı: “Azərbaycan Nəşriyyatı” AR Prezidentinin İşlər İdarəsinin sərəncamına verildi.
10.AR Nazirlər Kabinetinin 2022-ci il 15 yanvar tarixli 18 nömrəli Qərarı (“Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi formasının “Azərbaycan Nəşriyyatı” MMC-yə dəyişdiril.-məsi haqqında) // Azərbaycan, 2022. -10 oktyabr. –s.2.
11. Azərbaycan Sovet Ensiklopediyası.c.V // 1981, “Qızıl Şərq”, s.137, s.466.
12. Əliyeva A. Yeni tip salnamələrin yaradıcısı // Elmi əsərlər,2020,2(11), iyul-dekabr, s.18-22. 
13. H.Həsənov “Azərbaycan kitabının inkişaf mərhələləri” // B.,Azərnəşr, 1989, səh.74.
  14. İlkin Q. Baki və bakililar (Üçüncü nəşri) // ISBN-9952-426-12–7.
  15. Məhərrəmov E.Ə., Məhərrəmli A.E. “Xalq qəzeti”nin (“Kommunist”)  yaranması və inkişafı tarixindən. Nəşrinin 90 illiyi münasibətilə //Б.,“Elm və təhsil” nəşriyyatı, 2009, 88s.
16. Yusifli V. Unudulmaz Qulam Məmmədli: İnsan-Ensiklopedya // “525-ci qəzet”, 2015, 16 noyabr.


Tarix: 12-05-2022, 18:00

Xəbəri paylaş