“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar”
Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar işə başlayıb.
Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilmiş vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin vacibliyini qeyd etməklə yanaşı, bildirib ki, Azərbaycan xalqının qədim irsi, o cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığı kreativliyindən irəli gəlir. “Ümidvaram ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində, xüsusən işğaldan azad edilmiş ərazilərdə salınan və kreativlikdən bəhs edən “ağıllı şəhər”, “ağıllı kənd” cərgəsinə çoxlu mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur. Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirilən təşəbbüsləri kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılanır”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.
Professor Kamran İmanov diqqətə çatdırıb ki, kreativ iqtisadiyyatın mahiyyətini olduğu kimi dərk etmək üçün əqli mülkiyyətin (ƏM) və xüsusən onun “Copyright” növünün yaranmasını və müasir kontekstini düzgün təsəvvür etmək çox vacibdir. Çünki kreativ iqtisadiyyat əqli mülkiyyətə əsaslanır. ƏM-in müasir konteksti nəzərə çarpan dərəcədə dəyişib, kökündə yalnız hüquqi məna deyil, üstəlik iqtisadi və sosial məna başa düşülür. ƏM-in müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar yox, bununla yanaşı, bilavasitə ƏFN də nəzərə alınmalıdır.
Həqiqətən, ƏM dedikdə əqli mülkiyyət hüquqlarını (ƏMH) nəzərdə tuturuq. Bu isə həmin hüquqların qorunmasına – qeyri-maddi aktivlərin qorunmasına gətirib çıxarır. Lakin ƏM-in ikili təbiətini nəzərə alaraq, bazara, kommersiya dövriyyəsinə çıxarılan ƏM-in maddi daşıyıcıda əks olunmuş nümunəsidir. Deməli, bazarda tələb və təklif kimi, əsasən hüquqlar yox, hüquqlarla şamil edilən ƏFN bilavasitə iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Hüquqların özü də alqı-satqıda iştirak edə bildiyi halda əsas iqtisadi effekt hüquqlardan yox, hüquqların istifadəsi ilə satışdakı mallarla (əmtəələrlə) bağlıdır, bir sözlə, ƏFN-dən irəli gəlir.
Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, yeniliklərin iqtisadi amilinin kommersiyalaşması olmadığı halda innovasiyalardan söhbət gedə bilməz. Həmçinin müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina etmiş oluruq. Odur ki, müasir ƏM institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda hüquq (yurisprudensiya) sistem təşkili əhəmiyyətə malikdir. Dövlətimizin başçısının səyləri ilə aparılan institusional islahat bunları nəzərə alıb.
Vebinarın açılış mərasimində çıxış edən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə kreativ iqtisadiyyatın yeganə sahə olaraq insanların duyğularını, hisslərini, zövqünü özündə birləşdirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bizim ölkə üçün bu sahə yeni olaraq prioritet təşkil edir. Müəlliflik hüququ bu sahədə gəlir əldə etmək üçün yaradıcı şəxsləri həvəsləndirir. Yaradıcı sənayedə çalışan insanların dəstək tədbirlərinə ehtiyac var. Həm peşələrin şaxələndirilməsi, həm rəqəmsallaşmanın gətirdiyi yeniliklər nəticəsində insanlar gəlir əldə edə bilirlər. İnsanların öz yaradıcı məhsullarını satmaq üçün sərhəd mövcud deyil. Yaradıcı iqtisadiyyatda gəlir çox yüksəkdir.
Vurğulanıb ki, kreativ iqtisadiyyat sahəsində şəhər və regionlar arasında balansın qorunması önəmli məsələdir. Yaradıcı iqtisadiyyat bu gün əsasən Bakıda cəmləşib. İstər şəhər həyatında, istərsə də regionlarda bu məzmunun zənginləşdirilməsi Azərbaycan daxilində “beyin axını”nın qarşısını ala bilər. Əgər 4-cü Sənaye İnqilabı zəka məhsullarının prioritet olacağını göstərirsə, kreativ iqtisadiyyat fəaliyyətində də bu amillər nəzərə alınmalıdır.
Vasif Eyvazzadə Əqli Mülkiyyət Agentliyinin yaradıcı sənayeyə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Vebinarda Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müdiri vəzifəsini icra edən Aydın Səfixanlının “Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri”, Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayevin “Kreativ industriyanın inkişafı” mövzusunda məruzələri dinlənilib.
Tarix: 26-04-2022, 14:21