BDU-da "Gələcəyin alimləri" mövzusunda V Respublika virtual Elmi konfransı
Bakı Dövlət Universitetində (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” mövzusunda tələbələrin V Respublika virtual Elmi konfransı öz işinə başlayıb.
Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün effektiv tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb. Rektor əlavə edib ki, universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamaq lazımdır.
Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Hazırkı çətin şəraitdə belə konfransların keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov fakültənin elmi uğurlarından, yüksək indeksli nüfuzlu jurnallarda çap olunma fəallığından, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən söz açıb.
Konfransa daxil olan materiallar barədə məlumat verən fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri, dosent Arif Orucov bildirib ki, konfransda 120-dən çox tezisin müzakirə olunması, o cümlədən plenar iclasda 8 iş, 4 bölmədə isə 112 işin məruzə edilməsi nəzərdə tutulur.
Fizika fakültəsinin magistrantı Nigar Gözəlova “Gümüş nanohissəciklərinin naftalan neftinin fotolüminsensiya xassələrinı təsiri” adlı təqdimatla çıxış edərək böyük müalicəvi əhəmiyyətə malik naftalan neftində müalicə zamanı mikrob və bakteriyaların məhv edilməsi məqsədi ilə gümüş nanohissəciklərin əlavə olunması nəticəsində nanohissəciklərin naftalan neftində yaratdığı dəyişilikləri fotolüminsensiya üsulu ilə tədqiqi və spektrdəki dəyişilikləri barədə məlumat verib.
Daha sonra magistrant Möhsün Əlizadə “Protonların yüksək enerjili virtual bozonla toqquşması zamanı neytrino cütlərinin yaranması” adlı məruzə etdi. Plenar iclasda çıxış edən digər məruzəçilərin - magistrant A.İbrahimova, N.Orucova, S.Quliyeva, Ç Abbasovanın çıxışları da maraqla qarşılanıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan konfransda BDU ilə yanaşı Respublikanın digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edib.
Qarşılıqlı disskusiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.
Tarix: 12-05-2020, 21:53