Peşə təmayüllü siniflərə mediatur
Noyabrın 28-də Bakı şəhəri 120 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
Mediaturun məqsədi media nümayəndələrini bu ildən pilot olaraq həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.
Bildirilib ki, sözügedən məktəbdə 1 peşə təmayüllü sinif təşkil edilib. Sinifdə 24 şagird təhsil alır. Cari tədris ilində təmayül sinfində aqronom və dərzi ixtisasları tədris olunur. Bununla yanaşı, aşpaz ixtisası və təmir-tikinti profili üçün də şərait yaradılıb. Ümumi təhsil müəssisəsinin həyətində şagirdlərin əkinçilik sahəsi üzrə peşə biliklərinə yiyələnməsi üçün əkin sahəsi də ayrılıb.
Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020–ci tədris ili üzrə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Qeyd edilib ki, hazırda ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və müvafiq modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib. Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr tədris olunur. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün həmçinin sürücülük kurslarının tədrisi planlaşdırılıb. Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. Müxtəlif layihə profilləri üzrə səriştə və istiqamətlərin tədrisi mütəxəssislər tərəfindən həyata keçirilir və bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə ümumilikdə 40 nəfər mütəxəssis cəlb edilib.
Bu siniflərin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları, o cümlədən mətbəx və iaşə, tikiş, dülgərlik, tikinti-təmir və digər təlimlər üzrə zəruri hesab edilən alətlər, ləvazimatlar və avadanlıqlar ilə təmin edilib.Həmçinin kənd təsərrüfatı istiqamətlərinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri qurulub.
Sonda media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.
Tarix: 28-11-2019, 16:42