V SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNƏ DAİR BİR-İKİ TƏKLİF
V sinfin Azərbaycan dili dərsliyində (Bakı-2024) “Oxuyub-anlama” məzmun xətti üzrə IV bölmənin dördüncü fəslində ikinci dərsin mövzusu kimi “İlanın yarpızdan zəhləsi gedir?” (səh: 73-74) adlı təlim materialı verilmişdir.
Material məhşur dilci alim M.Adilovun “Niyə belə deyirik?” kitabından seçilmişdir. Məqsəd şagirdlərin müəyyən fikirlərlə bağlı öz mövqelərini bildirmək və onu əsaslandırmaq, nitqin ekspressivliyində məcaz və leksik fiqurların rolunu izah etmək bacarıqlarının formalaşdırılmasıdır.
Şagirdlər mətni səssiz oxumalı, oradaki çətin sözlərin mənasını araşdırmalı, movzunu müxtəlif situasiyalarda danışmalı, iş dəftərlərindəki tapşırıqları icra etməlidirlər.
Bizcə, dərslikdə təqdim olunan mətndə bəzi yanlışlıqlar vardır. Məsələn, “Məlum olduğu kimi, ilan quru, susuz (?) yerlərdə yaşayır”, qədimdə “yarbuz” sözü heyvan adı bildirirdi” qəti hökmlərinin verilməsi azyaşlı uşaqlarda yanlış təsəvvür yaratmırmı?! “İlanla yarpızın nə əlaqəsi var?” sualı isə beşincilərin dərketmə səviyyəsinə uyğun gəlmir, bizcə. Çünki bu, türklər demişkən, geniş qapsamlı araşdırma tələb edir.
Mətndə iddia olunduğu kimi, ilan heç də həmişə “quru, susuz yerlərdə” yaşamır. Zooloqlar qeyd edirlər ki, onlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar.
Digər canlılar kimi onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var.
“Yarbuz” sözünün qədimdə heyvan adı bildirməsi barədə isə konkret tarixi mənbələr, demək olar ki, yoxdur. Söylənilənlər hamısı mülahizələrdir.
“İlanla yarpızın nə əlaqəsi var?” sualı ilə isə müəlliflər ironik şəkildə bunların arasında əlaqə olmadığını iddia etmiş olurlar. Amma unudurlar ki, belə bir əlaqə mövcuddur. Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan yarpızın qoxusuna da yaxşı bələddir. Onlar qeyd edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də
ilan süründüyü marşrutda kəskin iyə rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün onun ola biləcəyi yerlərə yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Deməli, insandan fərqli olaraq gözəl və ətirli, min bir dərdin dərmanı olan yarpızın iyi ilanlar üçün son dərəcə rahatsızedicidir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə inançlar da mövcuddur: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz” və s. Hələ xalq arasında yumorla deyilmiş belə bir ifadə də var: “Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə görəndə yarpız”. Hətta “İlanın zəhləsi yarpuzdan (yarpızdan) gedər, o da yuvasının ağzında bitər” atalar sözü də mövcuddur. Yuxarıda qeyd etdiyimiz səbəblərə istinadən deyə bilərik ki, bu atalar sözü də tam məntiqi əsasda formalaşıb. Heç də “Divani-lüğat-it-türk”də rastlaşdığınız “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür” atalar sözünün təhrif olunmuş forması deyil. Onun fərqli zamanda və fərqli şəraitdə yaranmış və fərqli həyat təcrübəsini ifadə edən yeni variantıdır.
Dərslikdə oxuyuruq: “M.Kaşğarlının “Divani-lüğat-it-türk” əsərində (XI əsr) belə ifadə işlənmişdir: “İlan yarbuzdan qaçar, hara getsə, yarbuz qarşısına çıxar”.
Halbuki ifadənin əsli belədir: “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür”. Gördüyünüz kimi, “Divani-lüğat-it-türk”də eyni nitq hissəsinə aid omonim “yarpuz” sözü var, “yarbuz” yox. Ona görə, həmçinin dərslikdəki “Kaşğari də öz lüğətində “yarbuz” sözünü məhz “manqust” kimi işlətmişdir” ifadəsi də səhvdir.
M.Kaşğarlı “yarbuz” yox, “yarpuz” sözünü həmin mənada işlətmişdir.
Lüğətdə “yarpuz” sözünün birinci mənası “gözəl rayihəli bir ot, qır nanəsi”; ikinci mənası isə “bir heyvan, fıron siçanı, manqust” kimi şərh olunur.
O düzdür ki, lüğətdə nümunə göstərilən atalar sözündəki “yarpuz” manqust mənasında işlədilmişdir. Lüğətin 2006-cı il nəşrinin tərcüməçisi və nəşrə hazırlayanı R.Əskərin də yazdığı kimi, burada “yarpuz” “...əslində bitki deyil, firon siçanı imiş...İlanın zəhləsi yuvasının ağzında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan – İ.V.) gedirmiş...” (Bax: M.Kaşğari: “Divani-lüğat-it-türk”, III cild. Bakı-“Ozan”-2006, səh: 41).
Bəlkə də, söyləyicilər omonim olan “yarpuz” sözündəki müxtəlif leksik mənaların dinləyicilər tərəfindən daha asan fərqləndirilməsi və daha asan
anlaşılması üçün tələffüzdə və yazılışda p > b və u > ı əvəzlənmələri və səs tərkibinin dəyişdirilməsi ilə onu “yarpız” şəklində bitki və “yarbuz” şəklində heyvan adına dönüşdürmüşlər. Onu da qeyd edək ki, “yarbuz” sözünə nəinki müasir ədəbi dilimizdə, heç tarixi mənbələrdə də təsadüf olunmur. Başqa ifadələrin tərkibində işlənməsi halları ilə də rastlaşmırıq. Köhnəlmiş sözlər cərgəsində də gözə dəymir. Əsli-nəsli, kökü naməlumdur.
O da faktdır ki, artıq “Divani-lüğat-it-türk”dəki ifadənin işlənmə dairəsi çox daralmışdır, demək olar ki, istifadə edilmir. Onun əvəzinə yarpız (bitki) – ilan münasibətlərini əks etdirən variantı - “İlanın zəhləsi yarpuzdan (yarpızdan) gedər, o da yuvasının ağzında bitər” daha işlək hala gəlmişdir. Dərslikdə sonrakı variantın nəzərə (müqiyisəli də olar) alınması da doğru və maraqlı olardı.
Başlıqda sual işarəsini də artıq hesab edirik. Çünki “İlanın yarpızdan zəhləsi gedir?” (cavab tələb olunur) sualına mətnə əsasən cavab tapmaq müşkül məsələdir.
Yuxarıdakı “İlanla yarpızın nə əlaqəsi var?” sualı kimi bunun da cavabı ciddi araşdırma tələb edir ki, bu da V sinif şagirdinin işi, həm də 45 dəqiqəlik iş deyil.
Təklif edərdik ki, gələcəkdə dərslikdə elmi mübahisə doğuran məsələlərə, fikir dolaşıqlarına səbəb ola biləcək məsələlərə yer verilməsin, şagirdlərin dərketmə səviyyəsi, onların yaş psixologiyası və fizioloji xüsusiyyətləri ciddi şəkildə nəzərə alınsın, müasir dil materiallarına daha çox istinad olunsun.
Qeydlərimizin dərsliyin təkrar nəşrində nəzərə alınması diləyi ilə.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Tarix: Dünən, 23:11