Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi ehtiramla yad edilib

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatlar, Ankara Yenimahalle Təhsil İdarəsinin nümayəndələri, hər iki qardaş ölkədən ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün büstləri önünə gül dəstələri qoyulub.
Məktəbin direktoru Əhməd Sürəzli dahi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına verdiyi töhfələri vurğulayaraq, dahi siyasi xadimin Türkiyə ilə Azərbaycan arasında dostluq körpülərinin qurulmasında rolunu qeyd edib.
Azərbaycan səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
“Ümummilli Liderin uzaqgörənliyi və qətiyyəti müstəqilliyini bərpa etmiş respublikanın qarşısında duran təhdid və çətinlikləri aradan qaldırmağa imkan verdi. Məşhur “Bir millət, iki dövlət” kəlamının müəllifi Türkiyə və Türk dünyası ilə əlaqələrə xüsusi diqqət yetirirdi”, - deyə o qeyd edərək, vurğulayıb ki, Azərbaycan xalqı Vətənini səmimi-qəlbdən sevən müdrik Heydər Əliyevin xatirəsini əziz tutur.
N.Nəsibova müasir Azərbaycanın nailiyyətlərinin Heydər Əliyevin vəsiyyətləri ilə ayrılmaz şəkildə bağlı olduğunu vurğulayıb. Həmçinin diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, həmçinin Heydər Əliyevin təhsilə xüsusi münasibətindən və Ulu Öndərin gənclər siyasətindən bəhs edib. “Biz Ulu Öndərin irsini heç vaxt unutmayacağıq, onun kursu yeni Türk dünyası nəsillərinin yolunu işıqlandırmaqda davam edir”, - deyə N.Nəsibova fikrini yekunlaşdırıb.
Tədbirdə dahi dövlət xadiminə həsr olunmuş film nümayiş etdirilib.
Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tarix: Bu gün, 15:58
