Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DÜNYAMIZI BƏLALARDAN QORUYAQ



  
TəranəTAĞIYEVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
“İbtidai təhsilin pedaqogikası” kafedrasının baş müəllimi

                                                                
           Biz artıq üçüncü minilliyə, bizi əhatə edən mühitlə yeni qarşılıqlı münasibətlərin yarandığı bir dövrə qədəm qoymuşuq. Elə bir dövrə ki, salamat qalmağımız üçün indiyə qədər əvvəlkindən fərqli düşünməyə məcbur olmuşuq. Aydın olur ki, hər bir insan öz vətəndaş mövqeyini, ümumi evinin - Yer kürəsinin taleyi üçün məsuliyyətini dərk etməklə ətraf mühiti deqradasiyadan, yəni insanın təsərrüfat fəaliyyətini düzgün aparmaması nəticəsində  ətraf mühitin pozulması və insanların məhv olmasından qoruya bilər. Bir insan olaraq həyatımızı sağlam və firavan şəkildə davam etdirə bilməyimiz dünya sərvətlərindən düzgün istifadə etməyimizdən asılıdır. Təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial - iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə etmək deməkdir. 

           İnsan onu əhatə edən təbiətin bir hissəsidir. Onun xarici mühitdən nə qədər asılı olmasını aşağıdakı faktlardan görmək olar: insan susuz ən çox üç gün, qidasız təqribən otuz gün, havasız isə üç dəqiqə yaşaya bilər. Təbiət insanın maddi və mənəvi tələbatını ödəyən ilk mənbədir. Yarandığı ilk vaxtlarda insanın təbiətə təsiri daha az idi. Sonralar isə insanlar maddi-rifah halını yaxşılaşdırmaq üçün təbiətdən daha çox istifadə etməyə başladılar. Müasir insanların təbiətə təsir imkanları artdıqca ekoloji problemlər də bir o qədər artır. Təbiət qanunlarının əksinə yönəlmiş insan fəaliyyəti çox zaman insanın özünün həyatı bahasına başa gəlir. Hər il milyonlarla insan ətraf mühitin çirklənməsi ilə əlaqədar yaranan xəstəliklər nəticəsində ölür. Meşə sahələri azalır, bitki və heyvan növlərinin nəsli kəsilir, səhralaşma prosesi gedir, torpaqlar dövriyədən çıxır, atmosferin qaz tərkibi dəyişir, təbii fəlakətlərin, xüsusən də sellərin, daşqınların sayı artır və s. Meşə sahələrinin azalması, bitki örtüyünün məhv edilməsi ekologiyanın ən ciddi problemlərindən olan hava və ərzaq problemlərinin yaranmasına səbəb olur. 

          İnsan həyatının elə bir sahəsi yoxdur ki, elmi-texniki tərəqqinin nailiyyətləri oraya nüfuz etməsin. Bu, bir tərəfdən insanların maddi-rifah halının yaxşılaşdırılmasına, cəmiyyətin inkişafına, digər tərəfdən isə təbiət - cəmiyyət münasibətlərinin kəskinləşməsinə səbəb olur. Bir minik avtomobili 100 km məsafə qət edən zaman bir adamın bir illik tənəffüsünə lazım olan miqdarda oksigen qazı sərf edir. Bununla yanaşı, benzinin yanması zamanı atmosferə karbon, azot, kükürd qazları və digər zəhərli maddələr buraxılır. Bitki məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrələr, bitki ziyanvericilərinə qarşı tətbiq olunan müxtəlif kimyəvi maddələr məhsuldarlığı artırsa da insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

            Bəzi insanlar elə düşünürlər ki, təbiət insanlar üçün yaranıb, ona görə də təbii sərvətlərdən istifadədə, təbiətə münasibətdə heç bir məhdudiyyət ola bilməz. Məsələn: erməni millətçilərinin xalqımıza qarşı düşmənçilik, təbiətimizə qarşı isə işğalçılıq və qarətçilik əməllərinin reallaşması nəticəsində Azərbaycan ərazisinin təxminən 20 faizində meşələr qırılmış, heyvanlar aləmi və qoruqlar məhv edilmiş, təbii və antropogen  landşaftlar yandırılmış, yaşayış məntəqələri və abidələr dağıdılmış, faydalı qazıntı yataqları vəhşicəsinə istismar edilmişdir.

           Bəşər cəmiyyətinin müasir inkişaf mərhələsi üçün səciyyəvi olan cəhətlərdən  biri ekoloji problemlərin təhlükəli dərəcədə kəskinləşməsi və qloballaşmasıdır. Təbii ehtiyatların həddindən çox istifadə edilməsi, israf olunması əhalinin sağlamlığının pozulmasına, suyun, torpağın, havanın çirklənməsinə, insanların istirahəti üçün lazım olan təbii landşaftların itirilməsinə, iqtisadi və mədəni dəyərlərimizin yox olmasına gətirib çıxarır.  

     Canlıları Günəşin məhvedici radiasiyasından qoruyan ozon təbəqəsinin dağlımasının səbəbi meşələrin qırılması, işlənmiş qazların, xüsusilə freon qazlarının atmosferə tullanmasıdır. Bu isə flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına səbəb olur. Bununla yanaşı, benzinin yanması zamanı, həmçinin fabrik və zavodlardan atmosferə karbon, azot, kükürd qazları və digər zəhərli maddələr buraxılır. Müəyyən olunmuşdur ki, insan fəaliyyəti nəticəsində havaya buraxılan karbon qazı təbii proseslərdən əmələ gələn karbon qazının miqdarından 200 dəfə çoxdur. Hazırda yanacağın yandırılması ilə əlaqədar ciddi problem - “parnik effekti” problemi mövcuddur. “Parnik və ya istixana effekti”nə səbəb atmosferdə karbon qazı və metan qazının miqdarının kəskin artmasıdır. Karbon qazı Yer planetinin istilik balansına bilavasitə təsir adir. Atmosferdə parnik, yəni istixana qazlarının miqdarınıın artması Yerin temperaturunun uzun müddətdə tədricən artmasına səbəb olur. Bu isə iqlim dəyişikliklərinə, buzlaqların əriməsinə səbəb ola bilər.

   Əsas təbii sərvətlərimiz olan faydalı qazıntıların hasilatı son illərdə sürətlə artmışdır. Buna müvafiq olaraq sənayenin emaledici sahələri genişlənmiş və bu da öz növbəsində yanacağa olan tələbatı artırmışdır. Əsas təbii yanacaq növləri olan neft, təbii qaz və daş kömürün yandırılması havanın çirkləndirilməsi  problemlərini ortaya çıxarmışdır. Ona görə də dünyada təbii sərvətlərin mənimsənilməsi hesabına əhalinin iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması üçün günəş, su, külək kimi müxtəlif enerji növlərindən istifadə edilməsi daha səmərəli hesab edilmiş və ondan istifadənin miqyası artırılmışdır.

   Ekoloji problemlərin aradan qaldırılması üçün dünyada, o cümlədən Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Dünyada təbii sərvətlərin mənimsənilməsi hesabına əhalinin iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması üçün günəş, su, külək kimi alternativ enerji növlərindən - “yaşıl enerji”dən istifadə edilməsi daha səmərəli hesab edilmişdir.  

  Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncama uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, "yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. 

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP-29) bu il Bakıda keçirilməsi əlamətdar bir hadisə oldu. Bu tədbir çərçivəsində iqlim dəyişikliyi ilə əlaqəli məsələlər müzakirə olunub. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana (parnik) qazlarının miqdarının 35%-dək azalmasını hədəfləyib. Həmçinin “yaşıl enerji” sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev işğaldan azad olmuş torpaqları “Yaşıl enerji” zonası elan etmişdir.
 
  Yer kürəsi elə bir inkişaf mərhələsinə çatıb ki, onun yaradıcı, məsuliyyətli sakinlərə daha çox ehtiyacı var. Ekoloji problemlərin artması ona gətirib çıxardı ki, təkcə ekoloji təhlükəsizlik deyil, həm də ekoloji maarifləndirmə problemi birinci yerə çıxdıGənc nəsli uşaqlıqdan başlayaraq ”yaşıl” məktəbə cəlb etmək, yeniyetmələrdə həssaslıq, humanizm, təbiət obyektlərinə qayğı, xammal və materialları qənaətlə sərf etmək kimi keyfiyyətləri, təbiətə münasibətin yüksək şüurluluğunu təmin etmək lazımdır. 

  Davamlı inkişaf strategiyası özünü təbiətin bir hissəsi kimi dərk edən, onun üçün məsuliyyət daşıyan, təbiətə eqoist və istehlakçı münasibəti dəf etməyə qadir olan yeni insanın, Yer planeti vətəndaşının yetişdirilməsini tələb edir. Təbiətlə qarşılıqlı problem yalnız o zaman həll edilə bilər ki, təbiətə dəyərli münasibət formalaşsın və insanlarda ekoloji şüur, ekoloji mədəniyyət yüksəlsin. Yalnız bu halda biz ekoloji problemləri həll edə və iqlim böhranının öhdəsindən gələ bilərik! 
                                              
                                                    Ədəbiyyat:
 
1) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Bakı, 2023;
2) S. N. Hüseynov. Davamlı insan inkişafı və ekoloji təhlükəsizlik, Bakı, 2011;
3) V. N. İsmayılov, T.Ə.Tağıyeva və b. Həyat bilgisi (ali məktəblərin bakalavr pilləsi üçün dərslik), Bakı, 2014;
4) B. N. Əliyev. Azərbaycanın ekologiyası: problemlər və onların həlli yolları, Bakı, 2023;
5) Ю. С. Каширина. Социальная экология, Москва, 2012.


"Təhsil" jurnalı
28 noyabr 2024-cü il


Tarix: 28-11-2024, 22:41

Xəbəri paylaş