“ MƏKTƏB MƏNİM HƏYATIMDIR…” Zahid Şöyübov - 100
SSRİ Xalq müəllimi Zahid Şöyübov - 100
Xaldan kənd məktəbi - 120
Zahid Hamil oğlu Şöyübov 1924-cü ilin oktyabr ayında Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olmuşdur.
İlk təhsilini Ərəbbəsrə kənd ibtidai məktəbində almış, sonra Xanabad kənd yeddiillik məktəbində oxumuş, 1940-1941-ci tədris ilində isə Xaldan kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir (Tarixi sənədlərə görə Xaldan kənd məktəbi 1904-cü ildən fəaliyyətə başlamışdır).
Zahid Şöyübov əmək fəaliyyətinə Ərəbbəsrə kəndində ibtidai sinif müəllimi kimi başladı, 1942-ci ildə isə Sovet Ordusu sıralarına çağırıldı. 416-ci Azərbaycan diviziyasının tərkibində Şimali Qafqazda hitlerçilərə qarşı ağır döyüşlərdə içtirak etdi, cəbhə yolları onu Taqanroq və Ukrayna torpaqlarına apardı. Almaniya ərazısində gedən döyüşlərdə də özünü igid döyüşcü kimi göstərən Zahid Şöyübov bir sıra orden və medallara layiq görüldü.
1946-cı ilin yanvarında ordudan tərxis olunan Zahid müəllim doğma Ərəbbəsrə kəndinə qayıdır, sevimli peşəsini davam etdirir.
Zahid Şöyübov 1947-ci ildə Şəki Pedaqoji Texnikumuna qəbul olunur, 1949-cu ildə həmin texnikumu bitirib, ömrünü müəllimlik peşəsinə bağlayır.
1949-cu ildən 1954-cü ilə kimi Xaldan kənd məktəbində riyaziyyat müəllimi işləyir, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində Fizika- riyaziyyat fakültəsində qiyabi təhsil alır.
Zahid müəllim 1955-ci ildə Xaldan kənd orta məktəbinin direktoru vəzifəsinə təyin olundu. Onun işgüzarlığını, bacarığını görən şəhər rəhbərliyi Zahid müəllimi Mingəçevir şəhər Maarif şöbəsində işləməyə dəvət etdi.
Zahid Şöyübov bir müddət Mingəçevir şəhər Maarıf şöbəsinin müdiri vəzifəsində işlədi, amma ürəyi, necə deyərlər, Xaldan kənd məktəbində qalmışdı (Məktəbdə işlər ürəkaçan deyildi. Məktəbin geridə qaldığını hamı bilirdi).
Məktəbə, gənc nəslə məhəbbət Zahid müəllimi yenidən Xaldan məktəbinə gətirdi. 1964/65-cü tədris ilində Xaldan orta məktəbinin müəllim kollektivi seçki yolu ilə Zahid Şöyübovu direktor seçdilər.
Zahid müəllim pedaqoji peşəyə vurğun idi, “məktəb mənim həyatımdır” deyirdi. O, ixtisasını dərindən bilirdi, ona ürəkdən bağlanmışdı. Cəsarətli, iradəli idi, yerı gəldikcə risqə getməyi bacarırdı.
Zahid müəllim təşkilatçı idi, müstəqil və yaradıcı işləmək bacarığına yiyələnmişdı. Əmək qanunlarını dərindən bilirdi, onin tələblərinə həmişə əməl edirdı.
Zahid Şöyübov elə işə də əmək intizamından başladı, səmimi və işgüzar kollektiv yaratdı.
Sonra maddi-texniki şəraiti yaxşılaşdırmağa, məktəbi tədris ləvazımatları ilə təmin etməyə çalışdı.
Müəllimlərin, valideynlərin köməyi ilə məktəbdə tərbiyəedici obyektlər tikildi: gimnastika, yüngül atletika, üzgüçülük, futbol, voleybol və başqa idman növlərini birləşdirən gözəl idman şəhərciyi salındı.
Xaldan kənd məktəbindəşagirdlərin əmək tərbiyəsi həmişə diqqət mərkəzində saxlanılıb. Qısa vaxtda məktəbdə səksən nəfərlik yataqxana, quşçuluq-maldarlıq kompleksi, kənd təsərrüfatı maşınları üçün park və köməkçi komplekslər yaradıldı.Ağac qələmləri əkmək üçün iki hektar yer ayrıldı. Yuxarı sinif şagirdləri Sabir adına kolxozda 30 hektar sahədə pambıqçılıqla məşğul olmağa başladılar. Əldə olunan qazancdan 10 baş inək alindi. Bircə ildən sonra inək və buzovların sayı 20 oldu. Sağılmış süd məktəb yeməkxanasına və ittifaqda nümünə olan məktəb-uşaq bağçasına verildi.
Xaldan kənd orta məktəbinin istehsalat kombinatında şagirdlər toxuculuq, dərzilik, mexanizator, sürücülük peşələrinə yiyələnirdilər.
Şagirdlərin beynəlmiləl tərbiyəsi də diqqət mərkəzində idi. Məktəb Ukraynanın Znamenski şəhərinin Boqdanovka kənd məktəbi ilə dostluq edirdi. Yeri gəlmişkən, Xaldan kənd orta məktəbinin ilk direktoru olmuş Süleyman Məmmədov müharıbı illərində bu torpaqlarda qəhrəmanlıqlar göstərmiş, Peseçno kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Xaldan məktəbliləri dəfələrlə Boqdanovka kəndində getmış, Süleyman müəllimin məzarını ziyarət etmiş, məzarin üstünə gül-çiçək dəstələri qoymuşlar.
Zahid Şöyübov qısa müddətdə xeyli iş gördü. Bacarığı, tələbkarlığı ilə hamının hörmətini qazandı. Çox keçmədi Xaldan məktəbinin adı qabaqcıllar sirasında çəkildi, məktəbin yüksək inkişaf yolunda olması xəbəri ittifaqa yayıldı.
...Ancaq köhnə məktəb binası pedaqoji kollektivin uğurlarına kölgə salırdi. Zahid Şöyübov Xaldanda yeni məktəb binasının tikilməsinə zəruri ehtiyac olduğu barədə Maarif Nazirliyinə dəlillərlə əsaslandirilmiş geniş bir məktib yazdı.
1970-ci ilin avqust ayında Xaldan orta məktəbində aparilan işlərlə əlaqədar Maarif Nazirliyinin kollegiya iclasında Zahid Şöyübov məruzə etdi. Kollegiya Xaldan kənd orta məktəbində böyük işlər aparildığını qeyd edib, məktəbin iş təcrübəsinin öyrənilib yayılması haqqında qərar qəbil etdı.
Kollegiya iclasında eyni zamanda Xaldanda 1000 şagird yerlik məktəb binasının tikilməsi haqqında qərar da qəbul olundu.
Zahid Şöyübovun tələbkarlığı ilə yeni məktəb binası yüksək keyfiyyətlə tikilib, 1975-ci ildə təhvil verildi.
1977-ci ilin fevral ayında Xaldan kənd orta məktəbinin bazasında məktəbin iş təcrübəsinin respublikada yayılması ilə əlaqərar Azərbaycan KP MK-nın və respublika Maarif Nazirliyinin birgə müşavirəsi keçirildi. Akademik Mehdi Mehdizadə xatirələrində yazır: “Xaldan məktəbində Zahid müəllim həqiqətən möcüzələr yaratmışdir”.
Yüksək iş keyfiyyətləri ilə ölkədə tanınan Zahid Şöyübov 1978-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi. 1981-ci ildə isə (Ulu öndər H.Əliyevin Moskvaya ciddi təsiri nəticəsində) Zahid müəllim SSRİ Xalq müəllimi adına layıq görüldı.
Xaldan kənd məktəbinin tarıxındə əlamətlər günlər çox olub. Amma 1981-ci ilin payızı - Ulu öndər Heydər Əliyevin Xaldan məktəbinə gəlişı xaldanlıların yaddaşından uzun müddət silinməyəcək.
Xaldan məktəbi əsl bayram libası geymişdi, hər tərəf al-əlvan görünürdü. Məktəblilər, qırmızı qalstuklu pionerlər əziz qonağı - Heydər Əliyevi gül-çiçək dəstələri ilə, gurultulu alqışlarla qarşıladılar. Özünəməxsus sadəliklə izdihamı salamlayan Heydər Əliyev Zahid müəllimin və fəxri qonaqların iştirakı ilə məktəbin 7 hektarlıq bağ-bağat sahəsini gəzməyə başladı.
Ulu öndər əvvəlcə məktəbin yaşil xiyabanında Böyük Vətən müharıbəsində həlak olmuş xaldanlıların şərəfinə ucaldılmış abidənin önünə əklil qoydu.
Sonra qonaqlar “Dostluq xiyabanı”na daxil oldular. Xalqlar dostluğu muzeyinə baxdılar.
Ulu öndər məktəbin fənn kabinetləri, məktəbin televiziya mərkəzi, laboratoriyaları ilə tanış oldu, burada görülən işlərə görə minnətdarlığını bildirdi.
Məktəbin həyətində izdihamlı mitinqdə Heydər Əliyev nitq söylədi. Ulu öndər qeyd etdi ki, Azərbaycan KP MK Xaldan kənd orta məktəbinin iş nümunələrini yekunlaşdırıb onu yüksək qiymətləndirmişdir. Məktəbin direktoru Zahid Şöyübova SSRİ Xalq müəllimi kimi yüksək və şərəfli adın verilməsi Xaldan məktəbi kollektivinə, Yevlax müəllimlərinə, bütövlükdə Azərbaycan pedaqoqlarına verilən yüksək qiymətdır.
Sonra Heydər Əliyev yaşıllıqlar qoynunda müəllimlər üçün ucaldılmış 8 mənzilli yaraşıqlı binaya gəldı, mənzilə ehtiyacı olan müəllimlərə mənzillərin açarlarını şəxsən təqdim etdi.
Heydər Əliyevin bir kənd məktəbinə qayğısı pedaqoji kollektivi daha da ruhlandırdı. Zahid Şöyübov ittifaqda ilk dəfə kompleks tədris məktəbi ideyasını irəli sürdü: bu məktəbə oğlan və qızlar lap kıçık yaşlarından qədəm basacaq, məktəb-bağçada tərbiyə alacaq; orta məktəbdə biliklərin əsaslarına yiyələnəcəklər; onlar məktəbdə əməksevərlik tərbiyəsi görəcək, musiqi təhsili alacaq, idmançı kimi yetışəcəklər. Elə məktəbin özündəcə hər kəs kənd təsərrüfatı ixtisası üzrə peşə öyrənəcəkdir.
Bundan sonrası uşağın özündən asılıdır. İstəyən istehsalatda çalışır, istəyən ali məktəblərə gedir.
Zahid Şöyübov keçmiş SSRİ-də ilk kompleks orta məktəbin yaradıcısıdır. O, böyük pedaqoq Suxomlinskidən daha irəli gedərək uşaqların təlim-tərbiyəsinə kompleks yanaşmağı lazım bilmişdir. Kompleks məktəb ideyası ilk dəfə Xaldan kənd orta məktəbində həyata keçirildi. İttifaqın Maarıf nazirliyi tərəfindən təcrübə yüksək qiymətləndirildi vəSSRİ-nin bütün respublikalarında öyrənilməsi tövsiyə olundu.
Zahid Şöyübov SSRİ-nin Xalq müəllimi, Azərbaycan SSR-in əməkdar müəllimi, Azərbaycan SSR, Ukrayna SSR, SSRİ-nin maarif əlaçısı idi; Zahid müəllim Sov. İKP XXVII qurultayının, Azərbaycan KP XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olmuş, 26 mart 1989-cu ildə isə SSRİ Xalq deputatı seçilmişdir.
Z. Şöyübov Xaldan kənd məktəbini bütün dünyaya tanıda bildi. Xaldan kənd kompleks tam orta məktəbinin təcrübəsini öyrənmək üçün dünyanın hər yerındən qonaqlar gəlirdilər: Belçika, Çexoslavakiya, Moskva, Kiyev, Alma-ata kino və telestudiyalarının əməkdaşları yaddaqalan sənədli filmlər çəkdilər, xarici mətbuatda geniş yazılar nəşr olundu.
“Uçitelskaya qazeta” və “Azərbaycan müəllimi” qəzetləri Xaldan məktəbinə həsr olunmuş silsilə məqalələr verdilər, jurnalist Sərdar Əliyevin Xaldan məktəbinə, onun şöhrətli direktoru Zahid Şöyübova həsr etdiyi “Məktəb mənim həyatımdır...” kitabı ( Bakı, 1998. Redaktorları İdris Qasımov və Əminə Yusifqızı) maraqla qarşılandı...
Ölkə prezidentinin fərmanı ilə 1999-cu ildə Zahid Hamil oğlu Şöyübov “Şöhrət” ordeni ilə təltif edildi.
SSRİ Xalq müəllimi, SSRİ Xalqdeputatı, “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenli Zahid Şöyübov 5 may 2006-ci ildə vəfat etmişdir. Məzarı Yevlax rayonunun Salamabad kəndindədir.
Zahid müəllimin övladlarından qızı Güləsər xanım Salamabad kəndində yaşayır. Güləsər xanımın nəvəsi (Zahid müəllimin nəticəsi) Pərvin Kamil qızı Məmmədova Mingəçevir Dövlət Universitetinın Riyaziyyat müəllimliyi ixtisasi üzrə magistrantıdır.
Bu yazını hazırlayarkən Xaldan kənd kompleks tam orta məktəbində olduq.
Məktəbdə aparılmış əsaslı təmir və yenidənqurma işləri göz oxşayırdı.
Məktəbin gənc direktoru Günel Şamo qızı Yusifzadə ilə görüşdük.
Günel müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbulu imtahanlarında yüksək nəticə göstərib, Xaldan kənd kompleks tam orta məktəbinə direktor təyin olunmuşdur. Elə birinci dərs ilindən də kollektivdə tələbkarliğı, işgüzarlığı ilə tanınıb, şagirdlərin və müəllimlərin hörmətini qazanmışdır.
Məktəb direktoru ilə söhbətimiz zamanı Günel xanım qətiyyətlə bildirdi ki, Xaldan kənd kompleks tam orta məktəbi Zahid Şöyübovun adı ilə bağlıdır. Biz əvvəlki şöhrətimizi yenə də qaytaracağıq.
Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti,
Filologiya üzrə fəlsəfə doktoru
Nigar SALAHOVA,
Mingəçevir Dövlət Universitetinin magistrantı
Tarix: 4-11-2024, 23:09