Riyaziyyatdan praktik məsələlər həllinin şagird təfəkkürünün inkişaf etdirilməsində rolu və əhəmiyyəti
Xəqani Vahabov
Ağdaş rayonu,
Maqsud Şeyxzadə adına internat tipli
THT fənləri təmayüllü Gimnaziyanın riyaziyyat müəllimi
THT fənləri təmayüllü Gimnaziyanın riyaziyyat müəllimi
Təlimdə məqsədəuyğun məsələlərin tətbiqi müasir dövrdə riyaziyyat təlimi qarşısında qoyulan məqsədlərə uyğundur. Şagirdin sərbəst şəkildə yaradıcı və inkişafetdirici axtarışı onların inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Riyazi təhsildə modernizasiya hərəkəti mərhələlərlə müxtəlif dövrlərdə baş vermişdir. Modernizasiya - təlimdə müasirləşmə kimi başa düşülərək, yeni ideya, metod və tələblərin reallaşmasıdır.
Müxtəlif ölkə və beynəlxalq təşkilatların təşəbbüsü ilə riyazi təhsildə islahatların aparılması həmişə diqqət mərkəzində olub. Son zamanlarda keçirilmiş bir sıra beynəlxalq konfransların riyazi təhsilə həsr olunması riyaziyyat elminin dünya səviyyəsində həmişə aktual elm olmasını əsaslandırır.
Təlim sistemi və şagirdin idraki inkişafı arasında sıx əlaqənin olması müəyyən qanunauyğunluq əsasında aparılır. Psixoloq və pedaqoqların apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq hansı təfəkkürün riyazi təfəkkürə aid olması məsələsi bu gün də həll olunmamış problem hesab olunur. Hər hansı riyazi anlayışın formalaşmasında təfəkkür formalarından bu və ya digər şəkildə istifadə olunur.
Riyazi anlayışların tərifinin verilməsində bəzi məsələlərin daxil edilməsi zamanı müəllim tərə findən müəyyən qanunauyğunluqlar ardıcıllıqla yerinə yetirilməlidir. Riyaziyyat təlimi metodlarının inkişafetdirici funksiyalarının əlaqələndirilməsində qeyd olunan sistemin tamlığı nəzərə alınmalıdır. Məsələn, yeni anlayış daxil edərkən yalnız onun tərifinin ifadəsi, onun əyani modelinin təhlil olunmadan verilməsi bəzən səhv nəticələrlə yekunlaşa bilər. Şagirdlər eyni anlayışın məlum anlayışdan fərqini, onlar arasında mümkün ümumiliyin olmasını ətraflı dərk etdikdə onlarda yeni axtarışlara maraq artacaq.
Riyazi anlayışların öyrənilməsi zamanı təlim metodlarından səmərəli istifadə və təfəkkür əməliyyatlarının tətbiqində olan ardıcıllıqlara müxtəlif yanaşmalar mövcuddur. Riyaziyyat təlimində məntiqi problemlərin olması yalnız sırf məntiqi problem deyil, eyni zamanda riyazi komponentlərin dili ilə əlaqədardır.
Riyaziyyat təlimi mürəkkəb proses olmaqla riyazi fakt və ideyalar sisteminin şagirdlər tərəfindən mənimsənilməsinə, müəyyən riyazi bilik və bacarıqların əldə olunmasına və riyazi təfəkkürün inkişafına təminat yaradır. Bu prosesdə anlayışın öyrənilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- anlayışlar formal daxil edilməməli, mücərrəd anlayışların bütün hissələri və xassələri konkretləşdirilməli, konkret-induktiv və mücərrəd-deduktiv metodlardan istifadə olunmalı;
- şagirdin maraq dairəsi nəzərə alınmaqla anlayışın daha təbii yolla daxil edilməsi;
- yeni anlayışın tərifini əsaslandırmaq, anlayış haqqında şagirdlərdə yanlış təsəvvürlərin yaranmasına imkan verməmək;
- yeni və məlum anlayışlar arasında əlaqəni müəyyənləşdirmək, onlar arasındakı oxşarlıq və fərqi müəyyən etmək;
- şagirdin inkişafetdirici fəaliyyətinin komponentlərindən biri hesab olunan riyazi təfəkkür təlim prosesində, o cümlədən, məsələ həllində məqsədyönlü fəaliyyətə istiqamətlənərsə nəticədə eyni zamanda riyazi bilik, bacarıq və vərdişlər də inkişaf edər. Təlim və idraki proses sıx əlaqədə olmaqla şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirir. Təlimlə müqayisədə idraki prosesin inkişafı nisbətən sərbəstdir.
Şagirdin tədris fəaliyyəti inkişafetdirici təlimin əsasını təşkil etdiyindən və təfəkkür insanın praktik fəaliyyəti ilə əlaqədar olaraq yarandığından təlim və təfəkkürün komponentləri birgə araşdırılmalıdır. Anlayışın növ və cins əlamətləri riyazi təfəkkürün tətbiq olunan elmi təbiiliyinə əsaslanır və o aşağıdakı kimi müəyyən edilir:
- elmi bilik və məlumatların (elmi faktlar, xüsusi terminlər, mənimsəmə bacarığı, proses və onun funksiyası, qanunauyğunluğun qiymətini aydınlaşdırmaq bacarığı və s.) toplanması;
- elmi biliklərin praktikada istifadəetmə bacarığının (nəzəri bilikləri təbiət qanunları əsasında gündəlik həyat təcrübəsi vasitəsilə reallaşdırmaq, fakt və fərziyyələri fərqləndirmək bacarığı, eksperimentin keçirilməsi və alınan nəticələrin ümumiləşdirilməsi və s.) formalaşdırılması.
Bu da maraqlıdır ki, bəzi ədəbiyyatlarda təfəkkürün əsas elmi-təbii elementlərinin aşağıdakı kimi müəyyənləşdirilməsi təklif olunur:
- problemin dərk edilməsi;
- problemin dəqiq tərifi və onun digər anlayışlardan fərqləndirilməsi;
- problemlə əlaqədar bütün situasiyaların öyrənilməsi;
- həllin planlaşdırılması, problemin həll olunması üçün ən səmərəli üsulun axtarılması;
- ən çox ehtimallı fərziyyənin (təklifin) seçilməsi;
- fərziyyənin yoxlanılması üçün eksperimentin aparılması;
- yoxlayıcı eksperimentin təşkili;
- nəticə və onun əsaslandırılmasının şərhi;
- qeyd olunan fakt və ideyalarla bağlı yeni situasiyaların genişləndirilməsi;
Bunlar riyaziyyat təlimində tətbiq olunan əsas elmi metodlar olmaqla yanaşı, xüsusən məsələ həlli təlimində də əlaqəli şəkildə istifadə olunur.
Şagirdlərin inkişafı riyazi təfəkkürün əsas komponentləri ilə sıx əlaqədardır. Ənənəvi təlimdən fərqli olaraq müasir təlimdə şagird daha çox fəal və müstəqil işləməlidir. Yeni dərsliklərdə nəzəri materialların azaldılması və praktik çalışmaların həllinə üstünlük verilməsinin müsbət və mənfi tərəfləri mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlim prosesində riyazi təfəkkür komponentlərindən yerində istifadə təlimin keyfiyyətini yüksəldir.
Obyektin (hadisənin) konkret modeli ilə əlaqədar olan təfəkkür konkret təfəkkür adlanır. İbtidai siniflərdə bir çox anlayışların daxil edilməsində və hesab əməllərinin mənasını çoxluqlar nəzəriyyəsi vasitəsilə əlaqələndirilməsində istifadə olunan obyektin özü və modeli şagirdlər tərəfindən müşahidə edilir. Obyektin, hadisənin əyani obrazları, onların müşahidə olunması konkret təfəkkürün iki formasının olmasını müəyyən edir:
- operativ təfəkkür;
- qeyri-operativ təfəkkür.
Operativ təfəkkürdə obyektin konkret modeli nəzərdən keçirilir. Qeyri-operativ təfəkkürdə isə müşahidə, hissi qavrayış, təsəvvür əsasında obyektin (hadisənin) modeli dərk edilir.
V-VI siniflərin riyaziyyat kursunda hərəkətə aid məsələlərin məzmununun təhlil olunması və həlli üsullarının axtarılmasında qeyri-operativ təfəkkür formasından istifadə olunur.
Konkret təfəkkürün tətbiqi zamanı mücərrəd təfəkkürdən də istifadə olunur. Həndəsə məzmun xətlərinin öyrənilməsində mücərrəd təfəkkür formasından geniş istifadə olunur.
Yeni anlayış kimi daxil edilən həndəsi fiqurun bəzi xassələri nəzərə alınmır. Obyektin öyrənilən bəzi xassələrinin təhlil edilməsi və yeni xassələrin müəyyən edilməsi kimi əlamətlər mücərrəd təfəkkürün tətbiqində yaranır. Bu isə riyaziyyat təliminin müxtəlif mərhələlərində yarana bilər.
Təfəkkürün əsas forması anlayış, mühakimə və əqli nəticədir. Təfəkkür formalarının qeyd olunan komponentlərinin müxtəlif şəkildə təzahürü orta məktəb kursunda siniflər üzrə müxtəlif formada reallaşır. Anlayış təfəkkür forması olmaqla baxılan obyekt və hadisənin xassələrini özündə əks etdirir.
Qeyri-operativ təfəkkür formasının obyekti işarə, nümayiş etdirməklə anlayışın mühüm əlamətlərinin məzmunu açılır.
Riyazi təfəkkürün əsas komponentləri metodik ədəbiyyatlarda aşağıdakı kimi nəzərdə tutulur:
* Konkret təfəkkür;
* Mücərrəd təfəkkür;
* İntuitiv təfəkkür;
* Funksional təfəkkür;
* Dialektik təfəkkür;
* Yaradıcı təfəkkür;
* Riyazi təfəkkürün mühakimə forması.
Riyazi təfəkkürün yaradıcı, funksional və riyazi mühakimə formaları riyaziyyat təlimində məsələ həlli ilə sıx əlaqədardır. Ötən əsrin 70-80-ci illərində psixoloqlar və riyaziyyatçı metodist alimlər tərəfindən irəli sürülən təfəkkür formaları bu gün yeni təlim metodları kimi təqdim olunan anlayışlarla sıx əlaqədardır. Orta məktəb kursunda həll edilən məsələlər məzmununa, nəzəri materiallar və məchulun xarakterinə görə aşağıdakı kimi xarakterizə olunur:
- obyektin (hadisənin) məzmununa görə - praktik və riyazi məsələlər;
- obyektdə istifadə olunan nəzəri material - standart və qeyri-standart məsələlər;
- məchulun (tələbin) xarakteri - hesablama, qurma və isbat məsələləri.
Beləliklə, obyektin qeyd olunan növlərinə görə həll olunan məsələlərdə riyazi təfəkkürün müxtəlif komponentlərindən ayrılıqda və kombinasiyalı şəkildə geniş istifadə olunur.
"Təhsil"
30 sentyabr 2024-cü il
Tarix: 30-09-2024, 02:08
Xəbəri paylaş