Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

COP29 və Azərbaycanın Yaşıl Enerji Gələcəyi




                                                                                                                                              

  Zərifə ORUCOVA
  Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində
  Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimi

Açar sözlər: COP29, Azərbaycan, iqlim dəyişikliyi, “yaşıl” enerji, Paris Sazişi, BMT, karbon tullantıları, neft-qaz, dayanıqlı inkişaf, qlobal istiləşmə, enerji siyasəti, COP tədbirləri 

Xülasə: 2024-cü ilin noyabr ayında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu beynəlxalq tədbir Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə və yaşıl enerji siyasətində aktiv rolunu təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə neft-qaz sektorunda olduğu kimi yaşıl enerji sahəsində də irəliləyiş əldə etmək niyyətindədir. Azərbaycan 2050-ci ilə qədər "Netto sıfır emissiya" zonasına çevrilməyi hədəfləyir. COP29 Bakı konfransı iqlim maliyyəsi, investisiyalar və yaşıl enerji təchizatında qlobal əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bu tədbir ölkəmizə yerli və beynəlxalq səviyyədə çoxsaylı faydalar qazandıracaq. 
 
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. İlk toplantısı 1995-ci ildə Berlində keçirilən COP "Conference of the Parties", yəni Tərəflərin Konfransının katibliyi Bonnda yerləşir. 

Ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilən COP-a ev sahibliyini bu il Azərbaycan edəcək. 2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısının  çıxışını xüsusi qeyd etmək istərdim: 

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. 

"Yaşıl" iqtisadiyyata keçid və "yaşıl" enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan "SOCAR” Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürmüşdür. 

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. İşğaldan azad edilmiş torpaqlarımız "Yaşıl enerji" zonası elan edilib və 2022–2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Bu da Azərbaycanın iqlim problemlərinə həssaslığının təzahürüdür. 

11–24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29  çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul ediləcəyi gözlənilir. Bu ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur və bizim belə bir mötəbər tədbirə ev sahibliyi etməyimiz ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır. 

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 2024-cü il üzrə Qlobal İctimai Forumunda COP29-un təşəbbüslərinə həsr edilmiş xüsusi sessiya təşkil edilib. 13 sentyabr 2024-cü il tarixində ÜTT-nin Qlobal İctimai Forumu çərçivəsində təşkil edilən bu sessiyada 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbirinə hazırlıq işlərinı dair məlumatlar təqdim edilib.

ÜTT-nin 2024-cü il Qlobal İctimai Forumunda təşkil edilmiş COP29 sessiyası BICFIT (The Baku İnitiative for Climat Finance, İnvestment and Trade) təşəbbüsü ilə bağlı qlobal məsləhətləşmə prosesinə də töhfə vermiş oldu. BICFIT təşəbbüsü müvafiq milli, regional və sub-regional platformaların yaradılmasını stimullaşdırmaqla iqlim maliyyəsi, investisiya və ticarət arasındakı əlaqəni də gücləndirəcək. 
23 sentyabr 2024-cü il tarixində “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünə dair BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində yan tədbir təşkil edilib.

  COP29 Sədrliyi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Davamlılıq üçün Yerli Hökumətlər (İCLEİ) tərəfindən birgə təşkil olunmuş tədbirin keçirilməsində məqsəd COP29 Sədrliyinin “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” (MAP) təşəbbüsü haqqında iştirakçıları məlumatlandırmaq və bu mövzuda müzakirələr aparmaqdır.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya Nyenqa iqlim dəyişmələrinə qarşı mübarizədə şəhərlərin oynadığı mühüm rol haqqında çıxışlar edib, dayanıqlı və sağlam şəhərlərin salınması üçün multisektoral əməkdaşlığın əhəmiyyətindən danışıblar. 

Dünya Bankının Ətraf Mühit bölməsinin direktoru Valeriya Hikey, Şəhərlərdə İqlim Maliyyəsinə Liderlik Alyansının (CCFLA) direktor müavini Prissilla Neqreyros, Beynəlxalq Maliyyə Korporasiyasının İqlim Strategiyası və Biznes bölməsinin baş meneceri Dip Nyungen Van Hut dayanıqlı və sağlam şəhərlərin qurulması üçün iqlim maliyyəsinin şəhərlərə istiqamətlənməsinin əhəmiyyətindən və MAP təşəbbüsünün bu sahədə qlobal maliyyəşmənin artırılmasına töhfə verəcəyini xüsusi qeyd edirlər. COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. 

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır.

   


Tarix: 29-08-2024, 21:00

Xəbəri paylaş