MÜASİR İNNOVASİYALAR VƏ ŞAGİRDLƏRİN İDRAK FƏALLIĞI
Arzu KƏRİMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin
Texnologiya kafedrasının baş müəllimi
Müvafiq innovasiyaların tətbiqi pedaqoji prosesdə şagird şəxsiyyətinin yaradıcılıq potensialını aşkar edib üzə çıxarmağa, onların idrak fəaliyyətinin inkişafına təminat verir. Onun nəticəsidir ki, ibtidai siniflərdə texnologiya fənnin tədrisi prosesində şagirdlər təhsil proqramında standarta uyğun müstəqil olaraq düşünən, mühakimə yürütməyi bacaran, kollektiv və qrupda idrak fəaliyyəti göstərən, öz hərəkətlərinin nəticəsini götür-qoy edən, anında doğru qərarlar qəbul edən, ağlın çevikliyi, tənqidiliyi nümayiş edirlər. Bununla da təfəkkür keyfiyyətlərinə malik şüurlu vətəndaş yetişdirilir.
İnnovasiya - yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş istifadə etməyə başlamışlar.
İnnovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrində spesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması, ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən ümumi tərəfləri də mövcuddur.
Milli və bəşəri dəyərlər əsasında qurulan təhsilimizin hazırkı inkişaf mərhələsində tədris prosesində biliklərin yaradıcı, fəal öyrənməyə istinad etməsi zərurətdən irəli gəlir. Öyrənmə insanın həyatı boyu əsas fəaliyyət növlərindən olub öz inkişafı prosesində, bəşəriyyətin tarix boyu toplamış olduğu təcrübə və biliyə yiyələnir. Öyrənmə biliklər sistemi, bacarıq və vərdişlərin mənimsənilərək sonradan təcrübəyə tətbiq edilməsinə yönəlmiş məqsədyönlü idraki fəaliyyətdir.
Hazırda təlim prosesində öyrədən şagirdlə qarşılıqlı əməkdaşlıq şəraitində və onların iştirakı ilə bilik, bacarıq və vərdişləri müstəqil mənimsəmələrinə şərait yaradır. Yəni, uşaqlara "öyrənməyi öyrədir”. Demək təlim, öyrənənlərin bilik, bacarıq və vərdişlərin mənimsənilməsində idraki fəaliyyətlərinin öyrədən tərəfindən idarə edilməsi prosesidir.
Öyrənmə prosesi öyrənmənin xarakterindən, mənimsəniləcək təlim materialının xüsusiyyətlərindən, müəllimin pedaqoji ustalığı və təcrübəsindən, şəxsi qabiliyyət və metodikasından, öyrənənin psixi inkişafının fərdi xüsusiyyətlərindən (əqli, emosional, iradi), maraq dairəsi və öyrənməyə münasibətindən asılıdır.
Təlim materialının mənimsənilməsinin əsas şərti şagirdlərdə öyrənməyə müsbət münasibətin formalaşdırılmasıdır. Tədris prosesi şagirdin təbiətən malik olduğu öyrənmək meylləri, həvəsi ilə əlaqələndirilərsə, bu, təlim materialının daha yaxşı anlaşılmasına kömək edər. Bilmək hələ başlanğıcdır. Onu təcrübəyə tətbiq etmək indiki şəraitdə əsasdır. Bu zaman şagirdin müstəqil fəaliyyətdə informasiyaların təhlil və tərkibinə, qərarlar qəbul etməsinə, həyata keçirməsinə hazır olması da vacibdir. Müəllimin mövqeyi-öyrətmək, fənnə həvəs, maraq oyatmaqdır. O, informasiya mənbəyindən faydalanaraq, onun təşkilatçısına, idraki fəaliyyətə təhrik edən mənəvi və zehni impuls verir.
Bu baxımdan Respublikada aparılan islahatlar innovativ xarakter daşıyır. Yeni tədris planları, təlim texnologiyalarından, İKT-dən istifadə edilməsi, qiymətləndirmənin yeni meyarları, elektron məktəb layihələri və s. bunlar hamısı, bir innovasiya kimi məktəblərdə tətbiq edilir. İnnovasiya bir pedaqoji fəaliyyət olaraq təhsilə yenilik gətirir. Pedaqoji prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Pedaqogikada innovasiya iki yanaşmadan ibarət olub araşdırılır:
- qabaqcıl pedaqoji təcrübənin nəticəsi;
Burada adətən innovasiya, yenilik dövründən sonra uzun mübarizələrin nəticəsi kimi cəmiyyət tərəfindən tətbiq edilməsi üçün bir model olaraq qəbul olunur ( bunun əsasında sonralar yeni pedaqoji texnologiyalar yaranmışdır).
- pedaqoji ustalıq və şəxsi yenilik.
Bu yanaşmada isə innovasiya yenilik kimi qəbul olunmayaraq birinciyə arxalanır.
İnnovasiya pedaqogikası təlim-tərbiyənin paradiqmalarını dəyişməyi tələb edir. Paradiqma nəzəri və praktik problemlərin həllinin əsasına qoyulan yeni nəzəriyyədir. İnnovatorlar belə hesab edirlər: “Klassik pedaqoji nəzəriyyə köhnəlmişdir. Yeni şəraitdə indiki nəsillərə o nəzəriyyə əsasında təhsil-tərbiyə vermək mümkünsüzdür. Müasir pedaqogika praktikada o qədər də dəyişdirici təsir göstərə bilmir. O, inzibati-amirlik dövründə formalaşan ideyaları ilə ölkəmizin təhsil sisteminə müdaxiləni davam edir”.
İdrak fəallığı yaradan təfəkkürün inkişafına yönəlmiş təlim texnologiyasına konstruktiv təlim deyilir. Bu texnologiya ilə dərs keçiriləndə müəllim şagirdlərə öz biliklərinə və təcrübələrinə istinad edərək yeni biliklərini yaratmağa şərait yaradır. Əgər fəal təlimdə şagirdlər bilik axtarışındadırlarsa, konstruktiv təlimdə onlar interaktiv fəallıqda olaraq təfəkkür əməliyyatları aparırlar.
İnnovasiya dedikdə, müxtəlif yeniliklərin təlim-tərbiyənin məqsəd, məzmun, metod və formalarına tətbiqi, təhsilin iqtisadiyyatı, təşkili və idarə edilməsində pedaqoq və təhsilalanın birgə fəaliyyətlərinin yeni biliklər əsasında təşkili nəzərdə tutulur. Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə modernləşmənin əsas məqsədi hazırda reallaşan kütləvi pedaqoji şəraitində yüksək keyfiyyətə nail olmaqdır. İnkişaf etmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar isə dünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən edilir. Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil strategiyaları və inkişaf proqramları hazırlanmış, hazırda icra edilməkdədirlər. Təhsildə strateji yanaşma digər fəaliyyət sahələrinə nisbətən daha vacibdir.
Müasir zamanda innovasiyaların yaranmasına səbəb olan tendensiyalara daxildir:
- tədris prosesinin humanistləşməsi;
- uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
- mədəni-mənəvi dəyərlərə yönəlmə;
- təhsil müəssisələri arasında rəqabətlilik münasibətləri.
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində üç mərhələdən keçir:
1. Təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivin yaranması və ya kollektivin böyük hissəsinin təzələnməsi mərhələsi);
2. Fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabil proqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi);
3. İnkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə cavab vermədiyindən yeni məzmun, forma və texnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Təhsil müəssisələrində innovasiya fəaliyyətinin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasiya təhsili prosesinin obyekti təhsilalanlardır. Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsilin proqnozlaşdırılan nəticələrinə maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiq edilən innovasiya prosesi idarə edilməlidir.
İnnovasiya, yenilik, onun tətbiqi öz inkişafı prosesində müəyyən mərhələlər keçir:
- ideyanın yaranması;
- məqsədin formalaşması;
- yeni ideyanın konkretləşməsi (formalaşması);
- yeniliyin reallaşdırılması;
- yayılması.
İnnovasiya rejimində təlim-tərbiyə prosesinin bütün iştirakçılarının – müəllim və şagirdlərin fəal şəxsi özünütəyin prosesi gedir. Bu, insanların qarşılıqlı münasibətlərinin xarakterində öz əksini tapır. İnnovasiyaların həyat mərhələləri yeniliyi qəbul edən kollektivin inkişaf mərhələləri ilə sıx bağlıdır.
Ədəbiyyat:
1. A. N. Abbasov, Pedaqogika: Orta ixtisas məktəbləri üçün dərs vəsaiti;
2. A. N. Abbasov, Pedaqogika: Müntəxəbat: Ali təhsil məktəbləri üçün dərs vəsaiti;
3. F. B. Sadıqov, Ümumi pedaqogika;
4. Ə. Ə. Əlizadə, Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər;
5. Ş. O. Ağayev, Dərs: ənənə və müasirlik.
10 iyul 2024-cü il
Tarix: 9-07-2024, 22:43
Xəbəri paylaş