Qlobal təhsilin önəm verdiyi problem
Sədrəddin Bədiyev,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Şəki filialı
XIX əsrdə yaşamış alman pedaqoqu A.Disterverq yazırdı: “Müəllim uşaqlara hazır bilik verməməlidir, onu əldə etməyin yolunu göstərməlidir” (4, səh.24).
Bəşəriyyətin yeniləşən dünyanın üçüncü minilliyinə qədəm qoyduğu indiki zamanda biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə ki, ölkəmizdə təhsil demokratik, humanist prinsiplərə əsaslanmaqla nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşdırılmasına, intellektual, sosial, fiziki, əmək fəaliyyəti istiqamətində hazırlığına yönəlməklə məqsədəuyğun prosesdir. Bilikləri müstəqil əldə etməyi bacaran şəxsiyyətdə həyatda fəal mövqe tutmağa imkan verən keyfiyyətlər formalaşır. Məlumatlanmağa, bazar iqtisadiyyatından baş çıxarmağa, həyatda müstəqil yaşamağa, müstəqil mövqeli, sağlam həyat tərzinə malik olmağa, başlıcası rəqabətə qabil şəkildə formalaşmağa imkan verir.
Amerikalı psixoloq L.Eybrəhəmsn biliklərin müstəqil əldə edilməsinin əhəmiyyətini vurğulayaraq yazırdı: “Əgər bizim beynimiz bunu (dərketməni) özü etmirsə, yeni informasiyanı qəbul etmirsə, əlaqələr axtarmırsa, onu təhlil edib məna çıxarmırsa, heç bir kənar qüvvənin heç bir təsiri olmayacaqdır “(8, səh 2).
Respublikamızda təhsilin qloballaşdırılması heç də təsadüfi deyildir. “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda göstərilir: “Mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması” prinsip səviyyəsində qeyd edilmişdir (1, 7)
Aydındır ki, belə təcrübələrdən biri biliklərin müstəqil əldə edilməsinə imkan verən metod və ya yollardır.
Müstəqil bilik əldə etmək həm müəllimin, həm də şagirdin yaradıcılıq qabiliyyətindən asılıdır.
Artıq məktəblərdə status almış aşağıdakı ifadədən geniş şəkildə istifadə edilməkdədir.
“Yaradıcı müəllimdən yaradıcı şagirdə”.
İndi məktəblərimizdə hafizəyə (yaddaşa) əsaslanan bilikdən təfəkkürə, onun inkişaf etdirilməsinə istinad edən biliyə keçid sürətlə həyata keçirilməkdədir. “İdrak fəallığının, məntiqi, yaradıcı təfəkkürün inkişafı, fənn kurikulumları üzrə, eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etmək şagirdləri müstəqil şəkildə bilik əldə etməyə istiqamətləndirməklə mümkündür” (9, səh 22).
“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda, Fənn kurikulumlarında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” kimi rəsmi normativ-hüquqi sənədlərdə müəllim-şagirdlərin yaradıcı fəallığına, biliklərin müstəqil əldə edilməsinə əhəmiyyət verilir.
“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir: “Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsil alanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur” (2, səh 4).
Sənəddə göstərildiyi kimi interaktiv metodlar şagirdlərin müstəqil bilik əldə etmələrində əsas vasitələrdəndir.
Təlim prosesində müstəqil şəkildə bilik əldə etməyə imkan verən vasitələrdən biri də konstruktivizmdir.
D.Kappana görə “konstruktivizm öyrənənlərin biliklərə özlərində əvvəllər mövcud olan və həyat təcrübələrindən əldə etdiklərini yeni ideya və ya nəzəriyyələrlə əlaqələndirməklə yiyələnmələri prosesidir” (5, səh.12).
Konstruktivizm bəzən şagird yaradıcılığı kimi də səciyyələndirilir. Konstruktivizm belə bir ideyaya əsaslanır ki, bilik qurulur, yaradılır, “kəşf edilir”. Bilik passiv şəkildə əldə edilə bilməz, bilik fəal, yaradıcı şəkildə əldə edilə bilər (7, səh. 24-27).
Biliklərin şagirdlər tərəfindən müstəqil şəkildə əldə edilməsi yolları kimi aşağıdakıları göstərə bilərik:
- Təlim prosesində interaktiv təlim metod və texnologiyalarının geniş spektrindən istifadə etməklə;
- Təfəkkürü inkişaf etdirən, biikləri “kəşf etməklə” əldə etməyə imkan verən konstruktivizmə əməl etməklə;
- Təlim prosesini əməkdaşlıq, dialoq-diskussiya xarakterində qurmaqla;
- Şagirdlərin tədqiqatçı kimi fəaliyyət göstərməsinə şərait yaratmaqla (4, səh.28).
Şagirdlər tərəfindən müstəqil bilik, bacarıq və vərdişlərin əldə edilməsi müəllimin peşəkarlığından, fasilitasiya bacarıqlarından asılıdır. Strategiyada müəllim amilinə xüsusi yanaşma var: “Əsas meyar müəllimdir. Aydındır ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümükün deyildir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən, peşəkarlıq səviyyəsindən asılıdır” (2, səh.21).
Müəllimin fasilitasiya bacarığı şagirdə bilikləri müstəqil əldə etməyə yol göstərir:
- Dərsdə şagirdlərə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirən tapşırıqlar verməklə;
- Qapalı suallardan yox, açıq suallardan istifadə etməklə;
- Müqayisə, qarşılaşdırma imkanı verən çalışmalardan istifadə etməklə;
- Şagirdlərin müstəqil bilik əldə etmələrinə imkan verəcək şəraitlə-resurslarla onları təmin etməklə (6, səh. 69-70).
İnnovasiyaların eləcə də interaktiv təlim metodlarının tətbiq edildiyi dərslər müstəqil bilik əldə etməyə imkan verdiyi üçün ənənəvi dərslərdən fərqlənir. Belə dərslərdə şagirdlərin fəallığı, problemi tədqiqat aparmaqla həll etmək səyi artır. Əməkdaşlıq əsasında əldə edəcəkləri bilikləri müqayisə etmək, öz həyat təcrübələrindən istifadə etmək onların yaradıcılıq qabiliyyətini təkmilləşdirir, cilalayır.
Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün belə dərslərin bəzi xüsusiyyətlərini bilmək lazımdır.
Fəal dərsin keyfiyyəti, həmçinin belə xüsusiyyətlərdən asılıdır. Bəzi pedaqoqlar bu xüsusiyyətləri iki yerə ayırırlar. 1) Fəal dərsdə görünən, nəzəri cəlb edən xüsusiyyətlərinə; 2) Görünməyən, diqqətdən kənar xüsusiyyətlərinə.
İnteraktiv təlimə aid dərsin görünən, üzdə olan cəhətləri aşağıdakılardır:
- Təlim prosesində istifadə olunan qanunauyğunluqlar;
- Təlimin prinsipləri;
- Təlimin məzmunu və ya məzmun standartları;
- Təlim prosesində istifadə olunan metodlar;
- Şagird-şagird, şagird-müəllim-şagird ünsiyyət formaları;
- Tapşırıql
- nəzarət;
-Qiymətləndirmə formaları. (7, səh 178)
İnteraktiv dərsdə nəzərə o qədərdə çarpmayan, “pərdə arxası”, lakin dərsin səmərə və keyfiyyətinə təsir edən, təlim prosesində nəzərə alınmalı xüsusiyyətlər də vardır.
Belə xüsusiyyətləri nəzərə almaq müəllimdən böyük ustalıq və təşkilatçılıq bacarığı tələb edir:
- Əsasən şagirdlərdə, bəzi hallarda müəllimdə meydana çıxan qorxu, hiss-həyəcan;
- Şagirdlərin müəllimə, sinif yoldaşlarına olan simpatiyası və ya antipatiyası;
- Müəllim və şagirdlərdə olmalı inam, etibar, xeyirxahlıq;
- Dərs prosesində şagirdlərin dözümlülük və iradə göstərməsi;
- Təhlükəsizliyin təmini;
- Emosional mühitin yaradılması;
- İnamsızlıq. (11, səh 178)
Təhsil Naziri M.Cabbarovun 24 0ktyabr 2014-cü il tarixli “Azərbaycan” qəzetindəki çıxışında göstərilir: “Elmi-texniki tərəqqi, innovasiyalar və moderinləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakterli təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Çünki səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir”(3).
Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun həyata keçirilməsində, praktik bacarıq və vərdişlərin formalaşdırılmasında biliklərin müstəqil şəkildə, innovatik yollarla əldə edilməsi aktuallıq kəsb edir.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı. Bakı, 15 iyun 1999-cu il.
2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası. Bakı, 24 oktyabr, 2013 cü il.
3. “Azərbaycan” qəzeti, 24 oktyabr, 2014-cü il.
4. Bədiyev S. Yeni təlim texnologiyalarından mühazirə mətnləri. Bakı, “Dərələyəz-M”, 2009.
5. Delta Kappan. Konstruktivizim nəzəriyyəsi. /Beynəlxalq konfransın materialları. Bakı, fevral, 2004.
6. Veysova Z. Fəal təlim metodlarına giriş kursu. Bakı, “Azərbaycan, İnkişaf” elm mərkəzi, 2004-cü il.
7. Mehrabov A. və b. Pedaqoji texnologiyalar.Bakı, Mütərcim, 2006.
8. Lİ.Eybrəhəmsn. İnteraktiv təlim nədir? /Beynəlxalq konfransın materialları. Bakı, fevral, 2004.
9. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009.
10. “Təhsil”, № 2, 2014.
11. Pometin.E. İnteraktiv təlim ensiklopediyası, Kiyev, 2007.
Tarix: 22-05-2024, 23:12
Xəbəri paylaş