PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ MÜASİRLİK
Pərviz Həmzəyev,
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
direktoru, e-mail:hemzeyev.perviz@ mail.com
Açıq etiraf etməliyik ki, pedaqoji prosesin tamlığı (təlim, təhsil, tərbiyə, inkişaf) -peşə təhsili müəssisələrində çalışan müəllim və istehsalat təlimi ustaları tərəfindən həmişə diqqətdə saxlanılmır. Şəxsiyyətin formalaşmasında başlıca amil olan psixoloji-pedaqoji təsirlər məqsəd kimi bəzən unudulmuş, tədris mövzuların məzmununu öyrətməklə, hafizə məktəbinə üstünlük verilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması, təfəkkürün ayrı-ayrı növlərinin (məntiqi, tənqidi, yaradıcı) dinamik inkişafı təmin olunmaqla dünya standartlarına uyğun müasir yanaşmalar reallaşdırılır. Bildiyimiz kimi, peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malik olub əmək bazarının tələblərinə uyğun kadr hazırlamaqda optimallıq kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələr bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir.
Son illərdə ölkə iqtisadiyyatında, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaq üçün çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasına zərurət artmaqdadır. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb və Əsasnaməsi təsdiq edilib. Agentlik Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsini, o cümlədən hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkil edilməsini həyata keçirir. Agentliyin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Peşə təhsili müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Bu diqqət daim artırılır. Peşə təhsilinin dünya standartları səviyyəsinə çatdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub:“BMT-nin İnkişaf Proqramının icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində praktik təlimlər və interaktiv tədrisin təşkili üçün TV- studiya korpusu inşa olunub. Mərkəzdə 4 ixtisas üzrə 6 qrupda dual sistem tətbiq olunur. Karyera mərkəzi açılıb. Gənclər üçün karyera mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işəgötürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır.
Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu, xidməti nərdivan üzrə irəliləyən hərəkətdir, işçinin fəaliyyəti ilə bağlı olan vərdişlərin, bacarıqların, ixtisas imkanlarının və mükafatlandırma ölçülərinin dəyişdirilməsidir. Bu, bir gün seçilmiş fəaliyyət yolu üzrə irəli hərəkətdir. Məsələn, böyük səlahiyyətlərin, daha yüksək statusun, nüfuzun, hakimiyyətin, maddi varlığın alınmasıdır. Karyera - yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün lift quraşdırılıb, sanitar qovşaqlar onlar üçün uyğunlaşdırılıb. Bütün bunlar yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir. Peşə təhsili müəssisələrində peşəyönümü və karyera məsləhəti xidmətinin göstərilməsi istiqamətində karyera mərkəzləri yaradılıb. Peşə təhsilinə göstərilən bu diqqət, qayğı bu sahəyə olan marağı artırır. 2021-ci ildə elektron tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb. 2021-2022-ci tədris ilində ilk dəfə olaraq 4 regionda 6 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsilinə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, 30 ilə yaxın davam edən işğal o ərazilərimizdə yerləşən peşə məktəblərinin fəaliyyətini də dayandırdı. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu gün işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri aparılır. Quruculuq işləri təhsil sahəsini, o cümlədən peşə təhsilini də əhatə edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa rayonlarına səfərləri çərçivəsində iştirak etdikləri təməlqoyma mərasimləri, o cümlədən Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması Azərbaycanın Qarabağın bərpası ilə bağlı qarşıya qoyduğu hədəflərə hansı miqyas və sürətlə yaxınlaşdığını göstərir.
XXI əsrin çağırışları və trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Son vaxtlar paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Təməli qoyulan Peşə məktəbi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Bu, peşə təhsilinə dövlət səviyyəsində göstərilən diqqətin göstəricisidir. İnanırıq ki, peşə müəssisələrinin hazırladığı ixtisaslı kadrlar işğaldan azad olunmuş torpaqlarımızın çiçəklənməsinə, orada bərpa-quruculuq işlərinin aparılmasına öz töhfələrini verəcəklər. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq və yaradılan iş imkanları mövzusunda tədbir keçirilib,
təhsil almağın üstünlükləri və yaradılan iş imkanları müzakirə olunur. Peşə təhsili müəssisələrinin məqsədi işəgötürənlərin tələblərinə tam cavab verən kadrlar yetişdirməkdir. Əmək bazarında ehtiyac olan peşələrin müəyyənləşdirilməsində isə işəgötürənlərlə əməkdaşlıq vacibdir.
Mərkəz mədəniyyət və sənətkarlıq üzrə, kino, teatr üçün texniki sahələrdə çalışacaq kadrlar hazırlayır. Müəssisəyə 25 ixtisas üzrə qəbul aparılır. Burada maddi-texniki baza yüksək səviyyədədir. Pedaqoji heyətin əksəriyyəti birbaşa istehsalat sahəsində çalışır. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələbələrə praktiki bacarıqlar öyrədilir. Mərkəz həm dövlət, həm də özəl müəssisələrlə əməkdaşlıq edir. Tələbələrin tədris prosesi yekunlaşdıqdan sonra onlar 3 ay işəgötürənlərin bazasında təcrübə keçirlər. Qeyd etmək istəyirəm ki, mərkəzin təhsilalanları əl işləri ilə yerli və beynəlxalq səviyyəli sərgilərdə, festivallarda iştirak edirlər.
“CBC” kanalı artıq 5 ildir peşə təhsil mərkəzi ilə əməkdaşlıq edir. Mərkəzdən kanalın televiziya sahəsinə aid ixtisaslarda təhsil alan 30-a yaxın tələbə təcrübə keçirir. Mərkəzlə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Sonsuzluğa uzanmış gecə” filmi çəkilib. “Art house” (müstəqil çəkilən, kommersiya üçün nəzərdə tutulmayan film) janrında olan film tamamilə mərkəzin bazasında istehsal olunub. Çəkilişlərə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri də cəlb ediliblər.
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə kimi anlama gəldi.
Sənətkar - hər hansı bir sənətlə məşğul olan, sifarişlə iş qəbul edib öz əmək alətləri ilə, sadə üsulla məhsul hazırlayan, öz işində, peşəsində, sənətində böyük məharət və ustalıq qazanmış şəxsə deyilir.
Gənclərimiz geniş məna və mahiyyət daşıyan Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini əlverişli təlim mühiti və yenilikçi yanaşmanın hökm sürdüyü tədris ocağı olaraq böyük inamla seçə və gələcək karyeralarını qura bilərlər.
"Təhsil",
15 yanvar 2024-cü il
Tarix: 30-01-2024, 20:13
Xəbəri paylaş