Kanadada çalışan azərbaycanlı professor: Test imtahanlarında yanlış cavablara görə cəza
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında abituriyentlər qapalı test tapşırıqlarını həll edərkən onların 4 səhv cavabı 1 düz cavabı sıradan çıxarır. Abituriyentlərin bir çoxu bundan şikayətlənir və bu qaydanın ləğv olunmasını istəyirlər. DİM isə imtahana heç hazırlaşmayan abituriyentlərin cavabları təsadüfən seçdiklərinə görə 4 səhvin 1 düzü aparması qaydasını tətbiq etdiyini söyləyir. Belə yanasma, ümumiyyətlə, doğru sayıla bilər, amma DİM -in təqdim etdiyi test imtahanlarında bir düzgün cavab ilə yanaşı, bəzən “qəbul edilə bilən”, amma verilmiş sual üçün səhv olan alternativ cavablar təqdim olunur və bunlara da ədəbiyyatda “yayındırıcı” cavablar deyirlər. Belə alternativ cavablar şagirdlərdə yayındırıcılıq effektini artırır və nəticədə şagirdlər ya sualı boş buraxmağa, ya da səhvlər etməyə məruz qalırlar və bu zaman hər bir belə səhv cavab üçün 0.25 bal itirirlər.
Qərbdə tələb olunan məşhur SAT imtahanı zamanı da əvvəllər belə cəzalar tətbiq olunurdu. 2016-cı ildən başlayaraq SAT-Həmkarlar Şurası bu cəzanı ləğv etdi, çünki tədqiqatlar göstərdi ki, bu qayda abituriyentlərin imtahan nəticələrinə gözlənilməz (qəsdən edilməyən) təsir göstərə bilir. Başqa bir geniş istifadə olunan universitet qəbul imtahanı sayılan ACT (Amerika Kollec Testi) imtahanı üçün isə heç vaxt belə cəzalar tətbiq olunmamışdır.
Bu mövzuda aparılan son tədqiqatlar (Lang, D. (2019). Strategic Omission and Risk Aversion: A Bias-Reliability Tradeoff [Paper presentation]. International Conference on Learning Analytics & Knowledge, Tempe, AZ. https://files.eric.ed.gov/fulltext/ED594761.pdf) da göstərir ki, testlərdə tətbiq olunan belə cəza abituriyentlərin risk tolerantlığından asılı olaraq onların ümumi balına diferensial təsir göstərir.
Başqa sözlə, abituriyentin test nəticəsi onun materialı nə qədər mənimsəməsindən əlavə, psixoloqlara yaxşı məlum olan bəzi kənar faktorlardan asılı olur. Nəticədə, riskdən çəkinən abituriyentlər düzgün cavab verə biləcəyi çoxlu sayda sualları boş buraxırlar.
Araşdırmalar onu da göstərir ki, təsadüfi cavab vermə və ya sualları boş buraxma davranışları arasındakı fərqlər cins/gender-dən asılı olaraq dəyişir (Coffman, K. B., and Klinowski, D. (2020). The Impact of penalties for wrong answers on the gender gap in test scores. PNAS, 117(16), 8794-8803. https://doi.org/10.1073/pnas.1920945117).
Cəza aradan qalxdıqdan sonra testlərdə boş buraxılmış sualların sayında (gender fərqi üçün) böyük azalma müşahidə olundu.
Bu konsepsiyanın DİM-in imtahanlarına tətbiqi bizi belə bir qənaətə gətirir ki, bu cəzanın tətbiqinin aradan qaldırılması abituriyentlər toplumunda müşahidə olunan potensial fərqləri azaltmağa kömək edər, onların öyrənmə vərdişlərinin artmasına səbəb olar və beləliklə də imtahan nəticələrini yaxşılaşdıra bilər.
DİM-in hazırkı yanaşmasında isə abituriyentin bilmədiyi sualları boş buraxmaq və ya təsadüfi təxmin etmək seçimlərini elementar ehtimal nəzəriyyəsinin köməyi ilə bir qədər müzakirə edək.
Tutaq ki, Leyla testdəki 66 sualdan 56-nın cavabını bildiyinə inanır. O, əmin olmadığı 10 suala cavab vermir, çünki o, bilir ki, səhv cavablara görə cəzalandırılacaq, lakin boş buraxılmış suallar sayılmır. Cavab verdiyi 56 sualdan 44-nü düzgün, 12-ni səhv edir və beləliklə, onun ümumi balı (# düzgün) - (1/4)(# səhv) = 44 - (1/4)(12) = 44 - 3 = 41 olur.
Eyni hazırlığa malik Əhməd də testdəki 56 sualın (66 sualdan) cavabını bildiyinə inanır. O, digər 10 cavabı təsadüfi təxmin edir. Bildiyini düşünən 56 cavabdan 44-nü düzgün, 12-ni səhv (Leyla ilə eyni) alır. Onun təxmin etdiyi 10 cavabdan ehtimala görə, 10/5 = 2 doğru və 10 - 2 = 8 səhv alacağını bilirik və bu da 44 + 2 = 46 düzgün cavab və 12 + 8 = 20 yanlış cavab deməkdir. Beləliklə, Əhmədin ümumi balı da = (# düzgün) - (1/4) (# səhv) = 46 - (1/4) (20) = 46 - 5 = 41 oldu. Əhmed 10 sualın cavablarını təxmin etdiyinə görə cəzalandırılmadı və eyni zamanda, “mükafatlandırılmadı”.
Məhəmməd də testdəki 66 sualdan 56 sualın cavabına əmin olduğunu düşünür. Qalan 10 sualın hər biri üçün o, 4 cavabın mümkün olmamasını və yalnız cavabların 2-dən birinin doğru olacağını bildiyi üçün təsadüfi olaraq bu iki seçimdən birini edir. Bildiyini zənn etdiyi 56 cavabdan 44-nü düzgün, 12-ni səhv alır (yuxarıda Leyla və Əhməd kimi). Təxmin etdiyi 10 cavabdan ehtimala görə onun 10/2 = 5 doğru və 10 - 5 = 5 səhv cavab almasını nəzərə alsaq, onun ümumi balı (# doğru) - (1/4) (# səhv) = 49 - (1/4) (17) = 49 - 4,25 = 44,75 olur.
Beləliklə, Leyla və Əhmədə nisbətən Məhəmməd 9% daha yüksək bal topladı. Yəni, bütün mümkün cavablar yox, daha az sayda cavablar arasında edilən təsadüfi seçimə görə abituriyent “mükafatlandırılır”.
QEYD: Burada yazdıqlarım ehtimal nəzəriyyəsinə əsaslanır və abituriyentlərin öz praktikasında istifadə etməsi üçün nəzərdə tutulmamışdır. DİM ekspertləri də bunları bildiyi üçün, yəqin ki, abituriyentin sadəlövh intuisiyasına qarşı olaraq “yayındırıcı” cavablar tətbiq edirlər və bu halda abituriyentin təxminləri onlar üçün tələ ola bilər. Burada kömək edən yeganə hal abituriyentlərin daha çox çalışması, ev tapşırıqlarını yerinə yetirməsi, çoxlu sınaq imtahanlarına qatılması və onlar üçün nəyin yaxşı işlədiyini görməsidir.
İlham Axundov,
Kanadanın Vaterloo Universitetinin professoru,
Riyaziyyat/biznes və mühasibat üzrə bakalavr proqramlarının direktoru
Tarix: 20-11-2023, 23:51
Xəbəri paylaş