“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” - Azərbaycan ali təhsilinin rəqabətlilik gücünü artıracaq
Qloballaşma dünya ali təhsil sistemlərinə yeni trendlər və keyfiyyət dəyişiklikləri gətirmişdir. Əgər son on illiklərdə dünyanın inkişaf axarı sənaye inqilablarının yaratdığı reallıqlara söykənirdisə, hazırda ali təhsil sisteminin inkişaf dinamikası mükəmməl bilik və müasir səriştələrə malik insan kapitalının formalaşmasına əsaslanır, bu isə ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Və bu vəzifə universitetlərin dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfələrlə ölçülür. Heç şübhəsiz ki, ali təhsil müəssisələrinin, bütövlükdə hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, rəqabətədavamlılıq və beynəlmiləlləşmənin səviyyəsi ilə müəyyən və xarakterizə olunur.
Əbədiyaşarlıq nümunəsi
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın imzalanması ölkəmizin qarşısında duran bir sıra prioritet vəzifələrin reallaşdırılmasında, ali təhsil sisteminin rəqabətliliyinin gücləndirilməsində mühüm töhfə kimi qiymətləndirilməlidir.
Azərbaycanın son 50 ildən artıq dövrü əhatə edən tarixi inkişaf salnaməsi Ulu Öndərin ölkə qarşısında xidmətlərinin əbədiyaşarlıq nümunəsidir. Məhz Ümummilli Liderin hakimiyyəti illərində ölkəmiz üçün çox əhəmiyyətli sahələrdə mütəxəssis hazırlığını təmin etmək üçün minlərlə gənc keçmiş ittifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanaraq vətənə dönmüş və hazırda ölkəmizdə cəmiyyət həyatının müxtəlif sahələrində çalışaraq öz töhfələrini verməkdədir. Bu dövrdə ölkəmizdə yeni universitetlərin yaradılması, ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi Ulu Öndərin ölkəmizdə modern, yüksəksəviyyəli ali təhsil sisteminin qurulması sahəsində ciddi, uzaqgörən, gələcəyə hesablanmış səylərindən irəli gəlirdi.
Bu mənada ölkə başçısı tərəfindən imzalanmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” öz hədəf və məqsədlərinə görə ali təhsil müəssisələrimizin inkişafı, beynəlxalq tanınma və rəqabətlilik baxımından çox aktual və əhəmiyyətli sənəddir.
Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr arasında xüsusi mövqeyi, yenilikçi təşəbbüsləri ilə seçilir və bu cür siyasət dost müsəlman ölkələri tərəfindən məmnunluqla qarşılanır.
Əcnəbilər üçün cəlbedici ölkə, təhsil mühiti
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ölkəmzin ali təhsil müəssisələrində təhsil qrantı proqramları təsis edilmişdir. Bu proqramlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına əhəmiyyətli töhfələr vermişdir. Bununla da Azərbaycan müsəlman ölkələr arasındakı öncül mövqeyini və siyasi iradəsini ortaya qoymuşdur. Və bu siyasətin nəticəsi olaraq son illərdə ölkəmizin ali təhsil müəssisələrində Azərbaycanın ayırdığı təhsil qrantı hesabına Türkiyə, Misir, Pakistan, Əfqanıstan, İraq, Fələstin, Banqladeş və s. ölkələrdən olan tələbələrin qəbulu həyata keçirilib. Əcnəbi tələbələr Azərbaycan universitetlərində təhsil almaqla yanaşı ölkəmizin ali təhsil sistemində beynəlmiləlləşmənin, mədəniyyətlər rəngarəngliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyıblar. Əcnəbi tələbələr həm də Azərbaycan həqiqətlərinin öz ölkələrinə və dünya birliyinə çatdırılmasında da önəmli çəkiyə malikdir.
Növbəti mərhələdə yeni məzmunda və daha geniş miqyasda həyata keçiriləcək “Beynəlxalq Təhsil Qrantı” proqram həm də əsası Ümummilli Lider tərəfindən qoyulmuş müstəqil Azərbaycanın müasir inkişaf xüsusiyyətlərini və üstünlüklərini bütün sivil mədəni dünyaya göstərir:
- Azərbaycan Böyük Zəfərdən sonra yeni reallıqlar yaradan ölkədir,
- Azərbaycan regional və beynəlxalq aləmdə fəal təşəbbüsləri və lider mövqeyi ilə tanınan ölkədir,
- Azərbaycanda dini, irqi ayrı-seçkiliyə yer yoxdur, multikulturalizm və tolerantlıq dövlət siyasətidir
- Azərbaycan dinc yanaşı yaşamaq prinsiplərinə sadiq olan, asayişin və birgəyaşayış normalarının ən ali dərəcədə universal modelinin mövcud olduğu ölkədir,
- Azərbaycan vətəndaşları üçün keyfiyyətli ali təhsil imkanları mövcuddur, ali təhsil sistemi sürətlə modernləşmə mərhələsindən keçir, yeni ixtisaslar yaradılır, yeni infrastruktur layihələri icra olunur – bütün bunlar əcnəbi tələbələrin diqqətini cəlb edir,
- Azərbaycan universitetləri dünya ali təhsil sisteminə inreqrasiya olunub. Tələbələrin yüksək səviyyəli və qloballaşma dövrünün tələblərinə cavab verən ixtisas hazırlığı həyata keçirilir. Ali təhsildə həyata keçirilən islahatlar milli ali təhsil sisteminin rəqabətli inkişaf tempini müəyyənləşdirmişdir.
Bu üstünlüklər, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində ölkəmizdə əcnəbilərin keyfiyyətli ali təhsillə əhatə olunması səviyyəsinin genişləndirilməsi Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir göstərəcək.
“Beynəlxalq Təhsil Qrantı”ndan Heydər Əliyev Beynəlxalq Universitetinə
Azərbaycan ötən yüzillikdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə əcnəbi tələbənin ali təhsil almasına vəsilə olub. Ölkəmizin ali təhsil müəssisələrindən məzun olan əcnəbilər öz Vətənlərində prezident, dövlət xadimi, siyasətçi, müxtəlif sahələrini qurucusu və rəhbəri kimi fəaliyyət göstərmişlər. Bu mənada "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu ənənənin növbəti mərhələdə yeni reallıqlara uyğun davam etdirilməsinə münbit şərait yaradır.
Azərbaycanın digər ölkələrdən olan əcnəbilər üçün cəlbedici təhsil xabına çevrilməsi növbəti mərhələdə Azərbaycan təhsilinin müasir inkişaf konsepsiyasının banisi, yaradıcı dühası, istedad və qabiliyyəti, uzaqgörən dövlətçilik səriştəsi ilə milyonlarla insanın hafizə və yaddaşında silinməz izlər qoymuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramın təntənəsi olaraq ölkəmizdə Heydər Əliyev Beynəlxalq Universitetinin yaradılması da, fikrimizcə, olduqca mütərəqqi addım və əhəmiyyətli qərar olardı.
Son illərdə qəbul olunmuş xaricdə təhsil Dövlət Proqramları çərçivəsində dünyanın nüfuzlu universitelərində keyfiyyətli təhsil alaraq ölkəmizə qayıdan və akademik fəaliyyətlə məşğul olan yüksək hazırlıqlı mütəxəssislərimiz dahi liderin adını daşıyan Universitetin akademik heyətinin əsasını təşkil etməklə öz missiyalarını daha şərəflə və qürurla yerinə yetirməklə müasir ali təhsil müəssisəsinin uğurlu fəaliyyətində xüsusi rola malik ola bilər.
Əminliklə deyə bilərik ki, dünyanın Harvard, Massaçusets, Kembric, Oksford və s. kimi reytinqli universitetlərini bitirmiş uğurlu məzunlarımız müasir təfəkkürlü, yenilikçı davranış daşıyıcıları kimi ölkəmizdə əcnəbi tələbə kontingentinin də təhsil alacağı Heydər Əliyev Beynəlxalq Universitetinin şöhrətini təmin edə biləcəklər.
Oruc Mustafayev
edupress.az
Tarix: 25-07-2023, 22:09