Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Zərif Qadın

                        


     “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl, onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anası Zərifə xanımdan bəhs edərkən demişdir. Doğrudan da, bir insanın xarakterini açmaq üçün onun doğulduğu ailəyə, yaşadığı mühitə baxmaq lazımdır.

    Zərifə xanım Əliyeva kim idi? 1923-cü ilin 27 aprelində Naxçıvanın Şahtaxtı kəndində İrəvan elitasının sayılıb-seçilən, XX əsr Azərbaycan tarixində öz şərəfli izini qoymuş görkəmli ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya gələn bir qız övlad idi. Bəs nə üçün qədim İrəvanın Hamamlı kəndində yox?! Məhz Şahtaxtı! Bəli, bu o illərdi ki, İrəvan erməni vandalizminin, soyqırımının qurbanı olmuşdur. İrəvanda yaşayan soydaşlarımızın böyük bir hissəsi Naxçıvana pənah gətirmişdir. Lakin dünyaya yenicə göz açan bu körpənin hələ bunlardan xəbəri yox idi. Gözəl, ziyalı bir ailədə göz açmışdır. O ailə ki, Azərbaycan xalqına iki akademik (Zərifə Əliyeva, Cəmil Əliyev),Tamerlan Əliyev kimi “Əməkdar elm xadimi”, Ləzifə xanım kimi oftalmoloq, Gülarə xanım kimi musiqiçi, Dilbər xanım kimi mühəndis-rabitəçi, Tamfira xanım Əliyeva kimi professor vermişdir.
    
    Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım yüksək ziyalılıq, milli təəssübkeşlik, əxlaqi saflıq ruhunda tərbiyə almışdır. Buna görə də hər zaman sadəliyi, səmimiliyi, savadı ilə seçilmişdir.
   
    Gələcək taleyini atası Əziz Əliyevin yolundan gedərək, tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir.1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi. Alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə tədqiqat işləri də elmi ictimaiyyətdə böyük rəğbət qazanmışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

   Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur.

   Peşəsinin vurğunu olan alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Təəssüflər olsun ki, Zərifə xanım Əliyeva çox tez, ömrünün 62-ci baharında, 1985-ci ildə Moskvada vəfat etdi. Bu il Zərifə xanımın  100 illiyini onsuz  qeyd edirik. 
 
   Zərifə Əliyevadan bəhs edərkən, Ümummilli Liderimiz Heydər Əliyevdən bəhs etməmək olmaz. Axı ona ən doğma olan, əziz olan insanlardan biri  idi O. Heydər Əliyevlə Zərifə Əliyevanı birləşdirən bir tarix var idi. Heydər Əliyev də soy-kökü  Zəngəzur mahalından olmağına baxmayaraq Zərifə xanım kimi qaçqınlıq taleyi yaşamış, Naxçıvanda göz açmışdır dünyaya. Tale onları bir araya gətirmişdir. Bununla Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar - siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı idilər.  Yolların çətinliyi Heydər Əliyevi bu incə ruhlu, səmimi, sevgi dolu xanımdan ayıra bilmədi. Sonralar Heydər Əliyev Zərifə xanımla bağlı xatirələrində deyəcəkdir: “Böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs, ilk növbədə, özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”.
  
   Heydər Əliyev ilə ailə quran Zərifə xanım, sonradan ona dəstək olacaqdı, onun çiyinlərindəki yükü yüngülləşdirəcəkdi. Heydər Əliyev onun zəhmətini həmişə yüksək qiymətləndirmişdir:
“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
   
   Bu Ramazan ayında Allahdan Zərifə xanım Əliyevaya, Ümummilli Liderimiz Heydər Əliyevə rəhmət diləyirik. 
                                                  
 
Səmayə NƏCƏFOVA, 
Bakıdakı 322 nömrəli  tam orta məktəbin müəllimi 


Tarix: 21-04-2023, 16:09

Xəbəri paylaş