Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagirdlərdə nitq mədəniyyəti formalaşdırmalıyıq


                                                                                                    
                                                                                                                AYBƏNİZ QULİYEVA,
                                                                                                               Bakı şəhərindəki 23 nömrəli
                                                                                                               tam orta  məktəbin müəllimi


         Şagirdlərin söz ehtiyatının qıtlığını, məzmunsuz və mənasız nitqini korrektə etmək, fikir yeknəsəqliyini aradan qaldırmaq dil müəlliminin əsas vəzifəsi olmalıdır. Çalışmaq lazımdır ki, qrammatika dərsi, eyni zamanda, nitq mədəniyyəti dərsi olsun. Bunun üçün şagirdlərin nitqini inkişaf etdirmək məqsədi ilə qrammatika dərslərini ədəbi oxu dərsləri ilə əlaqələndirmək vacibdir. Çünki ifadəli oxu çox hallarda cümlənin quruluşca təhlilini tələb edir.
  
      Müasir dövrdə nəşr olunan Azərbaycan dili dərslikləri bədii mətnlərlə daha zəngindir, həmin mətnlərdən istifadə etməklə şagirdlərdə zəruri keyfiyyətləri formalaşdırmaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, indiki dərsliklərdə verilən mətnlərin heç də hamısı müasir dövrdə yaranan mətnlər deyil, xalqımızın yaratdığı atalar sözləri, nağıllar, əfsanələr, dastanlardan nümunələrdir. Klassik Azərbaycan şairlərinin müasir dövrlə səsləşən əsərləridir. Bu isə bizə bütün dövrlərdə dilimizin qrammatikasında, dil quruluşunda baş verən dəyişiklikləri aydın görməyə imkan yaradır.
     

     Yeni təlim, ilk növbədə, mövcud informasiya-kommunikasiya texnologiyaları ilə təşkil edilən təlimdir ki, həmin dərslər də fəal təlimə istinadan həyata keçirilir. Yeni texnologiyalar dedikdə, ilk növbədə, interaktiv metodların tətbiqi və həyata keçirilməsində əyani və ya texniki vasitələr nəzərdə tutulur. Dil qaydalarının bədii əsərlərin tədrisi vasitəsilə həyata keçirilməsi üçün xüsusi təlim üsullarının seçilməsi labüddür. Çünki bədii əsərləri yeni metodlarla mənimsətməyin bazası olduqca zəngindir. Bu bazaya təhsillə bağlı filmlər, kliplər, slaydlar və s. daxildir.
    

     Dil qaydalarının bədii əsərlər vasitəsi ilə mənimsənilməsi zamanı bədii əsər üzrə aparılacaq işin mərhələləri aşağıdakı kimi olmalıdır: bədii əsəri oxumağı və başa düşməyi öyrətmək, əsərdə təsvir olunan həyatı faktların, hadisələrin, personajların hərəkətlərinin dərindən, hərtərəfli qavranması yolu ilə uşaqlarda əxlaqi-estetik tərbiyəni təmin etmək, gözəlliyə həssaslıq və diqqət  tərbiyə etmək, yenidən yaratma təxəyyülünü, əsərdə nədən bəhs olunduğunu aydınlaşdırmaq bacarığını inkişaf etdirmək, oxunmuş əsərdə qəhrəmanların hərəkətlərinə öz münasibətini bildirmək qabiliyyətini formalaşdırmaq, bədii əsərləri estetik şəkildə qavramaq bacarığını inkişaf etdirmək, daha sonra isə əsərin dil xüsusiyyətlərini araşdırmaq, əsər vasitəsi ilə hər hansı dil qaydasının mənimsədilməsini həyata keçirmək.
      

    Azərbaycan dili dərsliklərində şagirdlərdə bədii hiss, duyğu, romantik təsəvvür, təxəyyül, mütaliəyə həvəs, maraq oyadan bədii parçalar az deyil və hazırda müəllimlər mövzu ilə bağlı anolojı mənbələrdən istifadə etməklə də şagirdlərin həm estetik tərbiyəsini, həm də dil bacarıqlarını formalaşdırırlar.
    
   Düzgün seçilmiş mətn əsasında dil qaydasının mənimsədilməsi daha uğurlu nəticə verə bilər.
                                                                              


Tarix: 7-04-2023, 09:00

Xəbəri paylaş